Daha bir jurnalist prezidentə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev cənablarına

Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri H.Zərdabi prospekti 39 mənzil 40-da pasport qeydiyyatında olan, Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulu təpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində ailəsi ilə birgə yaşayan, “Ayna”-“Zerkalo” qəzetlərində müxbir vəzifəsində işləyən Abbasov İdrak Telman oğlu dövlət başçısına müraciət edib. Müraciətdə jurnalist ona və ailəsinə qarşı edilən təzyiqlərlə bağlı müraciət edir.

 – 2011-ci il sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə  Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində  daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə   (həyətdə altı ailə yaşayır və 4 otaqlı olmaqla digərləri balaca  6 ev var) daxil olaraq qohumlarımı vəhşiliklə döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər  qohumlarıma ayaq, əl zərbələri, habelə rezin dəyənəklərlə bədən xəsarətləri yetiriblər.

Belə ki, basqınçılar qardaşım Abbasov Ədalətə məxsus (darvazadan içəri girən kimi birinci ev və ya daxma) ekskavatorla  ev əşyalarının üstünə qismən uçurub. Buna qədər isə  qardaşım Ə.Abbasov dəyənəklərlə ciddi döyülüb,  həkimlərin qoyduqları rəsmi diaqnoza görə o kəllə beyin travması, baş beynin silkələnməsi kimi ağır travmalar alıb (tibbi kartoçkadan çıxarışın surəti ərizəyə əlavə olunur). Buna dözə bilməyəm anam Naimə Quliyeva Ə.Abbasova qahmar çıxanda onun da başına rezin dəyənəklə  vurulub və o yerə sərilərək huşunu itirib(tibbi kartoçkadan çıxarışın surəti ərizəyə əlavə olunur). Bundan sonra dəstənin Azad adlı komandiri həyətdəki su bakını ağbirçək anamın üstünə aşırıb və “Bu fahişə afiristlik edir” deyə onun ayağından tutaraq yerlə sürüdüb. Bu prosesə müdaxilə edən gəlinlərimiz, Turac Cəfərova, Nazimə Abbasova, Brilyant Abbasova, qonşumuz Südabə Seyidova və digər şəxslər  də döyülüb.

Haqqında danışdığım ev (müvafiq mülkiyyət sənədləri yoxdur) köhnə Sulutəpədə (SSRİ dövründən mövcud olan) və kəndin mərkəzindədir. Hay küyə hadisə yerinə xeyli qonşu gəlib. Hətta kənddəki marketlər də bağlanıb və satıcılar da hadisə yerinə qaçıblar. Sulutəpə qəbiristanlığının axundu olan  atam 1952-ci il təvəllüdlü Abbasov Telman Dünyamalı oğlu da hadisəni eşidib və idarə etdiyi VAZ 21 -011 markalı avtomobillə evə gəlib. O avtomobildən düşən kimi, onu Ruslan adında dəstə başçılarından biri başını qoltuğunun dibinə alaraq və əlinin içi ilə başına zərbə endirib. Bundan sonra 10-15 ilin diabet xəstəsi olan atam da huşsuz vəziyyətdə yerə düşüb(Hazırda 4 saylı şəhər xəstəxanasında müalicəsini davam etdirir). Onun idarə etdiyi avtomobili isə (həyət İçəri şəhər kimi labirint yerdə və enişdədir) sürücüsüz buraxıblar və avtomobil təxminən 20 metrə arxdakı işıq dirəyinə dəyərək dayanıb. Qonşuların müqaviməti və yerdə üç hərəkətsiz şəxsin qaldığını görən dəstə ərazidən gedib.

Evimizə olan basqın və qohumlarımın düyülməyi ilə bağlı Binəqədi rayon 40 saylı Polis bölməsində araşdırmalar gedir. Hadisə yerinə baxış keçirilib, ilkin ifadələr alınıb, hadisə yerində foto şəkillər çəkilib. Habelə evimizə basqın edən şəxslərin bir neçəsinin adı, o cümlədən basqına gələnlərin avtomobillərinin nömrələri polisə bəllidir.

