131 nəfər 20 Yanvar şəhidi kimi qeydə alınıb…

…Amma Şəhidlər Xiyabanında 157 şəhidin məzarı var!

İçərisində bu qədər cəsarətli, mərd, rəşadətli, qəhrəman oğulları olan xalq nə üçün bu gün belə məğlub durumdadır?!

Dövlət dənizdə açıq muzey yaratmalı, bu günün əbədiləşməsi məsələsini layiqli şəkildə həll etməlidir…

Kərəm Məmmədovun «Mən tarana gedirəm!» kitabının təqdimatı hadisəyə çevrildi. Ölkə mətbuatının və telekanalların mövzuya göstərdiyi münasibət «Xural»ın toxunduğu və gündəmə çıxardığı bu məsələnin nə qədər əhəmiyyətli olduğunu bir daha gözlər önünə sərdi. 20 Yanvar 1990-cı ildə «Xəzərdənizneftdonanma»ya aid olan gəmilərimizin və onların kapitanlarının göstərdiyi qəhrəmanlıqlar haqqında ölkə ictimaiyyəti yeni məlumatlar aldı və RATİ-nin mətbuat konfransı salonunda o günlərin şahidləri, gəmi kapitanları, siyasətçilər, qələm əhli danışdı. Bu toplantı həm də unikallığı ilə ona görə yadda qaldı ki, millətmin böyük dərdlərindən bəhs edən natiqlər həm özləri göz yaşlarını tuta bilmədilər, həm də dinləyənləri ağlatdılar. Kərəm Məmmədovun, bu abidə insanın yazdığı kitab və SSRİ-nin iri çinli generallarına dediyi «Mən tarana gedirəm!» nidası kişiləri də kövrətdi.

Kitabın və aparılan müzakirənin daşıdığı əhəmiyyəti nəzərə alaraq «Xural»ın keçirdiyi dəyirmi masanı Oxucuların diqqətinə təqdim edirik…

Əvvəli ötən saylarımızda

«Ne troqay russkoqo, a to zubı slomayeş!»

Zöhrab Yusibov
Dənizçi:

– O vaxt Həştərxanda idim. Yuqoslaviyadan gəmi gətirmişdik. 20 Yanvar hadisələrindən sonra baş köməkçi Bakıdan ora gəldi və yanında qəzet gətirdi. Qəzetdə şəkillər çox idi. Şəkillərdən birində bir yaşlı kişi meyitlərin arasında gəzir, görünür, yaxın adamını axtarırdı. O biri tərəfdə də bir rus hərbçisi tankın yanında dayanmışdı. Rusun şəklinin yanında belə yazılmışdı: «Ne troqay russkoqo, a to zubı slomayeş!» Dənizçilərimizin qəhrəmanlığı bizim Həştarxandakı işlərimizə də təsirini göstərdi. Yanımıza bir qrup OMON-çu, FSB döyüşçüləri gəldi, onların Volkodav soyadlı komandirləri var idi. Soruşdu ki, «Tı znaeş, çto takoe Volkodav?» Dedim, «volk – canavar deməkdir, amma sən canavar deyilsən ki, bura gəlmisən». Mənə bir qəzet verdilər və dedilər, oxu. Dedi, «Vidiş tam çto pişut. Çto naxoditsya na territorii Azerbaydjana, yavlyayetsya sobstvennosti Azerbaydjana». Yəni Azərbaycanın ərazisində olan hər şey Azərbaycana məxsusdur. Dedi, «eto sudna qde naxoditsya? Na territorii Rossiyskoy Federasii. Znaçit eto sudno naşi. Druqova razqavora ne nado…» Bundan sonra 12 nəfərlik heyətimizi oradan qovdular. Təyyarə limanında sağımızda və solumuzda 2-3 maşın durmuşdu. «Ovçarka»ları az qalırdı üstümüzə tullansın. Əliyalın adamlar idik, hərənin əlində bir çanta əşyası var idi. Beləcə, gəmini ələ keçirdilər. Ondan sonra Bakıya gəldim. Biz dənizçilər hərbi təlim dərsləri keçirik. Gəmilərin belə manevrlər etməsində kapitanların böyük əməyi və biliyi var. Əgər onlar bir çox şeyləri bilməsəydilər, yəqin ki, bu situasiyanı da düzgün qiymətləndirə bilməzdilər. Məsələnin maraqlı tərəfi budur ki, bu qərara gələrkən gəmi kapitanlarının heç biri əmr gözləməyib, ancaq öz aralarında hansı işləri görəcəklərini planlaşdırıblar. Ən əsası, onların qeyrəti əliyalın olsalar da rus hərbi donanmasının gəmilərinə qalib gəlib. Biz bu torpaqda doğulmuşuq, burada göz açmışıq, buranın çörəyini yeyib-suyunu içmişik. Bura bizim Vətənimizdir. Lazım gələrsə, bu torpaq uğrunda da ölməliyik. «Xəzərdənizneftdonanması»nın kapitanları çox böyük şücaətlər göstəriblər. Çox heyf ki, bu günə qədər onların qiyməti verilməyib.

