Mətbuatda deputatın sərxoş halda polisi döyməsi xəbəri yayılıb

Mətbuatda deputatın sərxoş halda polisi döyməsi xəbəri yayılıb

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi ictimai rəydə heç də müsbət qarşılanmayıb.  Çünki tərəflərdən biri qanunu yazan, digəri isə qanunu icra edəndir. Bununa bağlı sosial şəbəkələrdə müzakirələr davam edir.

Hadisə necə baş verib?  

Xaçmaz sakinlərindən Bakupost.az -a bildirilib ki, hadisə dünən Nabranda olub. Sakinlər qeyd edir ki, deputat səxoş vəziyyətdə istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum edib və ona xəsarət yetirib. Hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 12-ni keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.

O da bildirilir ki, həmin restoran millət vəkilinin qohumunundur. O, hadisə yerinə, restoranın cərimə edilməsinin qarşısını almaq üçün gəlib.

Qeyd edilir ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər. Hazırda polis məsələni böyütməməyə çalışır.

DİN-in mətbuat xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı nazirliyə rəsmi məlumat daxil olmayıb.

Məsələni aydınlaşdırmaq üçün deputatın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun istifadə etdiyi hər iki mobil nömrə bağlı olub.

Xatırladaq ki, deputat Eldəniz Səlimov ay yarım əvvəl də mətbuatın gündəminə qanunu pozması məsələsilə gəlmişdi. O zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”da nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə millət vəkili Eldəniz Səlimovun atası Adil Səlimovun Xaçmazın Fərzəlioba kəndində ağacları qırdırması iddiası ilə bağlı suallara cavab verərkən demişdi ki, “Mayın 25-də Xaçmazın Fərzəlioba kəndi ərazisində xüsusi mülkiyyətdə olan ərazidə kütləvi şəkildə meşə ağaclarının kəsilməsi qeydə alınıb. İlkin olaraq ziyan hesablanıb. Bunu həyata keçirən “Qərb Ekol” şirkətinə qarşı 7 min manat cərimə tətbiq olunub”. Bununla bağlı sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib:

“Mayın 31-də bu hal davam etdiyi üçün yenidən qeydiyyat aparılıb. 25 min manat ziyan hesablanıb.Sənədlər yenidən prokurorluğa göndərilib.

İyunun 2-də o şirkət qoyulan məhdudiyyətlərə heç bir məhəl qoymadan öz əməllərinə davam etdiyi üçün 33 min 40 manat məbləğində ziyan hesablanıb və yenidən prokurorluğa təqdim edilib.

Biz hüquq-mühafizə orqanlarının araşdırmasını gözləməliyik”.

Qeyd edək ki, məsələ ilə bağlı nazirlikdən bildirilmişdi ki, ərazidə iş aparan “Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button