Zəyəm-Cırdaxan bələdiyyəsi kənddə at oynadır!

Məhərrəm Şəmkirli

Bir payız günündə kəndimə getdim

Bu günlərdə kəndimə getmişdim. Bu dəfə kişisi olan kəndimə. Kişisi olan kəndimə ona görə yazıram ki, yayda kəndim haqqında «Xural»da «O mənim kəndimdir, kişisi yox!» başlıqlı yazı yazmışdım. İndi isə payızın son ayıdır və Rusiyada soyuqlar düşdüyünə görə, kəndçilərim müvəqqəti evlərinə dönmüşdülər. Havalar istiləşəndə isə geri dönəcəklər. Eynən durnalar kimi. Yenə kəndim qalacaq kişisiz. Yenə hərdən çalınacaq toylara qadınlar, uşaqlar gedəcək, yenə dünyasını dəyişənlər qəbir evinə qocaların çiyinlərində gedəcəklər. Yenə pozulacaq kəndin dədə-baba qanunları, yerli yerində olmayacaq. Yenə gözlər uzaq şimala dikiləcək, çörək, dava-dərman, toy, yas pulu gələcək deyə. Beləcə, Zəyəm-Cırdaxanlılar yollara baxa-baxa toya gedəcəklər. Və beləcə, yollara baxa-baxa ölən olacaq, qalansa baxmağında davam edəcək.

Bir payız günündə kəndimə getdim. Nələr gördüm. Nələr eşitdim? Bax, bunları dəyərli «Xural» Oxucularına çatdırmaq istəyirəm.
Zəyəm-Cırdaxan kəndi dağ ətəyi kənddir. Barlı-bəhərli bağları var. Adamları da qoçaqdırlar. Daim əlləri torpaqdadır, torpağı sevirlər. Bu sevgi müqabilində torpaq da onları dolandırır. Kəndimə bu dəfəki gedişimdə mənə aydın oldu ki, Zəyəm-Cırdaxanlıların ən çox sevdikləri fəsil payız fəslidir. Bunun da səbəbi odur ki, uzaq Rusiyadan doğmalarının yanına dönürlər. Ata, ana, oğul-uşaq qayğısı çəkirlər. Evlənməyənlər evlənirlər. Ev-eşiyi tam qaydaya sala bilməyənlər isə nişanlanıb toyu növbəti payıza saxlayırlar.
Oğulların, kişilərin kəndə dönüşü valideynləri, qohum-əqrəbanı, arvad-uşağı sevindirir. Hamının üzündə sevinc, təbəssüm görünür. İnsanlar doğmaları ətrafında gəm olanda özlərini xoşbəxt və bəxtəfər hiss edirlər.

Bu payız günlərində doğma elimdə nə qədər nişanlar, toylar gördüm. Bax, budur insanları həyata bağlayan, ondan zövq aldıran, yaşamaq, qurmaq eşqini artıran. Amma çox təəssüf ki, bunlar Zəyəm-Cırdaxanlılar üçün bir neçə aylıqdır. Payız, qış ömürlərin başa vuracaq, yaz gələcək. Və bir neçə ay öncə doğmalarının yanına dönən «durna qatarı» yenidən Rusiyaya – çörəyi çıxan ölkəyə yol alacaq. Yenə analar, atalar oğulsuz, qadınlar ərsiz, kənd kişisiz qalacaq. Enən ikinci dünya müharibəsində olan kimi. Budur Azərbaycan insanının ömür-günü…
Gördüklərim haqqında çox yazıb dəyərli Oxucuları yormaq istəmirəm. İstəyirəm kənd camaatından eşitdiklərimi (doğru-dürüst, qeybətsiz) yazam. Və yazam ki, ölkəmizdə hansı qanunsuzluqlar, özbaşınalıqlar, mənəm-mənəmliklər baş verir. Bəzən bu haqsızlıqları camaat dövlət strukturları qarşısında dilə gətirmirlər. Ya qorxurlar, ya da kənd yeridir, üz-üzə gəlməkdən abır-həya edirlər. Amma nahaq. Abrı abırsızdan nə qədər gözləmək olar?!

Kənddə camaat danışır ki, kolxoz, sovxoz dağılanda bizlərə də pay torpaqları verdilər. Vallah, billah verməsəydilər ondan yaxşıydı. Etiraz edib deyə bilərlər ki, torpağı almağın nəyim pisdir, məgər ermənilər Azərbaycan torpaqları hesabına yer-yurdlarını artırmaq üçün min yola əl atmırlar?! Məgər on minlərlə şəhid verməyimiz, yurd-yuvamızdan perik düşməyimiz torpağa görə deyil?!

