Hilal Məmmədovun həbsxanada Əvəz Zeynallıya yazdığı məktub

Əvəz Zeynallıya məktub

Əziz Əvəz bəy!

Məskunlaşdığımız Bakı İstintaq Təcridxanasının qonşu korpusundan səni salamlayıram!

Bu günlərdə təcridxanaya gələn ATƏT nümayəndələri ilə görüş zamanı zahirində açıq-aşkar nəzərə çarpan xəstə halını görüb xeyli narahat oldum. Axı hər təsadüfi görüşlərimizdə səni həmişə ruhən və cismən gümrah görmüşdüm. “Biz lap yaxın vaxtlarda haqqın qələbəsinə nail olacağıq” kimi mesajların mübarizə əzmimizi daha da möhkəmləndirirdi…

Əziz qardaşım!

İnan ki, öz dərdi-sərimi və mənə yüklədikləri, biri-birini təkzib edən o 3 ağır qondarma ittihamı belə unudub bu pərişan halına acıyır və sənə Allahdan tezliklə şəfa diləyirəm… Bilirəm ki, bu cismani xəstəliyində, üzləşdiyin saysız-hesabsız haqsızlıqların mənəvi sarsıntıları da az rol oynamır… Doğrudan da bu gün biz digər vicdan məhbusları və siyasi dustaqlarla birgə çox çətin sınaq imtahanı qarşısındayıq: ölkədə baş alıb gedən haqsızlıqlar, istintaq və məhkəmə proseslərinin sifarişli qərarları; seçkili orqanların, o cümlədən Milli Məclisin sifarişçilərin barmaqları (pultu) ilə seçilməsi və idarə olunması; insanların böyük bir qisminin bu haqsızlıqlara boyun əyməsi; azlıqda qalan digər fədai qisminin isə hədsiz təqib və təzyiqlər şəraitində fəaliyyət göstərməsi; azad mətbuatın (o cümlədən sizin rəhbərlik etdiyiniz “Xural”ın) boğulması; ailələrimizin, qohum-əqrəbamızın və müdafiəçilərimizin bizə görə min bir əzab-əziyyətə qatlaşması bizi narahat etməyə bilməz! Amma özümüzü ələ almağa cəhd etməli və Xaliqin bu sınaq imtahanından da şərəf və ləyaqətlə çıxmağa borcluyuq.

Əziz qardaşım!

Sənə nəql edəcəklərimdən sonra özün qərara gələrsən: xəstələnməyə haqqımız varmı?!

Bir neçə gün öncə növbəti məhkəmə prosesinə gedərkən “boks”da – çarpayıda uzanmış Fərid Əliyev adlı bir əlillə rastlaşdım. “Sançast”da yatır. Onu “55”ə (Zığdaki narkoloji dispanserə analizə) göndərdilər. İki çəliklə belə hərəkət edə bilmirdi – yalnız xüsusi çarpayıda daşına bilərdi. Amma məhbuslar onu əllərində Penitensiar Xidmətin maşınına apardılar. Yəni bu vəziyyətdə onun “55”ə zorla aparmaq vacib idimi?!

Fəridlə iki-üç dəqiqəlik ünsiyyət zamanı öyrəndim ki, Qarabağ əlilidir, döyüşdə hər iki ayağı şikəst olub, kontuziya alıb və hələ də bədənində bir neçə güllə qalığı durur, ona hədsiz əziyyət verir. Əfsus ki, adı yadımda qalmadı, onda müəyyən sümük xəstəliyi də varmış – hər hansı kiçik bir zədədən sonra həmin yer də sağalmaz vəziyyətə düşürmüş… Azadlıqda 40-50 manat pensiya aldığını, amma müalicəsinə ayda 200-300 manatlıq dərman sərf etdiyini (qohumlarının dəstəyi ilə) bildirdi. Heç bir xəstəxanada pulsuz müalicə edilmədiyini görən Fərid bu ağrılarını azalmaq naminə cüzi miqdarda narkotikdən istifadə etməyi qərara alır və qısa müddət ərzində də 234.1-ci maddə ilə təqsirli bilinərək həbs edilir…

Əvəz bəy, Şüvəlandan Kürdəxanıya köçdüyüm gün də “boks”da belə bir əlillə rastlaşmışdım: o, mənimlə yaşıd olardı, Əfqanıstanda xidmət etmiş, sonra isə könüllü olaraq Qarabağ müharibəsinə getmiş, orada bir ayağını itirmiş və kontuziya almışdı… O da Fərid kimi ağrılarını azaltmaqdan ötrü cüzi miqdarda narkotik istifadəsinə qərar vermiş və 234.1-lə gəlmişdi zindana… Əfsus ki, adı yadımda qalmayıb, amma Masallının Mahmudavar kəndindən idi. Fərid kimi o da eyni dərddə idi – cüzi pensiya aldığını, pulunun isə dərmanlara belə çatmadığını bildirdi…

Əziz qardaşım, demə, bu 234 bizim zindanların “bəzəyi” imiş, bəlkə də hər kamerada ən azı bir-iki nəfər bu maddə ilə həbs edilib. Hətta “ümummilli maddə” statusunu alıb… Azadlıqda ikən mən narkotikin yaxın gələcəkdə millətimizi, xüsusən gənclərimizi necə məhv edəcəyini yazmış, bu barədə təcili dövlət proqramının hazırlanması, narkobiznesin arxasında duranların ifşa edilməsi tələbi ilə çıxış etmişdim. Güman edirəm ki, 21 iyun 2012-ci ildə ciblərimə külli miqdarda narkotik atılıb, 234.4.3-lə “mükafatlanmağım” təsadüfi olmayıb, bu cinayətin arxasında duranların məndən bir qisası idi…

Əvəz bəy, bu yaxınlarda vəkilxanaya gələrkən yolda bir yaraşıqlı gənc qızla (17-18 yaşlı) rastlaşdım. Nəzarətçidən onun nə üçün tutulduğunu soruşanda “nə olar ki, 234.1-dir də…” eşidəndə dəhşətə gəldim… Mənim “hardandır” sualıma “Sənin yerlindir, Astaradan…” eşidəndə lap ayaqlarım qurudu… O qızın, hətta yaxın bir kənddən olduğunu bilib az qala hönkürəcəkdim ki, özümü zorla saxladım… Sən demə, hələ neçə digər xanım və qızlarımız da varmış burada…

Ölkədə dəhşətli yanğındır Əvəz bəy, dəhşətli yanğın: ölkə, millət əldən gedir… Sağal dostum, sağal… Bizim xəstələnməyə mənəvi haqqımız yoxdur…

Yazı mediaforum saytında, 25 sentyabr 2012-ci ildə dərc olunub

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button