Gərək gələydin, İlham Əliyev!

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 Bu xalq həqiqəti bilib ya səni candan sevməli, ya da səndən büsbütün üz çevirməlidir

 Gəlməyəcəyini heç düşünmürdüm. İçimdə sarsılmaz bir inam var idi. Gələcək. Başqa ölkələri sitat gətirmək istəmirəm, elə öz məmləkətimizdə, dop-doğmaca mərhum atan Heydər Əliyev hər il Qurban Bayramında Prezident Administrasiyasının qarşısna çıxıb, mərhum Xanış kişi ilə görüşürdü. Mən demirəm ki, mərhum Heydər Əliyevin lerikli çobanın gətirdiyi 50-60 qoyuna ehtiyacı var idi, ona görə zəhmət çəkib Administrasiyanın qarşısına çıxırdı. Əsla. O, sadəcə jest edirdi. Hər kəslə, hətta çobanla belə söhbət etməyə hazır olduğunu nümayiş etdirirdi. Bu, həm daxilə, həm də xaricə ünvanlanmış mesaj idi. Amma sənin mənə və mənim kimi minlərlə insanın həqiqəti söyləməsinə ehtiyacın var. Mən nə dünən, nə də bu gün mərhum Heydər Əliyevin idarəçilik üsulunu təqdir etməmişəm. Çünki bugünki rejimin yaradıcısı məhz odur. Bu iqtidarın hər nəfərinin müəllimi, mənəvi atası Heydər Əliyevdir. Amma tarixdə hətta tiranların belə bütün hərəkətləri mənfi dəyərləndirilməyib. Allaha sevgi insanın fitrətində olduğu üçün insan nə qədər zalım, qəddar olsa belə ən azı bir əməlində İlahi Lütfün bağışlamaq imkanından yararlanır.

Mən dediyimi etdim. Zamanında söylədiyim məkana gəldim. Sənə deyəcəyimi, daşa, divarlara dedim. Amma bitmədi. Tamam demədim, davam dedim. Deyəcəklərimi həmişə daşlara, divarlara deməyəcəm. Sənə də deyəcəm. Bu, bir proje deyil. Bu, ekstaz vəziyyətdə verilən bir qərar, hikkə deyil. Bu, səni görmək, söhbət etmək arzusu deyl. Bu, mənim düşünərək, kimsədən məsləhət almadan, təkbaşına verdiyim qərardır. Mən sözümün arxasında sona qədər duracam. Bu son nə olursa olsun, duracam. Mən sənə “istefa ver” deməyəcəm. Necə ki, demədim. Bu bəhanəni də alacam əlinizdən. Heç bir radikal şüar səsləndirməyəcəm. Arxamda bir nəfər belə dəstəkçim olmayacaq. Mən tək çıxdım bu yola. Bu, başladığım yolun lap əvvəlidir. Sənə sözümü deyəcəm. Xalqın içindəki “özü deyəsən yaxşıdır, ətrafı pisdir” ehtimalını darmadağın edəcəm. Bu xalq həqiqəti bilib ya səni candan sevməli, ya da səndən büsbütün üz çevirməlidir. Mən sözümü sənə deməyəcəyim təqdirdə bu mücadiləmi Şimalda, Cənubda aparacam, Avropaya, Asiyaya üz tutacam, haradan eşitməyin daha asandırsa oradan deyəcəm. Amma deyəcəm. Mütləq deyəcəm.

Kimsədən nə dəstək umacam, nə də kömək. Bundan sonrakı fəaliyyətim yalnız sənə ölkədəki real durumu çatdırıb nəticəsini gözləmək olacaq. Hər yerdə olacam. Nə partiya quracam, nə ətrafımda hər hansı təşkilat formalaşdıracam. Milyonların illərdir demək istədiyini, həm də meydanlarda hayqıraraq demək istədiyini tək deyəcəm, həm də qışqırmadan deyəcəm. Amma deyəcəm. Mütləq deyəcəm. Bu rejim dəyişsə də deyəcəm.

Gərək gələydin. Bu iş burada bitəydi. Olsun.

Oktyabrın 6-sı, cümə axşamı, saat 12.00-da Fəxri Xiyabanda mərhum Heydər Əliyevin məzarını ziyarət edəcəm. Ruhuna dua oxuyub, sənə dediklərimi məzarı başında ona söyləyəcəm. Məhz sən və bu rejim onun şah əsərisiniz. Axı sən həm də onun həm bioloji, həm də mənəvi varisisən. Qoy yuxularına girsin, səni həqiqəti məndən öyrənmək üçün ikna etsin. Qaçma. Qaçanı qovarlar. Zaman ayır, dinlə məni. Həqiqətləri öyrənmək üçün dinlə. Adamlar milyonlar toplamaq naminə səni aldadırlar. Bu cür idarəçiliklə ölkəni inqilaba sürükləyirlər. Ölkəni məhv etməyin. Sonra demədi demə.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button