Yaşasın korrupsiya!

Azər Qaramanlı

pia.az saytının redaktoru 

Müxalifətin İnqilab həvəsi, hakimiyyətin isə korrupsiyaya qarşı mübarizə aparmaq həvəsi bitdi. Hər halı ilə görünən budur. İnqilab ab-havasından geriyə qalan isə 20-yə qədər insan-vətəndaş haqqında açılan cinayət işidir. Yüzlərlə adam isə döyülüb-söyüləndən, yəni sümüklərinə qədər təhqir olunandan sonra evə buraxıldılar. İndi onlardan inqilab dönəminin ab-havasından qalan xatirələrini soruşmaq, onları yenidən söymək kimi bir şeydir.

Əslində, bizim «inqilabçı» müxalifət liderlərinin ərəb inqilablarından həvəslənib bir atımlıq barıtlarını havaya buraxmaları onlara inanan, ya da inanmayıb küçələrə Azərbaycanda dəyişiklik perespektivlərini arayan insanların xəyallarını bir daha öldürdü.

Hakimiyyətin antikorrupsiya kampaniyasından geridə qalan isə beş-altı kiçik məmurun qollarına qandal vurulması oldu. Bu bədbəxt məmurların hansından soruşsan ki, sən korrupsiya ilə niyə məşğul olurdun, adam yazıq-yazıq sənin üzünə baxıb deyəcək ki, bu ölkədə korrupsiya ilə məşğul olmayan bir Allah bəndəsi tapıb mənə göstərə birləsən? Sonra da əlavə edəcək ki, niyə mən?

Doğrudan çətin sualdır. Çünki az qala evdar qadınların da korrupsiya ilə məşğul olduğu Azərbaycanda korrupsiyaya görə adamı həbs etmək ən böyük absurddur. Bunu aksioma kimi də qəbul etmək olar.

Amma qəza-qədərdən beş-altı adamın alnına korrupsioner damğasını vurub içəri atdılar. Çünki kampaniya qurban tələb edirdi. O bədbəxtlər də qurban tələbatının qurbanı oldular.

Bu, öz yerində. Amma doğrudanmı Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq olar, ya yox?

Qəliz sualdır. Ən azından ona görə ki, bu sualın cavabını nəzəri cəhətdən vermək belə o qədər də asan məsələ deyil və çox əhəmiyyətsizdir. Tutaq ki, Saakaşvili Gürcüstanda hakimiyyətə gəldi və nəzəri cəhətdən deyil, əməli şəkildə isbat elədi ki, Gürcüstanda korrupsiyaya qarşı mübarizə aparmaq və ciddi nəticələr əldə etmək olar.

Azərbaycanda isə bu zordan zor işdir. Çünki Azərbaycanın mental dəyərləri artıq çoxdan korrupsiya fışqırır. Adi məntiqlə bu hakimiyyətin korrupsiyaya qarşı mübarizə aparması, özünə qarşı mübarizə aparması deməkdir. Bunun əksinin isbatı yoxdur.

Bu rejimin təməl anlayışı korrupsiyadan ibarətdir ki, bu anlayışı dəyişən zaman bu hakimiyyətdən heç bir şey qalmaz. Azərbaycanda yuxarı eşalonunda korrupsiya hər nə qədər böyükdürsə, aşağı eşalonda da bir o qədər aktualdır. Sıradan hər bir vətəndaş Azərbaycanda korrupsianın var olduğuna görə hələ ki, yaşamaqda davam edir. Korrupsiya olmadığı şəraitdə milyonlarla insanımızın acından öləcəyi faktdır. Sabahdan axşama qədər analoqu olmayan inkişafdan danışanlar heç fərqinə varmırlar ki, bu ölkənin müəllimi 200 manat maaş alır. Həkimləri də elə. Xəstəxanada yarımştat işləyən süpürgəçi isə 50 manat alır. Müəllimin bir aylıq maaşının yarısı normalda avtobus puludur. Bu hakimiyyət hələ də özünə sual vermir ki, ətin kilosunun 10 manat olduğu bu ölkədə müəllim necə olur ki, hələ də ölməyib?

Müəllim ölmür, hətta korrupsiyanın hesabına bu rejimin arxasında təməl betona çevrilir. Çünki müəllim yaxşı bilir ki, korrupsiya olmayacaqsa, o acından ölənin biridir. Həkim də elə. Hətta xəstəxananın qapıçısı da elə.

Ona görə də koorrupsiya bu rejimin yaşamasını təmin edən təməl faktordur. Bu hakimiyyəti 7 canlı edən də məhz bu faktordur.

Amma yenə də oturub düşünmək lazımdır. Bizim dəyişmək imkanımız nə qədər mümkündür? Ən azından özümüzü, ölkəmizi və dövlətimizi xilas etmək üçün. Məncə dəyişmək imkanımız sıfırdan aşağıdır. Ona görə ki, bizim psixologiyamızda axara qoşulmaq instinkti bütün instinktlərimizdən güclüdür.

Biz o qədər ağıllıyıq ki, heç vaxt axara qarşı getmərik. Sadəcə düşünərik ki, qoy axara qarşı başqaları getsin. Axar yön dəyişdiyi zaman mən də yeni axara qoşularam. Belə bir mühitin içində dəyişimə nail olmaq imkansız və imkansız olduğu qədər də absurd məsələdir.

Bu arada, etiraz aksiyalarının təşkilatçıları olaraq həbs olunanların da axara qarşı getdiklərini zənn etmirəm. Məsələ orasındadır ki, həbs olunan korrupsioner məmurlar kimi, etirazçı müxaliflər də qəza-qədərin qurbanlarıdır.

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button