Mətbuat Şurası məmurların havadarlarına çevrilməməli idi!

 Üç il öncə – 2008-ci ildə ABU rektoru Elşad Abdullayevin müraciəti ilə Mətbuat Şurasının İdarə Heyəti «Təzadlar» qəzetini reket elan edib «qara siyahı»ya (o qərarı verənlərin əzizlərinin və doğmalarının adlarının layiq olduğu siyahı) saldı.

Üç il sonra  – indi isə mətbuat Şurasının bütün üzvləri Elşad Abdullayevin rüşvətxor, saxtakar, plagiat olduğunu sübut etməyə girişiblər və bu uğurda yarışmağa başlayıblar.

Üç il öncə – 2008-ci ildə Mətbuat Şurası onlara müraciət etdiyinə görə, ABU rektoruna «təşəkkürnamə» yazırdı MŞ İdarə Heyətinin üzvü və sədri. «Azərbaycan» qəzetinin çox hörmətli baş redaktoru Bəxtiyar Sadıqov isə Elşad Abdullayevin məqalələrinə səhifə-səhifə yer ayırırdı.

Üç il sonra – indi isə həmin hörmətli Bəxtiyar Sadıqovun baş redaktoru olduğu «Azərbaycan» qəzeti Elşad Abdullayevi sərt şəkildə tənqid edir.

«Təzadlar» qəzetininin baş redaktoru Asif Mərzili bu oyunlar haqda hansı dəqiq sübutlara malik deyil?! Mətbuat Şurası üzvlərinin rüşvətxorluğundan tutmuş reketliyinə qədər nələri açıb danışmadı?!

Müsahibədə bunlarla tanış olacaqsınız.

Beləliklə, müsahibimiz Asif Mərzilidir.

*** 

Biz yalnız Mahir Abdullayevin itkin düşməyindən yazmışdıq

 

– «Təzadlar» qəzetinin başına gətirilən oyunların hamısı vaxtilə ABU-nun rektoru olan Elşad Abdullayevlə bağlı yazdığınız silsilə yazılardan sonra başladı. Buna görə «Təzadlar» qəzeti Mətbuat Şurasının «qara siyahısı»na salındı. Bu gün isə artıq bütün cəmiyyətdə yekdilliklə belə bir fikir yaranıb ki, bir vaxtlar «Təzadlar» qəzetinin ABU-nun rektoru Elşad Abdullayev haqqında yazdıqları həqiqətdir. Qəribədir ki, bütün bunlardan sonra da «Təzadlar» qəzeti MŞ-nin «qara siyahı»sından çıxarılmayıb. O baxımdan, sizdən öyrənmək istəyirik: nə baş verir?

