Sevgililər Günündə

Əli Vəkil

30 İyun Azərbaycanda Sevgililər Günüdür

Gör nə boldur gül-çiçək,

Sevgililər Günündə.

Susarmı sevən ürək,

Sevgililər Günündə.

 

Güllər əlləri bəzər,

Bir söz dilləri bəzər,

Aşiq həsrətə dözər,

Sevgililər Günündə.

 

Aşıb-daşar xoş hisslər,

Hər kəs yarını səslər,

Eşqi ürəkdə bəslər,

Sevgililər Günündə.

 

Dəbdə olar toy-nişan,

Çoxalar əhdi-peyman,

Qızlar kövrələr yaman,

Sevgililər Günündə.

 

Üzlər, könüllər gülər,

Evə elçilər gələr,

Göylərdən nur tökülər,

Sevgililər Günündə.

 

Fərizə-İlham adı,

Heç vaxt unudulmadı,

Közərdi qəlbin odu,

Sevgililər Günündə.

 

Bu İlham, bu Fərizə,

Gəlin, durun üz-üzə,

Bu sevgi örnək sizə,

Sevgililər Günündə.

 

Təzə bəy, təzə gəlin,

Siz and içməyə gəlin,

Bura Məkkəsi elin,

Sevgililər Günündə.

 

Əli Vəkil, haray sal,

Xəbər tutsun hər mahal,

Söz əhdinə sadiq qal,

Sevgililər Günündə.

 

Məcnun Göyçəli

Ölümün Məhəbbət, Ruhun Sevgidir

30 İyun Sevgililər gününə ithaf edirəm

Qanında azadlıq, ölümdə məhəbbət, sevgi gəzdirən, məzarı ağ saçlı anaların qəlbində zirvələşən, sevən könüllərin məbədgahına çevrilən, ruhlar aləmində hələ də toy-düyünlü günlərini yaşayan istəklimiz İlhamın əziz və unudulmaz xatirəsinə

 

Bala istəyində toy quran igid,

Nə yaman uzanır bu toyun sənin?!

Fələyin havası könlünə düşüb,

Boyuna biçildi bu “oyun” sənin!

 

Fərəhli baxışın qəm çəkir nədən?

Heyrət qanad sərib qeyrətin üstə.

Əzəmət duruşun, məğrur görkəmin,

Dünyanı mat qoyub qüdrətin üstə!

 

Bir vüsal donu var kövrəkliyində,

Ölümün məhəbbət, ruhun sevgidir,

Gedərgi karvana, itimli yola,

Fərizə can qoyub səni ləngidir!!

 

Vətən bayrağının bayraqdarısan,

Azadlıq eşqinə göz dikənlərin.

Sevən könüllərdə sevgi nəğməsi,

Həyat məktəbində başdadır yerin!

 

Bir ana laylası boy vermiş sənə,

Gör neçə anaya oğulsan bu gün.

Əsgər vüqarının zəfər qılıncı,

Körpələr dilində nağılsan bu gün!

 

Qurşunla hökmünü yazdıran yağı,

Nə arzuya yetdi, nə kama çatdı.

Vətən torpağında cücərən qanın,

Mədinə yaratdı, Məkkə yaratdı!!

 

Bala istəyində toy quran igid,

Nə yaman uzanır bu toyun sənin?!

Fələyin havası könlünə düşüb,

Boyuna biçildi bu “oyun” sənin!!

 

Bakı, 24 aprel 2004

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button