İçalat seçkisi

mirzə sakitMirzə Sakit

Öyünnəri Elmlər Akademiyası metrosunun yanındakı “İSLAM DÜNYASI” dükanının yanından keçirdim. Bir anlıq ayaq saxladım və “bismillah” deyib dükana girdim. Müxtəlif çeşidli mallara baxıb xeyli fəxrləndim, inşallah. Asılqanlarda iman-din sahiblərinə məxsus xeyli avadanlıqlar asılmışdı, maşallah (imansız müsəlmanlara qimət olsun, nöüzənbillah). İlk növbədə asılqanda asılmış cübbəyə əlimi sürtmək istədim, haman anda yadıma düşdü ki, əlim pak deyil. Çünki 15 dəqiqə öncə iki bakal pivə içmişdim. Satıcı mömin xanımdan soruşdum:
– Fatimeyi-Zəhra köməyiniz olsun, xanım qız əfəndim, sizdə qüsul və dəstəmaz olub pak olmaq üçün bir qətrə su tapılarmı?
– Buyurun, bəradərim – deyə xanım əfəndim məni su krantına dəvət etdi. Mən dəstəmaz aldıqdan və qüsullandıqdan sonra Hacı İlqarın çağırdığını çağırmayıb, çox cəsarətlə asılqandakı cübbəyə əlimi sürtüb xoşbəxtliyə nail oldum. Və haman andaca məni huş apardı, “əuzi-billahi-minəş-şəytani-rəcim”… sədasından kliniki cənnətə varid oldum…
…Aradabir boş vaxtlarım olanda uzanıb beynimin vasitəsilə daxili orqanlarımla söhbət edirəm. Gah onların kefini xəbər alıram, gah məsləhət verir, gah da danlayıram. Mədəm ac olanda onu sığallayıram, ürəyim ağrıyanda onun əvəzinə ufuldayıram, bağırsağlarım quruldayanda isə “ayıb olsun” deyirəm. Xülasə, bir-birimizi yola verməklə öz kasıbçılığımızı edirik.
Dünən axşam evdə palazın üstünə uzanıb, istədim yenə də öz içalatımla bir az söhbətləşəm. Beynimi işə salıb, hüceyrələrin kodunu açdım. Artıq öz iç dünyamla birbaşa əlaqədəydim. Ağzımı açıb salam vermək istəyirdim ki, gördüm pahooo, içəridə qırğındır.
Sən demə, həmin gün daxili orqanlarımda seçki günü imiş. Deməli, bütün vəzifələr dondurularaq, kabineti formalaşdırmaq üçün yenidən iri miqyaslı seçki keçirilirdi.
Nəfəsimi belə çəkmədən başladım müşahidəçi qismində kənardan seyr etməyə. O dəqiqə gözlərimə əmr elədim ki, sən “eksitpol” rolunu oyna. Ani vaxtda qurşaqdan aşağı özümçün bir mükəmməl Mərkəzi Seçki Komissiyası (MSK) yaratdım. Başımın tüklərini minbaşı, qaşlarımı yüzbaşı, barmaqlarımı isə onbaşı təyin etdim. Aşağıda isə bir donqarburun dövlətbaşı yaratdım. Burnuma tapşırdım ki, seçki şəffaf olsun deyə, barmaqlar üçün mürəkkəb seliyi təşkil et. Qulaqlarım xarici müşahidəçilər qismində hazır vəziyyətdə şəklənmişdilər. Kipriklərimə qırpınmamağı qəti şəkildə qadağan etdim. Gözlərimə dedim ki, basıb bəbəyini çıxardaram, saxtakarlıq olsa gözünün lılığını axıt. Güzgünü tutdum boynumun ardına tərəf. Baxdım ki, orda yazılıb : “Demokratik seçki”… bəh-bəh-bəh…
