Xaç Qayınatası XI yazı

Rahat Əliyev

Siz İnsan Haqları üzrə Avropa Məhkəməsinə də güvənə bilməzsiniz. Baxmayaraq ki, torpaqlarımızın 12 faizi Avropada yerləşir. Nazarbayev Avropa Şurasına girmək istəmir. Mən bizim futbolu UEFA – Avropa futbol ailəsinə inteqrə edə bildim. Çünki həm azarkeşləri, həm də futbolçuları sevindirmək istəyirdim. Ancaq mənim əski qayınatamı “Avropa” və “qərb” sözləri heç zaman şad etməyib.

Rusiya vətəndaşlarının Strasburq məhkəməsində şikayətlərinə baxılması haqları var. Əlbəttə, onlar BMT-də, Cenevrədə yerləşən insan haqları məhkəməsinə müraciət edə bilərlər. Ancaq 2007-ci ilin axırında Nazarbayev işgəncələrə qarşı mübarizə deklorasiyasına, insan haqlarına imza atdı. Bəs onlar necə həyata keçirilir? Heç necə…

Əlbəttə, insan haqları ilə bağlı vəziyyət heç də öz-özünə belə bərbad olmamışdır. Bu hal Nazarbayevin gecə-gündüz davamlı surətdə apardığı siyasətin nəticəsi idi. Bizim dövlətdə yaşayan hər bir insan – istəyir varlı, ya kasıb, istəyir tanınmış və yaxud adi adam olsun, bilməlidir ki, onun taleyi birbaşa İosif Vissarianovic, üzr istəyirəm, çaşdım, Nursultan Abişeviçin əlindədir.

Bu modernləşdirilmiş Stalin cəmiyyətini qurmaq üçün Xaç Qayınatasına 19 il qeyri-legitim hakimiyyət lazım olmuşdu. Bilirsinizmi, siz paytaxtın 1000 kilometrliyində şaxtaçı ola bilərsiniz, ya da ki nazir, biznesmen, lakin sabah bu sistem sizə qarşı çevrilsə, onda sizi ya prezident, ya da ki xaricə bir təyyarə bileti qurtara bilər.

Əlbəttə, özün-özünü sakitləşdirmək üçün deyə bilərsən ki, bizdə milyonlarla adamı zindanlara və lagerlərə salmırlar. Ancaq biz bu məsələyə başqa bucaq altında da baxa bilərik; nəyə görəsə azadlıqda olanlarla zindanda olanların nisbətinə görə, Qazaxıstan dünyada qabaqda gedən 3 dövlətdən biridir. Bütün başqa humanitar inkişaf göstəriciləri üzrə ən yaxşı halda biz yüzlüyə daxil ola biləriksə, zindanda yaşayanlara görə biz birinçi üçlükdəyik. Niyə? Ona görə ki, qazaxlar dünyada ən cinayətkar millətdirmi? Yox. Ona görə ki, ölkədə Stalinin repressiya sistemi qurulub.

Başdan-ayağa korrupsiyaya uğramış, ancaq cəzalandırıcı funksiyalarından istifadə edən məhkəmə sisteminin nə qədər günahsız adamı dəmir barmaqlıqlar arxasına atdığını bilsəniz, onda vəziyyətin necə bərbad olduğunu görərsiniz. Düzdür, biz Stalin vaxtlarındakı qədər insanı repressiyaya uğratmamışıq, ancaq o sistem tam dəqiqliyi ilə Nazarbayev tərəfindən yaradılıb. Əgər press-maşın düzəldilibsə, onun sürətli işləməsi onu sazlayandan asılıdır.

Bütün mərkəzi Asiya diktatorlarının eyni olan xasiyyəti kimi, Nazarbayev də eyni həyat kredosu ilə yaşayır – bir seçkidən o biri seçkiyə qədər. Seçki günü yaxınlaşdıqca biz prezidentdən boş, sosial proqramlarla bağlı yalançı vədlər eşidirik. Düzdür, bunların bəzisi tezbazar həyata keçirilir, hətta seçki kampaniyasının elə bir etapı gəlir ki ki, prezident həqiqətən də öz prezident funksiyalarını yerinə yetirir, nəinki dövlətin içində olan mafiya babalığını. O, xalqın necə yaşadığı ilə maraqlanır, TV-lərdə çıxışlar edir, çörəyin qiymətini öyrənir.

