Prezidentin intiharı

Razi Abasbəyli

Daha çox pul. Daha çox sərvət. Daha çox, lap çox… Sonsuza qədər pul toplamaq, sərvət toplamaq. Bu, müsəlman diktatorların mövcudiyyətini ifadə edən əsas təriflərdən biridir.

Daha çox əzmək, insanları daha çox səfalət içində saxlamaq, amma acından ölməyə qoymamaq, lakin iradəsini, əxlaqını zorlamaq. Xüsusilə də müsəlman ölkələrində bu günün dəyişməyən düsturudur.

Narkobaronlar nə qədər istəsələr də, övladlarını narkoman olmaqdan xilas edə bilmirlər. Diktatorlar, acgöz və qaniçənlər nə qədər arzulasalar belə övladlarını demokrat böyüdə bilmirlər.

…Azərbaycanda da belədir…

Daha çox pul qazanmaq istəyi qorxudan yaranır. Diktatorlar başqa formada xalqlarına özlərini sevdirə bilmirlər. Onlar daha çox canlarını güdürlər. Sərvətlərini talayaraq topladıqlarından qorxurlar. Ən böyük cinayətlərini də daha çox qorxarkən edirlər. Eynən ərəb ölkələrində olduğu kimi…

…Azərbaycanda da belə olacaq…

Onlar üçün tarixə düşmək anlayışı mövcud olsa da, siyasi olimpdə hansı imiclə qalmaları haqqında düşünərkən titrəyirlər. Bu mövzunu dartışmaq belə istəmirlər. Onlar özlərini çoxdan aldada biliblər. Onları ətrafındakılar çoxdan aldadaraq xalqın Allahı olduğuna inandırıblar. Diktatorlar daha çox azadlıq istəyən, azad yaşamaq istəyən gəncləri hədəfə alırlar. Onları həbs etdirirlər. Onlar daha çox hər gün yaşlandıqlarından xalqın gənc övladlarının dunyaya gəlməsindən çox narahatdılar.

…Azərbaycanda da bu narahatçılıq var.

Hamı məni sevir, amma heç kim məni sevmir. Bunu bilir. Hər şey saxtadır. Fasadı bəzədilmiş binaların daxilində bir qarın çörəyə möhtac insanların olduğunu bilir. Hər ay təmir edilən yollarda hərəkət edən insanların qəlbində bir qisas, intiqam hissi olduğunu bilir. Amma o bu hamar, bahalı yollarda rahat-rahat gəzə bilmir. Heç zaman da gəzə bilməyəcək. O, dövlətin başçısı olmasa, nə özünün, nə də ailəsinin bu ölkədə yaşamayacağından əmindir. Nəyinə lazımdır rəhbəri olduğu ölkə?

…Azərbaycandan köçəcəklər …

Bəlkə daha bir bahalı bina tikilsin. Bəlkə daha çox avtomobil şütüsün küçələrdə. Bəlkə daha çox əyləncə, daha çox artistlik, daha çox əxlaqsızlıq…

Bəlkə bu adamlar dərdlərini unutdular. Olsun ki, küçələri daha çox işıqlandıraq. Fəvvarələr quraq. Nəyinə lazımdı onların bu layihələrə nə qədər milyardlar yazılıb silinir, talanır… Onlara lazım olan görüntüdür. Onu da veririk. Əslində, bu qədər adamın ölkədə yaşaması da lazımsızdır… Bütün müsəlman diktatorlar belə düşünür.

…Azərbaycanda da əhali həddindən artıq çoxdur .

Ölkədə hər gün intihar baş verir. Hər gün bir xəbər gəlir ki, daha bir intihar var. İntihar edə bilmək də bir sərvətdir. Amma prezidentlər intihar edə bilmirlər. Tarixdə belə bir nümunə yox qədər azdır. Müsəlman diktatorlar intihar edə bilmirlər. Ən yekəsi Səddam Hüseyn idi… zibillikdən çıxdı. Dovşan kimi, bit-birənin içində… Dünyaya meydan oxuyan Səddam da intihar edə bilmədi.

…Azərbaycanda onlara özbaşına ölməyə qadağa var…

Yalnız idarə olunanlar intihar edə bilmirlər. Axı kimə lazımdı belə yaşamaq? Bunca insanlar yaşayırkən, səfalətdən, yoxsulluqdan əziyyət çəksə də, küçədə rahat gəzir, rahat-rahat düşünür, çox rahatca da ölə bilir. Amma ölə bilməmək.

Və bir gün bütün Azərbaycan kabus olacaq. Dövlətə yazıqlar olsun…

Bu ölkədə biz yaxşı qardaş, yaxşı bacı, yaxşı əmi ola bildik. Yaxşı qonşu da olduq. Və biz çox yaxşı vətəndaş da olmaq istəyirik. Biz 20 ildir ki, istibdada dözürük. Tək bir səbəb var – birdən dövlətimiz sarsılar.

Bunu ərəb düşünə bilməz… Ərəb özünü partladar, dövlətini dağıdar, terror yuvasına çevirər. Amma dövləti düşünməz. Olsun hər etiraz edəni tutsunlar, həbs etsinlər. Amma biri farsın, biri rusun, biri də erməninin adamı olub, Bakıda etiraz edəndə onları da tutsunlar.

Daha yenə də dözərik. Bilsək ki, bizə bir yol qoymadılar, bizi yalnız üsyana çəkdilər, yenə etmərik. Çox düşmən var ki, Azərbaycanı dağıtmağa hər an hazırdır…

Hətta ən pis şərtlər altında yaşamalı olsaq da. Canım Azərbaycanım! Bunlar gedəcəklər. Özləri ilə səni aparmasınlar! Bunun üçün bir ömür dözərik…

Təki sən var ol!

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button