Soylu gündəliyimə girdi, üstümə qadın göndərdi!

Ocağın Ruhani Başçısı Safruh: “2 dekabr 2009-cu ildə Ruhani Bəlgə yazdım ki, Soylu, Nurtəkin, Göylü, Üstün, Ulusəs və Türkel ocaqdan çıxarılsınlar”

İnam A tanın Mütləqə İnam Ocağı və onun özünəməxsus ruhani yaşam qaydaları yarandığı gündən toplumun, insanların diqqət mərkəzindədir.

33 ildir yol gələn Mütləqə İnam Ocağının bu müddətdə uğurlarıyla yanaşı, daxili sarsıntıları da olub. Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun, Ocaq Yükümlüsü İşıqlı Atalının və Yolruh Atalının bu söhbətində adıçəkilən ruhani qurumun son dönəm yaşantılarına aydınlıq gətirilir.

İşıqlı Atalı: – Bu gün Azərbaycan ictimai mühitində, fikrində Mütləqə İnam Ruhaniyyat Ocağı hadisəsi var. Ruhani Mərkəzimiz İnam Evindən başlayan, ciddi ruhani uğurlarımız çoxlarını şaşırtmaqda, həm də sevindirməkdədir. Ocağımızın gerçək mühitdə yaratdığı xəlqi-ruhani təsirlər var. Bu təsirlər İnam Ataya, İnam Evinə bağlı bir qom insanın – Ocaqçıların ortaya qoyduğu Ruhani Birliyin möhtəşəm ifadəsidir. Bu söhbət iki yöndən gərəklidir: hər şeydən öncə Ocağın böyük işlərinin, obrazının görünməsi, eləcə də Türk Ulusunun Ruhaniyyat Ocağının daxili yaşantılarını, gedişlərini bilmək baxımından.

Uca qardaşımız Safruh, Ocağımızın Ruhani Başçısı olaraq tariximizin 31-ci ilinin Xəzan ayından (oktyabr 2009) bəri olan hadisələrə dəyər verməyinizi xahiş edirik.

Safruh: – Atamızın başladığı Mütləqə İnam Ocağı İnsanın ləyaqəti, həqiqət uğrunda, insanların birliyi anlamında mübarizə qurumudur. Həm də bu, Türk millətinin ilk Ruhaniyyat Ocağıdır. «İlk» sözünə qarşı kimlərsə etiraz edər, başqa faktlar gətirərlər. Bu sözlər ciddi məsuliyyət yaradır. Bu məsuliyyəti heç bir şeyin xatirinə pərdələmək, daldalamaq, ikinci sıraya keçirmək, yaxud da onun bərabərinə hər hansı başqa şeyi gətirmək olmaz. Burada heç bir saxtakarlığa yol verilməməlidir! Heç kəsin buna haqqı yoxdur. Ocaq Mənası, fəlsəfəsi belə bir haqqı öz Evladlarından alır. Fədakarlıq məsələsində aza getmək olmaz. Gərək mütləq fədakarlığın olsun, ona doğru gedəsən.

Ocağa insanlar qəbul edirik, yetkin olmurlar, zəifliklər, geriləmələr ola bilir, olub da. Bunların bütün səviyyələrini qəbahət saymaq olmaz. Onların qəbahət səviyyəsi də var, ancaq belə insanın gücsüzlüyü əqli yetkinsizliyi ola bilər. O da özüylədöyüşlə azaldılmalıdır. Ocaqda özüylədöyüş gerçək bir işdir. Düzdür, bunu ifadə etmək çətindir. Bunu ifadə adıyla adamlar deyirlər ki, özümü belə döydüm, elə döydüm; baxırsan ki, özünüifadə baxımından o da yetərsizdir. Özünü döyüb, ancaq özünü yaratmayıb. O, insana sevgi ifadə eləməyib. Ocaqda insana sevgi olmalıdır: dərin sevgi, odlu sevgi! Həmişə demişəm: Ocaqçı sıravi deyil. Əti, qanı, eni, boyu sıravidir, o birilər kimidir. Ancaq onun ruhani halı adi ola bilməz, bu, qeyri-adilikdir!

