Dünyanın ən güclü məhəbbət dastanı: Ilham və Fərizə

Gülzar İbrahimova

Əsrlər boyu dahilərimiz öz yaradıcılıqlarında ideal aşiq surəti yaratmağa çalışıblar. Baş qəhrəmanlarının obrazlarında məhəbbətin ülviliyini, müqəddəsliyini Oxucularına çatdırmağa çalışıblar. İlham və Fərizə əsrlər boyu dahilərimizin əsərlərində yaratdığı fantastik məhəbbəti reallığa çevirdilər. Onlar Azərbaycanımızın başına gəlmiş faciəli, qanlı yanvar qırğınında canlarını qurban verərək, Vətən sevgisini öz müqəddəs sevgiləri ilə yanaşı qoydular və sübut etdilər ki, yalnız belə bir sevgi ucalığa layiqdir.

Bu cavanlar, sadə bir azərbaycanlı ailəsi timsalında bütün sevənlərə nümunə oldular.

Onlar özləri də bilmədən İlham və Fərizə adlı sevgi dastanı yaratdılar. Bu sevgi dünyada bütün sevgilərdən yüksəyə qalxıb sədaqət rəmzinə çevrildi. Heç bir məhəbbət əsəri İlham və Fərizənin yaratdığı sevgi dastanı yüksəkliyində deyil.

Dahilərin yaratdığı əsərlərdə onların qəhrəmalarının amalı yalnız sevgilərinə qovuşmaq olmuş, ondan başqa heç nə haqda düşünməmiş, bu yolda hətta aşiqlərin çoxu çirkin əməllərə əl ataraq, sevdiklərinə qovuşmağa çalışmışlar.

Nizaminin dahi əsəri olan “Xosrov və Şirin” poemasının əsas məzmununda Xosrovun Şirinə sonsuz məhəbbəti tərənnüm edilir. Lakin o, Şirini nə qədər çox sevsə də, məhəbbətinə xəyanət edərək başqası ilə evlənir. Şirin yalqız qalıb günlərini ah-nalə içərisində keçirir. Əsərdən görünür ki, Xosrov həyatın mənasını kef məclisləri qurmaqda görüb.

 

Xosrov, Şirin hər gün qayğıdan azad,

Gəzirdilər böylə könülləri şad.

Gah bir çəmənlikdə mey içirdilər,

Gah da bir dağlıqda gül seçirdilər.

Əldə badə gəzib reyhanlıqları,

Sərxoş üz tutdular Şahruba sarı.

 

Bizim qəhrəmanımız isə həyatın mənasını tamam başqa bir şeydə – Vətənə qurban getməkdə gördü.

Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasında sevgilisinin məktəbə gəlmədiyini görən Qeys səhraya qaçır, vəhşi heyvanların içərisində yaşamağa başlayır. Məcnun öz həyatının mənasını ancaq Leyliyə qovuşmaqda tapır. Əsərdə sevgililərin qovuşmağına mane olan elə bir maneə yoxdur. Yalnız Leylinin atası Qeysin atasına deyir ki, əgər Qeysin xəstəliyinə əlac taparsa, qızının ona ərə getməsinə etiraz etmir. Qeys isə əvvəlki kimi səhralarda yaşamağı üstün tutur.

Bundan başqa, sevgilisinə görə Məcnun öz yaxın dostuna qarşı çıxaraq, ona xəyanət edir, müharibədə Leylinin atasına tərəf keçir.

Bizim məhəbbət qəhrəmanımız isə dostlarına həmişə sədaqətli olub, öz sevgilisinin dərin məhəbbətini qazanıb.

Əlişir Nəvainin “Fərhad və Şirin” poemasında əsərin qəhrəmanı Fərhadın yeganə bir arzusu var – sevgilisinə çatmaq. Fərhad dağ yarmaqla Şirinin məhəbbətini əldə etməyi arzulayır. İgidin Şirinə qovuşmaqdan savayı daha heç bir müqəddəs arzusu yoxdur. Onun özünün sözləri ilə desək:

 

Sevgidə nə çəksəm mənə xoş gəlir.

Çünki arzum idi eşqlə ölmək,

Şükür, muradıma yetirdi fələk.

 

Əsərdə Şirini sevən şər təbiətli Xosrov Fərhadı məhv etmək üçün yollar fikirləşib tapır. Xosrovun oğlu Şiruyə Şirini ələ keçirmək üçün öz atasını öldürür.

