Qarşımızdakılar

Fəxrəddin Hacıbəyli

Dindarla mübahisə etmək, ona nəyisə sübut etməyə ümid etmək özünü aldatmaqdır…

I yazı

Ümumən, bu yanaşma bütün fərqli düşüncələrə keçərli olsa da, dindar və qeyri-dindarın (ateist olmaya da bilər) diskussiyası heç bir halda uğurla sonuclana bilməz. Məsələ təkcə bir nəsnəyə idraki baxış və irəli sürülmüş hər hansı tezisə rasional konteksdən yanaşma deyil, ümumən dindarın fərqli diskurs bazası üzərində olması, hər hansı mübahisəni aprior sonluğa meylləndirmək və ən əsası cavab verməmək bacarığına sahib olmasıdır.

Normal məntiqi duskussiyalarda ortaya qoyulmuş konkret mövzu ətrafında söhbət edilir, mövzuya dair faktlar göstərilir, yalnız ölçülməsi, yoxlanılması mümkün olan dəlillərin diliylə danışılır, eləcə də qarşı tərəfin gətirdiyi danılmaz fakt qarşısında ən azı geriyə çəkilmə, sübuta «təslim olma» mədəniyyəti sərgilənir. Ən əsası isə qoyulmuş suala, aydın, birbaşa və aidiyyatı üzrə cavab verilir.

Dindarın diskussiya aparma metodları fərqlidir.

İlk öncə o, aprior olaraq bilinənləri sanki sınaqdan çıxıb yoxlanılmış, təsdiqini tapmış, sonuca varılmış gerçəklik, aposterior kimi yeri gəldi-gəlmədi mövzunun içərisinə qatacaq, özünün ölçülməsi, sübutlana bilməsi imkansız xülyaya istinad etməsindən zərrə qədər də diskomfort hiss etmədən danışıb, əksinə, qarşı tərəfin bunun əksinə mövqe tutmasını anormallıq kimi alqılayıb intellektal deyil, psixoloji üstünlük əldə etməyə çalışacaq, rəqibin verdiyi bilgilərdə bir şey tapa bilməsə də, nitqdə buraxılmış xırda, əhəmiyyətsiz səhvlərə – hərf səhvlərinə, yer və şəxs adlarında yol verilmiş mexaniki «dildolaşmaları»na, hadisələrin başvermə tarixindəki rəqəm səhvlərinə diqqət ayıracaq, bundan da guya qarşı tərəfin fundamental yanlışlıqlara yol verməsi kimi bir ab-hava yaradacaq, şantaj, sözkəsmə, səsini ucaldaraq çığır-bağır salma, yersiz kinayə, sanki mütləq həqiqət tərənnümçüsüymüş kimi özündənrazı görünüş və səs tonuyla rəqibi psixoloji cəhətdən sarsıtmaqla süni üstünlük əldə etmə və sırf auditoriyaya hesablanmış söz oyunları… bunlar dini müdafiə edən (istər şüurlu, istərsə onu öz mənfəəti üçün müdafiə edən) şəxslərin diskussiya mədəniyyəti, daha doğrusu bacarığı, özəllikləridir.

Reqlamentli diskussiya ortamları birmənalı olaraq dindarların işinə yarayır və məhz buna görə də dindarlar daha çox reqlamentli diskussiyalara meyllidirlər. Səbəbi isə ilk olaraq ciddiyə alınma və tərəf olaraq intellektual duskussiyalara qəbul edilməkdir. Bununla da belə bir fikir yaranır ki, əgər intellektual yanaşmaya əks tezis ortaya qoyursa, demək, o da bir tezisdir, ən azından antitezisdir. Eləcə də əgər qarşıya alınıb tərəf olaraq tanınırsa, demək, onun ortaya qoyduğu fikrin (aprior olsa belə) «intellektual çürüdülməyə» ehtiyacı var. Müzakirə tərəflərinə məhdud vaxt çərçivəsində reqlamentlə vaxt verilməsi isə dindarın lap işinə yarayır. Çünki o, verilən konkret suala cavab vermir, qarşı tərəfin elmi əsaslarını reallığa söykənməyən uydurma nağıllarla neytrallaşdırır, bir az da bərkə düşəndə «bunu Allah belə məsləhət bilib» kimi canqurtaran bəhanəylə işini bitmiş hesab edir. Yəni «sən nə çalırsan, çal, mən heyvagülü oynayacam» misalındakı kimi, mövzu ətrafında deyil, danışmaq istədiyini danışacaq. Bir müddət öncə sosial şəbəkədə hazırda Azərbaycanda ən aktiv din təbliğatçısı sayılan bir dindara belə bir sual ünvanladım; Olmazmı nəzarətinizdə olan media orqanlarında əks fikrə də yer verəsiniz, yeknəsəklik, birrənglilik olmaması naminə qeyri-dini materialların yayımlanmasına da imkan verəsiniz, beləliklə də verdiyiniz informasiyalarda balans yaransın və iddia etdiyiniz «islam vicdan azadlığına sayğılıdır» fikrini əməli şəkildə nümayiş etdirəsiniz. Qarşı tərəfin «cavabı» yuxarıda deyilənə – cavab verməmək qabiliyyətinə əyani sübutdur; «Masonlar kimi miflər uydurursunuz, inancıma sayğısızlıq edirsiniz, cahillərə baş qoşmam». Əlbəttə, mənim sualım heç bir təhqir içərməmiş, olsa-olsa qınaq eləmentləri olan, adi bir Oxucu sualı idi. Sualımdan «masonlar kimi» olmaq iddiasına əsas yaradacaq fikrin nədən ibarət olduğu indiyədək hələ də mənə bəlli deyil. Anlamadim, niyə mənim fikrimdə Mason fikirləri eləmentləri olduğuna iddia edilir?

