Xalq Jurnalistikası

Rauf Arifoğlu

Burada jurnalist xalqdır. Biz sadəcə poçtalyon kimi vasitəçilik edirik. Müsahibi elan edirik, sosial şəbəkələrdə gələn sualları toplayıb sahibinə ünvanlayırıq. Müsahibimiz ya yazılı, ya da ənənəvi qaydada – diktafon qarşısında sualları cavablandırır. Zövqlər müxtəlif olduğu üçün suallar da ayrı cür ola bilər. “Xalq Jurnalistikası” projesinin özəlliyi ondan ibarətdir ki, hədəfə çıxardığımız müsahibimizə bir nəfər yox, bütün internet istifadəçiləri sual verə bilər. Nəticədə sual verənlərin respondentə münasibəti və maraq dairəsinin müxtəlifliyindən irəli gələn maraqlı fikir kontarstı hasil olur. Bu projedə siyasətdən tutmuş mədəniyyətə qədər istənilən sahədə müsahibə sual ünvanlamaq imkanı var…

“Azərbaycana, onun sərvətlərinə sərəncam vermək imkanı İlham Əliyevdədir”

Rauf Arifoğlu: “Daxili işlər naziri Ramil Usubovun İrəvana səfərini təqdir etmirəm, qınayıram”

APA-nın direktoru Vüsalə Mahirqızı “Xalq Jurnalistikası”ndan boyun qaçırandan sonra növbəti qonağımız “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu oldu. Çoxları onun da müsahibədən yan keçəcəyini təxmin edirdi. Ancaq bu özünü doğrultmadı. Onunla əlaqə saxladıq, sualları elektron poçtuna göndərdik. Cəmi bircə günə cavablandırdı. Hörmətli Arifoğlunun suallara necə və nə cür yorum yapdığına özünüz qiymət verin…

Kəmalə Azəri:
– Rauf bəy, İlham Əliyevi reklam etmək sizə nə verdi?

– “Yeni Müsavat” qəzetində İlham Əliyevin reklamı getmir. Adətən onun, iqtidarının və məmurlarının tənqidi gedir. Bunu görmək üçün qəzetin istənilən sayını qaldırıb baxmaq yetərlidir. Seçki dövründə və ondan sonrakı bütün müddətdə bizdə adətən müxalifət liderlərinin “reklamı” gedir. Bu da bizim özümüzün verdiyimiz qərardı – bu qərar əsasında müxalifət partiyalarına informasiya dəstəyi verməkdə davam edirik. Bu proses də şəxsən mənə 2 dəfə həbs, 1 dəfə redaksiyamın itirilməsi, saysız-hesabsız təqyiqlər, yüz min manatlarla məhkəmə cərimələri, bütün qohumlarımın işsiz qalması və s. nəticələr verib.

Vüsalə:
– Ramil Usubovla münasibətiniz necədir?

– Ramil Usubovla münasibətlərimiz normaldır. İndiyə qədər – yəni son 15 ildə 7-8 dəfə bir-birimizi görmüşük. Ramil Usubov polis naziri olsa da, jurnalistlərlə, qəzet redaktorları ilə hörmətlə, nəzakətlə danışmağı bacarır, etiket və protokola riayət edir, həmsöhbətində təsir yarada bilir. Bunu onunla görüşən istənilən həmkarım təsdiq edə bilər. Onunla ən son görüşən redaktor həmkarım, səhv etmirəmsə, Əvəz Zeynallı olub. Onun yazılarının birində bu barədə oxudum və orada mən qeyd etdiyim məqamlar da vurğulanıb. Lakin bu illərdə əksər müxalifətçilər kimi, mən də nazir Usubovun polislərinin “əlinin suyu” ilə tanış ola bilmişəm…

Yaşar Qasımlı:
– Orta məktəblərdə bəzi qız öyrəncilərin dərslərə başı bağlı getməsi üçün imzatoplama kampaniyası keçirildi. Deyilənlərə görə, bu təklif sizə yaxın çevrələrdən gəlib. Buna münasibətiniz?

– Bu prosesi DEVAMM sədri Hacı İlqar İbrahimoğlu və “Cümə” dini icması başladıb. Uğurla yekunlaşdı və imzalar prezidentə göndərildi. Biz də həmin prosesə informasiya dəstəyi verdik.