Qorxaq, cəsarətsiz adam heç bir zaman tarana gedə bilməz!..

Bu kitab işıq üzü görəndən sonra çox istərdim ki, «Xəzərdənizneftdonanması»na dövlət mükafat versin. Çünki bu qəhrəmanlıq göz qarşısındadır. Bugünkü gənclərimizə örnək qəhrəmanlıqlar göstərən dənizçilərimiz öz layiqli qiymətlərini almayacaqlar, bəs kim alacaq? «Mən tarana gedirəm!» ifadəsi bəlkə bu gün çoxlarına heç nə demir. Amma biz dənizçilər yaxşı bilirik ki, tarana getmək nə deməkdir. Qorxaq, cəsarətsiz adam heç bir zaman tarana gedə bilməz. Kimsə o vaxtlar cürət edib sovet hərbi gəmisinin qarşısını mülki gəmilərlə kəsə, onu mühasirədə saxlaya bilməzdi. Təyyarəçilərimiz də müharibə illərində tarana gediblər. Həm özlərini, həm də düşməni partladıblar. Bu, ürəkdən, vətənpərvərlikdən, xalqına olan sevgidən irəli gələn məsələdir. Müstəqillik tariximizdə xidməti olan dənizçilərimizin qəhrəmanlığını əbədiləşdirmək üçün onlara dövlət tərəfindən mükafatlar verilməli, gəmi-muzeyi açılmalıdır.

Dənizdən gələn gəmi siqnallarının səsi şəhəri ovsunlamışdı…

Vahid Musayev
Dənizçi:

– Mən həmin hadisələrdə birbaşa iştirak etməmişəm, amma buna baxmayaraq, istər idarə işçiləri olsun, istərsə də məzuniyyətə buraxılan dənizçilərimiz, biz hamılıqla sahilə toplaşır, uzaqdan-uzağa da olsa dənizçilərimizə dəstək verirdik. Yanvar ayının ortalarından başlayaraq Bakıda ermənilərə qarşı müəyyən təxribatlar törədirdilər. Hətta bəzi xoşagəlməz hadisələr də olmuşdu. Nərimanov rayonu ərazisində bir qərargah yaradılmışdı və biz ora toplaşıb mitinqlər keçirirdik. Erməniləri mülki gəmilər vasitəsilə Həştərxana daşıyırdılar və biz də bu işdə bacardığımız köməkliyi göstərməyə çalışırdıq. 20 Yanvar gecəsi hadisələr başlayandan sonra evə getməmiş, inzibati binada qalmışdıq. Səhəri gün hamımızın əlində qara bayraq Mərkəzi Komitəyə tərəf addımladıq. Bu vaxt Zığ şossesinin kənarında olan adamlar bizə tərəf irəliləyərək qarşımızı kəsdilər və bildirdilər ki, sovet ordusu artıq gecə vəhşilik edərək çoxlu insanın qətlini həyata keçirib. Onlar istəmirdilər ki, bizim etirazımız sovet ordusu tərəfindən yeni qırğınlara səbəb olsun. Həmin gün insanların həmrəyliyinin şahidi olduq – istər quruda, istərsə də dənizdə. Dənizdən gələn gəmi siqnallarının səsi sanki şəhəri ovsunlamışdı. Buna baxmayaraq, dənizçilərimizin göstərdiyi rəşadətlər haqqında insanların arasında az qala əfsanələr gəzirdi və bütün bu hadisələr bizim gözlərimiz qarşısında baş verirdi. Bir vaxtlar ölümə başqa gözlə baxsaq da, artıq o günlərdə ölüm adiləşmişdi. Hamının beynində bir fikir vardı ki, əgər bu qədər insanımız şəhid olubsa, bizim də bu dünyadan köçməyimiz nəyi dəyişəcəkdi ki? Ona görə də yolumuza davam etdik. Sonradan Mərkəzi Komitənin qarşısına çatanda arxaya döndüm və yüzlərlə insanın bizə qoşulduğunu gördüm. Ora yaxınlaşanda ətrafın tanklarla mühasiryə alındığının şahidi olduq. Uzun saçlı, hündür, üz-gözlərindən vəhşilik yağan rus döyüşçüləri bizə nifrətlə nəzər yetirdilər. Biz də təbii ki, onlara nifrətlə baxırdıq. İnsanların arasında elələri də vardı ki, tək baxışları ilə deyil, dilləri ilə də nifrətlərini onların üzlərinə söyləyirdilər. Bu vaxt tankları bizim üstümüzə sürdülər və başımızın üstündə gülləni yağış kimi yağdırmağa başladılar. Mərkəzi Komitənin binası qarşısında başqa bir dəstə insan da mitinq keçirirdi. Biz gördük həmin dəstə insanlar bizi nəzərə çarpmadan mühasirəyə alıb gizlətməyə çalışdılar. Beləcə, hər iki dəstə birləşərək böyük bir insan axını yaratdıq. Orada eşitdik ki, «Sabit Orucov» gəmisində gəmi kapitanlarının qərargahı yaradılıb. Biz də həmin qərargaha gəldik və o hadisələrin iştirakçısı olduq. Doğrudan da həm Faiq Balabəylinin, həm də Kərəm Məmmədovun kitablarında qanlı yanvar günləri çox dəqiq əksini tapıb. Kərəm müəllim ədəbiyyatçı, filoloq olmasa da, dənizçi şahid və həmin günlərin canlı qəhrəmanlarından biri olaraq bu günü çox gözəl işıqlandıra bilib. İnanıram ki, bu istiqamətdə iş görmək istəyən yazıçılarımıza xalqımız yenə də əlbirliyi ilə kömək edəcək. Çox istərdim ki, dənizçilərimizin o günlər göstərdikləri qəhrəmanlıq, rəşadət dövlət səviyyəsində qiymətləndirilsin. Bu insanlar zaman keçdikcə tarixə çevriləcəklər. Bu gün onların qədrini bilək və gənc nəslə də örnək olaraq təqdim edək.

Həbs olunan insanlar arasında mən də var idim

Nürəddin Xoca:
Hadisələrin canlı şahidi:

– Bu hadisələr zamanı həbs olunan insanlar arasında mən də var idim. O zaman həbs olunanları çox pis halda gördüm. O günlər hər birimiz ölümə getməyə hazır idik, onlar da getdilər. Düşünmədən tarana belə gedəcəklərini söylədilər. Bu gün qanlı yanvar günlərinə nəzər salanda yenidən o hissləri yaşayıram. Hər bir şəhidimiz bizim üçün qiymətlidir. Allah müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizin ruhunu şad eləsin, qalan qəhrəmanlarımıza da can sağlığı arzu edirəm…. (Kövrəlir…)

131 nəfər 20 Yanvar şəhidi kimi qeydə alınıb, amma Şəhidlər Xiyabanında 157 şəhidin qəbri var…

Sərdar Əlibəyli
«Nota» qəzetinin baş redaktoru:

