“VASİF TALIBOVA İSTEFA!”

Muxtar respublika ilə bağlı konfrans keçirildi, naxçıvanlılar Vasif Talıbovun istefasını tələb etdilər

 “İlanın quyruğu Vasif Talıbov, başı İlham Əliyev və Ramiz Mehdiyevdir”

 Dünən Azərbaycan Demokrat Partiyasının qərargahında “Vətəndaş Hərəkatı” təşəbbüs qrupunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına həsr edilmiş konfrans keçirilib. Konfransda əslən Naxçıvandan olan ictimia-siyasi fəallarla yanaşı, ölkənin siyasi partiyalarının nümayəndələri, ziyalılar iştirak ediblər.

 “Azərbaycan orta əsrlərə doğru gedir”

 Təşəbbüs qrupunun koordinatoru İbrahim İbrahimli konfrans iştirakçılarını salamladıqdan sonra tədbirin məramı barədə məlumat verdi: “Hesab edirik ki, bugünkü müzakirələrimiz ciddi nəticələrə, ciddi təkliflərin meydana gəlməsinə səbəb olacaq. İcazə verin, konfransın çağırılmasının zəruriyyəti barədə sizlərə məlumat verim. Bilirsiniz  ki, dünya dəyişir. Soyuq müharibə dövründən qalan dünya düzəni dəyişir. Bu gün artıq dünya düzəninin forması və mahiyyəti dəyişməyə başlayıb. Yeni dünya düzəni demokratik dəyərlər üzərində qurulur. Demokratik proses dünyada strateji xarakter alıb. İndiyə qədər mövcud olan problemlər məhz məzmun və forma ilə ziddiyyətlərdən irəli gəlirdi. Dünya dəyişirsə, dünyanın siması dəyişirsə, yeni dünya düzəninin əsas prinsiplərindən olan şəffaflıq, sosial ədalət prinsipləri önə çəkilirsə, təəssüflər olsun ki, Azərbaycan dəyişmir. Dünya irəliyə gedir, Azərbaycan geriyə addımlayır. Dünya daha təkmilləşmiş demokratik modellərdən istifadə edir, idarəçilik modelləri üzərində diskussiyalar aparılır, Azərbaycan isə orta əsrlərə doğru gedir. Azərbaycan konstitusiyalı  monarxiya qurmaq cəhdində bulunur. Azərbaycan sülalə rejimini bərpa edir”.

İ.İbrahimli daha sonra Naxçıvan probleminə toxundu: “Heydər Əliyev Naxçıvandan hakimiyyətə gəlmək üçün tramplin kimi istifadə edib. Bu gün İlham Əliyev Naxçıvandan siyasi poliqon kimi istifadə edir. Orada sınaqdan çıxarılan əməllər bütün Azərbaycanda tətbiq ediləcək. Hakimiyyəti əldə saxlamaq üçün, iyrənc, qeyri-insani işgəncə metodlardan əvvəlcə Naxçıvanda sınaqdan çıxarılır, sonra bütövlükdə Azərbaycanda tətbiq edilir. Məmləkət qanunlarla yox, qaydalarla idarə olunur. Hər bölgənin Naxçıvanda olduğu kimi, bir xanı var, bir fərmandarı, bir fərraşı var. Bölgələrimizin vəziyyəti paytaxtın vəziyyətindən çox-çox pisdir. Əgər paytaxtda insanların səsi eşidilirsə, az-çox mətbuat varsa, siyasi partiyalar fəaliyyət göstərirsə, bölgələrdə vəziyyət elədir ki, onların problemlərini gündəmə gətirmək olmur. Yerli feodallar bölgələrdə çox ciddi bir rejim yaradıblar. Mətbuat azadlığı yoxdur, hüquq müdafiəçilərinin fəaliyyətinə imkan vermirlər, qəzetlərin yayılmasının qarşısını alırlar, internetə çıxışı məhdudlaşdırırlar. Amma tədbirlərimizə Naxçıvandan başlamaqda məqsədimiz ondan ibarətdir ki, çox həssas bir coğrafiyada yerləşir. Onun həm siyasi, sosial-iqtisadi, üstəgəl geopolitik problemləri elə vəziyyətdədir ki, istənilən məqamda Naxçıvanda partlayış baş verə bilər. Boşaldılmış bu ərazilərdə kürdlərin yerləşdirilməsi, kürdlərlə ermənilərin koordinasiya edilməsi məsələləri gündəmdədir. Bilirsiniz ki, Ermənistanın Naxçıvana iddiası var. Bilirsiniz ki, Naxçıvan Azərbaycanla Türkiyə arasında yeganə sərhəd  bölgəsidir. Bunu da işğal etmək, Türkiyə ilə türk dövlətləri arasında əlaqəni kəsmək planları var. Əgər biz hərəkət etməsək, bu prosesləri gündəmə gətirməsək, təbii ki, bu vətəndaş hərəkatına stimul verməsək, bir zaman boşaldılmış bölgələrimizdə daha dəhşətli hadisələr baş verə bilər. Bu baxımdan, biz bu qərara gəldik ki, demokratik hərəkata bölgələrdən başlamaq lazımdır. Nümunə kimi Naxçıvandan başladıq”.

