Vasif Talıbovun milyardlarının taleyi: özündə qalacaq, dövlətə qaytarılacaq? – Ekspertlərdən təklif

Naxçıvanda gedən proseslər rəsmi dairələr, deputatlar tərəfindən anti-korrupsiya əməliyyatı kimi təqdim edilir. Bunun siyasi proses olmadığı israrla bildirilir. Bir çox ekspertlər isə israrla deyirlər bu, siyasi məsələdir.

Məsələnin kökündə nə olmasına baxmayaraq, Naxçıvanda antikorrupsiya əməliyyatlarının keçirildiyi faktdır. Bu əməliyyatlar nəticəsində dövlətə milyonlarla manat ziyan vurulduğu müəyyən edildi. Muxtar Respublikada bəzi yüksək vəzifəli şəxslərin korrupsiya əməllərinə görə saxlanılması barədə yayılan məlumatların ardınca MR Ali Məclisin sədri Vasif Talıbova qarşı ağır ittihamlar səsləndirilməyə başladı.

Hazırda Muxtar Respublikada dövlət və milli təhlükəsizlik üçün hansısa risklər mövcuddurmu?

Məsələ ilə bağlı politoloq Vaqif Hüseyn Globalinfo.az-a bildirib ki, bu barədə indidən danışmaq tezdir. Çünki Vasif Talıbova qarşı hüquq mühafizə orqanları hər hansı fəaliyyətə başlamayıb:

“Gələcəkdə də belə bir hal üzə çıxarsa, bununla bağlı prokurorluq orqanları addım atacaq”.

Vəzifəli şəxslərin əldə etdiyi qeyri-qanuni vəsaitlərin geri qaytarılması məsələsinə gəlincə, V.Hüseynin sözlərinə görə, bunun üçün əvvəlcə hüquqi təqib başladılmalıdır. Bundan sonra ittiham olunan şəxsin milyardlıq sərvətinin olub-olmadığı üzə çıxarıla və bu vəsaitlərin milliləşdirilməsi işi aparıla bilər:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qanunsuz yolla əldə edilmiş əmlakların Azərbaycanın dövlət büdcəsinə qaytarılmasının yolları göstərilib”.

Vaqif Hüseynin bildirdiyinə görə, bu gün Naxçıvanla bağlı əsas diqqət Azərbaycan Respublikasının Konstitusiyasının Muxtar Respublika ilə bağlı müddəalarının və Naxçıvanın öz konstitusiyasının dəyişdirilməsinə yönəldilməlidir:

“Məsələn, Konstitusiyada Naxçıvanın ali vəzifəli şəxsinin Ali Məclis sədri (yəni Naxçıvanın qanunverici orqanının sədri) olduğu göstərilib. Fikrimcə bu, hakimiyyətlərin bölgüsü prinsipi ilə qatı ziddiyyət təşkil edir. Çünki parlament sədri daimi əsasda icraedici hakimiyyətin funksiyalarını daşıya bilməz”.

TNS.az saytının baş redaktoru Tural Səfərov isə bildirib ki, Naxçıvan MR-da baş verən hadisələr son günlərin ən aktual mövzusudur. O, bunu təbii saydığını deyib:

“Naxçıvan Azərbaycanın strateji bölgəsidir, Vasif Talıbov isə “5-ci kolon”nun iqtidar komandasında qalan sonuncu ən güclü fiquru, ən iri oliqarx-məmurdur. Ona görə də Vasif Talıbov ətrafında baş verən hadisələr hər kəsin maraq dairəsindədir. İndi hər kəsi bir sual düşündürür: uzun illərdir, Naxçıvanı korrupsiya bataqlığına çevirmiş, yanlış idarəçiliyi sayəsində Muxtar Respublikaya milyardlarla manat dəyərində ziyan vuran, bölgənin boşalmasına, mənəvi dəyərlərinin, tarixi abidələrinin məhv edilməsinə səbəb olan Vasif Talıbov cəzalandırılacaqmı? Hesab edirəm, Naxçıvanda aparılan araşdırmalar daha da dərinləşdirilsə, ciddi faktlar ortaya çıxacaq. Söhbət təkcə iqtisadi cinayətkarlıqdan getmir. Bölgədə milli təhlükəsizliyimizi, suverenliyimizi təhdid edən elə addımlar atılıb ki, onların bağışlanması, hesab edirəm, mümkünsüzdür. Fikrimcə, dövlətimiz Azərbaycan qanunlarına uyğun lazımi tədbir görəcək, Muxtar Respublikada büdcəni, Naxçıvanın sərvətlərini talayanlar mütləq qanunla cəzalandırılacaqlar”.

