Bu yazı mənim mükafatımdır!

Elnur Astanbəyli

 Əladır – mənə bir yazar olaraq, bunun zövqünü yaşamaqdan başqa bir şey qalmır…

 Bu yazıya mənim veriləcək heç bir cavabım yoxdur, bu yazıya veriləcək ən gözəl cavab elə yazının özüdür. Adam arqumentsiz qalanda, adamın qarşı tərəfə veriləcək doğru-dürüst, məntiqli, əxlaqlı cavabı olmayanda adam nə hallara düşərmiş.

Mən bu yazının arxasında böyük bir çarəsizlik, əlacsızlıq gördüm. Salam Sarvan özbaşına olsaydı, bəlkə də doğru-dürüst nələrsə quraşdırardı, amma sifariş, tezislər, direktivlər ondan yuxarıdan – Kamal Abdulladan gəldiyinə görə, belə bir əcaib cızmaqara ortaya çıxıb.

Tam səmimi deyirəm, mən bu «yazı»nı böyük keyflə oxudum. Düz hədəfə, «9»-luğa vurmağımın mutluluğunu yaşadım. Bir yazar üçün bundan gözəl nə ola bilər? Görün, bunları qıcıqlandıran yazımdakı («Rövşən Qənbərov Kamal Abdullanın pullarını necə batırdı?», «Azadlıq» qəzeti, 9 oktyabr 2011) diaqnozlar necə dəqiq olub ki, bu qədər əsəb, sarsıntı keçiriblər, normal bir cavab yazmaqla ürəklərinin sakitləşməyəcəyini düşünüblər, hədə-qorxuya, təhqirə, söyüşə keçiblər. Əladır! Mənə bir yazar olaraq, bunun zövqünü yaşamaqdan başqa bir şey qalmır.

Sadəcə, düşünüblərsə ki, biz bununla Elnuru məhv etdik, yanılırlar. Mən az qala hər gün rejim saytlarında, qəzetlərində ünvanıma bundan da ağır, idbar ifadələrlə dolu cızmaqaralar görürəm, oxuyuram. Nə təəccüblənir, nə də təəssüflənirəm. Bu ölkədə həqiqətləri yazmanın bədəlinin nə qədər ağır olduğunun fərqindəyəm. Özümü belə böhtanlara, hədyanlara, hədələrə hazır bilməsəm, onların qarşısında duruş gətirəcək xarakterə, cəsarətə sahib olduğumu anlamasam, çoxdan geri çəkilmişdim, Salam kimi mən də başımı hansısa səlahiyyət, imtiyaz, güc sahibinin qoltuğuna soxub, azərbaycanlıların ənənəvi təbirincə desəm, «bir qismət çörəyimi» qazanmağa başlamışdım.

İndiyə qədər çox arı yuvalarına çöp soxmuşam və allaha şükür, heç kim məni hansısa ləyaqətsiz addımda ittiham etməyib. Çünki heç kimin əlinə belə əsas verməmişəm. Onların ittihamları olsa-olsa «allaha inanmır», «dinsizdir», «eynəyi terrorçu eynəyinə oxşayır», nə bilim, «xəngəl xəstəsidir», «alkaşdır» kimi mənasız məsələlər olub. Bunlar da alınmayanda, bunlar da yeriməyəndə bax beləcə, söyüşə, təhqirə keçiblər. Bu, mənim mükafatımdır! Doğru yaşadığımın və yazdığımın isbatıdır. Başqa nə deyə bilərəm ki?

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button