İlk söz alan Elman Cəmilov Naxçıvana muxtar respublika statusunun verilməsi tarixi barədə qısa bir arayış verdi.

 Naxçıvan çəpəri olmayan həbsxanaya bənzəyir

 Daha sonra Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi Məlahət Nəsibovaya söz verildi. Məlahət xanım Naxçıvanda işləməyin çətinliyi barədə danışdı: “Bir dəfə “frans-press” agentliyindən bir jurnalist Naxçıvana gəlmişdi. Bir günlük səfərinin sonunda ondan soruşdum ki, Naxçıvan barədə nə təəssüratlarınız var? Mənə bildirdi ki, Naxçıvan çəpəri olmayan həbsxanaya bənzəyir. Diplomatlardan biri isə bildirmişdi ki, Naxçıvanda hamı bir yorğana bükülüb. Rəsmi statistikaya görə, Naxçıvanın 450 min nəfər sakini var. Mən indi zala baxıram. Buradakılar əksəriyyəti Naxçıvandandır. Əzizlərim, həmin statistikada sizin də sizin ailə üzvlərinizin də adı var. Əslində, bu gün Naxçıvanda 120-130 min əhali yaşayır. Əhalinin əksəriyyəti Türkiyəyə köçüb. Orada artıq naxçıvanlılardan ibarət böyük qəsəbələr var”. M.Nəsibova siyasi partiyaların fəaliyyətindən narazılığını bildirdi: “Naxçıvanda belə bir vəziyyətin yaranmasının bir səbəbi də siyasi partiyaların yerli təşkilatlarının fəaliyyət göstərməməsidir. Siyasi partiyalar Naxçıvanda fəaliyyətlərini gücləndirməlidir. Partiya rəhbərlərindən xahiş edirəm ki, Naxçıvan təşkilatlarına diqqəti artırsınlar. Başa düşürəm, Naxçıvanda siyasi fəaliyyət göstərmək çox çətindir. Amma mümkündür. Naxçıvan əhalisi siyasi partiyaların dəstəyini gözləyir. Bizi də təqib edirlər. Bizim də övladlarımız var. Biz də gəlib Bakıda otura bilərik. Amma ora bizim dədə yurdumuzdur”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ölkənin hər yerində vəziyyətin Naxçıvandakı kimi olduğunu önə çəkdi: “Guya bizi Salyanda Ombudsmanın nümayəndəsi qəbul edəcəkdi? Rayonlara seminar keçirmək üçün ilk növbədə Prezident Aparatına məktub yazırıq. İcazə veriləndə də seminarda icra hakimiyyətinin və MTN-nin nümayəndəsi oturur”.

 Ölkədə yeni situasiya – Redaktorlar Birliyi yaranıb…

 “Turan” informasiya agentliyinin direktoru ölkədə yeni hərəkatın başlanmasına ehtiyac olduğunu önə sürdü: “Mən diqqəti başqa istiqamətə yönəltmək istəyirəm. Ölkədə yeni situasiya yaranıb. Yeni formatda Redaktorlar Birliyi yaranıb. Orada “Yeni Müsavat” və “Xural” qəzetlərinin, digər mətbu orqanların rəhbərləri toplaşıb. “Kür” Vətəndaş Cəmiyyəti müəyyən işlər görüb. Hesab edirəm ki, yeni vətəndaş hərəkatına ehtiyac var. Düzdür, “İctimai Palata” yaranıb. Lakin hesab edirəm ki, daha geniş tərkibli hərəkat yaradılmalıdır. 89-cu ildə hərəkatı fərdlər yaratmışdı. İndi isə partiyalar, QHT-lər və mətbuat var. Biz Demokratik Hərəkat yarada bilərik. Bir müddət əvvəl siyasi liderlərdən biri məndən soruşdu ki, qarşıdan prezident seçkiləri gəlir, kimi namizəd görürsən? Ona dedim ki, bizim namizədimiz Azərbaycan xalqıdır. Biz xalqın seçim hüququnu bərpa etməliyik. Sonra xalq öz rəhbərini azad şəkildə seçəcək.  Biz bu hərəkata bu gün başlamalıyıq. Rayonlara getməliyik, QHT-lər, jurnalistlər, siyasi partiyaların nümayəndələri birlikdə bölgələrdə xalqla görüşməliyik. Hesab edirəm ki, vahid hərəkat məsələsini gündəmə gətirmək zamanı çatıb ”.