Beləliklə, bütün işlərimi sahmana salandan sonra başladım içalatımda keçirilən seçkini izləməyə. Çox düzgün olaraq birinci güc nazirliklərini seçdilər. Tərəddüd etmədən Milli Təhlükəsizlik naziri postuna öd kisəsini təyin etdilər. Bağırsaqlar uzun və dolaşıq olsa da, onun işi çox tez çəkdi. Ona Daxili İşlər naziri olmağı məsləhət bildilər. Söz bağırsaqdan düşmüşkən, Müdafiə naziri postu kor bağırsağa qismət oldu. Sidik kisəsindəki prostat vəz Baş prokuror kimi irəli çəkildi. Mədə heç kefini də pozmadan, eləcə işləyə-işləyə Fövqaladə Hallar naziri oldu. Mədəyə yapışıq olan dalaq isə Gömrük Komitəsinin sədri kimi fəaliyyət göstərəcəyinə and içdi. Mədənin içindəki nəcisi isə Mer etdilər. Böyrəyimin biri xəstə olduğuna görə, həkimlər keçən il onu çıxartmışdılar. Bir böyrəyim qalmışdı, o da heç əməlli süzmürdü. Tərs kimi həmin böyrəyə də Su və Meliorasiya naziri olmaq tapşırığı verildi. Sidiyin özü isə həyasızlıq edərək Mərkəzi Seçki Komissiyasının sədri oldu. Qismət ilahidən….
Ağ ciyərimdə ləkə olsa da, eləcə körük kimi fısıldaya-fısıldaya Vergilər Nazirliyi vəzifəsini götürdü ki, götürdü. Ax, bədbəxt qara ciyər, rəngi kimi taleyi də qaradır, neçə kişilərin axırına çıxsa da axır ki, İqtisadi İnkişaf naziri olmağa üstünlük verdi. Yoğun bağırsağ səs-küylü olduğundan, düşünmədən Təhsil Nazirliyinin açarını ona verdilər. Dedilər, onsuz da sən düzələn deyilsən, get nə qədər guppuldadırsansa, guppuldat. Mənə ən çox təsir edən yeyilən qidanın çölə ifrazına verilən vəzifə oldu. O Xarici İşlər naziri mandatına yiyələndi. Ay gidi dünya…
Qarşıda çox ciddi bir post dayanmışdı… Parlamentə spikerlik. Uzun sürən mübahisələrdən və müzakirələrdən sonra yetərsay olmasa da, ötərisay edib, nəfəs borusunu spiker etdilər. Əvvəlcə o, şadlığına şitlik edib dedi ki, yoldaşlar, axı içəridən qalxan bütün qusmaq, selik, xılt – hamısı “çerez mən” keçəcək, belə olmaz axı. Bütün orqanlar bu sözə etiraz edərək xorla dedilər:
– Bəs səni nədən ötrü ora seçdik, səsini kəs, kirimişcə otur yerində.
Etibarsız oluşuna və çox ömürləri yarıda qoyduğuna görə, ürəyi Prezident seçdilər. Ürəyin sağ qulaqcığını Prezident Administrasiyasının rəhbəri, sol qulağcığı isə aparata şöbə müdiri təyin etdilər. Onu da deyim ki, ürək nə qədər etibarsız olsa da, qulaqcıqlar hər an ürəyə namərdlik edə bilərlər. Sərhədlərin qorunmasına gəldikdə isə, qabırğalar bu funksiyanı yerinə yetirəcəkləri barədə öhdəlik götürdülər. Amma çox təəssüf ki, mənim qabırğalarımın iyirmi faizi dava vaxtı qırılıb.
…Yə rəbbim, sən bu içalat seçkisinə bənzər seçkini bizim millətimizə qismət etmə. İçalat mənimdirsə, cəhənnəmə-gora olsun. Qoy içəridə qırsınlar bir-birini, yesinlər ətimi… Nə qədər alçaqlıq, şərəfsizlik edirlər etsinlər…
…Son anda “Seçki qərarganı”ndan səda gəldi:
– Əuzi-billahi-Şeyxül-İslami-Allah-Şüküri-Qoşazadə…
…vəssalam…
Son olaraq, İbrahim İbrahimlinin haqqı göstərən şəhadət barmağını Heydərül-ismi-əzəm… şəyatinləri qırdılar. Və İbrahim bəyin şəhadət barmağı düz qaldı.

