Adil Əliyev uğrunda ölümə gedərəm!

Elbrus Ərud: “İsa Qəmbəri də, İlham Əliyevi də eyni dərəcədə çox sevirəm»

Azərbaycanın azad mətbuatının çoxunda artıq «fövqəladə vəziyyət» yaranıb…

Nə vaxtsa özümün də xəbər qurbanı olacağıma əminəm…

Elbrus Ərud. Bu cavan oğlan mətbuata gəldiyi ilk gündən diqqətimizi çəkənlərdəndir. Əminliklə söyləmək olar ki, bir zamanlar – elə indi də – «Xural» qəzetinin mətbuatda etdiklərini onun simasında internet sahəsində müşahidə edirik. Onun rəhbərlik etdiyi «qafqazinfo» ənənəvi xəbər portallarını küncə sıxışdırıb. Reytinq pillələrində aramla və durmadan irəliyə doğru gedir və bunu biləyinin haqqı, alnının təri ilə edir. Bəlkə elə buna görədir ki, Elbrus Ərudun bu əsərinə indi çoxlarını şərik edir mətbuat və həmkarlarımız. Amma bir şey dəqiqdir ki, onun xəbər portalı – «qafqazinfo» hələlik müstəqildir və onundur – Elbrusundur…

Onunla tanışlığımız çoxdan olsa da, «qafqazinfo»da bir deputatın əleyhimizə yazısını yayınlamaqla professional müstəvidə yenidən tanış olduq. Bizim aramağımızı gözləmədi Ərud. Telefon etdi və «Cavab haqqı»mız olduğunu bildirdi. Zatən düşünürdük və təbii ki, qəzetimizə verdiyimiz yazını həm də ona göndərdik. Yazıda elə məqamlar vardı ki, onu yayınlamaq yalnız və yalnız müstəqil adamların işi ola bilərdi. Elbrus Ərud Əvəz Zeynallının yazısını olduğu kimi yayınladı və «qafqazinfo»nun kimsənin olmadığını bir daha gözlərimizdə sübut etdi. Onu redaksiyamıza dəvət etdik və danışdıq…

Diktafonun nasazlığına baxmayaraq, müsahibənin tam istədiyimiz kimi yazılmamasına baxmayaraq, yenə möhtəşəm bir müsahibə alındı. Azərbaycan mediasının iri quruluşlarının haradan haraya gəldiyini bir daha dartışdıq və ünvanına səslənən fikirlərə cavab haqqı tanımaqla həmkarlarımız haqqında müxtəlif yanaşmaların şahidi olduq. Bir daha yəqin etdik ki, mətbuata – məxsusən internet mətbuatına gələn Elbrus Ərud kimi həmkarlarımızı dəstəkləmək və onların yanında olmaq lazımdır. Onlar – müstəqillər nə qədər çox olarsa, o qədər yaxşı olar və müstəqillər bizim hamımızın ağır günlərimizdə bizə dayaq olacaqlar.

Azərbaycan mətbuatının böyük gələcəkli imzalarından biri Sizin qonağınızdır, Əziz Oxucu!