T.Səfərov Muxtar Respublikada dövlət və milli təhlükəsizlik üçün hansısa risklərin olmasından danışarkən ciddi bir narahatlıq olacağına inanmadığını deyib:

“Vasif Talıbov bu gün Naxçıvanda dövlətimiz üçün təhlükə yaradacaq addımlar ata bilməz. Əvvəla, orada fəaliyyət göstərən strateji dövlət orqanları artıq mərkəzi hakimiyyətin tam nəzarətindədir. Uzun illərdir Muxtar Respublika əhalisinə zülm edən, insanların hüquqlarının pozulmasına yönəlik qərarlar qəbul edən Vasif Talıbovun əhali arasında nüfuzu, imici də sıfırın altındadır. Buranın əhalisi milli təhlükəsizliyimiz üçün yarana biləcək risklərin qarşısını alacaq. Vasif Talıbovun komandasının üzvləri də əhalinin Prezidentin yanında olduğunu və Azərbaycan dövlətinin atdığı addımları görür. Ona görə də onun hansısa yanlış qərarının oradakı yüksək vəzifəli şəxslər tərəfindən icra ediləcəyinə inanmıram. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, orada dövlətimiz və milli təhlükəsizliyimiz üçün ciddi risklər mövcud deyil. Amma xarici amillər nəzərə alınmalı, müxtəlif ölkələrlə şübhəli əlaqələri olduğu bildirilən Vasif Talıbovun vəzifədən kənarlaşdırılması tezləşdirilməlidir. Əks təqdirdə, hansısa risklərlə qarşılaşa bilərik”.

Baş redaktor həmçinin qeyd edib ki, yəqin ki, Vasif Talıbovun öz adına hansısa bahalı əmlak, yaxud banklarda pul yoxdur:

“Amma hər kəs bilir ki, Naxçıvandakı korrupsiya mexanizminin başında Vasif Talıbov dayanıb, onun sərvəti milyardlarla ölçülür. Əgər bu sərvət rəsmi sənədlərlə onun, yaxud övladlarının adına deyilsə, bunu necə milliləşdirmək olar? Açığı mən bunun mexanizmini bilmirəm. Dünyanın müxtəlif ölkələrində başqa-başqa adamların adına Talıbovların əmlakları, sərvətləri var. Bunları necə müəyyənləşdirmək, necə əllərindən almaq olar? Gəlin açıq danışaq. Vasif Talıbov kimi qaranlıq əlaqələrə malik, milyardlarla dollar pulu olan bir adamın həbs edilməsi də asan məsələ deyil. Necə ki, bu sərvət ondadır, onu müdafiə edən, həbsinə mane olan qüvvələr tapılacaq.

Bu sərvəti o, könüllü şəkildə xalqa qaytarmalıdır ki, bunu da yəqin, etməz. Bilirik ki, Vasif Talıbovun övladları indiyədək qanunsuz işlərlə məşğul olub, korrupsiya zəncirinin həlqələri olan məmurlar göstərişləri onlardan alıblar. Onların həbs edilməsi üçün ciddi əsaslar var. Fikrimcə, hakimiyyət siyasi iradə nümayiş etdirib, Azərbaycan qanunlarına uyğun Vasif Talıbovun övladlarını həbs etsə, o, Azərbaycan dövlətindən və xalqından oğurlayaraq yığdığı sərvəti könüllü şəkildə qaytaracaq. Onun sərvəti kifayət qədər böyük vəsaitdir və həmin vəsaitlə Naxçıvanı bir neçə il dotasiya almadan saxlamaq, Qarabağın işğaldan azad edilmiş bir neçə rayonunu yenidən qurmaq mümkündür.

Dəfələrlə bildirmişəm ki, Vasif Talıbovun yeganə təhlükəli tərəfi əlindəki kapitaldır. Həmin vəsait gələcəkdə dövlətimizin hansısa formada sarsıdılması üçün istifadə edilə bilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button