Rüşvət deyilmi?!

Babalıq

Rüşvətə hərb açan, ey şanlı rəhbər,
Bu məmur yığnağı rüşvət deyilmi?!
Simasız kəslərin dil tütəyində,
Mədhiyyə çalmağı rüşvət deyilmi?!

Açsan qüsurunu xoruz-beçənin,
Pulunu çul tutmaz zəmi biçənin,
Rüşvət verib vəzifəyə keçənin,
Mənsəbdə qalmağı rüşvət deyilmi?!

Əl-ayğı rahat durmaz toyuğun,
Üzü qaysaq tutar köhnə sıyığın,
Vicdanı ləkəli haqdan qıyığın,
Ayran bulamağı rüşvət deyilmi?!

Dadanmışlar əli ələ sürtəcək,
Ümidliyəm, eybini yer örtəcək,
Harda ki bir deşik gördü dürtəcək,
Qırılmış barmağı rüşvət deyilmi?!

Haramxor bəllidir təmənnasından,
Bir düz əməl keçməz qafa tasından,
Beş ağaclıq yolun smetasından,
Miolyonlar salmağı rüşvət deyilmi?!

Gömrükçülər yan qoyubsa papağı,
Dolarmı kasıbın təknə-tabağı?
Bazarda qiymətin bayramqabağı,
Ərşə ucalmağı rüşvət deyilmi?!

Bu haqqın Tanrısı acizmi, təkmi?
Ondan əlimizi bir yol çəkəkmi?
Pul altdan çıxırsa hakimin hökmü,
Haqqın lal olmağı rüşvət deyilmi?!

Bildirçini bəy verdisə xırmana,
Baxan deyil sərəncama, fərmana,
Yezid suya qıymır, təbib dərmana,
Çiçəyin solmağı rüşvət deyilmi?!

Tanışam şeytanın fəndi-feliylə,
Əyri-düz görünür şirin diliylə,
Çal kaftarın Seyid Əhməd əliylə,
Qol-qanad yolmağı rüşvət deyilmi?!

Demə Allah yaxşı-yaman seçməyib,
Bircə nöqtə nəzərindən qaçmayıb,
Babalığın şərə meydan açmayıb,
Arsız qocalmağı rüşvət deyilmi?!

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button