Naxçıvanda cinayət

Nehrəm sakini üç dəfə döyülüb

 Naxçıvanın Nehrəm kənd sakini Zeynalabdin Bağırsoy oktyabrın 12-də 3 dəfə fiziki zorakılığa məruz qalıb. Bu haqda «Turan»a Z.Bağırsoy özü məlumat verib.

O qeyd edib ki, keçən ilin noyabrından etibarən təsərrüfatına və evinə gələn su kəsilib. Bir də yalnız 2011-ci ilin iyulunda bərpa edilib. Bu özbaşınalığa cavab olaraq Z.Bağırsoy Naxçıvanın Babək rayon rəhbərliyini məhkəməyə verərək, dəymiş ziyana görə 75 min manat təzminat tələb edib. İlkin məhkəmə instansiyası bu iddianı əsaslı saymayaraq təmin etməyib.

Bu gün isə Z.Bağırsoy vəkili vasitəsilə iddiasını Naxçıvan İnzibati İqtisad məhkəməsinə təqdim edib. Geri qayıtdıqda nömrəsi olmayan maşın tərəfindən saxlanılıb. Maşından düşənlər heç bir izahat vermədən 52 yaşlı Z.Bağırsoyu döyüblər. Bundan sonra Z.Bağırsoy təmirə verdiyi paltaryuyan maşınını götürmək üçün emalatxanaya yaxınlaşanda bir taksidən enən 3 nəfər “nə lotuluq edirsən?” deyə növbəti dəfə Z.Bağırsoyu fiziki zorakılığa məruz qoyublar. Zorakılıq bununla da bitməyib. O, Naxçıvanda Babək heykəli dairəsində saxlanılıb, maşını yüksək sürətlə sürdüyü üçün radara düşdüyü deyilib. Z.Bağırsoy buna görə cərimə nədirsə ödəməyə hazır olduğunu desə də, yenə də döyülməyə məruz qalıb. Bundan sonra hansısa DYP əməkdaşı yaxınlaşaraq onu yaşadığı Nehrəm kəndinə gətirib. «Mən fiziki zorakılığa məruz qalmağımın konkret səbəbini bilmirəm, ancaq qaldırdığım məhkəmə iddiasının səbəblərdən biri olduğunu düşünürəm. Həm də qardaşım Yaşar Bağırzadənin siyasi fəaliyyətinin buna səbəb olacağını da istisna etmirəm. Biz haqqımızı tələb etməyək, gedib başqa bir ölkədən sığınacaq istəyək?”, – deyə  Z.Bağırsoy mövqeyini nəzərə çatdırıb.

Xatırladaq ki, bu ilin iyulunda Nehrəm kənd sakinləri kəndə verilən suyun kəsilməsinə etiraz olaraq aksiya keçirdilər. O zaman aksiyaya polis müdaxiləsi nəticəsində insanlar döyülərək xəsarətlər aldılar. Rəsmi Naxçıvan Yaşar Bağırzadəni aksiyanın təşkilatçısı sayaraq qanunsuz olaraq Naxçıvandan deportasiya etdi.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button