Ramil Qafarov:
– Həqiqətə çevrilməyən şok manşetli xəbərlərinizin məsuliyyətini kim daşıyır? Məsələn, hakimiyyətin müxalifətlə dialoqa başlayacağı haqqında 4-5 ay əvvəl gedən xəbərlərin…

– Bu cür yazılar səbəbindən kiminsə hüquqları pozulubsa, kimlərsə zərər çəklibsə, əlbəttə ki, burada qanunlar dövriyyəyə girə bilər. Bu halda, məsələnin mənəvi tərəfində də məsuliyyəti redaksiya daşıyır. Lakin qəzet manşetləri bir neçə cür olur:
1. Baş verən hər hansı qeyri-adi, ictimai miqyaslı hadisənin, faktın xəbərini daşıyan manşetlər; bəzi hallarda isə onun gizlin qalan tərəfləri. Biz burada xəbərə yalnız calaq vururuq – bağban cır meyvəyə calaq vuran kimi;
2. Baş verəcəyi gözlənilən, ehtimal edilən hadisənin, yaxud da gizli-saxlanılan prosesin, sensasion mahiyyətli gedişatın xəbərini Oxucuya çatdıran manşetlər. Burada təbii ki, vicdanlı yanılma və bir sıra yanlışlar, axsaqlıqlar ola bilər.
3. Opponentə, rəqibə, düşmənə yönəlik və xarakterində informasiya (ideologiya) savaşının elementləri olan, aqressiv, bəzi hallarda ifşaedici, bir sıra hallarda deşifrə mahiyyətli; ya da yönəldici (daşındırıcı) missiyalı manşetlər. Burada siyasi texnologiyalardan geniş istifadə olunur və əslində, bu cür manşetlər həm də təbliğat-əks təbliğat məqsədi də daşıyır. Bu yazıların kökündə, təhrif olunmuş da olsa, gerçəklik dayanır. Bu tip manşet yazılarında şişirtmə, artırma, metafora elementləri çox olur. Lakin onlar legitim ictimai maraqlara, qrup, partiya çıxarlarına əsaslanaraq hazırlanır. Bu tip manşet yazılarından ölkəmizdə daha çox siyasi düşərgələrə yaxın olan qəzetlər istifadə edirlər.
4. Böhtan, şantaj məqsədi ilə hazırlanmış və tamamilə xəyal ürünü olan, legitim ictimai maraq, siyasi amac, partiya eqoizmi daşımayan, şəxsi çıxarlara hesablanan manşetlər. Bu cür manşet yazılarından adətən reket qəzetlər sıx-sıx istifadə edirlər.
Sizin dediyiniz konkret fakta gəlincə, Hakimiyyətin müxalifətlə dialoqa başlayacağı haqqında gedən xəbərlər xəyal məhsulu, yalan deyil. Nüfuzlu beynəlxalq təşkilatların (Avropa İttifaqı kimi), qüdrətli bir ölkənin səfirinin də qatıldığı ciddi bir sürəcin gedişatı barədə xəbərə, vara biləcəyi nəticələr haqqında cəsarətli mülahizələrə əsaslanan yazıdır. Həmin zamanlarda eyni proses Ermənistanda da gedirdi; düşmən ölkənin iqtidarı yola gəldi və müxalifəti ilə dilaoqa girdi. Amma və lakin bizim (sizin, onların – necə istərsəniz, o cür də qəbul edin) iqtidar işləri əydi, sözlərini çevirdi, yola gəlmədi… Proses isə hələ də davam edir. Yəni sizin bəhs etdiyiniz manşet bizim şərti olaraq təsnifləndirdiyimiz 3-cü tip manşetlərdəndir…

Anonim:
– Parlamentə seçilmədiyiniz halda belə nədən rəhbəri olduğunuz qəzetdə İlham Əliyevin əməllərindən yazmırsınız? Axı o, bir daha sübut etdi ki, hər bir azərbaycanlının prezidenti deyil.

– Parlamentə seçildim – amma mandatımı İlham Əliyevin komandasının üzvü olan Rövnəq Abdullayevin qohumuna verdilər… (Mən də bu parlamenti legitim bilmədim və İctimai Palataya qatıldım…) Bunu da elə bu cür yazdıq – ola bilər ki, Sizə bu, az gəlir. Razıyam, Azərbaycanda vəziyyət o cürdür ki, nə qədər yazsan, insana yenə də az gəlir və bəzən hətta yazarlar da küçəyə çıxıb bağırmaq istəyirlər.

Natiq Cavadlı:
– Bu günlərdə APA-nın direktoru Vüsalə Mahirqızı “feyzbuk”da dolayısı ilı “Yeni Müsavat”a ünvanlanan (düzdür, sonradan bu statusu sildi) statusda yazmışdı ki, İsmət Abbasovu İrəvana getdiyi üçün bihörmət edənlər görək Ramil Usubova nə deyəcəklər. Bütün hallarda Ramil Usubovun səfərini necə dəyərləndirirsiniz?

