Zülmə təşviq olunanlar!

Heydər Oğuz

Ərəb inqilablarının ibrət dərsləri

Ərəb dövlətlərində baş verən inqilabi dəyişikliklər ölkəmizdə də ciddi müzakirə mövzusuna çevrilib. Müxalifət düşərgəsi eyni proseslərin tezliklə Azərbaycanda da təkrarlanacağına inanaraq yaxın gələcəyə xeyli ümidlə baxır, iqtidar isə həmişəki «bizə heç nə olmaz» arxayınçılığıyla Yaxın Şərq ölkələrindəki vəziyyətin bizdən fərqli tərəflərini qabartmağa çalışır.

Təbii ki, fərqlər var, ancaq bu, bənzər cəhətlərlə müqayisədə azlıq təşkil edir. Odur ki, müxalifətin arqumentlərini alt-üst etmək üçün məntiqi zorlamaqdansa, məlum proseslərdən ibrət dərsi almaq daha faydalı olar.

I dərs:
«Əlöpmə mərasimi» əməliyyatı…

İstər müxalifətin, istərsə də iqtidarın Yaxın Şərq hadisələrindən ala biləcəyi ilk və ən mühüm dərs, şübhəsiz ki, xarici havadarların dəstəyinə bel bağlamağın acı aqibəti ilə bağlıdır.

Hakimiyyətlərinin topdağıtmaz olduğuna inanan Misir prezidenti Hüsnü Mübarək də, Liviya prezidenti Müəmmar Qəzzafi də xarici dəstəyə çox arxayın idilər. Ərəb dövlətlərinin ən böyük hərbi qüdrətinə malik ölkəni idarə edən H.Mübarək hətta o dərəcədə arxayınlaşmışdı ki, taxt-tacını qorumaq üçün təkcə öz xalqını deyil, həm də bütün ərəb və müsəlman dünyasının xilafına hərəkət edərək, sionizmin nökərinə çevrilmişdi. Halbuki tale ona «İsraili məğlub edən misilsiz qəhrəman» ünvanını bəxş etmək ərəfəsindəydi. O isə xarici dayaqları möhkəm olan əbədi və mütləq hakimiyyət xülyasına qapıldı. Dünyanın supergücü sayılan ABŞ-ın çətiri altında mövqeyini möhkəmlətmək üçün yəhudi lobbisinə xidmətdə əlindən gələni əsirgəmədi. Nəticədə, həm Misir xalqını zəlil günə qoydu, həm də özü xalq arasındakı nüfuzunu tamamilə itirərək arzuolunmaz şəxsə çevrildi. Bununla da, əslində öz faciəvi taleyini hazırlamış oldu. Çünki ABŞ-a da, İsrailə də Misir xalqının qəzəbini cilovlaya bilən lider lazımdır. H.Mübarək isə artıq bu funksiyanı yerinə yetirə bilmədiyindən, xalqın qəzəbini İsraildən yayındırmaq üçün başqa düşmənə ehtiyac yaranmışdı. Belə vəziyyətdə isə ən yaxşı düşmən elə hakimiyyətdəki «Troya atı» ola bilərdi. «Troya atı»na qarşı xalq hərəkatının dəstəklənməsi öz növbəsində köhnə düşməni yeni dosta çevirirdi – dünənin xalq qəhrəmanını bu günün vətən xaininə, köhnə düşməni isə yeni dosta çevirən bu siyasətlə, faktiki olaraq, Qərb «bir daşla iki quş» vurmağı bacardı…

Yaxın Şərqin digər ölkəsi – Liviya rəhbəri Qəzzafinin də uzun illər xarici havadarlara arxalanmaq siyasəti iflasa uğradı. O da hakimiyyətinin əbədiliyini xarici dəstək amiliylə bağlayır, bədəvi çadırını götürüb dünyanın ən məşhur saraylarının önündə qururdu. Xarici dəstəyinə isə söz ola bilməzdi: ABŞ onu Ağ Evdə qarşılayır, nazı ilə oynayır; Fransa baş naziri seçkilərdə onun cibinə göz dikir; İtaliya hökuməti isə bir az da irəli gedərək, bu Afrika təlxəyinin əllərindən öpürdü.

