MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

Mirzə Sakit

XI yazı

 …Möhtərəm Allahşükür dəfn olunmamışdan öncə həkimlər onun cəsədini yarıb daxili orqanlarına baxış keçirdiblərmiş. Türkiyə mətbuatının yazdığı informasiyalara görə, yüksək təcrübəli professorlar Allahşükürün içalatına baxarkən, dəhşətə gəliblər. Hətta qoca professorlardan biri özündən gedib. Sən demə, eks-şeyxin daxili orqanlarının materialında ətdən, sümükdən, qandan əsər-əlamət yox imiş. Dahi eks-şeyximizin bütün bağırsaqları tuncdan, qara ciyəri poladdan, ağ ciyəri at nalının materialından, dalağı dürr-aliminiumdan, nəfəs borusu isə tank lüləsinin dəmirindən hazırlanıbmış. Sidik normal süzülmək üçün böyrəklərində xüsusi olaraq, “KA-700”traktorlarındakı filtrlərdən məharətlə istifadə olunubmuş. Böyrəklərin özü tok keçirməyən qalın və sərt rezinlərlə əhatə olunurmuş. Hörmətli köhnə şeyximizin öd kisəsinə boylanarkən həkimlər ehtiyatı əldən buraxmayıblar. Kisənin içərisindəki məhlul kislotaqarışıq mərgümüş və zəqqutundan ibarət cilalanıbmış. Tibbi hesablamalara görə, həmin məhluldan bircə qətrə torpağa düşərmişsə, həmin torpağın yerləşdiyi ölkə xarabazara çevrilərmiş. Şeyxin bütün bu əcaib həngamələri dünya mətbuatına çıxdıqdan sonra Təzəpir məscidinin axundu camaat namazında moizəyə oxuyarkən dilindən belə bir qələt buraxıbmış ki, sən demə, canı yanmış gözəl sabiq şeyximiz hələ şeyxliyə təsdiq olunan ili məsciddə bərkdən asqırarkən ödündən kiçicik qığılcımvari bir zərrə  çıxaraq, məscidin pəncərəsindən həyətə düşübmüş. Buna görə də elə o vaxtdan Azərbaycanda İslam dininin bu qədər əks-effekt verməsinin bu günə qədər də canlı şahidləriyik, inşallah. Mətləbdən uzaqlaşmayıb qayıdaq, mehriban əski şeyximizin içalatına. Müayinə zamanı tibb elmində analoqu olmayan hadisə baş verib. Həkimin əlindəki maqqaşın ucu matah şeyximizin ürəyinə toxunan kimi ürək başı kəsilmiş xoruz kimi çapalamağa başlayıb. Ürəyi yarmaq heç cürə mümkün olmayıb. Çünki onun materialı sırf qənbər daşından olub. Ürəyin hər tərəfini qatı mamır basdığından qulaqcıqları tapmaq xeyli vaxt aparıb. Araşdırmalar zamanı məlum olub ki, qulaqcıqlar dəqiq və lazım olduğu qədər işləməkçün urusyat armaturunun “A-1”markalı formatından qayrılıbmış. Hər iki qulaqcığın üstünə damğavari möhür vurulubmuş. Möhürlərin birində “NKVD”, digərində isə “KQB” ştampının izləri çox şəffaf şəkildə görünürmüş. Əziz şeyximizin sidik kisəsi isə elmə məlum olmayan materialdan imiş ki, bu da sidiyin çölə ifrazatını benzin şəklində buraxmağa tam şəkildə şərait yaradırmış. Sonralardan məlum olub ki, gözəl şeyximiz postunda olan vaxtlarda istifadə etdiyi bütün xidməti avtomobillərinin bakına elə bundan tökməklə əyaləti fırlanırmış. Bu da bəzi məscidlərin həyət-bacasının urvatsızlığına gətirib çıxarırmış. Ona görə də bir-çox əhli-müsəlmanlarımız öz dinlərindən bu qədər perik düşüblər. Həkimlərin qabırğa araşdırmaları çox məhsuldar keçib. Ümumilli şeyximizin qabırğaları dəmir yollarındakı relslərdən hazırlanıbmış. Onun qabırğaları anatomiyada göstərilən qabırğalardan fərqli olaraq, səkkizi artıq imiş. Ən mötəbər əza isə mədə olub. Demək, dəyərli şeyximizin mədəsinin tutum həcmi sərhədsiz olmaqla yanaşı, həm də istənilən qida məhsulundan başqa meşə və dağ massivlərini də həzm etməyə qadir imiş. Mədənin divarlarındakı dişciklərin sırf tank şestrnasından da möhkəm olması bizə onu deməyə əsas verir ki, bu mədə nəinki çiçəkli vətənimizi, hətta bütün İslam dünyasını yslufca həzmi-rabedən “uf” demədən həzm etməyə Həzrət Abbas haqqı qadirmiş. Bu yerdə biz unudulmaz və rəhmətlik şeyximizin içalat dünyasından əl çəkib qayıdaq onun mübarək dəfninə…

