“Kamal Abdulla bizimlə əyanları kimi davranmasın…”

Son günlər Dillər Universitetində baş verən olaylar mətbuat səhifələrindən düşmür. Ayrı-ayrılıqda müəllim və tələbə heyətinin redaksiyamıza ünvanlandığı məktublar əsasında universitetdə baş verənləri jurnalist araşdırmasına buraxdıq.  Narazılıqların kökünü araşdırdıqca məsələnin Dillər Universitetinin rektoru Kamal Abdullaya bağlandığı aşkar oldu. Universitet rektorunun müstəqil mətbuata açıq olmaması bir çox suallarımızı cavabsız qoysa da əlimizdə olan faktlara əsaslanan araşdırmamızı oxucularımızın diqqətinə çatdırmağı, məsələnin bir universitet səviyyəsindən çıxaraq ictimaiyyətə açıqlanmasını da  özümüzə borc bildik.

Rektorun qəzəbindən qorxub çəkinən müəllim və tələbələrin bəziləri narazılıqlardan danışmağa ehtiyyat etsələr də, aralarında “bir adam Kamal müəllimə dur deməyi bacarmalıdır, ya yox!” deyərək, danışmağa başladılar. Məlum oldu ki,  Kamal Abdulla Slavyan Universitetindən Dillər Universitetinə öz köhnə komandası ilə gəlib. Uzun illər Dillər Universitetində həyatını, əməyi və zəhmətini qoyan əməkdaşların böyük bir hissəsi bu transfer nəticəsində işsiz qalıblar.  Təbii olaraq, Kamal Abdullanın öz adamları da universitetdə yeni qaydalar tətbiq etməyə başlayıblar. Hər küncdə, köşədə kim yeni rektor haqqında narazılığını bildirirsə, dərhal rektora məruzə olunur və adekvat olaraq cəzalandırılır. Cəza növlərinə Kamal Abdulla özü qərar verir. Kiminin maaşı kəsilir, kiminə ümumiyyətlə ayın axırında maaş verilmir, kiminə töhmət, kiminə də “reputasiyasına zələl gəlməsinə razı olmaması” qarşılığında “öz xahişi ilə” işdən azad etmə. Universitet qaynar qazana dönüb – nə şikayətçilərin fikri dinlənilir, nə də rektor özünü rektor kimi aparmır. Qəbuluna min bir əziyyətlə düşən əməkdaşları – qeyd edək ki, onların hər biri ali təhsilli, elmi iş müdafiə etmiş, kifayət qədər pedaqoji staja malik dosentlər, doktorlar, professorlardır –ağır ifadələrlə təhqir edir, problemin kökünü anlamağa çalışımır. Uzun illər təhsili və tədrisi ilə fərqlənən Dillər Universiteti Kamal Abdullanın gəlişi ilə kiçik dövlətə çevrilib. Yeni rektorun iddiaları prezidentlik iddiasına bənzəyir. Kamal Abdulla sanki universiteti deyil, diktator rejimli dövləti idarə edir. Əməkdaşlara və tələbələrə qarşı ikili münasibət, “məndən olmayan düşmənimdir” prinsipi ilə yönəldilən idarəçilik universitetin düzənini pozub.

Adlarını diplomlarını alana qədər açıqlamaqdan ehtiyat edən IV kurs tələbələrinin sözlərinə görə, semestrboyu dərslərdə iştirak etməyən, nəzərdə tutulmuş pedoqoji və istehsalat təcrübəsinə gəlməyən, dövlət imtahanına buraxılmayan bəzi tələbələr bu il “fəxri məzun” kimi təltifnamə ilə universiteti bitirib, lakin gecə-gündüz dərs oxuyanlar, öz zəhməti hesabına universisteti bitirənlər isə boynubükük şəkildə “fəxri məzunlari” alqışlamaqla kifayətləniblər.

Həmin “fəxri” tələbələrin siyahıları, təcrübələrdə iştirak etməyən tələbələrin fərdi olaraq ad-familiya, fakultə və qrup nömrələrinə qədər redaksiyamıza təqdim olunub.

“Öz ordusuna” güvənən, aldadıldığından şübhə etməyən rektor “ondan olmayan” heç kimi dinləmir, şikayətləri belə araşdırmağı vacib saymır. Adının çəkilməsini haqlı olaraq istəməyən müəllimdən birinin dediyinə görə, rektor yəqin özü də bilmir ki, onun çox güvəndiyi Malik Kərimov müasir dövrün biznes tələblərini və hətta menecmentliyi də qat-qat geridə qoyaraq, təkcə dövlət imtahanı “bazar”ına imtahan öncəsi, imtahan günü və imtahan sonrası fərqli qiymətlərlə çıxır.