Ancaq seçki arxada qalan kimi, yenidən “kəmər”lər sıxılmağa başlayır. Axı, ona hələ 7 il hökmdarlıq vaxtı verilib, ona görə də birinci iki il nə istəsən etmək olar. Sonrakı 5 ildə hər şey yaddan çıxacaq və yenidən seçkiyə getmək daha da asanlaşacaq.

Zamanbəy Nurqadilov və Altınbəy Sarsanbayev də seçki qabağı və seçki qurtarandan sonra öldürülmüşdülər.

Prezident bilə-bilə qorxu cəmiyyəti qurmuşdu, bu, onun çox istəyərək getdiyi hədəf idi. 1990-cı illərin ortalarında cəmiyyət hələ azadlığın məstedici havası ilə nəfəs alır, demokratiyaya inanırdı, ona görə də tez bir zamanda bizi totalitar rejimin boyunduruğuna salmaq mümkün deyildi. Bizdə hələ müstəqil mətbuat və işləyən azad parlament var idi. O zaman prezident parlamentə öz spikerini belə keçirə bilməmişdi.

Ona görə də doxsanların əvvəllərində, birinci parlamentin qovulmasından əvvəl, Nazarbayev çox asta, lakin dəqiq və ardıcıl hərəkət edir, bizim azadlıqları bir-bir əlimizdən alırdı ki, ümumi mənzərədə bu, hiss olunmurdu. Lap qurbağaların günündə idik – əgər onu qaynar suya atsaq, o dəqiqə tullanıb çıxar, lakin onu soyuq suya qoyub asta-asta qızdırsaq, ölər. Bax biz asta-asta qızdırılan o fransız qurbağasının rolunda olduq.

Soruşa bilərsiniz ki, axı bu, prezidentin nəyinə lazımdır? Hər şey bir məqsədə qulluq edir – hakimiyyəti əldə saxlamaq. Heç də ağılsız olmayan birisi kimi Nazarbayev başa düşürdü ki, gec və ya tez onun bu populyarlığı keçib gedəcək. Buna görə də xalqın köməyinə ümid etmək çox riskli bir işdir. Bu gün səni sevirlər, sabah isə bütün günahların baiskarı sən olacaqsan. Demokratik standartlara da maneədir, çünki bu standartlara görə, Xan taxtında ancaq 2 dəfə oturmaq olar.
Ona görə də Nazarbayevin risk etməmək üçün bir yolu qalırdı, mükəmməl bir seçki saxtakarlığı sistemi qurmaq. Bu sistemin işləməsi üçün bütün vətəndaş haqları ləğv edilməli, qorxu atmosferinin hökm sürdüyü bir mühit yaradılmalıydı.

2007-ci ildə dairə qapandı; Nazarbayev özünü o dərəcədə güclü hiss etdi ki, bütün maskaları atdı və özünü ömürlük prezident təyin etdi. Artıq o, demokratiya oyunlarına son qoyaraq parlamenti ancaq öz partiyasının üzvlərindən formalaşdıra bilərdi.

Onun ən çox arzuladığı bu hədəfə gedən yolda Xaç Qayınatası öz ailəsinin belə üstündən addımlayıb keçdi. Elə alındı ki, ona maneə olan biz ikimiz idik. Dəriğə özünün “Asar” partiyası ilə (o, çox populyarlaşmışdı) və mən Nazarbayevin nəzarətindən kənarda olan “Karvan” qəzeti və KTK telekanalı ilə. Axırı necə oldu, siz artıq bilirsiniz. Qızından partiyanı aldı, məndən medianı və yolüstü bizim evliliyimizi də məhv etdi. Bu siqnalı hamı başa düşdü – prezident yolunda dayanmaq təhlükəlidir! Bu elektrik şitinin üstündəki yazıya oxşayır: “Yaxınlaşma – öldürər!”

İndi Qazaxıstanın birinci prezidentinin ömürlük hakimiyyəti dövlətin əsas qanun məcəlləsi olan Konstitusiyada təsbit edilib. Artıq Nazarbayev üçün gələcək seçkiləri ştamplamaq-saxtalaşdırmaqda heç bir çətinlik yoxdur.