Sonuncu dəfə sentyabrın 17-də basqınçıların nümayəndələri qardaşımla görüşərək barışıq təklif edib və dəymiş ziyanı ödəmək istədiklərini təklif edib. Amma biz ata və xüsusilə də anamızı döyənləri bağışlamaq fikridə olmadığımızı bildirmişik.

Bundan sonra isə onlar bizə qarşı təzyiqlərə başlanılıb. Əvvəl qardaşım Raman Abbasov hədələnib. Sentyabrın 20-21-ə keçən gecə saat 22.30 radələrində Sulutəpədəki yaşadığım evə yaxın ərazidə mən hədələndim. Ağ rəngli Niva markalı 90 AX 171 dövlət nömrə nişanlı avtomobildəki iki idmançı cüssəli şəxs məni əxlaqsız ifadələrlə təhqir edib və ağıllı olmağa dəvət etdilər.

Dünən (sentyabrın 21-də) isə 90 AE 764 dövlət nömrə nişanlı “Niva” markalı avtomobillə 4 nəfər idmançı görkəmli şəxs yenidən xəstəxanadan yeni çıxmış qardaşım Ədalət Abbasovu həyətimizdə hədələyib və özlərini bu ölkənin sahibləri kimi təqdim ediblər. Hətta bu basqınçılar utanmadan mənə və ailə üzvlərimə “gəlmisiz dağdan buraları zəbt eləyibsiniz, talışsınız gedin Lənkəranda yaşayın” kimi milli ayrı-seçkilik yaradan ifadələrlə bizi Bakıdan qovmaqla hədələyirlər.

 Cənab Prezident,

Biz Lerikin ucqar Soru kəndindənik, millətimiz də talışdır. Biz dövlətimizi sevirik və bunu müharibə dövründə və sonrakı illərdə də sübut etmişik. Biz hesab edirik ki, Konstitusiyamıza uyğun olaraq ölkəmizin hər bir yerində  bizim də yaşamaq hüququmuz var. Kəndimizdə sosial iqtisadi problemlərə görə yaşaya bilməyib 1994-cü ildən Bakıya, Sulutəpəyə köçmüşük. Birtəhər burada yuva qurub yaşayırıq və Azərbaycan Respublikasının bütün qanunlarına da sözsüz tabeyik.  Amma bir qrup basqınçı heç bir hüquqi əsas, öz qanunlarımız və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyalara zidd olaraq bizi döyürlər, təhqir edirlər, ölümlə hədələyirlər.  Mən qanunsuzluqlara dözmürəm və tənqidçi jurnalist, habelə hüquq müdafiəçisiyəm. Ölkəmiz  isə “Avrovizya-2011”-i   keçirməyə hazırlaşır. Bu mərhələdə hansısa tənqidçinin jurnalistin və ya qohumunu heç bir qayda, qanuna, mental dəyərlərə riayət etməyən, bəlkə də hansısa xarici düşmən qüvvələrdən və kriminal birləşmələrdən sifariş alanlar tərəfindən öldürüləcəyi də istisna deyil. Bu səbəbdən də mən özümün  və ailə üzvlərimin  təhlükəsizliyinin təmin olunmağı üçün tədbirlər görükməsi, ailə üzvlərimi döyən, yaşamaq hüququmuzu qanunsuz yollarla məhdudlaşdıran şəxslərin cəzalandırılması üçün tədbirlərin görülməsini Sizdən xahiş edirəm. Əminəm ki, Siz qanunları ayaq altına alanlara bu ölkənin gerçək sahibinin qüdrətini ən qısa zamanda göstərəcəksiniz.

 Öncədən təşəkkür edirəm.

 Məktuba mümkün cavabın göndərilməsi üçün

  Bakı, Şərifzadə küçəsi 1, “Ayan”-“Zerkalo” qəzetləri redaksiyası

 Tel: +994 50 368 46 10

         +994 12 346 23 72

 Hörmətlə,   İdrak Abbasov

 

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button