Üç erməni öldürəndən 9.000 manat tələb olunur!

Ağstafa İcra Hakimiyyəti ev almaq istəyən Qarabağ müharibəsi əlilindən niyə rüşvət istəyir?!

Vəli Ələkbərov: «Bir zamanlar erməni işğalçılarını öldürmək qəhrəmanlıq kimi qəbul olunurdu, amma zaman keçdikcə qəhrəman yox, düşmən oldum!»

Ağstafa rayon Köhnəqışlaq kəndinin sakini Vəli Nəsib oğlu Ələkbərov 1993-cü il martın 20-də Azərbaycan ordusunun 707 saylı hərbi hissəsindən döyüş bölgəsinə gedib. Müharibənin ən qızğın çağlarında müxtəlif döyüş bölgələrində vuruşan Vəli Ələkbərov 1994-cü il fevralın 22-də sol qolundan güllə ilə vurularaq, ağır yaralanıb. 2 ay müddətində Ağstafa rayon xəstəxanasında ona göstərilən müalicə effektli olmaması səbəbindən Gəncə şəhər hərbi qospitalına yerləşdirilib, lakin qolunda qanqrena başladığı üçün yenidən Bakıya, hərbi qospitala çatdırılıb. Qolunda ciddi əməliyyat keçirilməsinə baxmayaraq, onun işləmə funksiyasını tamamilə itirən Vəli Ələkbərovun Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən prezident təqaüdü kimi aldığı cüzi, 70 manatlıq sosial müavinət haqqı müalicəsinin bərpa olunmasına belə çatmır. Bu illər ərzində əlil olduğu, əmək qabiliyyəti olmaması səbəbindən özünü və ailəsini mənzillə təmin edə bilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün Ağstafada ilk dəfə inşa edilən 36 mənzilli bina təhvil verilərkən ev növbəsində olmadığından ona mənzil verilməyib. İkinci dəfə bina tikilən zaman Ağstafa İcra Hakimiyyəti Vəli Ələkbərovu müvafiq şöbəsinə çağırtdırıb və ev alması üçün sənədlər toplamasını tapşırıb. Orada məlumat alıb ki, o, bu dəfə mənzil növbəsinə duran ilk adamdır. Vəli Ələkbərov sevincək, yubanmadan sənədlərini toplamağa başlayıb və tez bir zamanda İcra nümayəndəliyinə təqdim edib. Bu dəfə İcra Hakimiyytindən Vəli Ələkbərova çox absurd bir cavab veriblər: «İndi hələ birinci binadır tikilən, üçüncü bina nə vaxt tikilsə, onda sənə də ev verəcəyik». «Bilirdim ki, ev almaq üçün İcra hakimiyyətinə müəyyən məbləğdə pul ödəmək lazımdır, mənim isə elə bir imkanım olmadığı üçün üçüncü binanın tikintisini gözləməli oldum və ümid etdim ki, bu dəfə heç olmasa, qanuni olaraq mənə rüşvətsiz ev verəcəklər» deyən Vəli Ələkbərov, üçüncü bina da hazır olandan sonra yenidən icra hakimiyyətinə çağrılır və ona yenidən müvafiq sənədlərinin toplanması tapşırığı verilir. Bu dəfə də ev almaq üçün lazım olan sənədləri toplayaraq nümayəndəliyə çatdırır və ona bu dəfə də deyirlər ki, mənzil növbəsində duran ikinci adamdır: «Ancaq məsələ belədir ki, gərək ən azı 9 min manat verəsən ki, sənə mənzil verə bilək». Vəli Ələkbərov hiddətini gizlədə bilmir, Azərbaycanın müstəqilliyi uğrunda gedən müharibədə Vətən qarşısında olan borcunu ləyaqətlə yerinə yetirdiyini xatırladır. O zaman itirdiyi sağlamlığı hesabına bu gün işləyə bilmir və dörd nəfərdən ibarət ailə üzvləri də evsiz-eşiksiz onunla bərabər ağır bir həyat tərzi keçirirlər. «18 ildir Qarabağ müharibəsi əlili statusunu daşıyıram. 70 manatdan əlavə bir dəfə də olsun nə rayon İcra hakimiyyəti tərəfindən, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə yardım göstərilməyib. Ümumiyyətlə, mənim varlığımla, nə cür yaşamağımla bağlı tam məlumatsızdırlar. Bir dəfə də olsun maraqlanmayıblar… Halbuki mənzilə, eləcə də müalicəmə lazım olan dərmanların alınması üçün yardıma böyük ehtiyacımın olması ilə bağlı dəfələrlə adını çəkdiyim orqanlara müraciətlər etmişəm. Bir dəfə də olsun reaksiya verməyiblər» deyən Vəli Ələkbərov ürəkağrısı ilə bunları da söylədi: «1993-cü il fevralın 22-də hərbi postda durmuşdum. Bu zaman ermənilər posta hücum etdilər və mən onlarla üz-üzə gəldim. Bir neçə saat atışdıq. Son nəfəsimə qədər vuruşacağımı düşünürdüm. Həmin atışmadan sonra da yaralandım. Xəstəxanaya mənə baş çəkməyə gələn komandirim bildirdi ki, həmin atışma zamanı 3 erməni öldürmüşəm. Bu xəbər çox tezliklə rayonumuza yayıldı. Bir zamanlar erməni işğalçılarını öldürmək qəhrəmanlıq kimi qəbul olunurdu. Amma zaman keçdikcə qəhrəman yox, düşmən oldum. Erməniləri öldürməyim, hiss edirəm ki, bir çoxlarına pis təsir edir. Ona görə də yolumun üstünə bu qədər maneə qoyub, mənim evlə təmin olunmağıma imkan vermirlər…»

Ev məsələsi ilə bağlı bir neçə dəfə Ağstafa rayon İcra hakimi Elxan Usubova müraciət etdiyini söyləyən Qarabağ müharibəsi əlili, əlacsızlıqdan bu dəfə də Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmək və korrupsiyaya qarşı mübarizənin bu qədər qəti və kəskin aparıldığı zamanda Qarabağ müharibəsi əlilinə qarşı bu qədər böyük haqsızlıqlar edilməsi ilə bağlı şikayət etmək niyyətindədir: «Məndən rüşvət istəməyə heç kimin haqqı yoxdur. Çünki onlar zamanında rahat həyat sürəndə, mən sağlamlığımı bu Vətən yolunda qurban vermişəm. Bu gün də Ali Baş Komandanımız lazım görərsə, canımdan keçməyə hazıram. Amma hansısa xırdabuynuzlu məmurların rüşvətlə Qarabağ müharibəsi əlilinə ev vermək istəklərini qəbul edə bilmirəm. Siz qəbul edərsinizmi?»

Zəhra Hidayətqızı

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button