Əgər siz bu günə qədər fikirləşirsinizsə ki, seçki zamanı verdiyiniz səs kim tərəfindənsə sayılacaq, çox səhv edirsiniz. Siz seçki məntəqələrinə gələndə böyük bir tamaşada – hansının ki adı “Qazaxıstanda seçkilər”dir – adi bir aktyor rolunu oynayırsınız. Sizdən bir “şirma” kimi istifadə edirlər; jurnalistlər və müşahidəçilər görürlər ki, məntəqələrdə çoxlu adam var, deməli, kimisə seçirlər…

Saxta səsləri istehsal edən və sayan maşın gecənin qaranlığında və tam məxfilik şəraitində işləyir. Bu mexanizm sadəliyi və maksimal mənəviyyatsızlığı ilə onun effektivliyini daha da artırır. Əgər seçkiləri ləğv etmək olmazsa, deməli, onu saxtalaşdırmaq lazımdır. Sadəcə, seçki zamanı bir dəstə bülleten ataraq namizədin reytinqini qaldırmaq çıxış yolu deyil, gərək lazım olan qədər seçki bülleteni çap olunsun.

“Ucuz, praktik, sağlam” – bunu sovet kinosunun qəhrəmanı Anatoliy Papanov deyib. Ola bilər o qədər də ucuz deyil (seçkilərin saxtalaşdırılmasına milyonlarla büdcə və qara, çirkli pullar xərclənir), amma şübhəsiz, praktik və sağlamdır.
Ümumi seçkilərin keçirilməsi ilə bağlı prezident qarşısında məsuliyyəti prezident administrasiyasının rəhbəri şəxsən daşıyır, amma bu seçkilər zamanı bülletenlərlə edilən fokuslara isə məsul şəxs onun təşkilatı və regionlarla işlər üzrə müavinidir. Axırıncı prezident və parlament seçkilərini, hansında ki qələbə təkbaşına “Nur Otan”a (Prezident partiyasi) verildi, prezident administrasiyasının şefi Adilbəy Caksıbəyov (o zaman o, hələ partiya sədrinin birinci müavini təyin olunmamışdı) və onun müavini Nurlan Niqmatulin keçirdi. Texniki planda hər şey əla keçdi. Hətta Avropa parlamentinin ələ alınmış bir dəstə müşahidəçisi bu tamaşaya “Qazaxıstanın demokratiya yolunda daha bir addım irəlilədiyi” qiymətini verdi. Niqmatulin əla keçirdiyi işin müqabilində təbii olaraq öz bəxşişini aldı. O, Karaqandaya hakim-qubernator təyin edildi. Nazarbayev özünə xeyirli olan saray adamlarını mükafatlandırmağı unutmur – xüsusən dövlət hesabına…

Dövlət cinayətinin (səsləri saxtalaşdırmaq) dəlil-sübutu olan seçki bülletenlərinin hamısı seçkidən bir ay sonra tam məxfilik şəraitində prezidentin mühafizə xidməti və MTK-nın işçiləri tətəfindən məhv edilir. Bu gün siz nə 1995-ci il referendumunun (hansında ki Nazarbayev öz prezident səlahiyyətlərini 4 il daha uzatdı), nə 1999-cu il seçkilərinin (hansında ki, kütləvi surətdə saxta bülletenlərin dəyişdirilməsinə start verildi), nə də 2004-2007-ci il parlament seçkilərinin bir bülletenini belə tapa bilməzsiniz.

Artıq 2005-ci ilin prezident seçkilərinin bütün saxtakarlıqlarının izləri (bu seçkilərdə Nazarbayev özünə 91 faiz səs yazdırmışdı) məhv edilib, 2007-ci ilin parlament seçkilərinin bülletenləri də sobalarda yandırılıb.

Sübut yoxdursa – cinayət də yoxdur. Sistem gələcək saxtakarlıqlara hazırdır.

