Oxumaq azadlıqdır!

Həbsxana divarları arasında siyasi məhbuslar hansı kitabları oxuyurlar?..

“Oxumaq azadlıqdır”. Bu sözlərin müəllifi on bir il həbsdə olmuş, Bosniya Herseqovinanın ilk prezidenti Aliya İzzetbeqoviçdir. O, insanın azadlığının əlindən alındıqda belə  kitab oxumaqla mənəvi azadlıq qazanacağına inanırdı. Bəs görəsən, Azərbaycanda həbs edilmiş siyasətçilər neçə düşünür? Siyasi dustaqların oxumaq azadlıqları əlindən alınırmı və onlar kimləri oxuyur?

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı aprel ayının ikisi mitinq zamanı “ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə” maddəsi ilə həbs edilmişdi. Yaxınlarının bildirdiyinə görə o, həbsxanada  vaxtının böyük hissəsini kitab oxumaqla keçirir. Arif  bəy əsasən, siyasi romanlara üstünlük verir. O, Qabriel Qarsia Markesin “Patriarxın payızı”, Cek Londonun “Həyat eşqi”ni və Zbiqnyu Brzezinskinin ata Buş, Klinton və oğul Buş idarəçiliyindən bəhs edən “İkinci şans” romanlarını oxuyub. Arif  Hacılı  bu müddət ərzində müasir Azərbaycan ədəbiyyatı siyasi romanları ilə də maraqlanıb. Onun oxuduqları siyahısında Pərviz Cəbrayılın “Yad dildə”, Seymur Baycanın “Quqark”, Əli Əkbərin “Amneziya”, Xalid Kazımlının “X günü” də yer tutur. Ədəbiyyatla yanaşı, o, öz maraqları çərcivəsində hüquqa aid kitablar da oxuyur. Arif  bəy bu kitabları istər həbsxananın kitabxanasından, istərsə də ailə üzvləri vasitəsilə təmin edir.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı da iki aprel mitinqində həbs edilib. Onun müavini Səxavet Soltanlının sözlərinə görə, Tural bəyin məşğuliyyətinin əsas hissəsini oxumaq təşkil edir. Sədr əsasən, dünya ədəbiyyatı ilə maraqlanır. O, Dostoyevskinin “Cinayət və Cəza”, “Karamazov qardaşları”,  “İdiot”, Lev Tolstoyun “Hərb və sülh”, “Anna Karenina”, Vatslav Havelin “Gücsüzlərin gücü” kitablarını oxuyub. Bundan başqa, Tural Abbaslı dil bilgilərini artırmaq üçün yaxınlarından ingilis dili dərslikləri də istəyib.

2 aprel mitinqlərində həbs edilənlərdən biri də AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidlidir. O, dünya ədəbiyyatından əsasən, Çexov və Dostoveyski ilə maraqlanır. Bundan başqa, siyasi romanlardan Corc Ourelin “1984”, Pərviz Cəbrayılın “Yad dildə”, Zümrüd Yağmurun “Allah qayıdır!?”, Seymur Baycanın “Quqark” romanlarını oxuyub. Bunlarla yanaşı, Elnur Məcidli həbsxanada Azərbaycan tarixi və Osmanlı tarixi ilə bağlı kitablar da oxuyur.

AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə təqsirli bilinərək həbs edilib. O, əsasən türkçülüklə bağlı kitablar oxuyur. Bu məqsədlə yaxınlarından 40-a yaxın kitab istəyib.

AXCP-nin üzvü Məhəmməd Məcidli 2 aprel mitinqində həbs edilib. O, dini dünya görüşünə görə, əsasən islam dininə aid kitablar oxuyur. Bunun üçün də Məhəmməd Məcidli adətən həbsxananın kitabxanasından yararlanır.

Müsavat Gənclər Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü Əhəd Məmmədli də kitab oxumağı çox sevir. O, əsasən rus dilli ədəbiyyata üstünlük verir. Əhəd Məmmədli Lermontovun yaradıcılığı ilə yaxından maraqlanır.

Bildirək ki, həbs edilənlərin yaxınlarından aldığımız məlumata görə, cəzaçəkmə müəssiəsi rəhbərliyi tərəfindən siyasi dustaqların oxumağına və ya onlara kitabların çatdırılmağına heç bir maneçilik törədilmir. Buna görə də onlar kitabları oxuduqdan sonra bir-birilərinə ötürə bilirlər.

Rövşən

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button