Budur, həmin məşhur «əlöpmə mərasimi»ndən cəmi bir neçə ay keçib, ancaq indi Tripolinin səmalarından ABŞ, Fransa və İtaliyaya məxsus təyyarələr liviyalıları bombardman edirlər…

Əslində, imperialist siyasətin mənəvi dəyərdən sıyrılmış halına baxanda, əl öpənlərin mövqeyini anlamaq çətin deyil. Çünki imperializmin son hədəfi müstəmləkəyə çevirmək istədikləri ölkələrə hərbi qüvvələrini yeritməklə onları tam nəzarət altına almaqdır. Bu hərbi müdaxilənin işğal təsiri bağışlamaması üçünsə ona hüquqi don geyindirmək gərəkdir. Müasir hüquq normaları insan hüquqlarını tapdalayan rejimlərə hərbi müdaxiləyə imkan yaratdığından, buna əvvəlcə zəmin hazırlanır, daha sonra isə bəhanə tapılır.

Məsələyə bu baxımdan yanaşdıqda, «əlöpmə mərasimləri»nin əsl məqsədi də aydın olur. Aydın olur ki, Sarkozi Qəzzafidən ona görə rüşvət almırdı ki, bu pullar olmadan seçkiləri qazana bilməyəcək; yaxud Berluskoni Qəzzafinin çirkli əllərini ona görə öpmürdü ki, o əllərin verdiyi pullar İtaliyanı iqtisadi böhrandan çıxaracaq… Bəlkə də xarici ağalar ona görə bu addımı atırdılar ki, Qəzzafi öz xalqına qarşı zülüm siyasətində daha da qəddarlaşsın və Liviyaya hərbi müdaxiləyə hüquqi zəmin yaransın.

Qısa desək, bu «əlöpmə mərasimləri» əslində «Troya atı»nı həvəsləndirmə əməliyyatları idi…

Bu gün Azərbaycan hakimiyyətinin əməllərinə nəzər salanda Yaxın Şərq diktatorlarının xarici siyasətiylə paralelliklər görə bilirik. Bizim rəhbərlər də yəhudi lobbilərinə dünyanın pullarını yedizdirir, seçkiləri izləməyə gələn beynəlxalq müşahidəçiləri xoş-beşlə yola salır, Azərbaycanın təbii sərvətlərini ona-buna peşkəş edərək, taxt-taclarını qoruyurlar. Amma hakimiyyət hərislikləri gözlərini elə tutub ki, zülmə təşviq olunduqlarının fərqinə vara bilmirlər. Hətta onun da fərqinə varmırlar ki, bütün xidmətlərinə baxmayaraq, əllərindən öpüləcək səviyyəyə belə hələ gəlib çatmayıblar.

Yaxın Şərqdə baş verənlərdən demokratik qüvvələrin də çıxaracağı dərslər az deyil. Yaddan çıxartmaq olmaz ki, Misirdə H.Mübarək devrilsə də, Qərb hakimiyyəti meydanların əsas sahibi olan «Müsəlman qardaşları»na deyil, öz adamı saydığı Məhəmməd Əl-Baradeyə ötürmək istəyir. Vaxtilə AENK-in rəhbəri olan Baradey isə xalq arasında böyük nüfuza malik deyil. Deməli, yenə hakimiyyət xalqın iradəsi əsasında formalaşmayacaq. Belə vəziyyətdə demokratiyanın təntənəsindən danışmaq yersizdir.

Eynilə Liviyada da müxalifətə etibar edilmədiyindən, Qəzzafinin hakimiyyətdən tamamilə uzaqlaşdırılması uzadılır. Pentaqon Qəzzafini hədəfə almadığını açıq şəkildə bildirərək, hər cür mülahizə və ehtimallara yol açan şərait yaradır. Bu mülahizə və ehtimalların içərisində Liviyanın bölünməsindən tutmuş, müxalifətin qurban verilməsinədək bir çox acı aqibətlər, çıxarılan nəticələr də mövcuddur.