Araşdırdıqca məhkəmə prosesləri, çəkişmələr, intriqalarla gündəmi əldən verməyən Kamal Abdullanın rəhbərlik etdiyi universitetdə nələrin baş verdiyini görmək çox da çətin olmadı. Çünki indiyədək baş verənlər hamının gözü önündə olub. Kamal Abdullanın ard-arda mətbuata verdiyi müsahibələr, qatıldığı verilişlər də bu qədər şikayətin qarşılığında atdığı addımlardır. O problemləri aradan qaldırmaq əvəzinə, özünə haqq qazandırmağa və universitetdə yol verdiyi qanunsuzluqları ört-basdır etməyə çalışır.

Əvvəlcə mətbuatdan olduğumuzu bilib məlumat verməkdən çəkinən, sonra adlarını açıqlamayacağımıza təminat verdiyimiz müəllimlər ehtiyat edə-edə, bir-birinə üşənərək baxa-baxa imtahan otaqlarında baş verən qanunsuzluqlardan danışmağa başladılar. Hətta yanımızda telefon bağlantısı yaradıb digər müəllim həmkarlarından da əlavə məlumat aldılar.

Onların sözlərindən belə məlum oldu ki, Kamal Abdulla ilə əvvəllər eyni kafedrada işləmiş bir əməkdaşın övladı bu il birinci kursu haqsız olaraq əlaçı təqaüdü ilə başa vurub, həmin valideyin imtahana girərək nəzarətçilərə öz övladı üçün “köçürməyə şərait yaradın” deyib və əlavə edib ki, bundan  “rektorun xəbəri var”.

Bütün bunlar müəllim və tələbələrin gözü qarşısında aydın və aşkarşəkildə həyata keçirilir. Tələbələr haqqı olduqları təqaüdü rektorun qoyduğu qanunsuz tələblər əsasında ala bilmədikləri halda, “tapşırıq və rüşvət” yolu ilə imtahana girib, “əlaçı təqaüdü qazanan” tələbələr var, sayları da kifayət qədər çoxdur. Artıq tələbələrin oxumağa həvəsi yoxa çıxıb. Onların təhsilə maraq stimulunu azaltmaq üçün rektor əlindən gələni edir.

Müsahibələrindən birində Kamal Abdulla “tələbə olsaydım, prorektoru da, rektoru da tənqid edərdim” fikrini səsləndirməsi də tələbələr arasında gülüş doğurub. Çünki dediklərilə əməlləri üst-üstə düşməyən rektor heç bir zaman tənqidə açıq olmayıb – nə tələbələr, nə də müəllimlər tənqidi fikirlərini açıq şəkildə rektora bildirə bilməyiblər.

Maraqlıdır ki, universitet əməkdaşları son günlər baş verən bəzi hadisələrdən də danışdılar. Universitetin dekanı bir çox müəllimlərin ingilis dilini bilmədiyi halda tələbələrə “dərs” demələrinə etiraz etdiyi üçün tutduğu vəzifədən çıxarılıb və “qara siyahı”ya salınıb: “Əslində dekan tənqid də etməmişdi, dümişdi ki, Dillər universitetinin məzunu olan və ingilis dilini bilməyən bu müəllimlərə kömək etmək və dil öyrənmələrinə yardımçı olmaq lazımdır. Lakin rektor təklifi tənqid kimi qəbul edərək, ümumi toplantıda dekanı ən ağır sözlərlə təhqir edərək, tutduğu vəzifədən azad edib. Yəni onun idarəçilik üsulu budur. O rektordan çox universitetdə diktatura rejimi yaradan diktatora bənzəyir…”

Onu da öyrəndik ki, rektor müəllimlər üçün də kart sistemi yaradıb. Dərs saatlarının olub-olmamasından asılı olmayaraq, müəllimlər səhər saatlarından axşam saatlarınadək universitetdə məcburi vaxt keçirirlər. Çünki əsasən təkmilləşmə, özünüinkişaf, elmi müdafiə məqsədilə kitabxana və akademiyaya getməli olan müəllimlər “kart sistemi” yaradıldığından məcburi olaraq iş saatlarında universitetdə boş vaxt keçirməli olurlar. Halbu ki, kitabxana və akademiyanın da iş saatları eyni vaxtda bitfiyindən müəllimlər, disertantlar, aspirantlar universitetdən çıxa bilmirlər. Kafedralarda istidən, qeybətdən qaçmaq istəyən müəllimlərin elmi yaradıcılıqla məşğul olmaq imkanı sıfra enir. Halbuki müəllimin dərsə hazırlıq mərhələsi yalnız kafedra ilə limitlənməməli, müəllim kafedradan əlavə “kafedra+” layihələrdə də iştirak etməlidir.