– Natiq bəy, deyəsən, fikir oxumaq üzrə təcrübələrə başlamısınız. Amma ən azı bu dəfə yanılırsınız. Jurnalist olaraq onun özündən bir sordunuzmu ki, Vüsalə xanım o statusda kimləri nəzərdə tuturdu? Sorsaydınız, əminəm ki, “Akif Nağı” cavabını alacaqdınız. Çünki İsmət Abbasov da, başqaları da İrəvana gedəndə, hörmətli Akif bəy onlara ən aqressiv formada reaksiya verib. Akif bəylə isə “Yeni Müsavat”ın o qədər üzvü əlaqəsi yoxdur, mən bilən. Mənim isə, ermənilərlə intensiv görüş prosesinə münasibətim mənfidir. Daxili İşlər naziri Ramil Usubovun da İrəvana səfərini təqdir etmirəm, qınayıram. Lakin bizim də tanıdığımız jurnalistlərin, QHT təmsilçilərinin, dövlət mənsublarının düşmənlərlə açıq və mediaya şəffaf təmaslarını, beynəlxalq təsisatların hakimliyindəki əlaqələrini vətənə xəyanət kimi qəbul etmirəm. Hər bir dövlət bu tip təmasları yapır; biz gizli, qapalı təmaslaradan narahat olmalıyıq məncə.

Rahim Namazov:
– Mətbuatda tez-tez sizi Ramiz Mehdiyev və Ramil Usubov komandasına daxil olan şəxs kimi qələmə verirlər. Bu, nə dərəcədə həqiqəti əks etdirir?

– Əziz qardaşım, son 6 ildə mətbuatda bu cür xəbərlər yazan düz 10 tanınmış jurnalist sadalayaram ki, hazırda bu hakimiyyətin, bir sıra oliqarxların xidmətində olan media quruluşlarında çalışırlar. Mən isə düz 22 ildir ki, özümün yaratdığım, böyütdüyüm, tanıtdığım qəzetdə çalışıram. Elə jurnalist də var ki, bir oliqarxın qəzetində çalışır, ruzusunu “dolayısı ilə” ondan alır, amma işlədiyi qəzetdə rejimin, prezidentin əleyhinə bircə sətir yaza bilmədiyi halda, “feyzbuk”da mənim barəmdə ağzına və ağlına gələni üyüdür… Mehdiyevin-Usubovun komandasındayammı? Məncə bu iddia bir az gülməli çıxdı…

Hikmət Əliyev:
– Rauf bəy, qəzetinizdə nazirlərin (özəlliklə Ramil Usubovun) adını yazmazdan öncə “hörmətli” sözünu yazmaq şərtdirmi? Sadəcə, nazirin ad və soyadını yazmaq olmazmı?

– Olar, niyə olmur ki, hörmətli Hikmət bəy. Ancaq bilmək lazımdır ki, bu, bir etiketdir, tərzdir. Biz bu tərzi Azərbaycana gətirmək istəyirik. Həm də təkcə jurnalistlərin leksikonuna deyil, qarşılıqlı olaraq, siyasətçilərin də leksikonuna daxil olması üçün çalışırıq. Nazirlərə də, prezidentə də, müxalifət liderlərinə də bu cür xitab edirik. Bütün dünyada siyasətçilər də, yazarlar da rəqiblərinə, opponentlərinə tərcüməsi “hörmətli” olan müraciət formasında xitab edirlər. Ən ağır tənqidlərdə belə bu etiket dəyişilmir. Hər gün Türkiyə televiziyalarına baxırsınız. İqtidar müxalifətə, müxalifət iqtidara necə xitab edir? “Sayın Qılıncdaroğlu”, “sayın Ərdoğan”… Mən bunu qəzetimə gətirdim; çalışıram ki, bu etiket siyasətimizə da daxil olsun; vərdişə, mədəniyyət normasına çevrilsin.

Eldar Hüseynov:
– Deyirsiniz, “Yeni Müsavat” Qafqazın ən böyük media institutudur. Həm də son 10 ildə Azərbaycanda ən yüksək tirajlı qəzetin rəhbəri olduğu qənaətindəsiniz. Baxmayaraq ki, Gürcüstanda var. Orada 30-40 min tirajla çap edilən qəzetlərdən xəbərdarsınız. “Gündəlik Azərbaycan” nəşr olunanda “Yeni Müsavat” qarışıq, bütün qəzetlərin tirajı düşmüşdü. Bunları kənara qoyuram. Lap tutaq ki, “Yeni Müsavat” Qafqazın ən super qəzetidir. Görəsən, rəhbəri olduğunuz qəzet nə vaxtsa “Qafqazın ən radikal qəzeti” statusunu daşıya biləcək?

