XAÇ QAYINATASI

Rahat Əliyev

 Əlvida Silah-2

 Qazaxıstanlı partnyorları ilə işbirliyindən zərərli çıxan çox sayda digər biznesmenlərdən fərqli olaraq, Oleq Orlov güclü şəxsiyyət idi. Nə çoxmilyonluq sazişin batması, nə yaxın dostların yalanı, satqınlığı, nə əmlakının müsadirə olunması, nə də ki məhkəmə təqibləri onu qazax silah bazarından gözünü çəkməyə məcbur edə bilmədi.

Düşünürəm ki, məsələ bu beynəlxalq silah baronunun bizim respublikaya olan xüsusi sevgisində deyildi. Hər şey çox bəsit izah olunurdu: bizim ölkəmizdə heç kəsin uzun müddətdir ki, itirib axtarmadığı, pis qorunan, amma hələ də işlək vəziyyətdə olan külli miqdarda sovet hərbi texnikası var idi. Silahların sayı barədə rəsmi və qeyri-rəsmi məlumatlar arasında çox, bəzən də əməlli-başlı fərq görünürdü. Misal üçün birini nəzərinizə çatdırıram: qazax ordusunun silah-sursatı barədə statistik rəsmi məlumatlara görə altı yüz tank qeydiyyatda idi. Mətbuatda da çap olunan SSRİ-nin müdafiə nazirliyinin məlumatına görə isə, sovet ordusunun Şərqi Avropanı hay-küylə tərk etməsi zamanı bütün hərbi dəstləri ilə birlikdə altı minə yaxın hərbə yararlı tank Qazaxıstana yerləşdirilmişdi. Sovet İttifaqı dağıldıqdan sonra bu hərbi texnikanın hamısı elə ölkəmizin ərazisində də qaldı.

İkinci faktor isə belədir: burada, silah alverçisi Orlovun özünü suda balıq kimi rahat hiss etməsi üçün rejim hökm sürürdü. O, heç vaxt müntəzəm dövlət idarəçiliyi əlamətləri olan, idxala və ixraca nəzarət olunan, yüksək hakimiyyət dairələrinin nümayəndələri də daxil olmaqla, qanuna ciddi şəkildə riayət edilən ərazilərə “üzmürdü”. Öz aralarında müharibə aparan Efiopiya ilə Eritreya kimi ölkələrdə, İran və Çin kimi qapalı dövlətlərdə, öz-özlərini rəhbər seçənlərin hökmündə olan Syer-Lion və Anqola kimi ərazilərdə Oleq Orlov məğlubedilməz idi. Və lazım olan zaman onun səxavətinin hüdudu olmurdu.

İştirakçılarına bir iki milyon yox, onlarla, bəlkə də yüzlərlə milyonlar vəd edən növbəti sazişə görə, Orlov xırda şəxsi incikliklərin üstündən keçə bildi. O, qazax partnyorlarına onların etiraz etməyə həvəsi və gücləri çatmayacaq yeni bir təklif verdi.

Bu, müasir rus tanklarının Hindistana satılması barədə sövdələşmə idi. Şimali Koreya MİQ-lərindən fərqli olaraq bu sövdələşmənin aqibəti xırda qırıqlarla deyil, böyük qanla tamamlandı.

2000-ci il aprelin 14-ü gecə vaxtı Alma-Atanın əsas prospektindən bir məhəllə məsafəsində, küçələrin kəsişdiyi səssiz bir yerdə (Tulebayev və Vinoqradova küçələrinin kəsişdiyi yer), evinin astanasında Müdafiə Nazirliyinin “Qazspeseksport” RDM-nin baş direktoru Talqat İbrayev başından altı güllə ilə qətlə yetirildi. Killer çox ustalıqla davranaraq qurbanı yaşama şansından məhrum etmişdi.

