Məhkəmə jurnalistə çəkiliş aparmağı qadağan etdi

1 saylı Bakı İqtisad Məhkəməsində Kür daşqınları ilə bağlı mülkiyyət hüquqlarının müdafiəsinə dair dəyən ziyanın ödənilməsi tələbi ilə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində Sabirabad rayon sakini Hüseynağa Hüseynovun iddia ərizəsinə baxılıb. Cavabdeh tərəflərdən Fövqaladə Hallar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, eləcə də iddiaçının vəkili və nümayəndələri məhkəmədə iştirak edib. Məhkəmədə, həmçinin Kür və Araz çaylarının 2010-cu il məlum daşqınları zamanı evləri və təsərrüfatları ciddi şəkildə ziyan görmüş, lakin bu günə qədər mülkiyyət hüquqları bərpa olunmayan İmişli, Saatlı və Sabirabad rayonunun bir qrup sakini də iştirak edib.

Məhkəmə prosesi açıq keçirilsə də, Turan İA-nin əməkdaşına məhkəmədə hər hansı çəkiliş aparılmasına icazə verilməyib.

Məhkəmə prosesi başlayan kimi FHN-nin nümayəndəsi vəkilin xəstələndiyini əsas gətirərək prosesin təxirə salınmasını xahiş edib. Hakim və tərəflər təklifə etiraz etməyiblər.

Hakimin qərarı ilə məhkəmə oktyabrın 06-a qədər təxirə salınıb.

Xatırladaq ki, Kür daşqınları ilə bağlı vətəndaşların mülkiyyətinə dəyən ziyanın ödənilməsi tələbi ilə keçirilən məhkəmə proseslərində vətəndaşların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. İddiaçılardan Saatlı rayon Dəllər kənd sakini Lazım Umudovun iddiası təmin olunub və artıq hazırda ona yaşadığı ünvanda ev tikilir.

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button