Qubad İbadoğlu Avropa Parlamentinə yazdı: “Çox güman, Navalnıdan sonrakı qurban mənəm…”

“Sizə pəncərəsiz, iyli, rütubətli, zibil və həşəratlarla dolu hücrədən yazıram”

Hazırda həbsdə olan iqtisadçı alim Qubad İbadoğlu Avropa İttifaqı Parlamentinə məktub ünvanlayıb.

Martın 19-da Avropa İttifaqı Parlamentində Şərq Tərəfdaşlığı İndeksinə həsr olunan görüş keçirilib.

Vaxtilə bu indeksin müəlliflərindən biri və hazırda həbsdə olan Q.İbadoğlunun məktubunu qızı Jalə Bayramova oxuyub.

Qubad İbadoğlu məktubunda yazır:

“Pəncərəsiz, iyli, rütubətli, zibil və həşəratlarla dolu hücrədən yazıram. İstintaq təcridxanalarında vəziyyət dəhşətlidir, kameralar əsasən günahsız insanlarla, o cümlədən 200-dən çox siyasi məhbusla doludur. Mən də onlardan biriyəm”.

Məktubunda öz fəaliyyətinə toxunan İbadoğlu qeyd edir ki, onun tədqiqatları Azərbaycan, Rusiya və Qazaxıstanda “Petro-avtoritarizm”ə (neft avtoritarizmi-red.) yönəlib:

“London Fond Birjasında işlədiyim müddətdə mən Azərbaycan elitasının, o cümlədən Əliyevin ailə üzvlərinin oğurluq sərvətlərini xarici mülklərdə və aktivlərdə gizlətmək üçün təşkil etdikləri geniş sxemi diqqətlə sənədləşdirdim. Həbsdən əvvəl üzərində işlədiyim məqalədə Azərbaycanın Rusiya qazını Aİ-yə satması sxemini araşdırdım və ifşa etdim”.

“Bütün bu araşdırmalar mənim həbsimə səbəb oldu. Bununla belə, mənim araşdırmalarıma əsasən gəldiyim qənaət yalnız bu hadisə deyil; bu, Azərbaycanda digər siyasi dissidentlərin, jurnalistlərin və fəalların həbsi, eləcə də mühakimə olunması ilə nəticələnən  vətəndaş azadlıqları və fərqli fikirlərə qarşı daha geniş basqının bir hissəsidir”, – deyə o vurğulayıb.

Məktubunda istintaq təcridxanasındakı şəraiti təsvir edən iqtisadçı alim bu şəraitin onun səhhətinə pis təsir etdiyini də qeyd edib:

Diabetə görə qanda şəkərin “oynaması”, genişlənmiş aorta anevrizması, müxtəlif orqanlarda düyünlər və şiddətli bel ağrılarım var. Həbsxanada mənim lazımi tibbi xidmət, adekvat dərman vasitələrinə çıxışım yoxdur. Azərbaycan hakimiyyəti müstəqil həkim müayinəsindən keçmək xahişimi dəfələrlə rədd edib. Onlar həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin ən azı üç dəfə mənimlə əlaqə saxlamasına icazə verməyiblər”.

Azərbaycanın hakim elitasını əhatə edən sistemli korrupsiya hallarını açıq şəkildə tənqid etdiyini qeyd edən iqtisadçı həbsxanadakı dəhşətli vəziyyətin onun həyatı üçün risk yaratdığını vurğulayıb:

Əks halda, çox gec olacaq, çox güman ki, Navalnıdan sonra növbəti qurban mən olacağam. Bilirəm ki, bu problemlərlə üzləşən tək mən deyiləm: siz, sizin həmkarlarınız mənimlə həmrəy oldunuz. Bu məni gücləndirdi və mən dözmək və güclü qalmaq məcburiyyətindəyəm, lakin bu inanılmaz çətin vəziyyətdə sonsuzadək müqavimət göstərə bilmirəm”.

İqtisadçı məktubunda Azərbaycan iqtisadiyyatının neft və qaz üzərində qurulduğunu qeyd edərək hökumətin yaşıl enerjiyə sərmayə qoymaqla bağlı bütün iddialarını yalan adlandırıb.

Bu, sadəcə olaraq Azərbaycanın mədən sənayesindən və ya onların ixracından imtina etmək fikrində olmadığını gizlətmək üçün hazırlanmış fasaddır. Avropa Komissiyası və Avropa Parlamenti Azərbaycan hökuməti ilə ikitərəfli əməkdaşlıqda insan haqları, demokratiya və korrupsiyaya qarşı mübarizəyə üstünlük verməlidir. İnsan hüquqları azalmamalıdır, onlar satılmır”, – deyə o qeyd edib.

Qubad İbadoğlu həmçinin qeyd edib ki, Aİ Ukraynaya davamlı dəstək verməlidir.

Onun fikrincə, regionun gələcəyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq.

Siyasətçi məktubunun sonunda isə xüsusi olaraq qeyd edib: “”Günahım” “sübut olunarsa”, məni 17 ilə qədər həbs gözləyir”.

Qubad İbadoğlu nə vaxt həbs olunub?

London İqtisadiyyat Məktəbinin əməkdaşı, ADR sədri Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunub. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

2023-cü ilin iyulun 23-də saxlanılan siyasətçinin həbs müddəti bir neçə dəfə uzadılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button