Yeri gəlmişkən, qurban verilməyin nə demək olduğunu bizim müxalifət də yaxın keçmişimizdə öz təcrübəsində yaşayıb.

II dərs:
«Pul əl çirkidir»…

Ərəb inqilablarından çıxarılacaq əsas dərslərdən biri də ölkə rəhbərlərinin malik olduqları kapitalın həlledici məqamda təsirsiz hala gətirilməsi və hər hansı qoruyucu rol oynaya bilməməsi faktıdır.

Bu vaxtadək yuxarıda sadaladığımız bəzi səbəblərə görə xalqın oğurlanmış sərvətlərindən əldə olunan haram pullar işə yarayırdı. Amma vəziyyətin sonsuza qədər belə davam etməyəcəyini artıq xarici havadarlar da anladı. Onlar da gördülər ki, bir neçə ailəni dünya zəngininə çevirən bu siyasət yeni müstəmləkələrdə siyasi situasiyaları arzu etmədikləri məcralara yönəldir. Milli gəlir ədalətli bölünmədiyindən, ölkənin böyük əksəriyyəti yerli padşahlarla yanaşı, onların ağalarına da nifrət üzərində köklənirlər. Hətta əsl düşmənin xarici ağalar olduğu qənaətinə gəlir, onlara qarşı mümkün olan bütün yollarla mübarizə aparırlar. Çarəsizlikdən bu mübarizəni çox vaxt terror aktlarında görürlər. İslam dünyasında Qərb vətəndaşlarına qarşı getdikcə artan terror aktları, istər-istəməz, transmilli şirkət sahiblərini qorxudur. Qərb şirkətləri yeni bazarlardan vaz keçmək məcburiyyəti qarşısında qalırlar. Üstəlik, mili gəlirlərdən dilənçi payı əldə edə bilən böyük əksəriyyət onsuz da Qərb mallarını almaq imkanında deyil. Yeni bazarlardakı həm səmərəsiz, həm təhlükəli vəziyyət inkişaf etmiş sənaye dövlətlərindən daha çox, Çin, Pakistan, Malayziya kimi ölkələrin işinə yarayır. Nəticədə mövcud iqtisadi balans pozulur. Qərb dövlətləri iqtisadi cəhətdən zəifləyir, ixracatı artan Asiya ölkələri isə sürətlə inkişaf edirlər. Hazırda Çin iqdisadi cəhətdən dünyanın super dövlətinə çevrilib. Onun inkişaf tempi ABŞ-ı belə üstələyib. Bu gedişat yaxın gələcəkdə bütün Qərb dövlətlərinin tənəzzülü ilə nəticələnə bilər və son iqtisadi böhran bunun ən bariz nümunəsidir. Gözlənilən təhlükənin qarşısını almaq üçün yeni bazarlar mütləq demokratikləşməli, mili gəlir ədalətli şəkildə bölünməlidir. Əks halda, ayda 5-70 dollar maaş alan misirlinin Qərb şirkətlərinin istehsal etdiyi texnikanı almasını gözləmək absurddur. Eynilə belə çadırlarda yaşayan Liviya xalqına zorla təlqin edilən mühafizəkarlıq Qərbi münbit bazardan məhrum edir…

