Hərbi gəmilərin kapitanları istefa verir

Hərbi Dəniz Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti Səfər Əbiyevin qarşısında tələb qoyub

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti ordudan tərxis olunmaları  barədə müdafiə naziri Səfər Əbiyevə raport yazıb. Etibarlı mənbənin sözlərinə görə, istefa ərizəsi yazan zabitlərin əksəriyyəti Hərbi Dəniz Donmasının gəmi kapitanlarıdır. Mənbənin bildirdiyinə görə, zabitlər ordudakı ayrı-seçkiliyə etiraz edirlər. Belə ki, onlar ordu rəhbərliyinə yaxın olan zabitlərə xüsusi şərait yaradıldığını, digərlərinin isə qanuni haqlarının tapdandığına etirazlarını bildiriblər. Mənbənin sözlərinə görə, zabitlər istefa ərizələrinə müsbət cavab verilməyəcəyi təqdirdə xidmətə çıxmaqdan imtina edəcəklərini bəyan ediblər.

Məlumat redaksiyamıza gec daxil olduğundan Müdafiə Nazirliyinin məlumata münasibətini öyrənə bilmədik.

Qeyd edək ki, son aylar ərzində Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində, hərbi məktəblərində, qoşun birləşmələrindən baş verən qanun pozuntuları barədə ölkə mətbuatında ardıcıl məlumatlar dərc edilir. Bir sıra hallarda zabitlər acıq şəkildə öz etirazlarını bildirirlər. MN mətbuatın işıqlandırdığı neqativ halları aradan qaldırmaq əvəzinə, şikayət edən hərbi qulluqçuları cəzalandırır. Eyni zamanda MN-nin rəhbərliyi ordudakı neqativ hallar barədə araşdırma aparan mətbu orqanları, jurnalistləri təqib edir. MN-nin yetkililəri ordudakı qanun pozuntuları barədə məlumatlar dərc etdiyinə görə, “Yeni Müsavat” qəzetini məhkəməyə verəcəyini bəyan edib. Eyni zamanda MN-nin zabitləri “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədlini izlənməsini həyata keçirib. MN-nin yetkililəri iki dəfə E.Məmmədli ilə görüşüb. Onlar E.Məmmədliyə xəbərdarlıq ediblər ki, “Yeni Müsavat” qəzeti ordu kəşfiyyatı tərəfindən izlənilir. MN, eyni zamanda ordudakı neqativ halları araşdıran “Doktrina Hərbi Araşdırmalar Mərkəzi”ni də hədəfə alıb. Qurumun rəhbəri  www.milaz.info xəbər saytının baş direktoru Cəsur Sümərinli  “Azadlıq” radiosuna MN tərəfindən təzyiq və hədələrə məruz qaldığını deyib. Cəsur Sümərli bildirib ki, sentyabr ayının əvvəlindən təzyiq və hədələr müntəzəm xarakter alıb: “Elektron poçt ünvanıma anonim hədə məktubları gəlir. Müdafiə Nazirliyi daha bizimlə əməkdaşlıq etmir, artıq bizə Nazirlik tərəfindən gündəlik məlumatlar göndərilmir. Mil.az saytı isə müntəzəm hacker hücumuna məruz qalır. Bütün bunlar isə mənə hərbi problemləri işıqlandırmamaqla bağlı edilmiş təklifə imtina etdikdən sonra baş verir. On görə də hesab edirəm ki, bunların araxasında Müdafiə naziri Səfər Əbiyevin tərəfdarları durur”.

Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button