Mən Nazarbayevin maşınının necə işlədiyini 1999-cu il prezident seçkiləri zamanı öyrəndim. O zaman mən Milli Təhlükəsizlik Komitəsinin Alma-Ata departamentində terrorist və casuslarla məşğul olurdum. İş həddən artıq çox idi, çünki xüsusi xidmət orqanları müasir təhlükələrə cavab verə bilmirdi. Terroristlər sakitcə Alma-Atanın mərkəzində ev kirayə edirdilər, Əfqanıstandan gələn heroin sel kimi bizim sərhədlərdən Avropaya və Rusiyaya keçib gedirdi.

İlin bu qızğın vaxtında birdən mən bütün diqqətimi seckilərə ayırmaq şərti ilə Nazarbayevdən Zaqip Balıyevlə (Mərkəzi Seçki Komissiyasının sədri ilə) birbaşa işləmək əmri alıram… Mən MSK sədri Zaqip Balıyevlə və prezident administrasiyasının rəhbəri Əlixan Baymenovla birbaşa işləməyə başladım. Niyə? Dövlət əhəmiyyətli bir işdir, qalanını mənə “Kurator”lar bildirəcək.

“Qalanı” məni şoka saldı.

Alma-Atadan regionlara MTK-nın işçiləri – kuryerlər yekə, möhürlənmiş “Samsonayt” çemodanları ilə – hansılarının ki içləri saxta bülletenlərlə dolu idi – çıxırdılar. Bu bülletenlər “Dauir” tipoqrafiyasında çap edilirdi. Kuryerləri getdikləri məntəqələrə xüsusi carter reysi ilə YAK-40 təyyarələri catdırırdı. Bu aviakompaniyalar prezidentin xəzinədarı Vladimir Ni-yə məxsusdur.

MTK bu kuryerlərin sağ-salamat, macərasız hakim-qubernatorlara yetişmələrinə və onlara məxfi sənədləri vermələrinə cavabdeh idilər. Heç kim özünü qəribə aparmamalı, təsadüfən bu “saxta” bülletenlər özgə adamların əllərinə düşməməli idi. “Sirr”dən xəbərsiz olan adamlara çemodanlarda Milli Bankın pulları olduğunu deyirdilər. Mən prezidenti inandırmaq istəyirdim ki, o, ən populyar siyasətçidir, ölkədə reytinqinə görə öz rəqiblərini çox geridə qoyur, ona görə də azad seçkidən qorxmamalıdır. Mən elə fikirləşirdim ki, seçim xalq gücü ilə məmurların gücü arasında edilməlidir. Mən onun beynəlxalq müşahidəçilərin qeydlərinə çox önəm verdiyini bildiyim üçün ona xalqın dəstəyinə arxalanmağı təklif edirdim.

Seçicilərin etibarı siyasətçiyə inam və stimul verir. Seçkilərdə doğru və dürust qələbə qazanmış siyasətçi, reformaları həyata keçirə, məmurları istədiyi kimi dəyişdirə, professionalları haqq etdiyi vəzifələrə təyin edə bilər. Yoxsa hökümət, vəzifələri etdiyi saxtakarlıqlar müqabilində kimlərəsə verməlidir.

Saxtakarlıqla nail olunmuş qələbə “Pirr qələbəsi”nə bənzəyir. O, siyasətçini dövlət maşınının köməyi ilə saxta qələbə çaldığı sistemin girovuna çevirir. O, bütün cinayətkar dəstənin üzvlərinin mənafeyi haqqında düşünməlidir – kuryerlərdən təşkilatçılaradək. O, bütün hakimiyyətinin qeyri-legitimliyini gizlədib saxlamalıdır.

Mənim arqumentlərim prezidenti inandırmadı. Əslində, mən o zaman onun hakimiyyət hərisliyini qiymətləndirə bilməmişdim. Mənə elə gəlirdi ki, onun əsas iddiası tarixə Qazaxıstanda reformaları həyata keçirən və vətəndaşlarının həyat səviyyəsini yüksəldən bir prezident kimi düşmək arzusudur. Əslində, prezident kreslosu onun bu arzularını həyata keçirmək üçün gözəl bir fürsət idi. Amma sonra başa düşdüm ki, əsl arzu kreslonun özü idi. “İmic – heçdir, hökümət hərisliyi – hər şeydir. Qoyma o soyusun.”

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button