Bizim İlhamımız isə bütün mənfi fikirlərdən, xainlikdən uzaq vətənə olan məhəbbəti ilə yaşamış, böyük məhəbbətlə sevdiyi sevgilisi belə onu elinə-obasına olan dərin məhəbbətindən ayıra bilməmişdir.

Hətta dahi Vilyam Şekspirin “Romeo və Cülyetta” əsərində cavanların bir-birinə olan məhəbbəti qabarıq şəkildə verilsə də, əsərdə eyni xalqa mənsub olan gənclərin tayfalara bölünüb bir-birini rəhmsizcəsinə öldürmələri, onların çox da böyük olmayan ürəklərindən xəbər verir.

Bizim İlham və Fərizənin isə heç bir mənfi cəhətləri olmadığından, onlar dünyanın ən böyük sevənləri sayılmalıdırlar.

Sevgi qəhrəmanlarından çox nümunələr gətirmək olar, amma İlham və Fərizənin yazılmamış dastanında Vətənə olan sevgi hansı yüksəklikdə durursa, cavanların bir-birinə olan sevgisi də həmin səviyyədən aşağı deyil.

Azərbaycanın igid oğlu İlham, vətənini işğalçılıq məqsədilə onun torpaqlarına soxulan ruslardan, ermənilərdən qoruyarkən həlak olub. O, yalın əllə rus tankının üstünə yeriyib, sinəsində düşmənə sipər düzəldib.

Düşmənə al qanı ilə yazılmış “Bəyanat” göstərib. Qanlı Bəyanatdə yazıb: “Bura mənim torpağımdır, kimsəyə verə bilmərəm”.

Dahi Nizaminin “Xosrov və Şirin” poemasının gözəl bir beyti var:

 

Bu Şirindən başqa kimsə dünyada,

Özünü bir kəsə etməmiş fəda.

 

Fərizə, sadə bir azərbaycanlı qızı, yenicə ailə qurduğu sevimli ərinə sonsuz sevgisini göstərərək, əbədi dünyada ona qovuşmaq üçün öz həyatına qəsd edərək, dahinin bu kəlməsinin üstündən xətt çəkib. O, sevgilisinin ayrılığına dözə bilməyib, heç olmasa axirət dünyasında ona qovuşmaq üçün özünü fəda edib.

Bu iki azərbaycanlı gənc İlham və Fərizə elimizin cavanlarına nümunə oldular. Onlar özlərinin yazılmamış dastanlarını yaratdılar. Çəkilməmiş sevgi filminə ssenari yazdılar. Özləri də bilmədən “Sədaqət simvolu” rəssamlıq əsərini çəkib xalqa göstərdilər. Bu iki gənc “Ülvi məhəbbət” simfoniyasını notsuz yaratdılar.

İlham vətənə sədaqət məşəlini, Fərizə isə sevgi məşəlini yandırdı. Həmin məşəl bu 22 ildə bir gün də olsa sönməmiş, əbədi məşələ çevrilmişdir.

Ən ülvi sevgi haqqında kitablardan oxumuş, ən müqəddəs sevgini filmlərdə görmüş gənclər, əsrin sonunda, 1990-cı ilin yanvarında, Azərbaycanda özləri ülvi bir sevgi təməli qoydular.

İlham və Fərizə dastanını tarix öz səhifəsinə yazdı. Tarix yazanı isə nə rus, nə erməni, nə başqa heç bir millət poza bilməz.

Biz isə bütün dünyada İlham və Fərizə sevgisi haqda yazaraq sübut etməliyik ki, ən güclü məhəbbət nə Xosrov və Şirində, nə Leyli və Məcnunda, nə Romeo və Cülyettada, nə də başqalarında olub, məhz bizim qəhrəmanlarımız İlham və Fərizədə olub.

İlham və Fərizə müqəddəsliyi onları hamıya sevdirdi. Bu gün hamı – qoca da, cavan da, uşaq da Şəhidlər Xiyabanının ilk şəhidləri – İlham və Fərizə qarşısında diz çökür, onlara dua oxuyurlar. Gənc oğlanlar İlhamdan igidlik, mərdlik öyrənir, gənc qızlar sevgililərindən sadiqlik ibrəti götürürlər.

Bu iki müqəddəs gənc sağlıqlarında bir sevginin istisinə isinirdilərsə, indi milyonların məhəbbəti onlara behişt laylası çalır.

Sağlığında sevilənlərin məhəbbətinin ömrü qısa olur. Ölümdən sonra sevilənlər əbədi məhəbbətlə sevilir.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button