– «Mən tarana gedirəm» kitabının üzərində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Taran o vaxt dənizçilərimizə 20 Yanvar müəmmalarının açılması üçün lazım idi. Son 20 il müddətində həmin müəmmaların çoxunun üstü yenə də açılmamış qaldı. Bakının coğrafi ərazisinin böyük bir hissəsini dəniz tutur. Əslində, Bakıya hücum etmək üçün ən əlverişli yer də dənizdir. Bizim dənizçilərimizin digər rəşadətləri ilə yanaşı, hesab edirəm ki, ən böyük qəhrəmanlıqlarından biri o oldu ki, onlar öz gəmiləri ilə Bakıya dənizdən girişin və çıxışın qarşısını aldılar. Bu haqda hələ heç bir yerdə deyilməyib. Əslində, 20 Yanvar faciəsini həyata keçirən üz-gözlərindən vahimə yağan rus döyüşçüləri olsa da, hadisənin səhəri günü Bakıya əlavə qüvvə şəklində rus desantları da gətirilmişdi və bu axın hələ uzun zaman da davam edəcəkdi, əgər dənizçilərimiz Xəzərdən rusların girişinin qarşısını almasaydılar. Digər tərəfdən, gəmilərin «taran»a hazır olması haqda edilən bəyanatlar da rus hərbi donanması rəhbərlərini düşündürməyə bilməzdi. Çünki ən azı bu gəmilər özlərinin məhvi bahasına işğal əməliyyatının qarşısını alacaqdı. İkinci tərəfdən, rəsmi statistik məlumata əsasən, 131 nəfər 20 Yanvar şəhidi kimi qeydə alınıb. Halbuki Şəhidlər kompleksində 157 şəhidin qəbri var. Hələ burada söhbət tək Bakıda dəfn olunanlardan gedir. Heç kimə sirr deyil ki, həmin günlər şəhid olan insanlarımızın çoxunu bölgələrə, dədə-baba yurdlarına apardılar. Nə qədər şəhidlərimiz var ki, qanlı yanvar günlərində tankın təkərləri altında qaldılar, bir rus döyüşçüsünün istehzalı avtomat atəşinin qurbanına çevrildilər. Onların görünür, heç biri qeydə alınmayıb. O baxımdan, əgər bu gün 20 Yanvar hadisələri tam mahiyyəti ilə açıqlanmasa, ondan sonrakı hadisələr də tariximizdə müəmmalı olaraq qalacaq. Hərbi qüvvələrin, xüsusilə hərbi dəniz döyüşçülərinin qarşısına çıxaraq onların nəzərdə tutulan əməliyyatlarının həyata keçirilməsinin qarşısını almağın nə qədər böyük qəhrəmanlıq olduğunu sadəcə dərk etmək lazımdır. Mən də hesab edirəm ki, bu hadisələri gündəmdə saxlamaq üçün sadəcə bir kitab yazmaq kifayət etməz. Mətbuat səhifələrində də geniş şəkildə onlara yer ayrılmalıdır. O vaxta qədər ki, dənizçilərimiz öz layiqli qiymətlərini alsınlar. Azərbaycanın dövlət müstəqilliyinin tarixi 20 Yanvar hadisələrindən sonra başlayır. Azərbaycanın müstəqilliyinin təməlində olan bu müəmmalar açıldıqca, dövlətimizdə oturuşmuş və daha sivil bir dövlət olacaq. O baxımdan, dövlət bu işə əl qoymalıdır, əgər varsa… Əgər dənizçilərimiz öz dəyərli qiymətlərini almasalar, mən bir daha dövlətin mövcudluğuna inanmayacağam. Qəhrəman dənizçilərimizin qarşısında baş əyirəm.

Dənizçilərlə mütəmadi əlaqə saxlayan Nemət Pənahlı idi…

Miralim Bəhramov
Hərəkatçı:

– Hələ 20 Yanvar hadisələrindən əvvəl, 1989-cu il dekabrın 29-da, saat 10.20-də SSRİ-də ilk dəfə olaraq Cəlilabadda Sovet hakimiyyəti devrilib. Burada çox məqamlara toxunuldu. Amma dənizçilərlə mütəmadi əlaqə saxlayan Nemət Pənahlı olub. Biz bütün məlumatları Nemət Pənahlıdan alırdıq. Bu gün Nemət Pənahlı həbsdədir, Allah qapısını açıq eləsin. O günlər ağır günlər idi və meydanları titrədən 1 milyondan çox insan yenə ayaq üstə qeyri-leqal olsa da, hadisələrin gedişini izləyirdi. Dənizdən hər gün daxil olan xəbərlər insanları ruhlandırırdı. Onlar sovet ordusunun acizliyinə sevinirdilər. Bizim millətimiz bütün kritik situasiyalarda birləşməyi, həmrəy olmağı bacarıb – bu, onların qanı bahasına başa gəlsə belə…