– Əvvəlcə onu deyim ki, Azərbaycan jurnalistikasında artıq peşəkar məqalələr çoxalıb. Sizi inandırım ki, peşəkar, araşdırmaçı jurnalistlərimiz həddən artıq çoxdur, sadəcə, onların işləməsi üçün lazımi şərait yaradılmayıb. Elşad Abdullayevin fəaliyyəti ilə bağlı araşdırma aparmaq məqsədini qarşımıza qoyanda da, bizim üçün heç bir zəruri şərait yaradılmamışdı. Ancaq biz bütün qüvvəmizi səfərbər edib, bu araşdırmaları hamıdan əvvəl apardıq və ortaya bu gün haqqında danışılan mənzərəni çıxardıq. Hamı bu gün deyir ki, ABU saxta diplom, saxta sənəd verməklə məşğuldur. Elşad Abdullayev illərlə insanlardan təhsil vermək adı ilə aldığı milyonlarla manatı mənimsədi və əvəzində heç nə vermədi. Bu gün də 4-5 il ABU-da oxuyanlar var ki, diplomlarını ala bilmədilər. Bunlar bir kənara. Biz Elşad Abdullayevdən nə yazmışdıq? Yazmışdıq ki, onun qardaşı Mahir Abdullayev nədən itkin düşüb. Yəni bizim bununla bağlı apardığımız araşdırmalar nəticəsində yazılan məqaləmizə Mətbuat Şurasının qeyri-peşəkar qiymət verməsi məsələni bu qədər qəlizləşdirdi. Mətbuat Şurası həmin yazılara görə bizi mükafatlandırmalı idi, nəinki cəzalandırmalı. Mətbuat Şurası məmurların havadarlarına çevrilməməli idi. Bu gün kifayət qədər elə hadisələrlə üzləşirik ki, hansısa məmur korrupsioner, rüşvətxor ittihamı ilə respublika qanunları əsasında həbs edilərək türmələrə atılıb. Biz mətbuatıq və dövlət orqanlarından əvvəl biz bu siqnalları veririk. Hüquq-mühafizə orqanlarının borcudur ki, mətbuatda gedən yazılara görə dərhal reaksiya versinlər və araşdırma aparsınlar. Əgər mətbuat yanlışlığa yol veribsə, mətbuatı, məmur qanunsuzluğa yol veribsə, məmuru cəzalandırmalıdırlar. Mətbuat Şurasının da vəzifəsi prosesə mətbu baxımdan yanaşmaq və hər hansı araşdırmanın aparılması üçün hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət etməkdir. Yəni ədalət o zaman bərpa oluna bilər. Bu haqda artıq indi məlumat var ki, ABU-nun Dubayda da filialı olub. Onun üstünü biz açdıq. ABU-nun Moskvadakı, Dərbənddəki fəaliyyətilə bağlı da əlimizdə faktlar var. Hətta Moskvada hansı fəaliyyətlə məşğul olması da yeni mövzudur, artıq o da bizim əlimizdədir və Sizə də təqdim edirəm. Yəni məsələ ondadır ki, Elşad Abdullayevi qızışdıraraq süni şəkildə ortaya atan, ona «akademik» deyən, tərifləyən insanlar prosesi bu istiqamətə yönləndirdilər.

Elşad Abdullayev həqiqətən akademikdir?

– Belə bir qayda var. Məsələn, Elşad Abdullayev lap Moskvanın özündə akademik adını ala bilər, amma ondan sonra Azərbaycana gələndə Ali Attestasiya Komissiyasında təkrar attestasiyadan keçməlidir, onun «akademik» statusu Azərbaycanda da qanuni yerini tutmalıdır və sertifikatlaşdırılmalıdır. Yoxsa hər kəs qeyri-rəsmi olaraq özünü «doktor» da adlandıra bilər, «akademik» də… Necə olur ki, Elşad Abdullayev Elmlər Akademiyasının həqiqi üzvüdür, Xudu Məmmədov isə müxbir üzvü? Bunu necə təsəvvür etmək olar?

 

Elşad Abdullayev bizim əleyhiminə yazılar verdirirdi

 

– Elşad Abdullayevlə münaqişəniz konkret olaraq hansı yazıdan sonra başladı?

– 2008-ci ilin avqust ayında «Təzadlar» qəzeti gündəlik nəşrə başladı.

– Deyəsən, eyni taleni yaşamışıq.