…Haqq yolunda barmağın düz olsun, İbrahim bəy!

Əlaqəli məqalələr

7 şərh

  1. Hörmətli Haqqaqulluq ağa, adında haqq adı var…özün də şeytan danışığı danışırsan. Get namazını qıl…orucunu tut….iftarı da qatıqla aç….Adını da saxta adla əvəzləmə…Haqq adamı öz adı ilə çıxış edər, daha Şeytanın dingilləməsilə gicləməz….Mən elə həmənki Mirzə Sakitəm və axıra qədər də belə qalacam…Özüm də öləndən sonra Allahdan xahiş edəcəm məni cəhənnəmə gönrədsin ki, cənnətdə gedib Haqqaqullu ilə bir yerdə olmayım….
    Beş il bundan əvvəl mənə yüksək səviyyədə iki təklif olundu…Məkkəyə getmək ya da Hələbdə Nəsiminin məzarını ziyarət etmək…Mən mə
    muniyyətlə Nəsimini ziyarəti seçdim, hörmətli Haqqaqulluq sayın əfəndim ağa….

  2. Mənim adımda da, haqq var, sözümdə də. Durub camaata burda nəcis deyirsən ki, iş bilmişəm. Bir az mədəni və ədəbli olmaq lazımdır. Bunu bəlkə bir xanım da oxuyur. Sənin haqqında durub elə yazsalar sənin xoşun gələrmi. Adımı çəkməyə guya nə hacət var ki? Qorxuram bəlkəı kimdənsə, sadəcə belə səviyyəsiz yazıya şərh yazanda adımı bildirmək istəmədim, o qədər. O ki qldı namaza oruca bunu get sən də, gör. Nəsimini ziyarətə qalandasa istədiyin yeri seçməkdə azadsan. Özün bilərsən guya sən həccə gedib həci oldun mənə nə xeyir və ya ziyan, Hələbə gedib hələbi oldun nə olacaq? Kefsəneyy mən ölüm.
    Qabaq səviyyəli yazılar yazırdın, indi ağzuva gələni yazırsan. O gün də götürüb gicgic yazmısan ki, Allah yanıma gəldi, ona bir stəkan çay təklif elədim. Xırda bir zərrəsən, ulu Xaliqə gör nələr yazırsan. Bu sözlərim (şərhim) sənə nə qədər təsir edirsə, sayı bilinməyən müsəlmanın etiqadına toxunmusan bu da ondan daha çox təsirlidir. Sonra insan haqlarından yazırsan. Əvvəl insan olmaq, sonra haqq tələb etmək lazımdır.

  3. …Yenə deyirəm, hörmətli Haqqaqulluq. Mən gözəl bilirəm ki, Allahın mənim verdiyim təaama ehtiyacı yoxdur. Sən əvvəlcə get ədəb dərsi keç, sonra gəl yazılara fikirlər bildir. Birinci şərhində yazmısan ki..”Mirzə, öz aramızdı, uje gijdiyirsən…Ayıb olsun sənə. “. Mən Allahla niyə söhbət etməyimi və onun mənə nə dediyini anlasaydın, mənə sağ ol, Allaha isə şükürlər oxuyardın. Allah hamının Allahı olduğu üçün mənim də Allahımdır. Səni də Ona vəkil seçməyiblər. Əgər o yazıda mən Allah-təaləyə bir toxunacaq söz yazmışamsa, o zaman sən nəsə deyə bilərdin. Əslində mən sayı bilinməyən müsəlmanların haqqlarını qorumuşam. Bunu sənin bilməyin üçün gərək bir az Allahlı, bir az da dünyəvi olmağın gərək. Mən sənə iki təklif edirəm. Birincisi o yazını bir də dərindən oxu, ikincisi də ədəbli ol. Qaldı ki, kiməsə nəcis deməyimə bəli, o adamlar ki, Allah bəndələrinə zülm edirlər, onlar o adddan da betərinə layiqdilər. Nəcis sözü sən fikirləşdiyinin mədəni deyilişidir. Yaşını da bilmirəm, bir də sənə təklif edirəm, öz adınla çıxış et. Kişi Haqqa qulluq etmək üçün zalımlarla öz adı ilə danışar və mübarizə aparar. Sən anlaqlı insan olsaydın, bilərdin ki, bu yaramazlardan cana doyub Allaha müraciət edirəm…Səndən böyüklərdən soruş onlar səni başa salallar, hörmətli Haqqaqulluq. Mənim həmən o yazımı bir rayonun kəndində olan bütün kənd sakinləri demək olar ki, hamısı oxudu. Və həmin kənddə bir dindar da o yazıya görə mənə zəng edib minnətdarlığını bildirdi….Ayıb olsun sənə ki, məni və yazını anlamamış ağzına gələni danışırsan…İstəmədim sənə cavab verəm. Lakin bir müsəlmanı da ayıldıb Haqq yoluna qaytarmaq savab iş olduğuna görə sənə yazdım…Qalanın da özün bilərsən…..