Rasim Əhmədov
Hərəkatçı:
– Yanvar hadisələrində baş verənlərin canlı şahidi kimi, əsl həqiqətlərin tarixə köçürülərək kitablarda dərc olunmasında xidməti olanlara minnətdarlığımı bildirirəm. Hər zaman bu cür tədbirlərdə iştirak edəndə, qəhrəman insanlar haqqında danışanda məni bu sual düşündürür – içərisində bu qədər cəsarətli, mərd, rəşadətli, qəhrəman oğulları olan xalq nə üçün bu gün belə məğlub durumdadır? Bütün jurnalsitlərdən və tarixçilərdən xahiş edirəm ki, bu sualı araşdırıb ictimailəşdirərək, ona cavab tapaq…

Milli Parkda dənizçilərin göstərdikləri qəhrəmanlıqları ifadə edən hansısa lövhənin qoyulması dövlətimizə baş ucalığı gətirər

Kərəm Məmmədov
– Bu işdə yalnız və yalnız «Xəzərdənizneftdonanması» İdarəsinin dənizçiləri iştirak ediblər. Dövlətimizdən xahiş edirik ki, vaxtında və zamanında qəhrəmanlıq göstərmiş «Xəzərdənizneftdonanması» İdarəsinə lazım bildiyi adı və mükafatı versin ki, onun əməkdaşları da dövlət qarşısında göstərdikləri xidmətlərin unudulmağının fərqinə varsınlar. Biz dənizçilər hesab edirik ki, Milli Parkda «Xəzərdənizneftdonanması» İdarəsinin dənizçilərinin göstərdikləri qəhrəmanlıqlarını ifadə edən hansısa bir lövhənin qoyulması dövlətimizə yalnız baş ucalığı gətirər. İldə bir dəfə, yalnız 20 Yanvar ərəfəsində bu insanlar xatırlanmamalıdır. Onlar dövlətimizin müstəqilliyi yolunda canlarından keçməyə, hər zaman tarana hazır adamlar olublar. «Mən tarana gedirəm» kitabını yazmaqda da əsas məqsədim qanlı yanvar günlərində dənizdə baş verən hadisələri olduğu kimi qələmə almaqdır. Hesab edirəm ki, buna nail olmuşuq.

Müstəqilliyimizi bizə verməyiblər, onu özümüz almışıq…

Əvəz Zeynallı:

– Bu məsələ daim gündəlikdə qalmalıdır. Müsahibələr verilməli, məqalələr yazılmalıdır. Mən dənizdə baş verən hadisələrin əsl həqiqətlərini Kərəm Məmmədovla tanışlığımızdan sonra öyrəndim. Faiq Balabəylinin də bu mövzuda kitabının dərc olunduğunu bilirdim, amma təəssüf ki, o kitab yalnız bu gün mənə çatıb. Əsas odur ki, dənizçilərimiz zamanında doğru qərar qəbul ediblər. Azərbaycan tarixinin ən böyük hadisələrindən birinin pərdəarxası məqamları var. Bu gün də burada masa iştirakçılarının dediklərindən belə qənaətə gəldim ki, əgər dənizçilərin fədakarlığı olmasaymış, Bakıda qanlı faciə qat-qat artıq olarmış. Biz dünyanı üşündürən, ürpədən sovet ordusunun qarşısına real olaraq hansısa təzyiq vasitəsi qoya bilmişiksə, onların əməliyyat planlarını poza bilmişiksə, deməli, müstəqilliyimizi bizə verməyiblər, onu özümüz almışıq. Əliyalın meydanlara yürüş edən, sovet hərbi donanmasının qarşısını mülki gəmilərlə kəsən bir millətə həqiqətən də zaval yoxdur. O günlər biz dünyaya, SSRİ-yə çox şeyləri sübut elədik. Millət olduğumuzu, həmrəy olduğumuzu sübut elədik. Dənizçilərimiz bu addımı atmaqla bizə çox şeyləri verdilər. Azərbaycanın informasiya blokadasını yarmağa müvəffəq oldular. Maraqlı məqamlardan biri də odur ki, dənizdə xəbəri ötürən radist qız rus olub. Ona da çox güman ki, ruslar tərəfindən təzyiqlər göstərilib. Amma buna baxmayaraq, o, Azərbaycanda yaşadığına görə, ən yaxın dostlarının Azərbaycandan olduğuna görə haqsızlığın qarşısında tab gətirməyib və bütün informasiyalar da onun vasitəsilə ötürülüb. Tariximizə qanlı hərflərlə yazılmış bütün günlər ilboyu gündəmdən düşməməlidir. «Xural» qəzeti mütəmadi olaraq bu hadisələri gündəmə gətirir, araşdırma aparır və müxtəlif məqamları ayrı-ayrılıqda analiz etməyə çalışır. Dənizçilərimizə də bunu arzu edirəm. Kərəm müəllim kimi dəyərli insanlar yığışıb məncə, bir sivil toplum təşkilatı yaratmalıdırlar – bir QHT yaratmaq mümkündür. Ardıcıl fəaliyyət göstərilərsə, çox şeylərə nail olmaq mümkündür. «Xural» qəzeti olaraq, başladığınız işin hərəkata çevrilməsi üçün mətbu dəstək verməyə hazıram. Bu, bizim xalqımızın çox böyük qəhrəmanlıq tarixidir. Sovet ordusunun, sovet hərbi donanmasının o gücünün qarşısında müqavimət göstərməyə hər kəsin cürəti çatmazdı, bunu bizim dənizçilərimiz etdilər. Yazov Bakıda oturub, yanında da Lyaşenko, Sidorov, Baqatin… Ölkə qan çanağı, qan su yerinə axır. Adam deyir ki, «mən tarana gedirəm»… Bu cür hərəkət olacaq şey deyil! Şükür ki, bizim millətimizin tarixində olub. 5 nəfərmi buna hazır olub, 10 nəfərmi – artıq dəxli yoxdur. Çünki zamanında belə bir qəhrəmanlıq həyata keçirilib. Ölkənin mövcud rəhbərliyinə ardıcıl müraciətlər etməliyik. Dənizçilərin qurumunu təkliflər halında hazırlamalıyıq. Hamılıqla bunu ölkə rəhbərliyinə təqdim edib, xalqın müzakirəsinə çıxarmalıyıq. Zəhmət çəksinlər, dənizdə açıq muzey yaratsınlar. Nə böyük işdir ki? Düşünülmüş bir plan hazırlayaraq onu ölkə rəhbərliyinə təqdim etsək, imtina etməyəcəklər. Çünki o qədər də bahalı layihələr deyil dövlətimiz üçün… Tariximizdə çox hadiəslər var ki, onların bədiiləşdirilərək lentə alınması məsələsi yubadılır. Məncə televiziya işçilərimiz, kinorejissorlarımız çox ciddi şəkildə bu haqda düşünməlidirlər. Çox ciddi sənədli filmlər hazırlamalıdırlar. Həmin hadisələrin canlı şahidləri var. Bütün bunlar Azərbaycanın ən zəngin, ən şərəfli tarixir. Biz hansısa millətlərin Azərbaycanda yürütdükləri siyasətin qurbanına çevrilməməliyik. Bizim özümüzün çox şərəfli tarixi keçmişimiz və tarixi günlərimiz var ki, onlar haqqında ən məşhur kinostudiyalarda bədii filmlər çəkdirmək olar. Mən sözün əsl mənasında siz dənizçilərlə, bu hadisələrdə iştirak edən bütün dənizçilərlə fəxr edirəm, onlarla qürur duyuram. Çox nadir hallarda hansısa toplantıda kişiləri ağlayan vəziyyətdə görmüşəm. Bu toplantımızda danışan insanlar qəhərdən boğazları quruya-quruya danışdılar. Millətin o qədər mənhus taleyi var ki, təəssüflənməyə bilmirsən. Həm qəhrəmanlıq elə, həm də bu gün aciz bir duruma düş. Hamımız elə bil duman içində yatmışıq. Bu cür qəhrəman övladları olan dövlətin torpaqları da hələ işğal altındadır. Sabah başımıza nə oyun gətirəcəklər, heç onu da bilmirik. Bütün hallarda mən sizi – başda Kərəm müəllim olmaqla, ardıcıl olaraq xalqımızın tarixinin bu çox önəmli səhifəsini işıqlandırmaq yolunda irəliyə doğru addım atmağa çağırıram.

Allah millətimizin şərəf tarixi olan 20 Yanvar şəhidlərimizə rəhmət eləsin! Bu gün öz qanımızı müstəqillik yolunda axıdıb torpaqlarımızı suvardığımız gündür. Biz bu şərəfli tarixin övladlarıyıq. Tanrı yaşayanlarımızı qorusun!

Son

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button