 “Naxçıvanda konsulluqlar açılsın”

 Seçki Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli Naxçıvanla bağlı konkret təkliflərlə çıxış etdi: “Hesab edirəm ki, Vasif Talıbova insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün daha böyük səlahiyyətlər verilib. Təklif edirəm ki, Naxçıvanın Bakıdakı nümayəndəliyi ilə daima işləmək lazımdır. İkincisi, Bakıda azı ayda bir dəfə Naxçıvanla bağlı geniş tərkibli müzakirələr təşkil edilməlidir. Üçüncüsü, Naxçıvanla bağlı qaynar xətt təşkil edilməlidir”.

Çıxış üçün söz alan Sülhəddin Əkbər bir sıra təkliflər hazırlandığını söylədi: “Hesab edirəm ki, konfrans adından beynəlxalq təşkilatlara və siyasi partiyalara müraciətlər edilsin. Yeni Azərbaycan Partiyasına və İlham Əliyevə müraciət edilsin. Çünki Vasif Talıbov ilk növbədə onlara zərbələr vurur. Hesab edirəm ki, Vasif Talıbov məsələsini onlar həll etməlidir. Beynəlxalq Təşkilatlar, ATƏT və xarici ölkələr Naxçıvanda nümayəndəliklərini və konsulluqlarını açmalıdırlar. Qəzetlərə müraciət etməliyik ki, Naxçıvanda müxbir postları açsınlar. Konfrans adından Türkiyəyə, Avropa Birliyinə və ABŞ-a müraciət etməliyik ki, Vasif Talıbova, onun qardaşı Məhərrəm Talıbova, daxili işlər naziri Əhməd Əhmədova və milli təhlükəsizlik naziri Vəli Ələsgərova qarşı sanksiyalar tətbiq edilsin. Bu şəxslərə qarşı ciddi sanksiyalar tətbiq edilməsi vacibdir”.

 Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni yetişdirən Naxçıvan bu gün Siyavuş Novruzovlar yetişdirir…

 İ.İbrahimli qısa bir arayış verdi: “Türkiyədə 2500 nəfər məktəb yaşlı uşaqlar fəhləlik edir. Bu uşaqlar heç bir təhsil almır. Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni və yüzlərlə Azərbaycan xalqının dahisini yetişdirən Naxçıvan bu gün Siyavuş Novruzovlar yetişdirir. Bu gün Naxçıvan Rövnəq Abdullayevə qocular yetişdirir”.

 “İlanın başı İlham Əliyev və Ramiz Mehdiyevdir”

 AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxışında naxçıvanlılara da müraciət edilməsinin vacib olduğunu bildirdi.

“Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadır beynəlxalq güclərin Naxçıvanla bağlı qorxulu planlarının olduğunu söylədi: “Mosuldan-Kərkükdən başlayaraq Naxçıvanda bitən kürd dövləti qurmaq istəyirlər”.

AXCP sədrinin müavini Asəf Quliyev ilk növbədə mövcud rejimin dəyişdirilməsinin lazım gəldiyini bildirdi: “Vasif Talıbov ilanın quyruğudur. İlanın başı  İlham Əliyev və Ramiz Mehdiyevdir. Vasif Talıbovun istefası ilə iş bitən deyil. Gedək Naxçıvanda aksiyalara başlayaq. Mən 500 nəfəri aksiyaya çıxarıram. Görək siz nə qədər çıxarırsınız? Azərbaycanda seçki ilə hakimiyyətin dəyişməsi mümkün deyil. Xalq inqilabı olmalıdır. İnqilabdan sonra Naxçıvan da düzələcək. Yalnız biz Naxçıvana dəyən mənəvi zərəri uzun illər ərzində aradan qaldıra biləcəyik”.

ADP sədri Sərdar Cəlaloğlu Naxçıvanın probleminin Azərbaycanın problemi olduğunu söylədi: “BMT-nin hesabatına görə, Azərbaycan öz ölkəsini tərk edənlər siyahısında on yeddinci yerdədir. Azərbaycanı üç milyon beş yüz min vətəndaş tərk edib. Rəsmi məlumatlara görə, beş yüz min Azərbaycan vətəndaşı Avropa Birliyi ölkələrindən sığınacaq istəyib ”.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button