Bu, növbədə olacaq bir neçə qətllərin, intiharların (hərçənd qətlə daha çox oxşayırdılar) və itkin düşmələrin ilki idi… Bu gün həmin hadisələrin qurbanları rahatca unudulub, icraçılar ya öldürülüb, ya da ki, qazax həbsxanalarının qalın divarları ardında yaxşıca gizlədilib. Əsas qəhrəmanlar isə cəmiyyətin hörmətli üzvləri rolunu oynamaqda davam edərək, həmvətənlərinə televiziya və ya mətbuat vasitəsilə öyüd-nəsihət verirlər.

İndi isə bir az əvvələ qayıdıb, öldürülən İbrayevin kimliyi və rəhbərlik etdiyi silah satışı ilə məşğul olan dövlət şirkəti barədə danışmaq lazımdır.

Həmin vaxt qəzetlərdə öldürülənin şəxsiyyəti barədə eyni səpgili, bir-birinə oxşar və heç də inandırıcı olmayan yazılar çox yazılırdı. Xüsusilə də dövlət mətbuatının jurnalistlərinin versiyasına əsasən, Talqat İbrayev qazax silah bazarının şəffaflığı uğrunda mübarizə apardığına görə müəmmalı bədxahlar tərəfindən məhv edilib. Müəmmalı bədxahlar rolu isə azad Qazaxıstanın və onun prezidentinin müxtəlif düşmənlərinə aid edilirdi.

Ən cəsur və vətənpərvər nəzəriyyəni isə Orlovun partnyoru, günahkar silah işbazı Petrenko irəli sürdü. Onun ehtimalına görə, İbrayevi qətlə yetirənlər güclü inkişaf etmiş Qazaxıstanı istəməyənlərdir. Yəni amerikalılar… Kənardan bütün bunlar əlbəttə ki, faciəli məhzəkə kimi görünürdü: qazax möhtərəmlərini və nailiyyətini hədələyən Amerika çox qəddarcasına tam ürəyindən zərbə vurur – Müdafiə Nazirliyinin silah ehtiyatı ilə alver edən şirkət direktorunu öldürmək üçün muzdlu qatil göndərir.

Əslində isə Talqat İbrayev Oleq Orlovun yaxın dostu və iş ortağı idi. Onlar o qədər yaxın idilər ki, Orlov öz sehrli çantasında saxladığı məxfi sənədlərin ən vacibi barədə sirrini ancaq ona etibar etmişdi. Bu, həmin dövrün silah bazarındakı böyük sifarişlərdən birinin sənədi idi və ən məşhur ölüm alverçiləri də onun izinə düşməyə can atırdılar.

Təbii ki, həmin sifariş sənədi Orlovun çantasında idi.

Söhbət nədən gedirdi: Hindistan böyük partiya müasir rus tankları T-75 almağa hazırlaşırdı. Müqavilənin ümumi məbləği 300 milyon dollar təşkil edirdi. Alıcı etibarlıdır, səxavətli ilkin ödəniş etməyə hazırdır və qalan hissəni  kreditlə ödəməyə qadirdir. Əsas problem o idi ki, belə böyük partiya tankların aparılması onsuz da partlayışa hazır qızğın bölgədə güc mütənasibliyini pozaraq rəsmi dairələrdə qaçınılmaz və xoşagəlməz nəticələrə səbəb olacaqdı. Məhz bu səbəbdən rus rəsmi dairələri birbaşa satışı inkar edərək, işlər yolunda getmədiyi təqdirdə məsuliyyəti üstünə yıxa biləcəkləri bir vasitəçi axtarırdılar.

Əlbəttə, vasitəçi də tez tapıldı.