Mason sindromu.

Dindarların tez-tez nitqlərində istinad etdikləri, qarşısındakı rəqibi gözdən salmaq üçün istifadə olunan «Masonluq» ittihamının kökündə nə dayanır? Nədən irəli gəlir dindarların bu sözdə «masonofobiya»sı, masonluq sindromu?

Sirr deyil ki, istənilən totalitar düşüncə üçün mütləq bir düşmən obrazı lazımdır. Bu olmasa belə, o, xəyalən cızılmalı, «bütün çatışmazlıqlar onun əliylə ortaya atılıb» iddiasıyla formasiyanın özündəki qüsurlara don geyindirərək, onu sudan quru çıxarmağa xidmət etməlidir. İslamın bütün iddiaları məhz məchul sonluqla bağlıdır. Təltif və tənbeh o yerdə baş verir ki, o məkanın varlığı və ya yoxluğu heç bir elmi sübutla təsbit edilməyib. O yerdən nə kimsə geriyə qayıtmayıb, nə də oranı müşahidə etmək, real parametrlərlə ölçmək imkanı yoxdur. Və bütün hədə-qorxular, təltif və mükafatlar da bu abstrakt məkanda baş tutur. Çünki nəzərdə tutulan təltif və cəzalandırmaların özü abstraktdır. O, reallıqda gerçəkləşə bilməz. Bu təltif və cəzalandırmalar üçün mütləq güclü bir obraz lazımdır – bu, allahdır. Yenə abstrakt. O zaman külli-aləmdə baş verən pisliklərə də sahib çıxacaq, yaxud da ayağına yazılacaq bir obraz da gərəkdir. Axı bunlar var, bəs onun arxasına kimi qoymalı? Əlbəttə, İblisi! Cavid demiş, «İblis! Cümlə xəyanətlərə bais». Bəs bu gözəgörünməzlərin canlı aləmə bir müdaxiləsi olmalıdır axı, peyğəmbər, övliya, allah dostları və s. Bunların rolunu kim ifa etməlidir – ayətullahlar, höccətülislamlar, övliyalar. Bunlar allahın yer üzündəki təzahürləri, canişinləridir. Elədirsə, bəs niyə iblisə də canişin tapılmasın? Axı o da dayanmır, işini görür, kimlərisə yolundan çıxarır, münkər işlərə təhrik edir. İblis varsa və o da xilqətin əzəlində allaha verdiyi sözünün yerinə yetirilməsiylə məşğuldursa, mütləq ona xidmət edənlərin obrazını da yaratmaq lazımdır. Ancaq bu obraz elə olmalıdır ki, mümkün qədər müəmmalı, mübhəm olsun. Nə qədər gizlin, nə qədər mübhəmdirsə, onu o qədər qorxunc, qüdrətli təsvir etmək olar və hər şeyi ayağına yazmaq mümkündür; onlar hər yerdədirlər, onlar dərin və qaranlıq zirzəmilərdə oturub dunyanın taleyini həll edirlər, onlar hakimiyyətlər formalaşdırır, dövlətlər arasında müharibələr yaradır, xalqları bir-birinə vuruşdurur, xəstəliklər yaradır, kütləvi qırğınlara bais olurlar… Və bütün bunların qarşısında duran yeganə qüvvə, ideologiya İslamdır. Bəli, məhz islam – yalnız odur masonların planlarını alt-üst edən, onları durduran, işlərini çətinləşdirən. Ancaq necə, nə ilə?

