Gəncədə dindarlara təxribat

Dindarları məscidlərə çağıran mesajları kimlər yayır?!

Xural.com-un əldə etdiyi özəl məlumatlara görə, son bir neçə gündür Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Gəncədə əməliyyat tədbirləri keçirirlər. Hələlik bu əməliyyat tədbirlərinin səbəbi məlum olmasa da, Gəncədən həyəcanlı xəbərlər gəlməkdədir. Xural.com-u məlumatlandıran mənbənin sözlərinə görə, yenə Gəncədə dindarları təxribata çəkmək halları müşahidə olunmaqdadır. Belə ki, əməliyyatların getdiyi saatlarda, dünən Gəncədə bəzi vatsap istifadəçilərinin daxili qaydada çağırış etdikləri məlum olub. Çağırışın mətni xural.com əməkdaşlarına göndərilib. Hansısa naməlum mənbənin çağırışının mətni belədir:

“Təcili

Salam aleykum, qardaşlar!

Gəncədəki (Bağmanlar qəsəbəsindəki) Qırıxlı (Həzrəti Abbas) məscidini vəhhabilərə vermək istəyirlər.

15-20 dəqiqəyə hər kəs Qırıxlı məscidində olsun. Siz Allahın dininə kömək edin, Allah da sizə kömək edəcək.

Gəncə İmam Hüseyn ə.s. şəhəridir, yezid şəhəri deyil. Allahın lənəti olsun Əhli-Beyt ə.s. düşmənlərinə.”

Əməkdaşlarımızın araşdırmaları nəticəsində məlum oldu ki, əslində, yayılan bu çağırış təxribat xarakterli olub, insanları bir-birinə qarşı qoymaq təşəbbüsüdür. Guya Qırıxlı məscidinin axundu camaata müraciət edib ki, məni məscidi sünnilərə verməyə məcbur edirlər. Və kimsə Qafqaz Müsəlmanları İdarəsinə məscidin onlara verilməsi ilə bağlı müraciət edib. QMİ-nin səlahiyyətlisi bildirib ki, müvafiq icra orqanının rəyi və digər sənədlər gətiriləcəyi təqdirdə Şeyx Allahşükür Paşazadə Həzrətlərinə müraciət olunar və qəti qərar verilər. Amma ondan sonra kimsə bir daha müraciət etməyib.

Araşdırmalarımız nəticəsində o da məlum oldu ki, əslində, Şah Abbas məscidində sünnilərin namaz qılması üçün münbit şərait yaradılıb. Belə ki, məsciddə bir otaq ayrıca onların namaz qılması üçün ayrılıb. Belə olduğu təqdirdə QMİ ayrıca onlar üçün bir məscid ayrılmasını məqbul hesab etməyib. Belə çıxır ki, göndərilən bu mesaj da belə söhbətlərin nəticəsində meydana çıxıb. Xural.com əməkdaşlarına məlum oldu ki, bu tip mesajları yayan adamlar Gəncənin bəzi məscidlərinin axundlarıdır və onlar şəhər administrasiyasına yaxınlıqları ilə tanınırlar. Onlar insanların dini duyğularından istifadə edərək, onları bir yerə toplamaq və Gəncədə dindarların narahatçılıq yaratmaq istədikləri fikrini aşılamaq istəyirlər.

Xüsusi olaraq vurğulayırıq ki, son zamanlar Gəncədə din adamlarının və dindarların bir çox təxribata çəkilməsi halları müşahidə olunur və bu haqda redaksiyamızda kifayət qədər ciddi məlumatlar var. Bir müddət bundan əvvəl Aşura tədbirlərində də özünü dindar kimi təqdim edən bir qrup insanın təxribatları haqqında məlumat yayılmışdı və yayılan məlumatlar da dərhal medianın gündəmindən hansısa sehrli əl tərəfindən çıxarılmışdı. Görünür, Gəncədə bəzi maraqlı qüvvələr qarışıqlıqlar yaratmaq və əməliyyatların davamı üçün zəmin yaratmaq istəyirlər. Bunu Aşura tədbirlərində yarada bilməyənlər, indi sünni-şiə qarşıdurması kimi oyunlara girişiblər. Gəncədən aldığımız məlumatlarda deyilir ki, əslində, bu şəhərdə dindarlar arasında heç bir zaman münasibətlər gərgin olmayıb və bütün məzhəblər tolerantlıq şəraitində yaşayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatlara münasibət öyrənməyə çalışsaq da, gec olduğu üçün telefon zənglərimizə cavab ala bilmədik. Yayılan bu mesajlarla DİN əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin arasında hansısa əlaqənin olduğuna aid mənbəmizin dediklərinə isə, yaxın günlərdə cavab tapmağa çalışacağıq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button