Turan TV-nin pulları hardan gəlir? – Qənimət Zahid sirrin üstünü açdı

«Gərək yazardılar ki, mənim layihələrimə dəstək verənlərin arasında Mədət Quliyev, Fuad Ələsgərov kimi azman və səlahiyyətləri yerində olan dövlət məmurları var»

«Cəmiyyətimiz əmin ola bilər ki, bizim media layihələri heç kimin maddi dəstəyinin müqabilində heç bir öhdəliyi qəbul etmir»

Hakimiyyət “Azadlıq” qəzetinə qarşı yeni hücum kampaniyasına başlayıb. Yayım direktoru Faiq Əmirlinin saxta ittihamla həbsi, qəzetin çapını 4 aydan çoxdur süni maneə ilə dayandırmaları, əməkdaşlarının incidilməsi bəs deyilmiş kimi, son vaxtlarda da bir-birinin ardınca yalan məlumatlarla informasiya savaşına keçiblər. Hakimiyyət mətbəxindən qidalanan saytlardan biri “Azadlıq” qəzetinin və onun baş redaktoru, TuranTV-nin qurucusu Qənimət Zahidin adını tez-tez guya hansısa şübhəli maliyyələşmələrdə hallandırmaqdadır. Onları gah xarici fondlara “bağlayır”, gah da Azərbaycan məmurlarına. Sonuncu şərləməsində hətta konkret məmur adları da çəkib. Bütün bu baş verənlərin səbəbi və ittihamlarla bağlı Qənimət Zahidə bir neçə sual ünvanladıq.

– Qənimət bəy, son bir ayda konkret olaraq sizə qarşı, ümumiyyətlə isə sizin layihələrinizə qarşı güclü hücum kampaniyasına start verilib. Sanki hansısa mərkəzdən kampaniyaya başlamaq əmri verilib. Bu, sizin layihələrinizi nüfuzdan salmağa hesablanıb, ya başqa hansısa məqsədlər var?

– Ümumiyyətlə yanaşsaq, mən bu proseslərdə yeni bir şey görmürəm axı. Doğrudur, son bir ayda məni bir-iki saytda konkretləşmiş və guya dəqiqləşdirilmiş nöqtələrə vurduqlarını zənn edirlər. Bunlar ciddi şeylər deyil. Daha doğrusu, kimlərsə ciddi kampaniya apardıqlarını zənn edirlər, amma məncə, bekara və əhəmiyyətsiz söhbətlərdir.

– Amma hər halda bu yazıların konkret mərkəzdən istiqamətləndirildiyi də aşkar görünür. Sizə elə gəlmir ki, hansısa bir qəsd var?

– Qəsd həmişə olub. Azərbaycanın rəsmi təbliğatı həmişə hansısa məkrli planlar üzrə qurulur. İlk baxışdan da adama qəribə gəlir ki, bu qədər əhəmiyyətsiz söhbətlərlə, əsassız küçə söhbətləri ilə mediaya tullanmağın nə mənası var. Amma sonra da fikrləşirsən ki, bəs bunlar nə barədə yazsınlar ki? Bunların da özlərinə görə prioritetləri var, aydındır ki, bu prioritetlər hələm-hələm hökumətin özünə rəva görəcəyi prioritetlər deyil. Azərbaycan hökumətinin qarşısında durmalı olan çox ciddi məsələlər var. İqtisadi böhranı aradan qaldırmaq, ölkədə, nəhayət iqtisadiyyatın yaradılmasına başlamaq, təhsil və səhiyyə sistemini xarabalığın cəngindən xilas etmək,.. buna qədər isə ən mühümü – ölkənin ərazi bütövlüyünü təmin etmək,.. Amma görün hansı işlərlə uğraşırlar…

Turan çox böyük bir layihədir

– Sizə qarşı irəli sürülən ittihamlar daha çox maliyyə məsələləri ilə bağlıdır. Bu, sizin layihələrinizin hədəfə alınması kimi görünür. Ortalığa qoyulan informasiyalar bu layihələrə hər hansı təhlükə yaradırmı?

