UŞAQLIQ SEVGİLİMİN DANIŞAN KUKLASI

kuklaELŞAD BARAT

AYB Gənc Ədiblər Birliyinin, 
AMEA Gənc Alimlər Şurasının üzvü, 
“Qızıl qələm” media mükafatı laureatı,
şair-publisist 

Uşaqlıqda oxu kitabının bütün şerlərini əzbərləmişəm. Elə indi də hamısı yadımdadır. Bu şerlərin əksəriyyətini isə kəndimizin aşağı girəcəyində, sağ tərəfdə balıq belinə oxşayan dağda öyrənmişəm. Çünki, o dağın ətəyində sevdiyim qızgilin evləri var idi. Körpə hislərimin cücərtiləri həmin dağda şer əzbərləyərkən yaransa da, elə şer əzbərləyəndə də bitdi. Niyə bitdi? Indi deyəcəm. Mən hər dəfə oxu kitabını götürüb bizim də evə yaxın olan o dağa gedəndə uşaqlıq məhəbbətim də bir bəhanə ilə evdən çıxardı. Elə uzaqdan – uzağa danışıb dərdləşərdik. Bir-birimizi çox yaxşı başa düşürdük. Ürəklərimiz də bir döyünürdü. Amma bir gün mənim ürəyim tək döyünməli oldu o dağda. Çox gözlədim. Körpə məhəbbətim nə gəldi, nə də gələ bilmədiyi üçün bir işarə verdi. Bir neçə gün belə davam etdi. Axır öyrəndim ki, anası ona uzun saçlı, qapqara gözlü, danışan kukla alıb. Başı ona qarışıb. Məni unudub. Bir müddət keçdi. Bu dərd körpə qəlbimdə ağ kağız üzərinə çəkilən xətt kimi iz qoymuşdu. Bir gün təsadüfən iki adamın sürtünüb küçəcəyi nazik bir yolda rastlaşdıq. Bir əlində kiçik su vedrəsi, o birində həyatımda ən çox niftət etdiyim o danışan kukla var idi. Mən onun gözlərinə baxırdım. Amma o, hərdən mənə, hərdən də öz kuklasına baxıb gülümsəyirdi. Kuklasının gözləri hərdən açılır, hərdən bağlanırdı. Kipriklərinin bəziləri qopmuşdu, qaşları tamam yox idi. Bu kuklaya bir az da nifrətim oyandı. Elə istəyirdim ki, dillənəm, birdə gördüm ki, gombul anası ilə qonşuları əllərində qoşa vedrə bulağa gəlirlər. Elə bil məni tok vurdu. Çox qorxurdum anasından. Bir dəfə məni söymüşdü və əlinə düşsəm döyəcəyini demişdi mənə. Qorxu hisləri sevgi hislərimə qalib gəldi və dönüb dala baxmadan qaçdım. Daha nə kuklasını, nə anasını, nə də özünü görmədim.
Dünən avtobusda elə bil məni cin vurdu. Gözlərim indiyə qədər belə bərəlməmişdi. Bu ya bir qadın idi, yada kəndimizdəki sevdiyim o balaca qızın nifrət etdiyim kuklası. Gözlərimi sildikdən sonra kukla yox, insan olduğunu anladım. Amma inanın ki, kukladan fərqi çox az idi. Tökülmüş qaşlarının yerinə qələm çəkmişdi, yanaqları qıpqırmızı, dodaqları çevrilmişdi. Təxminən, 50-55 yaşlarında olardı. Birdən yerindən qalxıb gəlib mənim yanımda oturdu. Əvvəlcə qorxdum, sonra başa düşdüm ki, Günəş şüaları avtobusun sağ tərəfindən düşdüyü üçün onun parıldayan üzünü yandırırmış deyə yerini dəyişib. Avtobus getdikcə mən oturacağa sıxılırdım, Bakı küçələrinin unudulmaz yamalarına düşəndə isə dizim onun dizinə dəyirdi. Hərdən qorxa-qorxa da dönüb üzünə baxırdım. Yadıma doktor Moronun adasındakı heyvanabənzər insanlar düşdü. Amma belə bir sifəti hansı heyvanların calağından almaq olar bilmədim. Bunu doktor Morodan soruşmaq lazımdır.
Nəhayət ünvana çatdım və birtəhər sıyrılıb düşdüm həmişəki kimi bashabas olan avtobusdan. Dayanacaqdan evə qədərki yüz addımlıq yolda yüz varlığı xatırlatdı avtobusdakı o üz mənə. Birdən yadıma ilk sevdiyim o kiçik qızın nifrətəlaiq kuklası düşdü.
Əslində ümumi fikir versək çox qadınlar var ki, kəndimizdəki bulağın dar yolundakı o ilk və son dəfə görüb nifrət etdiyim kuklaya oxşayırlar. Ya bəlkə də, o kukla mənim sevgilimin olduğu üçün qarşıma çıxan bir çox qadınlar özlərini ona oxşadır. Daha bilmillər ki, mən bütün canlı və cansız kuklalara nifrət edirəm. Bu o demək deyil ki, ilk sevgilimi məndən ayırıb. Bu o deməkdir ki, kuklalar insanları insanlıqdan çıxarır.
Kukla qadınlara məsləhətim budur ki, nə insanabənzər kukla olun, nə kuklayabənzər insan. Elə özünüz olun. Allah sizi necə yaradıbsa elə də qalın. Qaşlarınız tökülürsə qələm çəkməyin. Dodaqlarınız nazikdirsə iynələyib şişirtməyin. Üzünüz ləkəlidirsə yarım kiloqram kremi dəriyə yedizdirməyin. Burnunuz uzundursa rəndələtdirməyin. Mən demirəm gözəlləşdirici vasitələrdən istifadə etməyin, edin, amma qaydasında, qədərində.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button