Atanın dediyinə görə, Zərdüşt çoxlu ardıcıllar arzusunda olub. Asif Atamız da 100 Evlad istəyirdi. «Yeni Oğuz Sözü» kitabında 100 Evladla bağlı carlar, sözlər var. Deyirdim ki, “Ata, xalq sənə bu 100 Evladı verəcək”. Gördük ki, hələlik 15 Evlad alınır. Ocaqdan o keyfiyyət ki, tələb olunur, onu insan özündə yaratmalıdır. Ona görə də o olmayanda Ocaq olmur. İçəridə oyun, səmimiyyətsizlik olanda Ocaq baş tutmur. O sayaq Ocaqçılıq mümkün deyil. Çünki insanın ləyaqəti və həqiqət uğrunda, böyük bir millətin ruhaniyyatı adından danışasan və səndə həm də ikilik, ikiüzlülük ola – Ocaqda ha! 15 adamın içində! Onda o, Ocaq olmur.

31-ci ilin Xəzan (oktyabr 2009) ayında Ocaqda hadisə baş verdi. Mən onu arınma sayıram. Yəni orada ki ikilik var, saxtalıq var, insanı ucaltmayan keyfiyyətlər var, deyək ki, kimdənsə üstün olmaq, kiminsə səsini batırmaq istəyi, filan – bunlar Ocağa uyğun olmayan keyfiyyətlərdir.

Mən Ocaq deyəndə – istər Oxucu, istər dinləyici, istər siz – Ocaq Evladları – bilin ki, 15 nəfərlik mühiti deyirəm. Mən sıravi insanları nəzərə almıram. Onların pisi-yaxşısı var, özləri bilərlər. Ancaq Ocaq ayrı şeydir. İki-üç il bundan öncə aramızda belə şey oldu. Mütləq Həqiqət tələbi ilə o sayaq yarımhəqiqət yol getmədi və adamlar durub qaçdılar. Ocağın içində saxtakarlıq, başqalarına üstünlük eləmək, ikiüzlülük, həqiqətsizlik olmamalıdır. O zaman gedənlərdə belə şey oldu. Sizin yadınızdadır ki, biz heç “get” demirdik, ancaq getdilər və Həqiqətə qarşı çevrildilər. Özlərinin eqolarını, kamil olmayan baxışlarını, mənəviyyatlarını həqiqətə qarşı qoydular. Beş gün bundan öncəyə qədər sevdiklərini, «sevirəm» dediklərini aşağılamaq yolunu tutdular. Ona görə də bu hal davam elədi, eybəcər bir yazıya çevrildi.

Yolruh Atalı: – Zülfüqar (keçmiş Soylu) həmin o eybəcər “Məkrin qətiyyətli müdrikliyi” yazısında Bizi “ifşa” etmək istədi, ancaq həmin yazı onun özünün ifşasına çevrildi. Bununla da o, özünün mənəvi ölülüyünü təsdiqlədi…

Safruh: – Düzdür. Dəridən-qabıqdan çıxdı ki, amaldaşını çirkləndirsin. Amaldaşı çirkli görünsün. Bu, mənim qənaətimdir. Adamlar özləri bilər, nə düşünərlər. Burada, məncə, Motsart və Salyeri mövzusu iş gördü. Ruhaniyyatçı insanla fəaliyyətçi insanın qarşılaşması. Mən bu saat Ocağın ağsaqqalı, bu Yolda uzun müddət təcrübəm olduğuma görə Ocağın Ruhani Başçısıyam. Hamıdan yaşca böyüyəm. Həyat təcrübəm indiyə qədər olmuş Ocaqçıların hamısından çoxdur. Ona görə deyirəm ki, mən Ruhani Başçıyam.

İşıqlı Atalı: – Ruhaniyyat Ocağında Başçı sayılmaq uca məqamdır. Burada Başçı sayılmaq sadəcə, 40 ilə yaxın Atanın silahdaşı olmağa görə deyil. Ruhani gedişatı Atadan sonra başqa Evladlardan daha gözəl bilən, gerçəkliyi aşan, yenən, imtinalara çatan bir insandır Safruh. Bu anlamda Ruhani Başçı məsələsi İnam Atada və Safruhun şəxsində necədir?

Safruh: – Nə qədər Ata var, onun yaratdığı təlimin Başçısı da Asif Atadır. Bu həqiqətin başqaları tərəfindən “kəşf edilməsinə” nə gərək var?! Ancaq bu Ocağı yaşatmaq gərəkdir. Ocaqda 6 ideya yolunda hansı çabalar, kəşflər var? Ocaq bu deməkdir. Və bu 6 ideya yolunda da məndən çox qələm, külüng çalan omayıb. Çünki o ideyalar mənim üçün sadəcə ideyalar deyil, aldığım nəfəsdir. Mənimlə təmasda olanlar bunu dərk edir. İnsan Kamil olsun, Atanın dediyi olsun, Mütləqə İnam olsun!..