Amma Zəyəm-Cırdıxanlılar öz halal torpaqlarına sahib çıxıb, onu əkib-becərmək istəmirlər. Ona görə ki, bu çox çətindir. Məlumatı olanlar bilir ki, kənd böyük kənddir, başıyla-ayağı arasında 6-7 km məsafə var. Pay torpaqlarının kənddən aralı olduğunu nəzərə alsaq məsafə daha çoxdur. O vaxt kəndin «başbilənləri» kəndin aşağısındakı torpaqları yuxarıda yaşayanlara, yuxarıdakı torpaqları isə aşağıda yaşayanlara veriblər. Beləcə əli qabarlıları, alnı tərliləri torpaqdan iyrəndirib, aralı salıblar. Dəfələrlə kənd camaatı bu səhvi düzəltmək üçün aidiyyatı təşkilatlara müraciət ediblər, amma aidiyyatı təşkilatlar qulaq ardına vurublar. Cana doyan payçılar çəkilib durublar qıraqda. Bundan da hiyləgərliklə istifadə edən kənd Bələdiyyəsinin üzvləri istifadəsiz torpaqları istədiyi adamlara icarəyə verib, ya da satıb. Deyilənə görə, pay torpaqlarının bölgüsündən illər keçir, hələ də pay torpağının harada olduğunu bilməyən nə qədər adam var. Bilmək istəyənlərin də yerini göstərməkdən bələdiyyə işçiləri həmişə müxtəlif bəhanələrlə boyun qaçırırlar. Bir sözlə, Zəyəm-Cırdaxan bələdiyyəsi kənddə at oynadır. Bilmirəm, bələdiyyənin atının qabağına keçib onun yüyənindən tutub saxlayan olacaq, ya yox?

Kənddə bir şeydən də yana-yana danışdılar. Danışdılar ki, bəs Azərbaycan polisi yediyimizi-içdiyimizi bizə haram eləyib. Addımımızı atıb bir addım yeriyə bilmirik. Hər addımda əl-ayağımıza dolaşırlar. Kənddə saysız «agent»lər, çuğulçular, şərçilər yerləşdiriblər. Və onların da əl telefonlarına bolluca konturlar yükləyiblər. Qulaqları səsdədir, «agent»lərindən balaca bir xəbər gözləyirlər ki, kəndə hücum edib kəndi talasınlar. Hətta iş o yerə çatıb ki, sahə rəisi kəndin girəcəyində lövbər salıb, maşınların qabağını kəsib sürücülərin sənədlərini yoxlayır, min bəhanəylə onlardan pul toplayır. Bir Allah bəndəsi də ağrımaz başına dəsmal-filan bağlamır, 5-10 manatını verib şərdən, böhtandan canını qurtarır.

Bax, əziz Oxucu, budur Azərbaycan polisinin Azərbaycan vətəndaşını qoruması, onun keşiyində «ayıq-sayıq» dayanması. Mən bunları yazmaqla yeni Amerika kəşf eləmirəm, bunu hamı bilir. Sadəcə, mən ölkənin hər yerində olanları təkrarlayıram. Yazmasaq, deməsək, bu qanunsuzluqlar, özbaşınalıqlar daha zəhərli xarakter alır.

Yazının əvvəlində qeyd etdim ki, Zəyəm-Cırdaxan kəndi böyük kənddir. İki orta məktəbi var. Bu məktəblərdə xeyli müəllim yüzlərlə şagirdə «elm» öyrədir. «Öyrədir» sözünü sözgəlişi yazdım. Əgər öyrətsəydilər və şagirdlər oxusaydılar, heç olmasa iki orta məktəbdən üst-üstə ali məktəblərə 2-3 məzun daxil olardı. Amma çox təəssüf ki, olan yoxdur. Rusiyanın şəhərlərinə isə çörək dalınca gedənlər lap çoxdur. Bunun da səbəbi qabaqlar məktəblərin nə Avropa, nə şərq, nə də adi ucqar kənd standartlarına cavab verməsiydi. Şükürlər olsun ki, bu məktəblərdən biri uzun giley-güzardan sonra yenisiylə əvəzləndi. Özü də sözün həqiqi mənasında hər bir standarta cavab verən 3 mərtəbəli məktəb binası göz oxşayır, şagirdlərə, müəllimlərə gəl-gəl deyir.