Amerikada Ceyms Qif-fenin təntənəli “Qazaxqeyt” cinayət işində, rüşvət qalmaqalı ilə bağlı tələyə düşən Nazarbayev, doxsanıncı illərin sonu və yeni əsrin əvvələrində, nə vaxtsa Nobel mükafatı alacağına ürəyində böyük ümid bəsləyirdi. Və bunun üçün öz namizədliyini tərənnüm etdirmək məqsədilə aktiv şəkildə sülhməramlı işlərlə, daha dəqiq desək, bu işlərin qızğın təqlidi ilə məşğul olurdu. O, yəhudiləri müsəlmanlarla, indusları pakistanlılarla, israilliləri fələstinlilərlə, azərbaycanlıları ermənilərlə, ümumiyyətlə, onun öyüd-nəsihətlərinə qulaq asan hər kəsi bir-birilə barışdırırdı. Artıq bu gün hamıya aydındır ki, qayınatamın bütün sülhməramlı fəaliyyəti, münaqişələrin aradan qaldırılmasından tutmuş özünün ən müqəddəs arzusuna kimi sıfıra bərabər  nəticələndi. Amma həmin vaxt xeyriyyəçiliklə məşğul olma dəbinin ən qızğın dönəmi idi…

Bu dəb induslara uğurlu tank satışını əngəlləyə bilərdimi? Təbii ki, zərrə qədər də yox. Dünyaya sülh gərəkdir, amma üç yüz milyonu da küçədə itirən yox idi!..

Astanada çox diqqətli şəkildə sövdələşməyə hazırlığa başladılar. Orlov Qazaxıstana, öz sadiq dostlarının və partnyorlarının yanına gəlməyə artıq ürək eləmədiyi üçün əməliyyata rəhbərliyi etibarlı adamı Talqat İbrayevə həvalə etdi. O, həmin zamanların qeyri-müəyyən fəaliyyət göstərən uğurlu bir kommersiya adamı idi (bu gün belə təqdimat qəribə səslənsə də, o vaxt bu tip fəallara addımbaşı rast gəlmək olardı və Orlovun elçisi namizədliyi də heç kəsə təəccüblü gəlmədi).

Məhz bu müqavilənin həyata keçirilməsi üçün “Qazspeseksport” respublika dövlət müəssisəsi (RDM) yaradıldı və Talqat İbrayev direktor təyin edildi. Əminlik üçün müəssisəni birbaşa hökümət dəftərxanasına təhkim etdilər. Bu, mümkün ola biləcək bütün qanunların pozulması olsa da, hökümət dəftərxanasının rəhbəri Kanat Saudabayevin prezidentin iş yoldaşı, ortağı olması yazılan maddələrdən və paraqraflardan daha önəmli statusda idi. Əvvəllər sirk rəhbəri işləyən Saudabayevi hamı öz xeyrini güdən, qəpiyinin belə dalınca düşən və ona çatacaq pulu istənilən yolla qopardan bir adam kimi tanıyırdı.

Şimali Koreyaya MİQ-lərin çatdırılması ilə bağlı beynəlxalq qalmaqal hələ təzə-təzə sakitləşmişdi. Amerikalıların kəskin reaksiyasından qorxuya düşən rəsmi Astana bu tip problemlərə bulaşmamaq üçün səy göstərirdi. Ona görə də hökümət ölkə silahlarını kimə və necə satacağına ciddi nəzarət edirdi.

Düzdür, Amerika Amerikadır, amma üç yüz milyondan da keçmək olmur. Hələ Hindistan kimi hörmətli, sərbəst hərəkat lideri olan bir ölkə ilə əməkdaşlıqdan da xüsusilə… Hər hansı iflasa uğramış, müəmmalı, pullarından tutmuş hər şeyi şübhə doğuran ölkə deyildi ki…

Sxem belə idi. Müqaviləyə əsasən, Oleq Orlovun “Omarus” özəl firması tankların təchizatı üzrə haqları “Ulan” özəl şirkətinə verdi. “Ulan” isə bunun ardınca “Qazspeseksport” dövlət şirkəti ilə müqavilə bağladı. Bu konstruksiya mürəkkəb bir məsələni həll etmək üçün idi. Bir tərəfdən, son istifadəçiyə lazım olan sertifikat və lisenziyanın özəl firma tərəfindən alınması, digər tərəfdən də gələn gəlirin büdcədən kənar keçirilməsi mümkün deyildi. Gəlir də çox samballı bir məbləğ olacaqdı…

Məhz hadisələrin bu cür cərəyan etməsi həm müəssisənin özünü , həm də bir çox üzvlərini məhv etdi.