Müsahibimiz «qafqazinfo»nun gənc sahibi Elbrus Əruddur…

Əvvəli ötən sayımızda

– Bayaq söhbətimiz yarımçıq kəsildi… Adil Əliyevin Gülər Əhmədova haqqında məlum xahişini yerinə yetirdiniz, yoxsa yox (Bir az öncə «qafqazinfo»nun Adil Əliyevin olduğu haqqındakı sualımız ətrafında Elbrus bəy belə olmadığını, hətta bir dəfə Adil Əliyevin deputat həmkarı Gülər Əhmədovanın xahişini etdiyini bildirmişdi – Red.)?
– Yox, eləmədim, baxmayaraq ki, Adil Əliyevin uğrunda ölümə belə gedərəm. Çünki o, mənim ailəvi dostum və ən çox hörmət elədiyim insanlardan biridir. Saytın isə sahibi Elbrus Əruddur… Seyran müəllim də zəng vurmuşdu (Qayınatası Seyran Səxavəti nəzərdə tutur – Red.) Başqa adamlarla da danışmışdılar. Söhbət tək Gülər Əhmədovadan getmir, elə Rəbiyyət Aslanova da olsaydı, digər xanım deputatlarımız da olsaydı, lap elə dədəmin özü olsaydı, mən bu xahişi yerinə yetirməyəcəkdim. Bilirsiniz, seçkilər öncəsi Gülər Əhmədovanın haqqında bir şikayət daxil olmuşdu və o şikayətin saytdan çıxarılmasından söhbət gedirdi. Mən xəbəri dədəmə də güzəştə getmərəm. Elə jurnalistlərimizə də deyirəm ki, əgər atanızın ölümü xəbərdirsə onu yazın, sonra ağlamağa başlayın. Mən belə hesab edirəm. Mən o jurnalistlərdənəm ki, xəbərin dəyərini bilirəm. Bilirəm ki, xəbər gələn zaman onu vermək lazımdır, onu saxlamaq olmaz. Özüm haqqında belə xəbər olarsa, onu saxlamaram.
– Hətta?..
– Bəli… Əgər xəbər özümlə bağlıdırsa, gərək onu birinci özüm verəm. «Qafqazinfo» işləyir və bütün xəbərləri yayır. Bacardığı, potensialı çatdığı qədərincə xəbər işləyir və yayır. Mən şayiə mətbuatını, ehtimal mətbuatını sevmirəm.
– Dezinformasiyanın mümkün qədər mətbuatın içinə girməsinin qarşısını almaq lazımdır…
– Bəli, kim kimi tapança ilə vurubsa, kim kimi ovda güllələyibsə, hansı nazir donuz qripi tutubsa, bu mütləq öz təsdiqini tapandan sonra xəbərə çevrilə bilər. Mən ehtimallara əsaslanıb, nəsə yazan jurnalistlərdən deyiləm. Mənim qabımda elə fərziyyələrə yer yoxdur. Amma lap tutalım, mən hər şeyi bilirəm. Hakimiyyətin əleyhinə, ünvanına nə yazıblarsa, onu xəbərə çevirib yaymışıq. Bu günə qədər də geri çəkilməmişəm və bu günə qədər bir dəfə olsun haqqımda irad eşitməmişəm. Bəlkə «qafqazinfo» o qədər də böyük mətbu ərazini zəbt etmədiyi üçün heç bir şey deyən yoxdur. Hələ olsun ki, bizi kiçik bilirlər. Fakt ondan ibarətdir ki, mən bu günə qədər iqtidardan, hakimiyyət düşərgəsindən bir dəfə də olsun «bunu yazma!» əmrini eşitməmişəm. Amma müxalifətdən çox eşitmişəm. Məsələn, elə müxalifətçilər var ki, deyirlər, filan yazıda bizim əleyhimizə şərh gedir və sən onu qəsdən bizim əleyhimizə yazdırırsan.
Bir dəfə İsa Qəmbərdən müsahibə götürmək istədik. Ondan iki gün əvvəl də Hafiz Hacıyevin bir açıqlaması dərc olunmuşdu. İsa Qəmbərin dediyindən belə çıxdı ki, əvvəlcə mənim əleyhimə danışan adamları saytınızdan yığışdırın, sonra müsahibə verim. Mən heç bir zaman istəmərəm ki, bu cür şərtlər çərçivəsində iş aparaq. İstəmərəm belə olsun. Çünki mən İsa Qəmbəri də, İlham Əliyevi də eyni dərəcədə çox sevirəm.