Eyni sözləri Azərbaycan üçün də söyləmək mümkündür. Aldığı pulun böyük əksəriyyətini rüşvətə və gündəlik tələbat mallarına xərcləyən əhalimizin böyük əksəriyyəti hətta özünə ev də ala bilmir. Bu gün paytaxtımızda buludlardan nəm çəkən çoxmərtəbəli binalar qaranlığa qərq olub. Kirayədə yaşadığımız dar otaqları isə əsasən Çin malları bəzəyir. Belə vəziyyətdə xarici havadarlara verilən güzəştlərlə, rüşvətlərlə hakimiyyətdə dayana biləcəklərini düşünənlər öz tale yoldaşlarından dərs almalıdırlar. 70 milyard dollardan çox sərvətə sahib olduğu bildirilən H.Mübarək hakimiyyətini Şərq inqilabından qoruya bilmədi. Əhalisi əhalimizdən az olmasına baxmayaraq, ərazisi ərazimizdən, nefti netimizdən dəfələrlə çox olan Liviyanın ölkə başçısının milyardlarla ölçülən sərvəti də hakimiyyətini sığortalamadı. Halbuki, o, bizim rəhbərlərdən fərqli olaraq, Liviyanın bütün mülkünün yeganə sahibi idi.

III dərs:
«Yatma tülkü kölgəsində…»

Ərəb inqilablarının öyrətdiyi ən vacib dərslərdən biri isə diktatorların öz ətraflarına çox güvənməməsi, son anda xəyanətlə üzləşməsi həqiqətidir. İstər H.Mübarəkə, istər Qəzzafiyə ən böyük zərbəni məhz ətrafına topladıqları və o vaxtadək özlərinə dayaq, arxa bildikləri məmurlar vurdu. Onların hər ikisi ordu vasitəsi ilə hakimiyyətə gəlmişdilər. Xüsusilə, H.Mübarəkin devrilməsində həmin ordunun misilsiz xidmətləri oldu. Üzdə tərəfsiz kimi görünən Misir ordusu xalqla Mübarək tərəfdarları arasında sədd yaradaraq əslində xalq qiyamının yatırılmasına imkan vermədi. Hakimiyyət bölgüsündən narazı qalan bir çox yüksək çinli məmurlar öz mövqelərini və təhlükəsizliklərini qorumaq üçün ələ düşən ilk fürsətdə xalqın tərəfinə keçdilər.

Hakim ailənin rəhbərlik etdiyi, ancaq əsgərləri digər Afrika ölkələrindən muzdla gətirilmiş Liviya ordusunun öz komandanına, hələ ki, sadiq olmasına baxmayaraq, Qəzzafi də dost xəyanətindən kənar qala bilmədi. Onun sağ əli sayılan və repressiyaların başında duran xarici işlər naziri, bir çox diplomatlar, saray əyanları xarici dövlətlərə qaçıb siyasi sığınacaq istədilər. Və bu hərəkətləriylə Qəzzafini ölkədə baş verən bütün qanlı hadislərin tək məsuliyyət daşıyıcısına çevirdilər. Halbuki Liviya xalqının qanının axıdılmasında da, sərvətlərinin talan olunmasında da dünənə qədər liderlə bərabər idilər. İndisə keçmişdə topladıqlarını və gələcəklərini təminat altına almaq üçün liderlərini qurban verməkdən çəkinmirlər…

Azərbaycan məmurları da öz günahlarını xalqa bağışlatmaq üçün eyni simanı göstərmək qabiliyyətində liviyalı həmkarlarından geri deyillər. Bunun ən bariz nümunəsinə yaxın keçmişimizdə şahid olmuşuq. Bir vaxtlar xalq arasında rejimin ən güclü sütunlarından və nüfuzlu siması sayılan sabiq Səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesində özünü təmizə çıxarmaq üçün rəhbərinə söylədiyi təhqiredici ifadələr hələ də yaddaşlardan silinməyib. Sabah kritik bir məqamda digər məmurların necə mövqe tutacağına heç kim təminat verə bilməz.

Bəli, bütün diktatura rejimlərində hakimiyyət pilləkənlərinin iki başı olur: bir vaxta qədər məmurlar diktatora canlarıyla xidmət göstərirlər, bir vaxtdan sonra isə diktator öz canı bahasına xidmətçilərini qoruyur. Fəqət unutmaq olmaz ki, bu xidmətlər mübadiləsində məmurun qoyduğu canla diktatorun qoyduğu can arasında əhəmiyyətli fərqlər mövcuddur: birinin adı, digərinin özü candır – qurbanlıqdır.