  4. Salam. Mən zənn edirəm ki, bəhs çox uzanır. Amma sonuncu sözlərimi yazıb, bəhsi nitirirəm. Amma, sən yazsan belə, oxuyub amma cavab yazmayacağam.
    Birincisi, mən qorxudan ləqəblə yazmıram. Sadəcə belə səviyyəsiz bir duruma gəlib çıxmışıq deyə, daha ad verib yazmaq istəmədim. Adım Ağamərdandır, tanıdınmı.

    O yazında sənə xatırladacaq bir neçə cümlə stat yazıram, get imanlı , ədəbli bildiyin, Allahlı və dünyəvi hesab etdiyin insanlardan bunun günah olub-olmadığını soruş.

    Yazırsan: “Birdən qarşımdakı kəs əlini yarı yuxarı qaldırdı.”
    Allaha əl nisbət verirsən, küfrdür.

    Yazırsan: “Dedim, Ya Rəbbim, yol gəlmisən, bir mürəbbəli çayla aran necədir?Dedi, ey binəva, qarşında əyləşən Siyavuş Novruzov deyil eee, Allahdır.Dedim, yaxşı quzu ətindən pörtləmə bişirmişəm, bir qab çəkim təam et.Dedi, mən sənin üçün Oqtay Əsədov deyiləm ha, əlimə keçəni basmarlayıb yeyəm.Dedim, rahatlanmaq istəyirsənsə, keç hamamda bir duş qəbul et, həm də paklan.
    Dedi, mən “ulu öndər” deyiləm ki, paklanmağa ehtiyacım olsun. Mən yaranmışdan əbədiyyətə qədər pakam.Dedim, İlahi, hansı musiqidən zövq alırsansa, haman səsləndirim.Dedi, ərəbin səsindən başqa nə istəsən.
    Zirəkliklə qalxıb Vladimir Vısotskinin diskini birləşdirdim.”
    Başdan başa küfür.

    Yazırsan: “Heç bir günah işlətmirsən, nuşi-canın və halal xoşun olsun. Qoy halallığı təsdiqləmək üçün əlimi də vurum. De görüm, o pivəni içərkən onun içində nə olduğunu dərk edirsənmi?
    – Əlbəttə, Xudavəndi-Aləm.
    – Nə var onun içində?
    Mən bir az ürəklənib sadalamağa başladım:
    – Haqq, ədalət, insanpərvərlik, bərabərlik, demokratiya, qanunun aliliyi…
    O, mənə baxıb xəfifcə gülümsədi və soruşdu:
    – Bəs Azərbaycandakı “Xırdalan” və “NZS” pivəsinin içində nə hiss etmisən?
    Yenə saymağa başladım:
    – Haqsızlıq, ədalətsizlik, vəhşilik, qeyri-bərabərlik, diktatura, qanunsuzluq, qarın ağrısı…
    Bu zaman O dedi:
    – Bax indi bildinmi Azərbaycandan niyə uzaqlaşmışam?”
    Başdan başa küfür. Mirzə məni yaradan Xaliqim piyvəni-arağı qadağan edib. Amma, o sənin düzltdiyin və “Allah” hesab elədiyin elə sənin əsərinin baş qəhrəmanıdır kimdir bilmirəm, o da sənin ağlındadır. Mənim Allahım bütün eyiblərdən pak və münəzzəhdir. Ondan başqa ilah yoxdur, Muhəmməd (s) Onun qulu və peyğəmbəridir.

    İndi öz aramızdır da Mirzə, bu küfür yığını olan bu məqalə nəyə lazımdır? Sənə mən yenə də, deyirəm ki əvvəllər oxunaqlı yazırdın. Məsələn Heydər Əliyev olmasaydı şeirini camaata yaymışdım. Səni tanımayanlarda da sənə sevgi oyatmışdı o şer. Mən indi mənə deyəndə ki Mirzə Moşu kimi gic-gic şeylər yazır, baxıram ki, düzdür, nə deyim?

  5. ESHQ OLSUN ! Mirze bu yazini bir neche defe oxudum. Bu ZIRVEYE QAXMAGIN belke de SON Pillesidir. Azerbaycanin bu günkü gününü böyük teleskotla nümayish etdirmisen. Bir daha ESHQ OLSUN! UQURLAR ! Yaz ne qeder imkanin var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button