Rektorun qoyduğu tələblərə qarşı çıxan müəllimləri isə çox ağır cəzalar gözləyir: kafedra müdirlərinin əlində silaha çevrilən dərs bölgüsü; dərs vəsaitlərində mütləq şəkildə həmmüəllif, hətta birinci müəllif kimi məcbur göstərilməli olan kafedra müdirlərinin adları; məqalə yazdırıb öz məqaləsindən xəbəri olmayanlar; özü yazmadığı rəyə başqa maraqla imza atanlar; başqalarına çıxış yazdırıb təntənəli çıxış edənlər və s. cəza almış müəllimlərin qarşılıqsız əməyindən bəhrələnirlər.

Araşdırmalarımız onu da göstərdi ki, kafedra müdirlərinin bildiyi halda hər il dərs yükü azalmağa doğru gedir, dərs saatları çatmır. Lakin buna baxmayaraq hər dəfə təqdimat yazıb hansısa maraq naminə yeni əməkdaşlar işə götürülür, öncədən işləyən müəllimlərə dərs yükü ilə bağlı hədə-qorxu gəlinir ki, şikayətçi olmasınlar. Rektorun “ağ siyahısı”nda olmayanlara cəza məqsədilə iki növbəli, iki tədris korpusu arasında dərs saatı salınır. Mənbəmiz onu da qeyd etdi ki, universitetin əməkdaşı Sevda İmanovanın elmi işlər üzrə prorektora göndərdiyi “şəffaf işləyək” səs yazısında, Sevda İmanovanın haqlı olduğu aşkar görünsə də, prorektor həmin səs yazısını universitetin toplantısında hamıya dinlətdirir, S.İmanovanı haqlı ikən haqsız duruma salır. O da məlum oldu ki, imtahan prosesində tədrisə heç bir aidiyyatı olmayan şəxslər – Sosial məsələlər üzrə prorektor Tamam Cəfərova, özləri də tələbə olaraq imtahan verməli olan, lakin dərslərdə heç iştirak etməyən Şahin, Coşqun adlı adamlar həm tələbələrə, həm nəzarətçilərə, həm fənn müəllimlərinə yersiz müdaxilə edərək, onları təhqir edirlər. Halbuki rektor tənqid edən hər kəsi məhkəmə ilə hədələməkdənsə, özü də əməkdaşların şikayətlərinə açıq olmalı, haqsızlığa, qanunsuzluğa yol verməməli, özünə yaxın insanlara vəzifə vermək naminə köhnə əməkdaşları vəzifələrindən azad etməməlidir. Əslində, rektor öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməməli, işinə daha məsuliyyətlə yanaşmalıdır. Əks halda o nəinki müəllimlərə, tələbələrə belə pis önək olaraq

Belə örnəklər isə kifayət qədərdir. 20 Yanvar hadisələrində zərərçəkmiş, bir qolunu itirmiş universitet əməkdaşının işdən çıxarılması üçün rektor “böhtançı komissiya” təşkil edir. Bu azmış kimi Kamal Abdulla yalançı şahidliyə etiraz edərək imza atmayan, 50 ildən çox universitetdə kadrlar şöbəsində baş mütəxəssis işləyən, kadrların əksəriyyətinin tərcümeyi-halından xəbərdar olan Elmira Baxşəliyevaya böhtan ataraq ləyaqətini alçaldır və işdən çıxarır.

Heç bir əmək-intizamı pozuntusu etməyən, beynəlxalq layihələrin, seminarların, konfransların iştirakçısı olan fəlsəfə doktoru, dosent, dekan olan Vüsalə Ağabəylinin taleyi bir tənqidlə həll olunur. Universitetə götürdüyü və ingilis dilindən xəbərsiz olan dostunun qızının V.Ağabəylinin haqlı tənqidindən sonra qəzəbini yatırmaq üçün onun karyerasına son qoyur, hətta “ağır maddə” ilə əmək kitabçasına ləkə vurmaqdan da çəkinmir.

Universitetin dissertantı, IELTS və Celta sertifikatlı, Amerika multikulturalizmi üzrə demək olar ki, ilk ən dərin tədqiqatçı Pərvin Mürsəlovanı tələbələri önündə alçaldıcı ifadə ilə təhqir edib, onun illərlə imtahanlara öz zəhmətilə hazırlaşıb ixtisasına yiyələndiyi diplomunu, müəllimlik həyatını puç etmək də rektor Kamal Abdullanı durdurmur.