Hələ lap əvvəldə, ölməmiş ayının kürkünün bölünməsi zamanı hər şey yolunda gedirdi. Əsas odur ki, prezident bu dəfə də şifahi olaraq bu sövdələşməyə razılığılnı bildirdi. Tərəflərin haqq və öhdəlikləri barədə də hər şey aydın idi. Orlovun maraqlarını İbrayev təmsil edirdi. Qazax tərəfində isə paylaşım belə idi: ümumi rəhbərlik Saudabayevin simasında hökumət adminstrasiyasına tapşırılmışdı, diplomatik xoşagəlməz halların olmaması üçün Xarici İşlər naziri İdrisov cavabdehlik daşıyırdı. Qalan bütün texniki aspektlərə isə, MİQ-lərlə əməliyyatda ağzı yanan Altınbayevin başçılığı ilə müdafiə nazirliyi və general Tokpakbayev baxmalı idi.

Əlbəttə ki, çox adam yağlı tikədən bacardığı qədər qoparmaq istəyirdi. Kobud alman məsəlində olduğu kimi, “İki nəfərin bildiyini, hətta donuz da bilir”. Məsəl bu çox məxfi sövdələşmə haqqında söz-söhbəti dəqiqliklə təsvir edir. Astananın hakimiyyət dəhlizlərində bu haqda az qala süpürgəçilərdən başqa hər kəs danışırdı. Hamının induslar, satılacaq tanklar və onların qiymətləri barədə məlumatı var idi.

O zamankı statusumla əlaqədar olaraq təbii ki, mənim də bu sövdələşmə barədə hər şeydən xəbərim var idi. Və fikirləşirdim ki, bu fırıldaqları da əvvəlki kimi pis nəticələnək.

İbrayevin müavini keçmiş DTK polkovniki Anatoliy Adamov idi. Bu adam haqqında əfsanələr dolaşırdı. Onun həyatı çox faciəli olub – quldurlar onun həyat yoldaşını oğurlayaraq qətlə yetirib, cəsədini isə də Alma-Ata yaxınlığındakı Sayran gölünə atıblarmış. Adamov bu hadisələrdən sonra orqanlardan uzaqlaşdı. Fəaliyyətini gizli saxlamağa çalışdığı bir agentlik quraraq xüsusi xəfiyyə kimi fəaliyyət göstərməyə başladı. Başlanğıcda DİN əməkdaşları ilə birgə işə başlasa da, onların qeyri-peşəkarlığını və ucdantutma hamısının satılmış olduqlarını görərək, dövlət təhlükəsizliyi orqanları ilə əlaqələrini yenidən bərpa etdi. Adamovun rus Mərkəzi Kəşfiyyat İdarəsi ilə də əlaqəsi olduğu məlum idi. Onun, həyat yoldaşının qatillərini tapıb özü cəzalandırdığı barədə şayiələr gəzirdi. Hər dəfə Alma-Ata dağlarında naməlum cəsəd tapılanda, keçmiş zabitin öz həyat yoldaşının qisasını aldığı şayiəsi yayılırdı.

Tezliklə İbrayevin ikinci müavini də peyda oldu. O, DTK-nin keçmiş polkovniki, milli təhlükəsizlik orqanlarından xaric edilən və Çin istiqamətində kəşfiyyata cavabdeh olan Ers Kaşkarov idi. İşdən azad edildikdən sonra o, həm “Barlau” xarici kəşfiyyat xidməti ilə, deyilənə görə, həm də rus Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrini saxlayırdı. Hazırlığı gedən bu sövdələşməyə yaxından-uzaqdan kimin aidiyyəti var idisə, hamı bilirdi ki, Kaşkarovun “Qazspeseksport”–a direktor müavini təyin olunmasında keçmiş DTK sədri, indiki müdafiə naziri Sat Tokpakbayevin böyük əməyi var. O, dövlət katibi Kanat Saudabayevin yaxın qohumu idi və hər ikisi də Alma-Ata ətrafındakı Uzun-Ağac kəndindən gəlmişdilər.

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button