“Avroviziya” Mahnı Müsabiqəsinin tarixi

Elxan Xanəlizadə

I yazı

Bu yazı geniş oxucu kütləsi və xüsusi olaraq, “Avroviziya” müsabiqəsini tamaşaçıya necə təqdim etməkdə çətinlik çəkən İTV və müsabiqəni boykot edənlər üçündür!

 “Avroviziya” nədir və bizə lazımdırmı? Yerli yayımçı İTV Avropa və dünya üçün sadəcə müştərək televiziya yarışması olan “Avroviziya”nı yöndəmsiz pafosla təqdim etdiyindən, müsabiqəyə qarşı müxtəlif fikirlər formalaşır. İndiyədək müsabiqə tarixində dəfələrlə qalib gələn ölkələr ev sahibliyi etmək istəmədiyindən, Avropa Yayımları Birliyinin (EBU) təsisçilərindən olan Birləşmiş Krallıq bu məsuliyyəti öz üzərinə götürüb. Sonuncusu Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqəyə növbəti il ev sahibliyi edəcək Azərbaycanda isə dövlət səviyyəsində hazırlıq prosesi getməsi ilk dəfə baş tutur. İndiyədək “Avroviziya” təşkilat komitəsini bütün ölkələrdə İctimai kanal funksiyasını yerinə yetirən AYB üzvü olan televiziyalar daxili sərəncamla təşkil edib. Yalnız Rusiyanın paytaxtı Moskvada 2009-cu ildə keçirilən müsabiqə zamanı o vaxtkı şəhər rəhbərliyinin (Yuri Lujkov) təşkilat komitəsinə müdaxiləsi və dövlət dəstəyindən ağızdolusu danışması AYB üzvü olan yayımçılarda təbəssüm yaratmışdı.

 

Müsabiqə haqqında

 

“Avroviziya” mahnı müsabiqəsi ideyası 1956-cı ildə Fransanın nüfuzlu televiziyalarından olan ORTF-in rəhbəri Marcel Bessentsant tərəfindən irəli sürülüb. İlk dəfə İsveçrənin Luqano şəhərindəki “Açıq Hava Teatrında” keçirilən “Avroviziya” mahnı müsabiqəsində Avropa Yayım Birliyinə üzv olan yeddi ölkə iştirak edib. Müsabiqəni təşkil etməklə, Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, o cümlədən, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ən əsası, ortaq mədəniyyət mühitinin yaradılması kimi məqsədlərə nail olmaq niyyəti güdülüb. İlk vaxtlarda “Avroviziya” indikindən müəyyən məqamlarına görə fərqlənib. Məsələn, 24 may 1956-cı ildə keçirilən ilk “Avroviziya” gecəsində yarışan Hollandiya, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliyanı təmsil edən müğənnilər indikindən fərqli olaraq hər biri iki mahnı ifa ediblər. Gecədə İsveçrəni təmsil edən Lys Assia “Refrain” adlı mahnı ilə rəqiblərindən irəli çıxaraq, ilk “Avroviziya” qalibi kimi tarixə düşüb.

Qalib ölkənin növbəti il yarışmaya ev sahibliyi etmə ənənəsi isə 1958-ci ildən qüvvəyə minib. Ev sahibliyi haqqında bir məqam xüsusi olaraq qeyd edilməlidir ki, qalib ölkəni təmsil edən müğənni və ya qrup hansı şəhərdə yaşayırsa, növbəti il müsabiqə məhz, həmin şəhərdə keçirilməlidir. Yalnız yayımçı ölkə müğənninin yaşadığı şəhərdəki infrastrukturu nəzərə alıb, dəyişiklik edə bilər. İndiyədək, istisna hallar olub ki, elə sonuncu müsabiqə alman müğənnisi Lena Mayerin doğma şəhərində yox, Düsseldorfda keçirilib.

“Avroviziya” tarixində başqa bir vacib təqvim isə 1985-ci ildə ilk dəfə müsabiqənin gedişinin peyk vasitəsilə bütün dünyaya yayılması olub. Hazırda müsabiqədə həyata keçirilən “televotinq səsvermə” sistemi isə 1997-ci ildən nəzərdə tutulsa da, 2003-cü ildən etibarən həyata keçirilməyə başlayıb. Həmin il Türkiyəni təmsil edən Sərtab Erener Latviyanın paytaxtı Riqada keçirilən müsabiqənin qalibi olub. Mütəxəssislər bu cür səsvermənin yarışmada iştirak edən bütün ölkələr üçün çətin bir prosedur olduğunu düşünürlər. Elə buna görə də, əvvəlki illərdə olduğu kimi səsverməyə münsiflər də cəlb edilir. Sonuncu bir neçə müsabiqədə münsiflərlə tamaşaçıların səsverməsi 50 faizin 50 faizə hesablanır.

“Avroviziya”da baş verən yeniliklər bununla bitmir. Müsabiqənin keçirilməsi indiyədək bir neçə dəfə müxtəlif formatlarda olub. İlk bir neçə il nəzərə alınmasa, 2004-cü ilədək müsabiqə hər il may ayının ikinci həftəsinin şənbə gecəsi Bakı vaxtı ilə saat 24:00-da başlayıb. Başlanma saatı dəyişməsə də, son illərdə AYB tərəfindən ev sahibi olan yayımçı ölkənin televiziyasına günləri təyin etmə sərbəstliyi verilib. Həmçinin 2004-cü ilədək yarışmada yalnız 16, bəzi hallarda 18-19 ölkə iştirak edib. İştirakçı olmağın əsas şərtlərindən biri isə sonuncu müsabiqədə ilk 12-liyə düşmək idi. Çünki AYB təsisçisi olan 4 ölkə və ev sahibi birbaşa iştirak etmək hüququnu özündə saxladığından, digər iştirak həvəsində olan ölkələr üçün çətin bir vəziyyət yaranırdı. Belə ki, sonuncu müsabiqədə birbaşa iştirak hüququ olan ölkələr 12-likdə olmayanda, 13, 14, 15 və 16-cı olan ölkələrin növbəti il üçün iştirakı ləğv edilirdi və AYB təsisçiləri müsabiqədə iştirak edirdi.

2004-cü ildən etibarən, İstanbuldan başlayaraq, yarışma iki mərhələdən ibarət olmaqla həmin ilədək olan problemi aradan qaldırdı. Bir neçə il müsabiqə əvvəlcə yarımfinaldan və finaldan ibarət oldu. Həmin bir neçə il ərzində yarımfinalda hətta 16 və ya 18-19 ölkə iştirak etdi. Yarımfinalda isə ilk 10-luğa düşənlər və əvvəlki ilin 10 ən yüksək reytinq qazanan ölkəsi ilə yanaşı, Avropa Yayımları Birliyinin təsisçiləri birbaşa iştirak hüququ əldə edirdi. Bununla da iştirakçı ölkələrin sayı artaraq 22-24, bəzi illərdə isə 25-26 olub. 2008-ci ildən başlayaraq, finala qədər iki yarımfinal keçirilir. Hər yarımfinaldan ilk 10-luğa düşən ölkələr iştirak hüququ qazanır. AYB təsisçiləri və ev sahibliyi edən ölkə isə finala birbaşa vəsiqə əldə edir. Yarımfinallar və final gecəsi ilə birlikdə 44-45 ölkə müsabiqədə çıxış etdiyindən, “Eurovision”un tamaşaçı arealı son illərdə fantastik şəkildə (600 milyon) genişlənib. Hətta iştirakçı olmayan digər qitələrin media orqanları müsabiqədə akreditə olunur və öz ölkələri üçün reportajlar hazırlayır.

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button