Eldar Əzizov-Elmar Vəliyev savaşı dərinləşir

Gəncənin yeni başçısı sələfinin gizlinlərini küçəyə döşədir…

Elmar Vəliyevin Gəncə şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə gətiriləndən sonra sələfi Eldar Əzizovla aralarında ciddi konflikt yaşanması barədə xəbərlər intensivləşir. Hazırda Sumqayıt şəhər icra başçısı olan Eldar Əzizovun təmir etdiyi küçə, səki və tikililəri söküb yeni stildə qurduran və sələfinin Gəncədəki izini itirməyə girişən E.Vəliyev keçmiş başçının himayəsində olan obyektlərə də əl gəzdirir ki, bu da aradakı münaqişəni daha da artırır.

Gəncədəki etibarlı mənbədən aldığımız məlumat isə münaqişənin dərinləşmə səbəblərindən biri kimi olduqca diqqətçəkicidir. Bildirilir ki, bu yaxınlarda Gəncə Avtomobil Zavodundan çıxan bir neçə yüklü TIR-ı yol polisi əməkdaşları saxlayıb. Yoxlanıldığı zaman bəlli olub ki, TIR-lar büsbütün qiymətli mərmərdən hazırlanmış yol səkiləri (bardürlər) ilə yüklənilib. Mənbənin məlumatına görə, həmin qiymətli səkilər Eldar Əzizova məxsus imiş. E.Əzizov Gəncə şəhər icra hakimiyyətinin başçısı olduğu zaman bu qiymətli səkiləri hansısa səbəbdən etibar etdiyi anbarda – Gəncə Avtomobil Zavodunda gizlədib. Aradan xeyli müddət keçəndən – Sumqayıta təyinat alandan sonra anbarlara yığdığı «əmlakını» Gəncədən çıxarmaq istəyi isə baş tutmayıb.

Bildirilir ki, TIR-ların saxlanılması göstərişi birbaşa Elmar Vəliyevdən gəlib və bu haqda yeni icra başçısında əvvəlcədən məlumat olub. Gəncə meri E.Əzizovun yol səkilərini Sumqayıta daşımaq istəyindən xəbər tutan kimi dərhal TIR-ların yükünün müsadirə olunması barədə göstəriş verib. E.Əzizovun müraciətinə əhəmiyyət verməyən Gəncə meri hazırda həmin səkiləri küçələrə düzdürməklə məşğuldur.

E.Əzizovun bu barədə dövlət rəhbərliyinə müraciət edə bilməməsini hansısa maxinasiyanın mümkünlüyü ilə izah edən mənbənin sözlərinə görə, baş verən olay daxili çəkişmələri daha da qızışdırıb. Ehtimal olunur ki, Əzizov əvvəlcədən küçələrə düzmək üçün hazırlatdığı və hələ balansa qəbul etdirmədiyi səkilərin mənimsənilməsi ilə heç cür barışa bilmir.

Məlumatı dəqiqləşdirmək üçün Sumqayıt və Gəncə şəhər meri ilə əlaqə saxlamaq cəhdlərimiz heç bir nəticə vermədi. Buna baxmayaraq, E.Vəliyev hazırda Gəncə küçələrinə düzdürdyü mərmər səkilərin mənbəyi ilə bağlı açıqlama vermək istəsə, onu böyük məmnuniyyətlə dərc edərik. Eləcə də Eldar Əzizovun. Bəlkə onun da bu haqda bir neçə kəlmə deməyə, ya da yazmağa sözü ola bilər…

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button