– Yeri gəlmişkən, sizin «şərh siyasətiniz» varmı? Şərhlərinizi oxuyarkən sanki agentliyiniz tərəfindən belə bir siyasətin olduğu hiss olunur…
– Elə xəbərlər var ki, bir vətəndaş olaraq rəy bildirməmək üçün özümü saxlaya bilmirəm, mən də digərlərinə qoşulub şərh bildirirəm. Bir replika atıram. Məsələn, bu yaxınlarda Məhəmmməd Əmin Rəsulzadənin büstü bir zavodun anbarından tapılmışdı. Bu xəbəri gətirmişdilər. Quru bir xəbər alındı: «Rəsulzadənin büstü filan zavodun anbarından tapıldı.» Əslində, insanı incidəcək bir hadisə idi. O zaman yazdım ki, «bilmirəm, bu xəbərə kədərlənək, yoxsa sevinək.» Əgər bu, şərh hesab oluna bilərsə, deyək ki, şərh idi. «Qafqazinfo»nun forumu da var. Oxucular orada yazırlar. Onların yazdıqları şərhlərin hər biri bir xəbərdir. Təhqiramiz ifadələr çox işlədirlər. Vaxtımızın böyük hissəsi o təhqiramiz ifadələri şərhlərdən təmizləməyə sərf olunur. Amma bəzən heç seçmək də olmur ki, nəyi təhqiramiz ifadə hesab eləmək olar, nəyi yox. Məsələn, mənim özüm haqqında da çox şərhlər gedir ki, «səndən heç vaxt jurnalist olmayacaq», «sən kimsən, ə…» və s. Mən belə şərhləri özüm haqqında olanda düşünmədən sayta oturduram. Amma məsələn, Əvəz Zeynallı haqqında belə şeylər yazılırsa, ola bilər, o, narahat olsun.
– Narahat olmayın, mən də narahat olmuram. Hər kəsin öz şəxsi fikri var. Hamı üçün yaxşı olmaq da normal deyil…
– Amma çoxları narahat olur.
– Düzü, mənim yazıma verilən şərhlərdə (Deputat Etibar Hüseynovun yazısına verilən cavabın «qafqazinfo»da gedən mətninə yazılan şəhrlərdən söhbət gedir – Red.) İlham Əliyevi, Ramiz Mehdiyevi müdafiə edən şərhlər yazıldı və bu, məni təəccübləndirdi.
– Yəni sən inanmırsan ki, bu ölkədə kimsə Ramiz Mehdiyevi müdafiə edə bilər?
– İnanmıram. İnanmıram ki, nə İlham Əliyevin, nə də Ramiz Mehdiyevin yerinə kimsə durub mənim yazıma şərh yaza. Mən ona da inanmıram ki, Elbrus Ərud İlham Əliyevi İsa Qəmbəri sevdiyi qədər sevə…
– Mən onu demək istəyirəm ki, hər iki şəxsə münasibətim eynidir. Mən mətbuatın Türkiyə modelini dəstəkləyirəm…
– Türkiyə modeli nədir? Türkiyədə hamı – istər siyasətdə olsun, istər radikal müxalifətçi olsun, fərq etməz, deyirlər ki, «sayın cümhurbaşkanı», ondan sonra da fikirlərini bildirirlər. Ola bilsin fikirləri sərt, radikal ola. Amma bir hörmət təcəssümü var. Bu, ayrı bir şeydir. Amma bir vətəndaş mövqeyi olmalıdır. Mən bir vaxtlar İlham Əliyevi hamı yıxıb sürüyəndə müdafiə etmişəm və demişəm ki, imkan verin, axı bu adam Heydər Əliyevin oğludur, yəqin ondan da götürdüyü bir dövlətçilik təcrübəsi var. Amma indi fərqli şeylər düşünürəm və dəfələrlə Heydər Əliyevə rəhmət oxuyuram…
– Demək, İlham Əliyevi çox istəmək də lazım deyilmiş…
– Hörmətli İlham Əliyevdən artıq mən heç nə gözləmirəm. Belə deyək, vətəndaş mövqeyim budur. Amma bir baş redaktor kimi onun fəaliyyəti ilə bağlı fikirlərimi azad ifadə edə bilərəm…
