Sarkozidən İlham Əliyevə böyük hörmətsizlik!


anar mahmudglu 2Anar
Mahmudoğlu

 Gəlin, Fransa prezidenti Nikola Sarkozinin Ermənistana və Azərbaycana səfər proqramlarına baxaq:

Oktyabrın 6-da Ermənistana səfər, Eçmiədzində erməni katolikosu II Qaryaginlə görüş, qondarma «erməni soyqırımı» kompleksini Sarkisyanla ziyarət, memorialın önünə əklil, böyrünə ağac əkmək…

Bitmədi. Bir gecə Ermənistanda rahat-rahat dincəlmək və oktyabrın 7-də: Ermənistan prezidenti Serj Sərkisyanla təkbətək görüş, prezidentlərin birgə mətbuat konfransı, «Şarl Aznavur Evi»nin açılış mərasimində iştirak, «de Frans» meydanında çıxış və…

Həmin gün – oktyabrın 7-də Azərbaycana səfər: Zağulbadakı iqamətgahda prezident İlham Əliyevlə təkbətək görüş, Bakıda fransız liseyinin təməlqoyma mərasimində iştirak… Boy, vəssalammı? Bitdimi?

Oktyabrın 7-də günortadan sonra Azərbaycana gələn Sarkozi 2-3 saatdan sonra artıq ölkəmizi tərk etmişdi. Azərbaycan prezidenti ilə təkbətək görüşdə müzakirə edilən məsələlərdən və «memorandum» imzalamaqdan başqa önəmli hansı çıxışı, danışığı oldu?

Rəsmi xəbərə görə, prezidentlərin görüşündə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib, «ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb».

Məmnunluğun ifadə olunması ilə bağlı hər hansı etirazım yoxdur. «Pardon-mersi»yə çox vaxt getməz düşüncəsindəyəm. Amma görüş nə qədər çəkib ki, «ikitərəfli, regional və beynəlxalq» məsələlər ətrafında fikir mübadiləsi də aparılsın? Sarkozinin Azərbaycana səfərinin başı-ayağı 3 saatdırsa və bu 3 saatın içinə medaltaxma və fransız liseyinin təməlqoyması da daxilsə, prezidentlər «beynəlxalq məsələləri» müzakirə etməyə haçan vaxt tapdılar?

«İkitərəfli, regional və beynəlxalq məsələlərin» adını çəkmək və problemlərə toxunmağın özü hələ bir saat çəkir – tərcüməni nəzərə alsaq. Necə çatdırdılar «fikr mübadiləsini»?

Sarkozi azərbaycanlı həmkarı ilə mətbuat konfransı keçirməyi belə vaxtına sığışdırmadı. Sanki «Cənubi Qafqaz turnesini» tamamlamaq niyyətiylə təyyarəsiylə Azərbaycanın hava məkanında bir dövrə vurub getdi; sanki konkret pərdəarxası tapşırıqlara gəlmişdi! Gəldi, təkbətək görüşdə sözünü dedi, tapşırıqlarını verdi və…

Hətta bu ölkədə bir çıxışı, bir sözü ilə də olsa, yadda qalmadı!

Zatən, Ermənistanda Dağlıq Qarabağla əlaqəli mövqeyini ortaya qoymuşdu. «Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini Fransa qədər düzgün başa düşən ikinci dövlət yoxdur» açıqlamasının ardınca Sarkozi «Fransa Ermənistanın yanındadır» tipli açıq bəyanat vermişdi dünən Yerevanda!

Ermənistanda uydurma «soyqırım qurbanlarının» memorialına əklil qoyub, baş əyən Sarkozi Azərbaycanda Şəhidlər Xiyabana heç nəzər də salmadı. Azərbaycan prezidentinin xüsusi həssaslıqla yanaşdığı «Heydər Əliyevin qəbrini ziyarət» də səfər menyüsündə yox idi.

Bu boyda hörmətsizliyin qaynağı nədir?

ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun 3 həmsədrindən biri olan Fransa Ermənistanın yanında olduğunu bəyan edirsə və Azərbaycan rəsmiləri bunu «Fransanın fəallaşması» kimi qiymətləndirib sevinirsə, bunun adı nədir? Hanı, bəs, Avropanın enerji üzrə strateji tərəfdaşıydıq? Hanı, bəs, Azərbaycan gücləndikcə, iqtisadiyyatı çiçəkləndikcə, ölkəmizin haqq səsini eşidirdilər? Hanı bu ölkənin xarici siyasətdəki uğurları? Hanı dünyaya səpələnən neft pulları?

Guya 2005-ci ildən xarici təbliğatda «hücum» taktikasını seçmişdik və 6 ildə bir çox başarılara imza atmışdıq, beynəlxalq birlikləri fəth edə-edə gedirdik. Nooldu?

Sarkozidən hətta Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə bağlı bircə cümlə ala bilməyən İlham Əliyev iqtidarının xarici siyasətinə nə deyəsən? Heç olmazsa, İlham Əliyev təkbətək görüşündə Fransa prezidentinin Ermənistandakı bəyanatlarına etiraz etməyə cəsarət göstəribmi?

Cəsarət göstərsəydi, rəsmi saytlar indi Sarkozinin belini yerə vurmağımızdan və Parisi fəth etməyimizdən danışardı…

Böyük ayıb oldu, Azərbaycan adına çox böyük ayıb! Görəsən, Sarkozinin Bakı səfərinin proqramına razılıq verən Azərbaycan tərəfi nə deyib belə təhqiramiz proqrama imza atmışdı?

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button