Bir haşiyə:

Bu barədə sual vermək təhlükəlidir, ehtimal var ki, sual müəllifi mason elan edilə və belə olduğu halda verilən sual nə qədər məntiqli, düşündürücu olsa belə, cavabdan məhrumdur, iqnor edilməyə məhkumdur. Çünki müsəlmana lap əzəldən belə qandırıblar ki, nə danışıldığına deyil, kimin danışdığına fikir versin. Əgər fikir sahibi mötəbər biridirsə, saqqal və əmmaməsi varsa (arzuolunandır) və özu də əməlisaleh hesab edilirsə, onun nə söyləməsindən asılı olmayaraq sözu bal-şəkərdir, elmlə zəngindir, şübhə yeri qalmayan gerçəklikdir, isbata ehtiyacı olmayan aksiomadır və yalnız qarşısında baş endirib, imanın tələbincə qəbul edilməlidir. Yox, əgər fikir sahibi kütlənin gözündə elə bir hörmətə malik olmayan şəxsdirsə, kafirlər yazan kitab oxuyan, ibadəti, imanı şübhəlidirsə, nə deməsindən asılı olmayaraq fikri qüsurlu, əqidəsi zədəli, düşüncələri küfür, əxlaqı pozuq, məntiqsiz, mənasız və boş danışandır və təbii ki, beləsinin sualı da cavablandırılma şərəfinə layiq ola bilməz.

Masonluq haqqında nə qədər danışılsa da, onun haqqında deyilənlər elə dinin iddiaları qədər mifdən başqa bir şey deyil. Nə kimsə özünü mason olaraq tanıtmayıb, nə də bu təşkilatın, cəmiyyətin, təriqətin bir bəlli yeri, yurdu yoxdur. Varsa da, onun mübhəmlik, əsrarlılıq payı reallıq payını üstələyir. Demək, bu örgüt (lap tutaq ki, real olan bir örgütdür) öz əsrarlılığı, mübhəmliyi ilə fundamentalistlərin istəklərinə, tələblərinə tam cavab verir. Yəni nə qədər desən yükləmək, bütün pisliklərə səbəb göstərmək olar, çünki ortaya çıxıb «bunu biz etmədik, bundan bizi sorumlu tutmayın» deyəcək, mətbuat konfransı düzənləyəcək, təkzib tələb edəcək, məhkəməyə müraciət edib, iddiaları yalanlayacaq deyillər. Onların gözəlliyi elə olmamasında, yaxud da susmalarında, cavabsızlıqlarındadır. Bu, onların fanatizmin bəhanələri üçün ən cəlbedici yanlarından biridir. Bir də onun yəhudi mənşəli olmasıyla bağlı iddialar. Bu da bir bənzərlik. Yəhudidirsə, deməli, islama qarşı olan antipatiyasının tarixi əsasları var, böyük şərə xidmət edirlərsə (həm də yəhudiləri şərə xidmət edən kimi təqdim etmək – bir güllə ilə iki dovşan vurmaq) qarşılarında ancaq islamı görmələri də tam təbiidir. Hamı susur, hamı masonların qüdrəti qarşısında acizdir, meydanda bir tək islam mübarizə aparır və o həm də təkdir.

Əldə olunan nəticə – islama qarşı yönəlmiş bütün ittihamları masonların arxasında dayandıqları dezinformasiya, antitəbliğat kimi qələmə verməklə neytrallaşdırmaq, islam dunyasında baş alıb gedən səfaləti, geriliyi, iqtisadi böhranları onların adıyla bağlamaq və bununla da insanları məchul bir obraza qarşı qəzəb alovunun fitilini yandırıb, onların təəssübkeşlik hisslərini qızışdırmaqla «qarşındakı düşməndir və məqsədi də səni məhv etməkdir, dözümlü ol, sınma, əyilmə, nə qədər əziyyət çəksən də sənin bu gününə bais olan qüvvəyə qarşı dirəniş göstər və o gün gələcək ki, biz onu yenib onun bizim üçün yaratmış olduğu sorunlardan bir dəfəlik canımızı qurtaracağıq və o zaman «əsri-səadət» yenidən geriyə qayıdacaq» fikri yaratmaq və təbliğat auditoriyasının özunəqapanmasını təmin etmək…

Təsəvvür edək ki, bu ittihamlara mövzu olaraq masonlar deyil, xristianlar seçilib. Buna bəzən cəhd edilir, Masonlarla bərabər, xristianların adları qoşa çəkilir. Ancaq bu ittihamlar tək xristianlara yönəldilmir, çünki ortada Vatikan kimi rəsmi xristian qurumu, Papalıq var. Belə olduqda o, ittihamları rədd edə, «filan işin bizimlə heç bir əlaqəsi yoxdur» deyə təkzib edə bilər. Həmçinin islamın özünə açıq-aşkar dinlərarası ədavəti qızışdırılma ittihamı yönələ bilər ki, bu da indiki halda müsəlmanlar üçün sərfəli deyil. Ancaq daxili auditoriyaya hesablanmış təbliğat üçün bütün sorunların baiskarı olacaq «günah keçisi» rolunu oynamaq üçün ən yaxşısı elə masonluqdur.