IV dərs:
«Torbayla daşınan torpaqlar…»

ABŞ-ın müasir Şərq siyasətində ən çox narahatedici məqam hədəfə alınmış ölkələrin sərhədləriylə bağlıdır. Hər şeyi öz diktatorluğuna qurban verən Sudan dövlət başçısının inadkarlığı nəticəsində həmin ölkə, faktiki, iki yerə parçalandı. Hərbi müdaxilə nəticəsində Səddam Hüseynin devrilməsi İraqın üç yerə parçalanmasına gətirib çıxardı. Liviyanın da bölünəcəyi istisna edilmir. Suriyadakı proseslərin məzhəb davasına çevrilməsi oranın da eyni taleyi yaşaması ehtimalını yaradır. Eyni sözləri Yəmən və digər ərəb ölkələri haqqında da deyə bilərik.

Nə qədər ağır olsa da, qeyd etməliyik ki, Azərbaycanı da belə bir təhlükə gözləyir və iqtidarımız buna qətiyyən biganə yanaşmamalıdır. Faktki, işğal altında olan torpaqlarımız var və Qarabağ məsələsində Qərb diplomatlarının qeyri-obyektiv mövqe tutmaları hansısa məqamı gözlədiklərindən xəbər verir. Ölkəmizdəki qeyri-demokratik vəziyyət isə erməni diplomatiyasının arqumentini xeyli gücləndirir. Bu diplomatiya hələ problemin yarandığı ilk dövrlərdən Azərbaycanda insan hüquqlarının tapdanması, iqtidarın siyasi xarakteri və belə vəziyyətdə eyni sərhədlər daxilində yaşamağın mümkünsüzlüyü arqumentləri üzərində köklənib. Bundan sonra erməni diasporasının səsi daha gur çıxa və hətta «öz doğma xalqına insan kimi yaşamaq hüququ verməyən, onu polis dəyənəyi altında əzən bir hakimiyyət düşmən kimi baxdığı etnik və mili azlıqlarla necə davranacaq» sualı bizim başımızı xeyli ağrıda bilər. Təbii ki, sözügedən tendensiyanın digər separatçı qüvvələrin də işinə yarayacağı istisna olunmamalıdır.

Nəticə:
«Tünd sirkə…»

Yaxın Şərq inqilablarının bizə öyrətdiyi dərslərdən nəticə çıxararaq təxirəsalınmaz tədbirlər görülməlidir. Bir sıra iqtisadi və sosial islahatlarla yanaşı, əsaslı şəkildə siyasi və hüquqi reformalara start verilməlidir. Legitimliyi onsuz da bir çox beynəlxalq təşkilatlar tərəfindən şübhə altına alınan son parlament seçkilərinin nəticələri ləğv olunmalı, müvafiq qanunlar dəyişdirilərək, bütün partiyaların təmsil olunduğu və ya etimad göstərdiyi yeni MSK formalaşdırılmalı, vətəndaşların söz və sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Ən əsası isə, bütün bu tədbirlərin hamısı müxalifətlə bir yerdə müzakirə edilərək, onların rəy və təkliflərinə hörmətlə yanaşmaqla həyata keçirilməlidir.

Unudulmamalıdır ki, tarixi şərait ölkə rəhbərinə “islahatçı lider” kimi yaddaşlara həkk olunmaq və öz hakimiyyətini yeni mahiyyətə bürüyərək uzatmaq fürsəti verib. Bu fürsət həm də rejimi daxildən qurd kimi gəmirən və son anda öz rəhbərini qurban verməklə canlarını xilas edəcəklərinə inanan məmurlardan birdəfəlik yaxa qurtarmaq imkanı deməkdir. Belə fürsət bir daha ələ düşməyə bilər. Necə deyərlər, inadkarlıq tünd sirkə kimi öz qabını çatladar!

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button