Kamal Abdulla kadr işəgötürmə siyasətindən xəbərdar olan, sirrinin ortaya tökülməyindən ehtiyat etdiyi üçün kadrlar şöbəsinin müdiri Dürdanə Əliyevanı, Araz Ağayevi qanunsuz şəkildə işdən uzaqlaşdırır.

Yaxın dostu Muxtar İmanovu kafedra müdiri qoymaq məqsədilə, elmi fəaliyyətinə, mədəni səviyyəsinə bələd olmadığı, xarici ölkələrdə kitabları dərc olunan, vəsaitləri əldən-ələ gəzən professor Fəridə Səfiyevanı qeyri-qanuni şəkildə kafedra müdirliyindən çıxarırı.

Yüzlərlə universitet işçisinin – fəhlələrin, bufet işçilərinin, sürücülərin, müxtəlif şöbələrin texniki işçilərinin, kamera çəkənlərin, montaj edənlərin, dekan müavinlərinin, kadrlar şöbəsi strukturundakı heyətin bəzi nümayəndələrinin, mühasibatlıq işçilərindən bəzilərinin, monitorinq şöbəsi işçilərinin, tələbə qəbulu və qeydiyyatı şöbəsinin işçilərinin, fotoqrafların və sair və ilaxır ürək ağrısıyla sadaladığımız şəxslərin çörəyinə bais olan rektor Kamal Abdulla onların çoxunu universitetdən hədə-qorxu ilə uzaqlaşdırıb.

Mənbəmiz onu da bildirdi ki, rektor Həbib Zərbəliyev kimi elm xadimini, mütəxəssis Sevinc Zeynalova kimi elmdən bixəbər birinin əli ilə təhqir edib:

“… Bu azmış kimi “yerli” və “gəlmələr” olaraq universiteti parçalayaraq iki cəbhə yaradan rektor təbəqələşmə, ayrı-seçkilik toxumu səpir, sanki iki fərqli millət kimi əməkdaşları qarşı-qarşıya qoyub”.

Dillər Universitetinin tələbələrilə sağollaşarkən bir məqama toxundular: “2 il əvvəl biz tələbələrin haqlı narazılıqlarını cənab prezidentimiz eşitdi və rektoru tutduğu vəzifədən azad etdi. Bu gün də Kamal Abdulla heç nəyə və heç kimə arxayın olub müəllim və tələbələrlə əyanları kimi rəftar etməsin. Çünki bu dəfə də prezidentimizin bizim haqq səsimizə cavab verəcəyinə inanırıq, güvənirik. Kamal Abdulla bilsin ki, dünən etdiyimiz narazılıqlar bu gün artıb ki, azalmayıb. Əgər Dillər Universitetində 2 il əvvəl keçirilən etiraz aksiyasına 200 tələbə qoşulmuşdusa, bu gün min tələbə qatılacaq. Kamal Abdulla ya universitet daxilində özünün yaratdığı problemləri həll etməlidir, ya da keçmiş həmkarı kimi öz xoşluğu ilə idarə edə bilmədiyi vəzifədən uzaqlaşmalıdır. Əks halda biz haqqımızı tələb etməyi bacarırıq. Bizi dövlətimizi narahat edəcək addımlar atmağa vadar etməsin.”

Redaksiyadan:

Hazırda oxucularımıza təqdim etdiyimiz araşdırma məqaləsi may ayının sonlarından çapa hazırlanır. Uzun müddət Dillər Universitetinin rektoru ilə şəxsən müsahibə götürməyə çalışsaq da, Kamal Abdullanın universitetdə yaratdığı bürokratik sistemi yara bilmədiyimizdən onun mövqeyini məqaləyə əlavə edə bilmədik. O üzdən məcbur qalaraq çoxsaylı şikayət müraciətlərini bir araya topladıq və bu gün Dillər Universitetində baş verən narazılıqların mənzərəsini yaratmağa çalışdıq. Güman edirik ki, rektor Kamal Abdulla məqalədən nəticə çıxararaq, narazılıqların qarşısını özünəməxsus cəza vasitələrilə deyil, qanuni şəkildə həll etməyə çalışacaq. Məqaləni dərc etməyimizə baxmayaraq, bu gün də şəxsən Kamal Abdullaya ünvanlanacaq sualların cavablarını öz dilindən dərc etməyə hazırıq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button