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

4 şərh

  1. Keçən ay dünyadakı 10 ən dəyərli şirkət adı açıqlanmışdı. Ən dəyərlisi də “APPLE” şirkəti idi. Şirkətin emblemi nədir? Hz.Adəmin cənnətdən qovulmasına səbəb olan “dişlənmiş alma”. sonra “COCA-COLA” gəlirdi. Bunu da hamı bilir tərsinə oxuyanda ərəbcə “Muhamməd və Məkkə yoxdur” oxunur. Yaxud niyə hansısa su firmasının adı “BONAQUA”- yəni “su Allahı”dır, daha uğurlu ad seçmək olmazdımı? Elə məhz su ilə bağlı o qədər gözəl adlar var. Yaxud ABŞ dollarını üstündəki Hz.Davudun göz işarəsi. yaxud “NOKİA”nı götürək KİA ölum deməkdir NO-KİA isə ölüm yoxdur deməkdir və ölümsüzlük ideyası ehtiva edir… yəni bütün bunlar təsadüfdürmü?
    Mən şəxsən inanmıram təsadüf olsun…
    Bir də görünür müəllif dünyanı 50 il geridən təqib edir və Darvin kimi hələ də atasının meymun olduğunu iddia edir. ola bilər…hamı inancında sərbəstdir amma əgər sən islama və ondakı tövhid inancına sübut olunmamış mənasız tezis deyirsənsə bu zaman gərək sözünün arxasında durasan. Müəllif Allahın, qiyamət gününün və cənnət-cəhənnəmin varlığını çox usta şəkildə inkar edir. Səbəb kimi konkret sübutun olmadığını iddia edir.
    Onda mən də ondan soruşuram sən varlığını 100% bildiyin hər şeyi konkret materia sübut edə bilirsənmi.? Məsənən iztirabını, həyəcanını, arzunu, sevgini, həsrətini, qeyrətini, ağrılarını, əzablarını və s.materia ilə sübut edə bilərsənmi xeyr? Amma bunlar səndə var və bunu hamımız bilirik.
    Eyni bunu kimi Allahın varlığını materiaya əsaslandırmaq ağılsızlıq olar. Çox şey yazmaq olar amma neyləməli ki məkan məhduddur. Sonda onu deyim ki islam insanları məchula, boşluğa çağırmır, hər şeyin və hər sualın dəqiq məntiqi-elmi cavabı var. Əgər sən bundan nəsibini almamısansa buna mən neyniyim sən neyniyəsən….

  2. Ustaca inkar” bey, teshekkurler fikrinizi bildirdiyiniz uchun.
    Ancaq bir sheyi anlamadim, siz Darvinizmden bir tek “insan meymundan emele gelib” neticesini chixarmisiniz? Teessuf ki ne men de Darvin bele shey demeyib. Insan da, meymun da eyni shaxeden ayrilib, ancaq kokleri birdir. Bu barede bilgilerinizi artirmanizi tovsiyye ederdim.
    O ki qaldi, ezab, eziyyet, agri qeyret ve saireye… Bu gulmeli olardi, bunu movzunun icherisine qatib ve buradan yola chixaraq diskussiya aparmaq. Ve siz bu yazdginiz sherhle bir daha yuxaridaki tezisi tesdiqlediniz. Dindar tamam ferqli ve normal olmayan diskurs bazasi uzerindedir ve mehz buna gore de dindarla her hansi diskussiyanin sonu yoxdur. Siz ele yuxarida yazdiginiz netnde de APRIOR bilinen, daha dogrusu iddia olunan, olchulmesi, real verilerle subutlanmasi imkansiz sheylerden (cennet, cehennem, allah) danishirsiniz. Demeli hemin qapali daireden kenarlasha bilmirsiniz, etta bunun yanlish diskussiya metodu oldugunu bile-biler.

  3. Fəxrəddin bəy, soyadinizda dinin qoyduğu təsir aydinca sezilir. Mübarizənizin növbəti məntiqi addımlardan biri kimi soyadınızı dəyişməyinizi sizdən gözləmək olarmı və nə üçün?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button