Onu da yazım ki, bu məktəbin açılışında RİH-lə yanaşı, təyinatlı deputatlar Mübariz Qurbanlı və Məlahət Həsənova da iştirak ediblər. Seçkiqabagı camaata çox-çox yağlı vədlər veriblər. O vədləri də yerinə yetirsəydilər, ta təyinatlı millət vəkili adlanmazdılar ki…

Deyirlər, seçki öncəsi RİH nümayəndəsi kənd məktəbinin müəllimlərini rayon mərkəzinə çağırıb tapşırıb ki, bütün kənd Məlahət Həsənovaya səs verməlidir. Ona görə ki, xanım sizə o boyda məktəb tikib. Müəllimlərdən də bir nəfərində cəsarət çatmayıb qayıdıb deyə: «hörmətli icra nümayəndəsi, axı Məlahət xanım iş icraçısı deyil, xeyriyəçi deyil, heç daşqoyan usta da deyil. Necə bizə məktəb tikə bilər? Məktəbi dövlət tikib, özü də hamı bilir ki, illərlə saysız müraciətlərdən sonra… Məlahət xanım təyin olunduğu dairəyə birinci dəfə məktəbin açılışına gəlib. Ondan qabaq kəndi tanımayıb, seçiciləriylə bir dəfə görüşməyib.

Ortaya bir sual çıxır, əgər doğrudan da Məlahət xanım məktəb tikəndirsə, bəs onda niyə kəndin ikinci orta məktəbini tikmir və ya təmir eləmir?

Kənddə ikinci orta məktəb kimi tanınan məktəb nəinki bu günün, heç XX əsrin əvvəllərinin tələblərinə belə cavab vermir. Sinif otaqlarının döşəməsi, tavanı belə yoxdur. Həyətinə nə bir ovuc çınqıl tökülüb, nə də bir qarış asvalt çəkilib ki, yağış yağıb palçıq olanda müəllimlər, şagirdlər palçığa batmasınlar. Qar, yağış olanda xadimələrin işi birə beş artır. Şagirdlər sinflərə ayaqlarında bir batman palçıq daşıyırlar. Belə bir məktəbdə hansı müasir təhsildən danışmaq olar?

Məktəb müdriyyətinin dediyinə görə, məktəbin bu kökdə olması barədə lazımı yerlərə illərdir müraciət olunmasına baxmayaraq, onları eşidən yoxdur. Bir üz qaraldan faktı da deyim. İllərdir məktəb ayaqyolu tikmək üçün vəsait tapmır. Yaxşı ki, məktəbə bitişik hasarlar var. Çətin anlarda şagirdlər həmin hasarların dibində rahatlanırlar.

Camaat onu da danışır ki, bu ilin son aylarında ölkə iqtisadiyyatının sürətli inkişafı Zəyəm-Cırdaxan kəndindəki iki saylı orta məktəbə də təsir göstərib. Məktəbə ağ daşdan bir neçə gözlü ayaq yolu tikiblər. Açılışını da deyilənə görə, Rusiyaya bazara piştaxta arxasına getməyə hazırlaşan bir nəfər yuxarı sinif şagirdi edib. Bu münasibətlə məktəbin müəllim və şagird kollektivi həmin şagirdi hədiyyələr yağışına tutublar. Zarafat deyil, on illərlə ayaq yolu olmayan məktəbdə şagird müəyyən anda hara getməyi unutmayıb. Bax budur inkişaf, budur tərəqqi.

Yalan-doğru, rus alimləri deyirlər ki, bu qış çox sərt olacaq. Amma buna baxmayaraq, həmin məktəbdə qışa hazırlıq aparılmayıb. Soruşdum ki, bəs nəyi və kimi gözləyirsiniz? Dedilər ki, gözləyəcəyimiz bir kimsə yoxdur. Sadəcə, uşaqların insafa gəlmələridir. Hər gün dərsə gələndə əllərində 5-10 çır-çırpı gətirsələr, sinif otaqlarımız isti olacaq. Gətirməsələr, elə soyuqdan dona-dona da qışı yola verəcəyik. Çox maraqlıdır ki, kənddə qaz ola-ola məktəbə qaz çəkilməyib.

Bakı-Şəmkir-Bakı

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button