Dediyimiz kimi cənazə MTN-nin qarşısında götürüləcəkdi. Cənazəni  yerdən qaldırmaq üçün yaxınları tabuta yaxınlaşdılar.   Bismillah edib tabutu yerdən qaldırmaq istəsələr də, nə illah elədilərsə, tabut heç “mıqq” da eləmədi. Çox ağır olduğunu nəzərə alıb, “Dikiy voyskanın” on dörd nəfər qoluzorlusu lovğalanaraq, əl atdılar tabuta, ancaq ona da “Dağdan ağır, batman yerişli şeyx” demişəm, sizin əziz canınız üçün, tabutun heç vecinə də olmadı. Qaldıra bilmədilər ki, bilmədilər. Bu zaman dəfn komissiyasının sədri Nurəddin Məmmədli irəli yeriyib təklif etdi ki, “Akkord”un ağır tonnajlı kranlarından birini gətirin. Yeni şeyx Hacı İlqar İbrahimoğlu isə Nurəddinin sinəsindən itələyərək qayıtdı ki, birincisi sən kimsən ki, burada məsləhət verirsən, ikincisi isə qoy Allahşükürü o dünyaya perevod edək, Allah qoysa sənin məsələnə baxılacaq. Görüm hələ sənin o vəhhabilərlə nə alış-verişin var. ADP-ni ordan, AXCP-ni də bu tərəfdən yarıtdın, indi də burda koxalıq edirsən? …Molla Nurəddin də qabağından yemədi. O, barmağını Hacı İlqara silkələyərək, ona “İran təranələri” ilə xox gəldi.

Bu yerdə bütün hakimiyyətlərlə cürbəcür dildə danışıb, rəngbərəng donlara girən, Qurani-Kərimi bülbül kimi avazla oxuyan, İslamın iriliyini özü kimi xırdalayan Vasim Məmmədəliyev irəli yeriyib əsəbi tonda dedi ki, a kişilər, meyit yerdə qalıb iyim-iyim iylənir, siz isə burda kadr dəyişikliyi aparırsınız, vallah, ayıbdır. Görmürsünüzmü Səudiyyə Ərəbistanının bütün din dəllalları… eeee üzr istəyirəm, din xadimləri  neçə gündür qonaq qismində burada qalıb meyitin zibilinə düşərək öz ölkələrinə qayıda bilmillər. Gəlin tabutu yenə də bağışlayın, çaşdım… qədim şeyximizi basdıraq, sonra yenə bir-birinizi qırın. Nəhayət ki, iri bir kran gəldi və tabuta qarmaqlar sallandı. Kran arxasından qara tüstü buraxaraq, tabutu qaldırıb “Avtoevakuasiya” maşınına qoydu və xalq da altı yernən gedən meyit maşınının arxasınca məzara döğru istiqamət götürdü.  Bakı şəhəri İcra hakimiyyətinin başçısı Həsən Kərimov şərafətli şeyximizi tam ayrıca yerdə dəfn etmək üçün sərəncam imzalamışdı. Sərəncama əsasən, Şeyx Allahşükür Paşazadə Balaxanı tərəfdə onunçün ayrılmış xüsusi yerdə dəfn olundu. Düzdür, o, dəfn olunan yerdə səhərdən-axşamacan gərəksiz qarğalar fırlanırlar, lakin qərar qərardır, ona müvafiq də hərəkətdən yayınmaq olmaz. Bununla da “Allahşükür erası” sona çatdı.

…”Azal”ın keçmiş şefi Cahangir Əsgərov həbsxanada damın üstünə çıxaraq, “bunt” etmək bəyanatı vermişdi. O, öz sərsəm bəyanatında bəyan edib bildirmişdi ki, əgər məni şahid qismində dostum İlham Əliyevin məhkəməsinə cəlb etməsələr, özümü burdan atıb həlak edəcəyəm. Həbsxanadakı əməliyyat şöbəsinin rəisi də fənd işlədərək ona deyib buyur at özünü yerə. Bu sözdən sonra Canik başa düşüb ki, onun bu girdirmə xəyalları reallaşmayacaq. Ona görə də özünü sındırmamaq üçün deyib ki, mən demədim ki, özümü elə-belə atacam. Dedim ki, paraşütlə atacam. Dustaqlar Caniki sözünün üstündə durmadığına görə, “fuflovşik” adlandıraraq, ona yerini tanıdıblar.

Rövnəq Abdullayev isə Qobustan Qapalı həbsxanada dustaqlar ilə qumar oynayıb və külli miqdarda pul uduzub. Söhbət belə olub ki, axşam saat 9-a qədər pul ödənilsin. Əks-təqdirdə onunla bir yerdə cəza çəkən keçmiş Yanacaq və Energetika naziri Natıq Əliyev hamının qarşısında on nəfər dustağın alt paltarını yuyacaq. Natiq də bununla razılaşıbmış. Sən demə, oynanılan qumarın şərti belə imiş və Rövnəq də Natiqə “padlo” damğası vurmaq üçün pulu qəsdlə gecikdirib. Bununla da qərar qüvvəyə minib. Amma Natiq Rövnəqin bu tələsindən tam xəbərsiz olub. Bundan sonra “bratva”dakı dustaqlar Rövnəqi yanlarına çağıraraq, nədən onun Natiqə qarşı belə addım atdığının səbəbləri ilə maraqlanıblar. Rövnəq Natiqin qeyri-ciddi adam olmasını dustaqlara inandırmağa çalışıb. Bunu da “obosnovat” edə bilməyən Rövnəqin özünü dustaqlar başqa üsulla “nakazat” ediblər.

Prezident seçkilərinin təbliğatı Azərbaycana görünməmiş qarşıdurma gətirmişdi. İnsanlar hələ bu vaxta qədər belə çaşqınlıq içərisində qalmamışdılar. AXCP ilə Müsavat partiyaları arasında əsl Kərbəla döyüşləri gedirdi…

 Ardı olacaq

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button