Qəhrəmanlar unudulmur!

Qarabağ Azadlıq Təşkilatı təqdim edir:

17 may Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun doğum günüdür.

Şahlar Əvəz oğlu Şükürov 1952-ci il mayın 17-də Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olub. O, milis (polis) mayoru kimi tez-tez döyüş bölgələrində olub, xüsusi əməliyyatların keçirilməsində iştirak edib . 1990-cı il iyulun 11-də hərbi qulluqçuların müşayəti ilə Tərtər-Kəlbəcər yolunda hərəkət edən maşın karvanı düşmənin qəfil hücumuna məruz qalıb, qeyri-bərabər döyüşdə polis zabiti qəhrəmanlıqla həlak olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib, Qobustan rayonu Sündü kənd orta məktəbi onun adını daşıyır.

19 may Azərbaycan Milli Qəhrəmanı Fikrət Hacıyevin doğum günüdür.

Fikrət Əli oğlu Hacıyev 1964-cü il mayın 19-da Goranboy rayonu Qızıl Hacılı kəndində anadan olub. O, 1991-ci ilin sonuda könüllü olaraq cəbhəyə gedib, yerli özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin müdafiəsində fədakarlıqla döyüşüb. 1992-ci il mayın 4-də Talış kəndi istiqamətində “Yaltaxıl” adlanan ərazinin düşməndən azad olunmasında iştirak edib, səhərisi gün ermənilər həmin əraziyə böyük qüvvə ilə əks-hücuma keçiblər, Fikrət Hacıyev qeyri-bərabər döyüşdə axıra qədər vuruşub və qəhrəmanlıqla həlak olub. Qızıl Hacılı kənd qəbiristanlığında dəfn edilib. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.

20 may Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin doğum günüdür.

Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonu Xanlıq kəndində anadan olub. O, 1990-cı ildə Daxili İşlər Nazirliyində xidmətə başlayıb və milis (polis) zabiti kimi Qubadlı rayonunun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonu Şurnuxu kəndində geniş əməliyyat keçirib, düşmənin 5 strateji postunu, xeyli canlı qüvvəsi və texnikasını məhv edib. 1992-ci ilin aprel ayında “Laləzar” əməliyyatını həyata keçirib, qaniçənliyi ilə tanınan Karenin dəstəsini məhv edib, özünü öldürüb. 1992-ci il oktyabrın əvvəlində Laçın rayonunun Mazutlu kəndi yaxınlığında kiçik dəstə ilə ermənilərə qarşı ağır döyüşə girib, döyüş 2 gün davam edib, sonda bir polis nəfəri ilə düşmənin qarşısını kəsib döyüş yoldaşlarının mühasirədən çıxmasına şərait yaradıb, özü isə qəhrəmanlıqla həlak olub. Qubadlı rayonu Xanlıq kəndində dəfn edilib. Xanlıq kənd orta məktəbi onun adını daşıyır.

22 may Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibovun doğum günüdür.

Mərifət Əhməd oğlu Nəsibov 1972-ci il mayın 22-də Qazax rayonu Məzəm kəndində anadan olub. O, 1990-cı ildə könüllü olaraq Milli Orduya yazılıb, işğalçı Ermənistanla sərhəd kəndlərin müdafiəsində fədakarlıqla vuruşub. 1992-ci il yanvarın 28-də Qazax rayonu Quşçu Ayrım kəndinin müdafiəsində qəhrəmancasına həlak olub. Qazax rayonu Məzəm kəndində dəfn edilib, rayon mərkəzində adına bulaq tikilib.

 

 

23 may Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum günüdür.

Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonu Böyükdüz kəndində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

 

QAT

Mətbuat Xidməti

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button