– Birincisi, hər hansı informasiya yoxdur. Bunlar əvvəldən axıra qədər dezinformasiyadır. Məsələn, birinci həmlədə ortalığa belə bir əcayib uydurma atdılar ki, «Azadlığ»ın əməkdaşları Avropaya gəliblər ki, mənimlə «razborka» aparsınlar. Guya, hətta dava-dalaş olub və məsələyə müdaxilə edən Fransa polisi qəzetin əməkdaşlarını Fransadan deportasiya edib. Bu qədər səfeh uydurmaya kimləri inandırmaq olardı ki? Ya Azərbaycan hakimiyyəti həqiqətən də inanır ki, son 20 ildə ölkə əhalisinin informasiya alıcılığı səviyyəsini bu qədər düşük yalanlara inandıracaq səviyyəyə endirə bilib, ya da elə belə… «xəbərdi də, at ortalığa kimsə inanacaq». Sonra davam etdilər ki, Amerika mənşəli hansısa nəhəng fondlar mənə milyonlarla pul ayırmaq barədə qərar veriblər. Həm də elə təşkilatların adlarını çəkdilər ki, bildiyim qədər elə hökumətin özü həmin fondlarla davamlı əməkdaşlıq edir. Bu zamana qədər bu fondların Azərbaycanda hansısa müxalifyönümlü layihələrə maliyyə dəstəyi barədə xəbərə, açığı, mən rast gəlməmişəm.

– Amma bundan sonra da dərhal «yerli donorlar» tapdılar… Belə çıxır ki, xarici donorlar versiyasından əl çəkdilər.

– Düşünmürəm ki, onlar bu «axtarışlardan» əl çəkiblər. Əl çəkməyəcəklər. Səbəblərini deyim. Birincisi ona görə ki, Turan TV kimi bir nəhəng media layihəsi var ortalıqda. Bu, son iki on illik ərzində ən böyük media layihəsidir. Həm də bizim layihələrin gücü vətəndaş jurnalistikası üzərində qurulmasıdır. Vətəndaş jurnalistikası və könüllülərin entuziazmı. İkincisi, bu layihələr həcminə görə də ən böyükdür. Hər halda, televiziya layihəsidir və bütün işlərin mərkəzində sputnikdən yayılan bir televiziya kanalı dayanır. Hətta Turan TV-ni çıxsaq da, Azərbaycan Saatı, eyni adlı sayt, sosial mediadakı yayım vasitələri baxımından güclü bir şəbəkə var ortada. Amma üstəlik də bir televiziya kanalı, onun canlı yayımla davam edən onlayn versiyası var. Proqramların da sayını get-gedə artırırıq. Buna görə hökumət də, bu layihələrin mövcudluğunu sinirə bilməyən bir çox başqaları da narahatdırlar, kinlidirlər, qəzəblidirlər. Buna görə də «axtarışları» davam etdirəcəklər…

O siyahıda daha kimlər ola bilərdi?

– Son hücumlarda isə konkret olaraq adamların adlarını çəkdilər. Bu adamlar hakimiyyətin daxilində olan adamlardır və onları ittiham edirlər ki, sizin mediya layihələrinizə maddi dəstək verirlər. Bu adamlara bu inamsızlıq hardandır belə?

– Məni narahat eləmir onlar niyə bir-birlərinə inanmırlar. Bu, yeni tendensiya da deyil axı. Onlar heç zaman bir-birlərinə inanmayıblar. Baxın, 1995-ci ildən bunların arasında bir Hacı Məmmədov vardı, inanmadıqlarını, vurmaq istədiklərini ona sifariş edirdilər. Sonra Eldar Mahmudov onu əvəz elədi, o da iqtidardakı «autsayderləri» vurmaqla bağlı sifarişləri yerinə yetirirdi. Kimsə deyirsə ki, Eldar Mahmudov özbaşına, sadəcə olaraq qudurduğuna görə o işləri eləyirdi, mən bunu qətiyyətlə rədd edirəm. Hacı Məmmədov da, Eldar Mahmudov da dəqiq, planlaşdırlan, qarşıya qoyulan siyasi qərarların icrası ilə məşğul olublar. Heç kim özbaşınalıq etməyib. Özbaşınalıq etdikləri anda sıradan çıxarılıblar. Bir neçə ildən sonra bunlara bənzəyən başqa bir Monstrı da «ifşa edəcəklər» və bizi inandırmağa çalışacaqlar ki, bu cinayətkar dəstə də siyasi sistemin içində olmayıb, yanında olub, ondan xəbərsiz olub və sairə.