– Hörmətli Eldar bəy, Qafqazın ən tirajli qəzetinin Azərbaycanda olması iddiası, faktı sizi niyə narahat edir, qıcıqlandırır, anlamıram. Gürcüstanda o tirajla hansısa siyasi qəzetin çıxması faktına da vaqif deyiləm, qüsura baxmayın. “Yeni Müsavat” 22 ildir ki, dərc olunur – bu müddətdə bizim qəzeti hələlik yalnız biz özümüz keçə bilmişik. Tirajımızın 30 min, 25, 20 min olan vaxtları da olub. Müəyyən fraqmentlərdə, qısa müddət ərzində bizi bir sıra qəzetlər keçib; bu, həqiqətdir. Allah hər bir qəzetə o qədər uzun ömür nəsib etsin ki, onun da həyatında çoxlu və maraqlı fraqmentlər olsun. “Radikal qəzet” anlayışını isə, yanlış buluram. Baxır kimə, necə görünürük. Məsələn, hakimiyyət üçün, tənqid etdiyimiz məmurlar və oliqarxlar üçün “Yeni Müsavat” ifrat radikaldır. Bir sıra gənclər üçün yəqin ki, fərqli baxışdan danışmaq olar… Üstəlik, iqtidar mənsubları “radikal” yarlığını üstümüzə elə yapışdırıblar ki, bu söz məndə “radikal” ikrah doğurur. Biz normal, ümummilli qəzet olmağa çalışırıq. Qoymurlar, amma inşallah ki, müvəffəq olacağıq.

Səbuhi Məmmədli:
– Azərbaycanda 10 ən yaxşı jurnalistin adını çəkin.

– 20-sini də çəkərəm. Səbuhi Məmmədli adlı bir jurnalist tanışım var – ilk iyirmiliyimdə o da var, şübhəsiz.

İlhamə Məmmədova:
– “Vaşinqton Post” qəzeti İlham Əliyevin Dubayda 75 milyon dollarlıq mülkünün olmasından yazmışdı. Siz buna inanırsınız? İlham Əliyev xalqın puluyla sizcə özünə malikanələr ala bilər?

– Dünya və ölkə mediası dəfələrlə hörmətli İlham Əliyevi dünyanın ən zəngin adamlarından biri kimi xarakterizə edib. Məncə, 75 milyon rəqəmi onun üçün elə də ciddi bir göstərici deyil. Hazırda Azərbaycana, onun sərvətlərinə sərəncam vermək imkanı İlham Əliyevdədir. Bu baxımdan, hesab edirəm ki, onun imkanları sizin və bizim təsəvvür etdiyimizdən çox-çox genişdir.

Elçin Məlikzadə:
– 2005-ci ildə keçirilən mitinqlərin birində hakimiyyət haqda “üzdəniraq” ifadəsi işlətmişdiniz. Sizi buna görə “Bandatdel”ə çağırmışdılar. Siz sonra qəzetinizdə dediyinizi dandınız. Orada nə söhbət olmuşdu ki, təkzib verməli oldunuz?

– Bu ifadəni, həm də çadırlar quraraq, meydanda qalmaq təklifini demişdim. Amma məni “Bandatdel”ə yox, Respublika Prokurorluğuna çağırmışdılar. Daha bir neçə nəfərlə birlikdə. Bizim qəzetdən də, səhv etmirəmsə, Zabil Müqabiloğlu mənimlə idi. Orada Rüstəm Usubovla və Vilayət Eyvazovla danışdıq, dartışdıq; izahat yazdırdılar. Vilayət Eyvazov maraqlanırdı ki, mən bu ifadəni türmədə işlənən anlamdamı işlətmişəm. “Yox” dedim; sonra da qəzetdə köşəmdə bu görüşü və məqamı anlatdım. Çünki gerçəkdən o cür ağır anlamda işlədilməmişdi o ifadə. Diqqətiniz və yaddaşınız üçün təşəkkür edirəm.

Layihənin rəhbəri: Ramin Deko

Gələcək qonaq:
“Xalq Jurnalistikası”nda növbəti qonaq “Viza” hüquq firmasının rəhbəri, vəkil Aslan İsmayılovdur. Ona suallarınızı ramin.deko@gmail.com elektron poçtuna göndərməklə və yaxud “Facebook” sosial şəbəkəsində yaradılan (https://www.facebook.com/groups/287423577949275) qrupda yazmaqla verə bilərsiniz…

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button