Yazıçının siyasəti

Məşhur türk yazıçısı Əlif Şəfəq müsahibələrindən birində yazarların siyasətlə məşğul olmalarını düzgün hesab etmədiyini, qələm sahiblərinin ayırmaq yox, birləşdirmək funksiyasını həyata keçirmələrinin daha doğru olacağını bildirmişdi. Nəzərə alsaq ki, tarix boyu ədəbiyyat adamları bir çox hallarda siyasətlə fəal məşğul olmuşlar, o zaman bu fikir bir az ziddiyyətli görünə bilər. Biz də bir neçə yazardan bu məsələ ilə bağıl fikirlərini öyrəndik.

Daha çox siyasi yazıları ilə tanınan Murad Köhnəqala Əlif Şəfəqlə razılaşmadığını deyir. “Yazıçı dolayı yolla da olsa siyasətlə məşğul olmalıdır. O, cəmiyyətdə baş verənləri izləməli, ictimaiyətlə əlaqəli yazmalıdır. Əslində, ətrafımızda baş verən bütün hadisələr birbaşa olmasa da, siyasətlə bağlıdır. Yazıçı deyə bilər ki, mən siyasətə qarışmıram, yalnızca vətən sevgisindən, insanların təfəkkürünün inkişafından ötrü yazıram. Bunun özü də siyasətlə məşğul olmaqdır”. Bununla yanaşı, Murad Köhnəqala yazıçının hansısa partiya üzvü olmasını düzgün hesab etmir. “Yaradıcı insanın partiya üzvü olması onda ölçülər, çərçivələr yaradır. Ancaq yazıçının, şairin öz nizamnaməsi olmalıdır. Yaxşısı budur ki, o, heç bir partiyanın üzvü olmasın.”

Musavat.com saytının redaktoru Xalid Kazımlı da yazıçının siyasətlə maraqlanmasının tərəfdarıdır. O düşünür ki, bu, nəinki yazıçının yaradıcılığına təsir göstərəcək, əksinə, onun yaratdığı əsərlər siyasətə təsir göstərir. “Ədəbiyyat adamı siyasətlə məşğul deyilsə, demək, şou-biznesdədir. Siyasət yazıçının fitrətindədir, ancaq ola bilsin ki, onlar hər hansı bir partiyanın üzvü olmasın. Amma bir ziyalı kimi müstəqil şəkildə siyasətlə məşğul olmalı, siyasətin fövqündə dayanmalı, arbitrlik etməlidir. Markes Pinoçetə etiraz edərək bir daha roman yazmayacağını demiş, bununla da Latın Amerikasını ayağa qaldırmışdı. Bu yaxınlarda da onun həmyerlisi Lyosa prezidentin fərmanını geri oxutdurdu. Axtarsan, böyük yazıçıların hamısının siyasətə müdaxilə etmələri barədə faktlar tapmaq olar – Heminqueydən tutmuş ta Orxan Pamuka qədər.”

Tanınmış şair və yazıçı Əjdər Ol tarix boyu ədəbiyyat xadimlərinin həmişə siyasətin içində olduqlarını və tarix boyu bunun onlarla nümunəsinin mövcudluğunu söylədi. Onun sözlərinə görə, bəzi hallarda yazarlar özləri istəmədən siyasətin mərkəzində olurlar. Müasir dövrdə ölkəmizdə yazıçı və şairlərin qonorar hesabına yaşamalarının çox çətin olduğunu bildirən həmsöhbətimiz qələm sahiblərinin müxtəlif fəaliyyət növləri ilə məşğul olduqlarını qeyd etdi və bunu adi qarşıladığını bildirdi.

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button