– Yəni demək istəyirsiz ki, sizə maliyyə dəstəyi verməkdə ittiham edilən adamları da eyni məqsədlə siyahıya salıblar?

– Hələ ki, onu demirəm. O baxır siyahını kim tutur. Məncə, bu siyahı hələ o səviyyədə tutulmayıb ki, onları dərhal hansısa Eldar Mahmudovun və ya Akif Çovdarovun icraatına versinlər. Mən diqqət elədim, siyahıdakı adamların çoxusu elə təqribən, həmin daxili repressiya məngənəsinin dişləri arasından birtəhər salamat çıxmış adamlardır. Onların üstündə hələ müəyyən mənada etimadsızlıq yarlığı qalır. Bu cür adamları şantaj eləyib onlardan nəsə qoparmağa çalışırlar. Məsələn, Ziya Məmmədov, Etibar Pirverdiyev bu kateqoriyadan olan dövlət məmurlarıdır. Xanlar Vəliyevin min ildir ki, baş prokuror Zakir Qaralovla konfliktləri var.

– Bir halda ki, siyahıya keçdiz, onda gərək hamısı haqqında danışaq…

– Əlifba sırası ilə, ya elə belə?

– Necə gəldi…

– Diqqətimi Eldar Həsənov çəkdi. Eldar Həsənov baş prokuror işləyəndə mən ondan “Azadlıq” qəzeti üçün 5 min dollar almışammış. Eldar Həsənov baş prokuror işlədiyi zamanlarda qəzetlərin o qədər də keçilməz maliyyə problemləri yox idi. O zamanlar iri qəzetlərin, o cümlədən də “Azadlıq”ın reklam tərəfdaşları vardı. Təsəvvür edin ki, Coca-Cola kimi iqtisadi nəhənglər də qəzetlərə reklam verirdilər. Satış da vardı. Amma hətta bütün bunlar olmasaydı da, o zaman mən heç “Azadlıq”da işləmirdim axı. Doğrudur, köşə yazıları verirdim. Həmin ərəfədə başqa layihələrim vardı. Jurnalist təşkilatları yaradırdıq. Sonra Əvəz Zeynallının redaktor olduğu qəzetdə çalışdım. Ondan əvvəl bir müddət “Ekspress”də çalışdım. Mən “Azadlıq”a qayıdanda Eldar Həsənov hansısa ölkədə səfir idi, açığı, heç yadımda da deyil ki, hansı ölkədə səfir idi. O zamanlar tez-tez dəyişən xarici işlər nazirlərini də yadda saxlamaq olmurdu, onda qalmış ki, hansısa ölkədə səfirin kim olduğunu yadda saxlayasan. Yadımda qalan bir səfri var, o da Hidayət Orucovdur. Qırğızstandakı səfir. Maraqlı diplomatdır. Bu siyahıda bir də Cavanşir Paşazadə var. Guya mənimlə görüşüb və əməlli-başlı müqavilə bağlayıb. Cavanşir Paşazadə ilə niyə görüşməli idim ki? O nəslin bir ağsaqqalı var, o da Allahşükür Paşazadədir. Elə onunla görüşərdim, söhbətimizin də üstündə bir halal sertifikat olardı…

– Amma Allahşükür Paşazadə vurulan məmurların siyahısında deyil axı… Onun adını niyə çəkiblər ki?

– Az əvvəl də dedim ki, baxır siyahını kim tutur. Allahşükür Paşazadəni vurmaq üçün İlham Əliyevdən göstəriş gəlməlidir. İnanmıram ki, indi belə bir göstəriş gəlsin. Amma hakimiyyətin daxilində min dənə konflikt mərkəzi var və bizə qarşı bu dezinformasiyaları yayan sayt da həmin mərkəzlərdən birinə bağlıdır. O mətbəxin söhbətlərindən yaranan təsəvvürlərlə də silahlanıb hücuma keçib. Hər halda, belə zənn edirlər ki, hücuma keçirlər. Məncə, gərək orda yazılaydı ki, mənim layihələrimə dəstək verənlərin arasında Mədət Quliyev, Fuad Ələsgərov kimi azman və səlahiyyətləri hələ də yerində olan dövlət məmurları var. Bunların adlarının olmaması mənə maraqlı gəlir. Normal məntiqlə məhz onlar öz yerlərini və reytinqlərini bu cür qorumağa ehtiyac duymalıdırlar. Axı, məsələn, yazıq Ziya Məmmədovun nəyinə lazımdır ki, özünü hansısa mətbuat vasitəsinin hücumundan qorusun. Lap bu yaxınlarda onu sıxıb suyunu çıxaranda bəyəm hansısa qəzetdə gedən yazılara istinad eləmişdilər? Hökumətin içindəki ziddiyyuətlər ümumi kassaya münasibətə və birinci şəxsin iradəsinə görə yaranır və həll edilir.