Türkün Ocağı olsun, oyun olmasın. Ocaqdan gedənlər haqqında kəskin sözlər işlənilməsini istəmirəm. Ancaq nə üçün mən 31-ci ilin Sərt ayının 2-də (2 dekabr 2009) Ruhani Bəlgə yazdım ki, filankəslər Ocaqdan çıxarılırlar? Soylu, Nurtəkin, Göylü, Üstün, Ulusəs və Türkel. Və bunu əsaslandırmışam ki, adları çəkilənlər nəyə görə Ocaqdan çıxarılırlar. Türkel günahsız bir uşaqdır. O, atasının yanına gəlib, Ocağa gəlməyib. Atası nə edib, uşaq onu bilmir, onun üçün fərqi yoxdur. Kimsə addımını atadan, anadan, başqasından asılı olaraq atırsa, o, hələ müstəqil deyil. O da müstəqil Ocaqçı deyildi. Ona görə də Türkel haqqında indi də pis şey düşünmürəm. Qoy o, badalaqlara rast gəlməsin.

Və Ulusəs – Nəzakət xanım haqqında da yazdığım odur ki, o, hara gəldiyini düzgün bilməyib. Bura Ocaqdır. Bilmək gərəkdir ki, burada insan hansı keyfiyyətlər əsasında Ocaqçı olur. Onun haqqında da mən heç bir pis düşünməmişəm və yazmamışam.

Adları çəkilən şəxsləri mən ona görə Ocaqçı saymıram ki, əgər onları da Ocaqçı saysam, yəni «Onlar da Ocaqçıdır» desəm, onların daşıdığı sifətlərin yiyələrinin hamısı Ocaqçı ola bilər. Onda Ocaqla qırağın fərqi olmaz. Mən dönə-dönə vurğulayıram, Atanın sağlığında da deyirdim: həyat ayrıdır, Ocaq ayrı. Ocaqçı adi insan deyil. Ocaqçı özünü Amala qurban vermiş ağıllı-başlı adamdır. Quru deyil Ocaqçı. Safruh onları qəbul eləmir. Çünki onları qəbul eləsə, onda artıq hər kəs Ocaqçıdır.

Belədə görərsən, Masazır-Tellilərdən, ya tutalım Üstüaçıq kənddən kimsə dedi ki, elə mən də Ocaqçıyam. Yuxarıda dediyim mülahizələrə görə, bu, cinayətdir!

Yanlış ayrı şeydir, yıxılmaq ayrı şey. Onlarda ikilik var, saxtakarlıq var, dosta arxa çevirmək, kürəyə bıçaq saplamaq var, həqiqəti gizlətmək var, həqiqəti deyənə yaxın gəlməmək var. Əgər varsa, o zaman bunlar Ocaqçı deyillər.

Ocaqçı müqəddəs sifətlərin daşıyıcısı omalıdır. Müqəddəs sifətlərin daşıyıcısı “Mütləqə İnam” adında dünyabaxışı həyata gətirə bilər. Yəni sənin 365 büküşün var. İlin hər gününə biri düşür. 365 dəfə açanda yenə səndən çirk çıxmamalıdır. Onda sən Ocaqçı ola bilərsən. Onda sən Azərbaycana və dünyaya Mütləqə İnam verə bilərsən. Onda hamı görər ki, sən Mütləqə İnam adıyla zarafat eləmirsən. Mənim yəqinliyim budur. Bunların üstün cəhətlərini həmişə Safruhdan yaxşı görən və öyən olmayıb, ancaq halları Ocaq Ruhaniyyatına cavab vermir.

Ocağın sağ əli – Ruhaniyyatdır, sol əli – Ədalətdir. Necə ola bilər ki, sən bir həqiqət sözü deməyəsən? Həqiqətdən ötrü başını cəllad kötüyünə qoymayasan? Necə ola bilər ki, ağa qara deyəsən, qaraya ağ deyəsən, deyirsən?! Necə ola bilər ki, İşıqlı, mən səndən gizlin gündəliyini açım, səni guya ki, ifşa eləyim?! Bu, necə ola bilər?

