Misir Mərdanov-Abel Məhərrəmov savaşı başladı!

Təhsil naziri Zakir Qaralova güvənərək müdafiə olunur

 Son zamanlar Təhsil Nazirliyi və bu qurumun başında duran birinci şəxslə bağlı mətbuatda kifayət qədər çoxşaxəli informasiyalar dolaşır. Xüsusilə də mətbuatın müraciət etdiyi ənənəvi üsullardan fərqli metodlara keçilir. Məsələn, bu yaxınlarda təhsil nazirinin üç müavini istefaya göndərildi. Bundan sonra isə baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlama verərək bildirdi ki, Təhsil Nazirliyində yüksək vəzifəli şəxslərlə bağlı araşdırmalar aparılır, kifayət qədər korrupsiya faktları var. Proses bununla da yekunlaşmadı. İctimaiyyət nümayəndələri, hətta dövlət məmurları ard-arda Təhsil Nazirliyinin işindən şikayət etdilər, sətiraltı da olsa nazir Misir Mərdanovu «vurdular».

Bu ərəfədə isə qəzetlərdə «kim nazir olacaq» sualına cavablar axtarışında olan jurnalistlərin versiyalar üzərində qurulan yazıları dərc edilməyə başladı.

Amma Misir Mərdanov deyəsən, yenə də mühasirədən çıxmağa nail olmuşdu.

Oxşarlıq etibarilə M.Mərdanov bir dəfə də 2005-ci ildə Əli İnsanov həbs ediləndə belə ağır ictimai-siyasi və hətta inzibati təzyiqlərlə üzləşmişdi. O zaman da M.Mərdanov Əli İnsanovun əleyhinə danışaraq kreslosunu sığortalaya bildi.

Tam ikinci beşilliyin başa çatması ərəfəsində Misir Mərdanov istefa verməlidir kimi hətta siyasi şüarlar formasında bəyanatlar da eşidilməyə başladı. Bir qədər də əvvələ qayıtsaq, Mərdanovun üzərinə 65 yaş senzi ilə bağlı islahatlar aparılan zaman gələn dalğadan danışmaq olar. O zaman nazir «məsləhət olsa, mən də 65 yaşımı tamam edib, istefa verəcəm» dedi. Mətbuat da dərhal «Misir Mərdanov istefaya gedir», «Misir Mərdanova təntənəli yubiley edib yola salacaqlar» yazdı. Hətta ona «Şöhrət» ordeni veriləcəyini yazanlar da tapıldı.

Bununla belə, heç bir versiya, müstəqil mətbuatın əsaslandırmağa çalışdığı gediş planlarının heç biri özünü doğrultmadı. Dəqiq məlumdur ki, bu saatlara qədər (15 oktyabr 2011- 19:35) hələ də Mərdanov Azərbaycan Respublikasının təhsil naziridir.

Amma yazılanlar və deyilənlər bu dəfə əsassız deyil. Artıq əminliklə demək olar ki, bir məmur-deputat Təhsil Nazirliyinin başçısı kimi təkliflər verir, çıxışlar edir. Bu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur.

Bütövlükdə Misir Mərdanovla bağlı baş verən prosesin əvvəlindən sonuna qədər daha konkret açıqlamalar verən də elə Abel Məhərrəmov idi. İlk öncə Abel Məhərrəmov 65 yaşlıq senzlə bağlı Misir Mərdanovdan fərqli olaraq rəhbəri olduğu strukturda bu islahatları etmədi.

Daha sonra isə A.Məhərrəmov dedi ki, ümumiyyətlə Təhsil Nazirliyinin adı dəyişməlidir. Əslində, bu, yuxarıda yazdığımız sətiraltı atmacaların, daha açıq müstəviyə keçən rektor-nazir savaşının göstəricisi idi. A.Məhərrəmov fürsət düşdükcə, Misir Mərdanovu «vurmağa» çalışırdı.

Amma təhsil naziri də susmur. Cəmi iki gün əvvəl Mərdanov jurnalistlərlə görüşündə dedi ki, müəllimlərin diplomlarının araşdırılması zamanı Bakı Dövlət Universitetinin məzunları arasında da saxta sənədliləri var. Nazir deyir ki, araşdırmalar nəticəsində məlum olur ki, BDU-nun riyaziyyat fakultəsini bitirən müəllimin diplomu ilə Təhsil Nazirliyindəki diplomun seriya nömrəsi uyğun gəlmir. Mərdanovun bu açıqlaması Abel Məhərrəmovu şantaj kimi də qiymətləndirilə bilər. Ən azından, nazir bu açıqlamasını verərkən cəmi bir cümlə əvvəl diplomların yoxlanılmasını Baş Prokurorluq ilə həyata keçirdiklərini deyir. M.Mərdanovla baş prokuror Zakir Qaralovun kifayət qədər istər biznes, istərsə də siyasi bağlılıqlarının olduğunu isə hər kəs bilir. Deməli, hakimiyyət içindəki qruplaşmaların savaşı artıq tam çılpaqlığı ilə özünü göstərməkdədir. Bu qruplaşmaların savaşı isə Abel Məhərrəmov, Misir Mərdanov arasında daha qabarıq görünməkdədir. Rektor nazir olmaq istəyir. Nazir də rahat getmək üçün icazə istəyir, amma vermirlər…

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button