– «Xırdalar» da var. Onlar haqqında nəsə qeyd eləməyə ehtiyac varmı?

– İcra başçıları… Siyahını kirlətməsələr olmazdı də… Amma xırdalara qədər daha bir «böyük» qaldı axı. Keçmiş Təhsil naziri Misir Mərdanov. Misir Mərdanovu Bakı Dövlət Universitetində oxuduğum zamanlardan tanıyıram. Hətta Təhsil naziri qoyulandan sonra da bir-iki dəfə onunla görüşmüşəm. Yəni xüsusi olaraq deyil, elə belə. Səhv etmirəmsə, sonuncu dəfə 1999-cu ildə. O zamandan sonra Misir Mərdanovun heç xatirəsinə də rast gəlməmişəm. 2003-cü ildən üzübəri isə bildiyim qədər dövlət məmurlarının hamısına sərt bir göstəriş verilib: Nəinki siyasi müxalifətin tanınmış adamları ilə, hətta müxalifətdə olan yaxın qohumları ilə də əlaqələrini kəsməlidirlər. Nə toyda, nə yasda, lap belə ölkəni sunami də vursa, müxalif düşüncəli tanışları ilə üz-üzə gəlməməlidirlər.

Korrupsiyanı özləri üçün halal sayırlar

– Ancaq, ümumiyyətlə, sizin üzərinizə bu hücumlarda niyə maliyyə məsələlərini çözməyə çalışırlar ki?

– Bu düşərgənin həm yaralı yeri puldur, həm də mövcudluq forması puldur. Bir hakimiyyətin ki, siyasi əsası olmaya, inzibati əsasları yalnız zorun üzərində bərqərar ola, onlar başqa nə barədə düşünüb- danışmalıdırlar ki? Görünür, mənim də «səhvim» var. Bir-iki dəfə vurğulamışam ki, bizim media layihələrimizdə xarici mənşəli pullar yoxdur və bütünlükdə Azərbaycan mənşəli pullardan istifadə edilir. Ona görə də bunların gecələri gündüzlərinə qarışıb. Axtarıb tapmaq istəyirlər ki, hardandır axı. Bunlar bilirlər axı, bu hakimiyyətin nomenklaturasının kənarında Azərbaycan mənşəli pullar yoxdur. Ona görə də canavar kimi bir-birinin gözünün işçinə baxa-baxa yatıb-qalxırlar. Amma mən desəm ki, Turan TV-nin maliyyə mənbələrindən biri elə həmin saytın aid olduğu hakimiyyət qrupuna aiddir, onda özlərini necə hiss edərlər?

Bir səbəb də var. Bu hökumət, həqiqətən belə hesab edir ki, cəmiyyət hökumətin korrupsiyasını tamamilə qanuni sayır, bunu qəbul edir ki, elə bu şəkildə də olmalıdır və hakimiyyətdə olmayan, hakimiyyətə qarşı müxalifətdə olan birisinin maliyyə mənbələri elə bağlı ehtimallar, hətta tamamilə ağ yalan olsa da cəmiyyəti qıcıqlandırmalıdır. Mən də elan edirəm ki, birincisi, adını çəkməyi arzulamadığım həmin saytın dezinformasiyalarını cəmiyyət də elə dezinformasiya kimi qarşıladı. İkincisi isə, bizim cəmiyyətimiz əmin ola bilər ki, bizim media layihələri heç kimin maddi dəstəyinin müqabilində heç bir öhdəliyi qəbul etmir. Məsələ bu qədər bəsit və birmənalıdır.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button