Zülfüqar məni qaralamaq üçün gündəliyimə girdi. Ocağa gəlmisən ki, qaranı ağardasan, müsbəti deyəsən. Adam müsbət addım atanda deyəsən ki, bu addımın gözəldir. Pis addımında deyəsən ki, bu addımın pisdir. İnsan Ocağa ağı qaralamağa gəlmir. İnsan Ocağa İnsanı öyməyə, sevməyə, onun uğrunda ölməyə gəlir. Başqa sayaq danışmaq, düşünmək olmaz. Asif Ata Ocağı ona görə başlamışdı. Özünü məhrumiyyətlərə, əzablara niyə tuş edirdi? Mütləq sevgi vardı onda: insanın insanlığına, ləyaqətinə…

Mənim sevgim tamamilə müstəqildir. Türk millətinə, İnsana sevgim haqqında Ata dönə-dönə danışıb. Habelə təbiətə, ləyaqətə sevgim misilsiz dərəcədə müstəqildir və özümünküdür. Sevgim Atanınkı ilə uyğundur. Atanı da çox sevirəm. Mən Asif Atanı bir qolu, bir ayağı şikəst, bir barmağı qatlanmış, bir gözü görməyən kimi sevmirəm. Onunla bərabər, çiyin-çiyinə, onunla yük, töhmət altındayam. Onunla acam, onunla toxam. Onunla qürurluyam. Tamamilə saytal kişi kimi Atayla birəm. Ömrüm boyu Atanın Yolunda yaşadım.

Ona görə də gedənlər, mən sizin ləyaqətinizi qoruyuram – olmuş ləyaqətinizi. Birinizin ləyaqətinə kölgə salmıram. Məsələn, biz bir yerdə olanda “Soylu” (Zülfüqar Talıblı) 10 addım hoppanırdısa, o gedəndən sonra deməmişəm ki, 9 addım hoppanıb. Ocaqçı onu deməz. Deyərsə, ondan Ocaqçı olmaz. Hər kəsin ləyaqəti olmalıdır.

Necə ola bilər ki, Zülfüqar, ləhləyə-ləhləyə Safruhun gündəliyinə girəsən?! Üstümə qadın göndərəsən? Necə ola bilər? Harada görünüb belə şey?! Şpionajda, gestapoda görünə bilər o. Ocaqda elə şey olar?! Ocaqda “elə şey olar” ifadəsinin özü cinayətdir!

Ocaq Bəşəriyyətin fəxri olmalıdır. İdrakımızın, ləyaqətimizin gücü həmişə buna çatmalıdır ki, ağı qaradan seçə bilək.

Safruh olaraq deyirəm: bəşəriyyətdə insani ləyaqəti heç kəs məndən artıq təmsil eləmir və sevmir. Mən bəşəriyyətin ləyaqəti sevən insanlarının həyatını da, yaradıcılığını da öyrənmişəm. Mən insanı çox sevirəm. Bu sevgi yiyələrinin insanlığa uyğunluğunu sevmişəm.

Barmağını qatla ki, harada Safruhu öydün? Harada kimi öydün? Kimdən ötrü öldün? Kim eləyib onu indiyə qədər? Vaxtilə deyirdim ki, bir-birinizi Ocağın içində dost kimi sevirsiniz, ancaq amaldaş kimi sevmək gərəkdir.

Dost ayrı, amaldaş ayrı. Siz dostluq balacalığıyla özünüzü amaldaş sayırsınız. Amaldaş yüksəkdir. Amaldaşa görə dostdan, amala görə övladından keçməlisən. Başından keçməlisən. Mənimlə ölümə getməliydin. Mənə quyruq qoşursan?

Kitab yazmalıydın mənim barəmdə! Safruh vasitəsiylə cəmiyyəti ələ gətirməliydin. Mən sənin vasitənlə cəmiyyəti ələ gətirirdim. Mənim minbir sübutum var. Ona görə gedənləri Ocaq saymıram ki, əgər o sifətlərin yiyələri Ocaq olarsa, onda hər yoldan ötən Ocaqmış.

Heç əslində hər yoldan ötən də xəlvətcə dostunun ağzına diktofon tutmur. Hər yoldan ötən də dostunun gizlincinə girmir. Və dostunun gizlincinə girəndən sonra da görürsən orada ucsuz-bucaqsız gözəllik var, dərin psixoloji təhlillər var – özünü və insanları obyektiv, gözəl öyrənmələr var. Onu dərk etməli, onu sinirməliydin. Ləyaqət göstərməliydin. Yoxsa belə hərəkət eləyəsən?!