– Mən də elə o məsələnin üzərinə gəlmək istəyirəm. Bizim nə sponsorumuz var, nə də arxamızda duran pullu məmur… İntəhası, bizim böyük bir sərvətimiz var ki, o da peşəkarlığımızdır. Hər zaman da onun zərbəsini görürük. Beləliklə, gündəliyə keçəndən sonra müxbirlərimizin hərəsi bir təkliflə çıxış etdi. İbrahim adlı əməkdaşımız da bir neçə təkliflə yanaşı, bu mövzunu təqdim etdi ki, «Mahir Abdullayev beş ildir ki, itkin düşüb, onun haqqında hələ mətbuatda xırda da olsa, bir məlumat getməyib. Halbuki MTN-nin əməkdaşı və özü də çox tanınmış adam olub. ABU-nun prorektoru, Elşad Abdullayev kimi bir adamın qardaşıdır. Bəlkə onun axtarışı ilə bağlı bir məqalə hazırlayaq?» Razılaşdıq ki, qarşı tərəflə – onun ailəsilə də görüşəndən sonra kiçik bir məqalə hazırlayacaq və mənə təqdim edəcək. O hazırladı və dərc etdik. Bu hadisə olub 29 avqust 2008-ci ildə. Məqalə belə adlanırdı: «Mahir Abdullayev haradadır və hüquq-mühafizə orqanları niyə onun axtarışı ilə məşğul olmurlar?» Yəni bu gün Elşad Abdullayevin dediklərini bizə hələ 3 il bundan əvvəl yazmışıq. O məqalə dərc olunandan sonra Elşadın müavini Bəxtiyar Qibləlioğlu (onun qibləsinin hansı tərəfdə olduğunu bilmirəm) mənə dedi ki, «səninlə təklikdə vacib söhbətim var. Elşad Abdullayev «Təzadlar» qəzetində dərc olunan həmin yazı ilə bağlı məni yanınıza göndərib, yazı yaman xatirinə dəyib». Dedim, niyə? Dedi, «Sizin bimədiyiniz çox şeylər var». Soruşdum ki, «nəyi bilmirik?» Deməkdən imtina etdi və dedi ki, «o məsələnin içində çox müəmmalı olan şeylər var. Siz o məsələyə baş qoşmayın, çox ağır məsələlərdir. Amma Elşad müəllim də deyir ki, nə hörmət lazımdırsa, eləyim, bir də bu mövzunun üzərinə qayıtmasınlar». Dedi ki,  «siz arı pətəyinə qəflətən çöp uzatmısınız».

Sonda razılaşdıq ki, əlavə problemlərin yaranmaması üçün həmin mövzunu dayandıraq. Əyyub Kərimov da əvvəldən bu məqaləni izləmişdi, hətta sonradan da maraqlandı ki, nə əcəb o mövzunu dayandırdınız? Dedim, xahiş etdilər. O gedəndən 10 gün sonra Əyyub müəllim bir də mənə zəng vurdu və dedi ki, filan (adını deyir – red.) qəzetə bax! Yol gedə-gedə deyilən qəzeti aldım, oxudum. Elşad Abdullayevin Şamaxının Kirovka (Elşad Abdullayevlə mən qonşuyuq orada) kəndində üçmərtəbəli villası var, mənim də birmərtəbəli kənd evim var. Azərbaycanda hamıya məlumdur ki, o ev hansı pullarla tikilib. Bağ evimdir. Qəzet o evin şəklini verib ki, bu evi Asif Mərziliyə Rəsul Quliyev bağışlayıb, Asif Mərzili Rəsul Quliyevin qoyun sürüsünü otarır! Belə nalayiq şeylər yazıblar. Mən də Bəxtiyara zəng vurub etiraz etdim ki, bu nədir? Mən belə etmədim axı, niyə oyun qaydalarını pozursunuz? O da başladı Elşad Abdullayevin qarasınca deməyə ki, «o, artıq məndən də şübhələnməyə başlayıb, guya o faktları mən onlara vermişəm. Ona görə də çıxıb Türkiyəyə gedirəm». Mən də dedim, bu cür süni danışmağın kimə lazımdır? O yazılanda nə fakt var ki! Hamının bildiyi bir şeyi götürüb yazmısınız. Axırıncı sözü də o oldu ki, mən oradan çıxıb getmişəm, artıq ABU-da işləmirəm. Gördüm ki, həmin qəzet hər gün bu mövzunu qabardıb yazır. Belə qənaətə gəldik ki, artıq güzəştə getməyin heç bir mənası yoxdur. Mən də götürüb MTN-ə, Baş Prokurorluğa, DİN-ə, Vergilər Nazirliyinə, Təhsil Nazirliyinə sorğu şəklində göndərdim – «Mahir Abdullayev nə vaxt və hansı şəraitdə itkin düşüb?» Qanunlara görə adam itkin düşürsə, üç aydan sonra məhkəmənin müvafiq hökmünə əsasən, həmin adam ölmüş hesab olunur. O baxımdan, bütün sənədləri tələb etməyə başladıq. Azərbaycanda adam qalmadı ki, qəzetə gəlməsin. BDU-dan Elşad Abdullayevin də yaxın olduğu, çox hörmət bəslədiyim adam mənə müraciət etdi. Mən də bütün məsələni ona izah etdim və dedim ki, həmin yazıları bizim saxlamağımıza baxmayaraq, filan qəzet səhifələrində az qala məni «xalq düşməni» elan edib. Onun xatirinə yenə bir həftə həmin yazıları dayandırdıq, yazmadıq. Ancaq Elşad Abdullayevdən ruh alan həmin qəzet haqqımızda yenə də ağzına gələn şantaj və böhtan dolu yazılar dərc etməyə başladı. Həmin professora zəng vurub etirazımı bildirdim. O da mənə dedi ki, qardaş, artıq nə istəyirsən, onu da elə! Yenidən başladıq yazları dərc etməyə…