– Mən vətəndaş mövqeyimi baş redaktorluq mövqeyimlə qarışdırmıram. Mənim vətəndaşlıq mövqeyim fərqlidir – müxalif mövqedəyəm. Hesab edirəm ki, Azərbaycanda bir çox şeylər var ki, mütləq dəyişilməlidir. Böyük islahatlar aparılmalı olduğu halda, aparılmır. Azərbaycanda rüşvət də var, korrupsiya da. Bu da böyük problemlər yaradır. Mən bütün bu fikirlərlə razılaşıram. Amma bunları sayta daşımaq istəmirəm, saytda onları təbliğ edə bilmərəm. Yalnız xəbər portalı olaraq mövqeyimi saxlamaq istəyirəm. İlham Əliyev haqqında gələn xəbərləri də, hətta əleyhinə olan xəbərləri də yayıram. Görmüsünüzmü?
– Mövqe bildirirlər?
– Görmüsünüzmü?
– Əleyhinə? Görmüşəm… Amma ciddi təhlil görməmişəm…
– Qəzetində prezidentin əleyhinə bir kəlmə yaza bilməyən adamlar, saytda gedən yazıların altından şərh yazırlar. Mən şəxsən bunun şahidi olmuşam. Müxalifət qəzetlərindən danışıram. Müxalifət qəzetidir, bir kəlmə öz qəzetində prezident siyasətini tənqid edən yazı verə bilmədiyi halda, bizim saytımızda gedən yazıların altından tənqidi fikirlərini şərhlərlə bildirirlər.
– Kimdir o adam?
– Natiq Cavadlı, «Bizim Yol» qəzetinin əməkdaşı…
– Maraqlıdır…
– M.Ə.Rəsulzadənin büstü tapılanda yazmışdı ki, «İlham Əliyev hətta onun büstündən də qorxur, harasa qoyulmasını istəmir». Belə bir yazını o, öz qəzetində yaza bilərdimi? Əlbəttə, yox.
– O qəzetdə yazmaq olmaz…
– «Fövqəladə vəziyyət» buna imkan vermir…
– Orada da «fövqəladə vəziyyət» var?
– Bütün Azərbaycanda «fövqəladə vəziyyət» var. (Gülür…) Azad mətbuatın çoxunda artıq «fövqəladə vəziyyət» yaranıb. Bilirsinizmi, necədir? ATV-nin «Yağ kimi» verilişinin aparıcısı Zaur mənim yaxın dostumdur.
– Sizin dostluğunuz var?
– 10 ilə yaxındır ki, dostluğumuz var. Baxın, burada dostlarımın adlarının baş hərfləri yazılıb (Sol qolunu göstərir. Orada böyük hərflərlə «ZVER» yazısı görünür – Red.). Buradakı «Z» hərfi də onun adının baş hərfidir.
– Demək dostlarınızın adlarının baş hərflərinin birləşməsindən yaranıb «ZVER» sözü?
– Bəli. «E» də Elbrus deməkdir. Bunu mən 10 il əvvəl döydürmüşəm.
– Dostluğunuzdan yaranmış sözün özü də maraq doğurur.
– Əvvəl elə idi, indi həmin dostluğumuzdan əsər-əlamət qalmayıb. İndi o dörd dost birlikdə ancaq mənim bu qolumda yaşayır…
– Onların bəzisini tanıyram, çox da yaxşı oğlanlardır.
– Ola bilsin məndən qat-qat yaxşı oğlanlar, hətta yaxşı jurnalist olsunlar, fərq etməz. Münasibətlərin yaxşı qalması üçün yaxşı oğlan olmaq da azdır. Zaurun «Onun yarısı» verilişi haqqında Etibar Cəbrayıloğlu bir yazı yazmışdı. Mən Etibarın yazısını geri qaytarmadım. Hesab edirəm ki, sözün qarşısını heç kimsə almamalıdır. Əgər bu söz yazılıbsa, bütün varlığımla sinə gərib, onu verəcəyəm. Verdim. İki gündən sonra Zaur mənə zəng vurub dedi ki, sən mənim əleyhimə işləyirsən. Bir qədər də əleyhinə şərh yazılmışdı. Mən də ona bildirdim ki, qardaşım, elə mənim özümün də əleyhimə istənilən yazını, şərhi yazırlar da… Amma o, bunu başa düşmədi və dost kimi qırıldı. Onunla mənim aramda olan münasibətlər bağlandı. Hazırda dostluq münasibətlərimiz davam etməsə də, Zaur haqqında bəzi şeyləri demək istəyirəm. O, cəsarətsiz olsa da, istedadlı adamdır. Ancaq Məmməd Arazın da bir sözü var ki, «Cəsarət kişinin istedadıdır.» Bu aralar Zaurun haqqında çox xoşagəlməyən xəbərlər yayıldı.
– Deməli, Zauru xəbərə qurban verdin?

Davamı gələn saylarımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button