İşıqlı Atalı: – Ruhani Başçımız Atanın tələbinə uyğun olaraq Ocağın xəttini çox gözəl bilir, açır. Nədən İnam Evindən, Safruhdan qıraqda Ocağın, Ocaqçılığın olması mümkün deyil? Qaçanların ruhani şansı nə zaman əldən çıxdı?

Safruh: – O haqq o vaxt qırıldı ki, insanlar yalançılığa başladılar və öz eyiblərini gizlətməyə çalışdılar. Baxmayaraq ki, heç kəs onların eyiblərini qabartmaq, buna heç işarə vurmaq istəmirdi.

İşıqlı Atalı: – Zülfüqar Ocaqdan getməsinin səbəblərini, motivini danışanda mən və Yolruh dəhşətə gəldik. Çox pis durumdaydı…

Safruh: Bunların hünəriylə öyünürdüm, öyündüyümü dərin sevgiylə ifadə edirdim. Ancaq insanların içindəki ikilik üstün gəldi və qopub getdilər.

Gedənlərin başında Zülfüqar dayanırdı. O, Ocağın 19-cu (1997) ilində də sıramızdan getmişdi. Özü yazdığı “şah əsər”də (“Məkrin qətiyyətli müdrikliyi”) bu haqda deyir. Dalınca da yazır ki, geri qayıtdıq.

30-cu ildə (2008) bir də Ocaqdan getdi və yenidən İnam Evinə qayıtdı.

Sonuncu dəfə biryolluq 31-ci il Xəzanın 8-də (8 oktyabr 2009) getdi. Gedirsən, getginən. Əvvəl də, sonra da, lap sonra da bu məsələləri yoluna qoydum ki, Ocaq yox olmasın.

Orada mənim daha dərin təhlillə desək, Ata, Mütləq təhlilçiləri tərəfindən qınanası müəyyən səhvim var. Yəni Zülfüqar gedib, sən də Safruh olaraq Ruhani sənəd yazmısan ki, filankəslər Ocaqdan getdi. Sonra da onlar qayıdıb gəlib, özün də onlarla bir yerdəsən.

Burada ayağıma nəzəri baxımdan yazılası səhv var. Getdilər, yazdım ki, Ocaqdan getdilər. Məni qınayanlar isə Ocaqçılıq eləmədilər. Bir-birilərini eşitmədilər. Mənə Ocağın olması gərək idi. Bu isə getdi, yayıcılıq elədi, hər halda onda o zaman səmimilik gözəl idi: çalışdı, gəldi, təəssüf ki, səmimiliyini sonacan yaşada bilmədi və amansızcasına qırıldı.

Mənə bir vasitə gərəkdir – eybəcərliklərlə döyüşmək üçün. Ocaq mənim ağlımda o vasitədir. Onun yaşadılması işartılarını hər yerdə, hər zaman tutmuşam, ələ almışam, sevmişəm, öymüşəm, qorumuşam. Bəşəriyyəti yox eləmək, heyvana qurban vermək olmaz. Bəşəriyyət heyvan yolu gedir. Onu bu yoldan çəkindirmək gərəkdir.

İşıqlı Atalı: – Çəkindirmək mümkün olmadımı?

Sonu gələn sayımızda

Çapa hazırladı:

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

  1. Siz de qirin bir-birinizi, ezib tapdayin, lekeleyin. Teriqetleshin, xirdalashin, kichilin. Yazdiqlarinizi oxuduqca icim icimi yeyir. Bax bu cur ic savashlari, parchalanmalar, kicilmeler bizi goz scmaga, butovleshmeye, tamlashmaga qoymayib ki, min dord yuz ildir ereb pisliyinde batib qalmishiq, gunden-gune de daha derine gomuluruk. Sizse didin bir-birinizi. Itiren biz, qazanansa kertenkele yeyenler olsun! Ugurlar olmasin size bu didishmede!

    1. Hacı bəy. Belə şeylərdən sarsılma və ruhdan düşmə. Bunların böyük səhvi odur ki ocaği dinləşdirmək xətti tutdular. bəlkə də ozlərini həşəmətli tarix səhnəsində İmam, Xəlifə statusunda təsəvvür edirlər. Ocaq yaradıcılığına Asif Atadan başqa kimsənin iddiası ola bilməz, yaşından mal mülkündən asılı olmayaraq. DAHA GÜJLÜ İnsansevər olmaq həmçinin. vaxtını daha böyük Yazılar oxumağa sərf et.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button