 

Bəxtiyar Sadıqov bizi şərləmək istəyirdi

 

Bu zaman ABU-nun bir komandalıq müəllimləri redaksiyamıza ayaq açmağa başladılar. Yenə də xahiş və minnət… Onlara izah edə bilmədim ki, bu adam sizi də, bizi də aldadır. Əvvəl dediyi ilə sonrakı hərəkəti bir-birinə uyğunlaşmır. İş o həddə gəlib çatdı ki, Elşad Abdullayev BDU-da özünə yaxın olan müəllimlərə tapşırıq verdi ki, orada təhsil alan oğluma «qeyri-kafi» yazsınlar. Amma mən yazıları saxlamadım. Məsələ də o vaxta qədər uzandı ki, Elşad Abdullayev Mətbuat Şurasına şikayət etdi. 2008-ci ilin oktyabr ayında MŞ iclas çağırdı və bu məsələni müzakirə etdi. Mən də ora bu qovluqla getdim (əlindəki böyük bir qovluğu göstərir) və əlimdə olan bütün faktları ortaya qoydum: «Əflatun müəllim, bu MTN-dən gələn cavab, bu DİN-dən gələn cavab, bu Baş Prokurorluqdan, bu Təhsil Nazirliyindən, bu da Vergilər Nazirliyindən sorğumuza gələn cavablar. Qeyri-qanuni heç bir şey etməmişik. KİV haqqında kodeksi pozmuşuq, balansı pozmuşuq? Göstərin! Kimi də yanıma minnət üçün göndərib, hər zaman demişəm ki, buyursun, bizdə olan  yazılara cavab yazsın, dərc etməyə hazırıq».

– Yəni qarşı tərəfin cavab haqqını tanımısınız?

– Bəli. Hətta müsahibə belə götürməyə hazır olduğumuzu bildirmişik. MŞ-da Bəxtiyar Sadıqov ABU-nun nümayəndəsi Ənvər Əhmədə dəfələrlə sual verdi ki, deyin görək, bu məsələni kim birinci başlayıb? Onda Ənvər Əhməd da məncə, ədalətli davrandı. Sonra aydınlaşdırdılar ki, mən yazını dayandırandan sonra həmin dediyim qəzet əleyhimizə heç bir əsası olmayan yazılar dərc etməyə başlayıb. Hamı güldü. Bəxtiyar Sadıqov isə hey çalışırdı əyləşənləri ona istiqamətləndirsin ki, «Təzadlar»ın bu məsələdə şəxsi marağı olub. Heç cürə sübut edə bilmirdi və əsəbiləşirdi. O qənaət oldu ki, «Təzadlar» Elşad Abdullayevdən heç nə istəməyib. Hətta Cəmil Həsənli də – haqqı üçün – dedi ki, mən təminat verirəm ki, Asif Mərzili bir daha bu mövzuya qayıtmayacaq. Mən də dedim ki, əgər Cəmil müəllim deyirsə, baş üstə, bu gündən sonra bir daha o mövzuya qayıtmayacağıq. Amma bir xahişim var ki, qarşı tərəf də sakit dayansın, şər-böhtanını üzərimizdən çəksin.

– Yəni Siz bununla da rəsmən Mətbuat Şurasında barışdınız, eləmi?

 Davamı gələn saylarımızda

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button