Sosial ədalət uğrunda!

Nurəddin Xoca

Ac özünü qılınca çırpar!

Atalar sözü

Heyf ki, 2 apreldə xəstəxanada cərrah bıcağı altında idim. Heyf ki, taleyim o gün məni 23 illik hərəkat yoldaşlarımdan ayırdı! Yoxsa mən də bütün bugünkü reallıqlara etiraz əlaməti olaraq o mitinqdə iştirak edərdim. Axı niyə də etməyim? Bu neft və milyonlar səltənətinin milyonlarla kasıb, heç bir hüququ olmayan, bununla barışmaq istəməyən fərdlərindən biriyəm. Mən və mənim kimilər bu Vətən ücün nə bacardılar etdilər, bir hissəsi şəhid oldu, bir hissəsi muhacir, böyük bir hissəsi isə “çörək pulu” adı altında qürbətlərə üz tutdu ki, bu qanunsuzluqları, “soy”, “tala”, “ye” iqtisadiyyatını  görməsin. Bu yalanlar üstündə qurulmuş, ancaq belə davam etməyəcək bir dünyada yaşamaq artıq mümkün deyil. Bəlkə elə bilirsiniz, tək bunu mən deyirəm? Əsla və əsla! Bunu dünənə qədər “axı siz bu hökumətdən nə istəyirsiniz?” deyən insanlar deyir. Hansı ki dünənə qədər onlar ümüd edirdilər ki, bu torpaqlara da qayda-qanun gələcək, prezident əlini masaya çırpıb “bəsdir!” deyəcək! Nəinki deyəcək, dediklərinin həyata keçməsinin nəzarətini öz əlinə alıb inqilabi dəyişikliklərə başçılıq edəcək! Düzdür, prezident barmaq silkələdi, amma ortaya yumurta çıxdı. Düzdür, korrupsiyaya qarşı mübarizə pərdəsi altında beş-üç nəfər xırda-mırda adamlar güdaza getdilər. Amma elə bu?

Bir dostum var, zəmanəmizin kefli İskəndəridir, deyir ki, “mən elə bilirdim, Vergilər, Gömrük, İqtisadi İnkişaf, Səhiyyə və s. nazirliklərin qapısına möhür vurulacaq, ucdantutma hamısı dama basılacaq, axı onların hamısı ya korrupsionerdir, ya da rüşvətxor”! Doğrusu, mən də o qədər olmasa da, həqiqi mənada mübarizə gözləyirdim. Hər halda fikirləşirdim ki, bunlar özlərinin düşmənləri deyillər ki, artıq dünya düzəni dəyişir – dəyişməsinlər…

Qoca Şərqi bürüyən inqilab və çevrilişlər dalğası, bu hadisələrə dünya super güclərinin reaksiyası buna sübutdur və hər kəs bundan öz dərsini götürər, ən azı öz vətəndaşlarını razı salmaq üçün və müxalifətin “sosial ədalətsizlik” deyilən kozırını əlindən alar. Amma sən saydığını say, gör fələk nə sayır? Köhnə hamam , köhnə tas! Bundan sonra da deyirlər ki, niyə mitinqə çıxırlar? Bəs nə etməlidirlər? TV ekranlarında verdiyiniz və heç onu şərh edənlərin özlərinin belə inanmadığı antikorrupsiya ilə dolanmalıdırlar? Əcnəbilərlə eyni iş gördükləri halda, onlarla mənim vətəndaşlarımın maaşlarının arasında nədən 10-15 dəfə artıq fərq olmalıdır? Nədən bu vətənin övladları Azərbaycanın sərvətlərindən faydalanmamalıdırlar? Nədən bizim pullar daşa, torpağa, asfalta verilib məhv edilməlidir? A kişilər, bir yolu nə qədər asfaltlayar, söküb-tikər, nə qədər ümummilli xalq sərvəti olan Xəzəri hasara alıb ona mərmərdən və aqlaydan üz çəkərlər?! Axı niyə bu xalqın soyulub talanmadan qalan 3-5 manatınıda daşa torpağa sovurursunuz? Axı bunun bir gün hesabı sorulacaq! Bax elə buna görə də mitinqlər olacaq, getdikcə böyüyəcək və bir sunamiyə dönəcək! Çünki artıq xalq yalanlarla dolanmaq limitini bitirib. Hamı sosial ədalət, qanunlara hörmət edən hökumət və xalqının dərdini öz dərdi bilən hökumət istəyir.

XALQININ DƏRDİNİ ÖZ DƏRDİ, QZ DƏRDİNİ XALQININ DƏRDİ BİLƏN YOX!

İ.S. Bu qoca dünya nə qədər böyük diktaturalar, hakimiyyətlər yola salıb. Ən tülküsü olan ərəb dünyasının kürəyinə xəncər saplayan, İsrailin və Qərbin yaxın dostu, onların siyasətinin Ərəb dünyasında aparıcı fiquru Hüsnü Mübarəkin axırı necə oldu? Hər halda o, nəinki “Soros”un, “Bilderberq klubu”nun və hətta dunya masonlarının aparıcı lojası olan”Bnay-Brit” lojasının əlibağlı qulu olub. Bəzılərinin məntiqi ilə masonlar oz oturduqları budağı kəsirlər?

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button