Hacıbala Abutalıbovun taxtı sallanmağa başladı

Hesablama Palatası büdcədən ayrılan pulların BŞİH-də mənimsənilməsi faktlarını aşkarlayıb; Milli Məclis Bakı merini bitirə bilər…

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir müddətdir ki, ortalıqda yoxdur. Əndrəbadi açıqlamaları, hərəkətləri ilə gündəmdən düşməyən Bakı meri xeyli vaxtdır ki, telekanalların efirində görünmür, mətbuatda gedən xəbərlərin baş qəhrəmanı deyil. 
Hacıbala Abutalıbovun öz hücrəsinə çəkilməsinin sirri bilinib. Belə aydın olur ki, Hesablama Palatası uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentində audit həyata keçirib. Açıqlanan nəticələr isə Bakı meri üçün heç də ürəkaçan deyil.
 
“Report”un xəbərinə görə, audit müəyyən edib ki, bu təsərrüfatlarda təmir xərcləri fantastik dərəcədə artıq göstərilib. Başqa sözlə, büdcədən ayrılan və işlərin görülməsi üçün xərclənməli olan pulları “yeyib”lər.
Bundan başqa, departamentdən maliyyələşmə əvəzinə verilən mal-materialların dəyərinə tətbiq edilmiş Əlavə Dəyər Vergisi də xərc kimi silinib.
Hesabatda bildirilir ki, ev təsərrüfatının saxlanılması və cari təmir xərcləri düzgün hesablanmayıb. Büdcəyə mənzil fonduna aid olmayan xərclər daxil edilib.
“Bəzən smeta sənədlərinə, qəbul aktlarına əsassız və eləcə də tikinti texnologiyasına görə yerinə yetirilməsi mümkün olmayan işlər daxil edilib. Layihələrin yerinə yetirilməsi zamanı vaxtın azlığı əsas götürülərək, işlər əsasən birbaşa müqavilələrin bağlanılması üçün icazə alınması ilə icra edilib”, – hesabatda bildirilir.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Hesablama Palatası AZAL-da, “Su və Meliorasiya” ASC-də və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində də pozuntular aşkarladığını açıqlayıb.
Qeyd edək ki, ötən ilin iyulunda da Hacıbala Abutalıbovun başı dərddə idi. Vergilər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyində yoxlamalar həyata keçirmişdi.
Uzun müddət davam edən yoxlamalar nəticəsində ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxmışdı. 3 böyük idarənin – “Bakılift-təmir”ə tabe olan “Baklift-1″, ”Bakılift-2″ və “Bakılift-3″ ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri həbs olunmuşdu. Yeri gəlmişkən, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında ”Bakılift-təmir”in də adı var.
Məlumata görə, “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var idi. Həbslərdən sonra vergi borcunun bir qismi ödənilmişdi. Hacıbala Abutalıbov ötən 1 ili səksəkə içində keçirib başa vurmamış onun başının üstünü növbəti dəfə “qara bulud”lar alıb. Hesablama Palatasının hesab-kitabı, apardığı yoxlama Bakı merinin kitabını bağlaya bilər. Əlbəttə ki, Milli Məclisə göndərilən faktlar araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilərsə…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button