“Sözün çəkisi nə qədər varsa, biz də varıq ”

 
Eynulla Fətullayevin toyu

Eynulla Fətullayev 35 yaşında subaylığın daşını atdı

Dünən sabiq siyasi məhbus, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 35 yaşında subaylığın daşını atdı. Eynulla bəylə Nigar xanımın “Monto Kiristo” şadlıq evində baş tutan toy məclisində Azərbaycan mediasının tanınmış simaları, siyasi və ictimai xadimlər iştirak edirdilər.

Toy məclisində fürsətdən istifadə edib Eynulla bəyə bir sualla müraciət etdik:

– Eynulla bəy, bu gün evlənirsiniz. Mübarizə bitdimi?

– Biz söz adamıyıq. Sözün gücü, çəkisi, ifadəsi nə qədər varsa, biz də varıq.

– Allah xöşbəxt eləsin!

Eynulla bəyin evlənməsinə şübhəsiz hamıdan artıq onun valideynləri sevinirdi. E.Fətullayevin həbsdə olduğu illərdə atası Emin dayı bir mətanət nümunəsi sərgilədi. Dünən Emin dayını da təbrik etdik. Emin dayı bu günü illərdir ki, gözlədiyini bildirdi: “Mən birinci gündən demişdim ki, Eynullanın məsələsi Azərbaycanın daxilində həll edilməlidir. Bu sözlərimi Eynullanın birinci məhkəməsində söyləmişdim. Avropadan göstərilən mənəvi dəstək, onların siyasi məhbusun azadlığı uğrunda apardıqları mübarizə olsa da sonda Eynulla prezidentin əfv fərmanı ilə azad edildi. İndi mən çox şadam. Nəhayət, Eynullanın toyunu edirik. Bu günkü həyəcanım çox xoşdur. Mən bütün valideynlərə arzulayıram ki, övladlarının toyunu etsinlər”.

Məclisdə Eynulla bəyin mübarizə yoldaşları, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin kollektivi yaxından iştirak edirdilər. Ağır günün dostları Eynulla bəyə arzularını bizimlə bölüşdülər. “Gündəlik Azərbyacan” qəzetinin şef redaktoru Şahvələd Cobanoğlu sevincli bir gündə yaşadıqlarını bildirdi: “Mən bu illərdə Eynullanın ailəsinə çox yaxın olmuşam. Mən onların arzularının və ən böyük arzularının nədən ibarət olduğunu bilmişəm. Eynullanın atası deyirdi ki, görəsən, mən ölməyib o günü görəcəyəmmi? O, bu günü gördü. Bir şəxsin arzusuna çatmasını görmək, bir xalqın arzusuna çatmasını görmək kimi bir işdir. Bu çox gözəl bir andır. Eynulla əslində ailə qurmaqda gecikib. Dörd ildə onu repressiya gecikdirib. Həbsxana gecikdirib. Mən ona xöşbəxtlik arzulayıram. Mən istəyirəm ki, onun da gözəl ailəsi olsun, övladları olsun”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev E.Fətullayevə arzularını yazdığını söylədi: “Eynulla ilə bağlı yaxşı bir yazı yazdım. Onu Monto Kirista ilə müqayisə etdim. Yəni mən ona arzu edərdim ki, Eynulla öz romanında baş rolun qəhrəmanı kimi sona qədər davam etdirə bilsin. Gələcək nəsillərdə Eynullanın romanını, özü “Qraf de Monto Kiristo” əsərini sevə-sevə oxuduğu kimi, oxuyub zövq ala bilsinlər”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Eynulla bəyə ailə səadəti arzuladı: “Eynulla bəy müdrik yaşında evləndi. Prezidentlik yaşı ilə evlənmək yaşını eyni elədi. Eynulla bəy ailə başçısı ola bilirsə, prezident də ola bilər. Uğurlu olsun”.  Eynulla bəyin vəkili Elçin Sadiqov bir zamanlar məhkəmələrdə müdafiə etdiyi Eynulla bəyə xoş arzularını çatdırdı: “Allah xöşbəxt eləsin. Oğullu-qızlı olsunlar. Növbəti il bu vaxtı inşallah Emin müəllimə nəvə bəxş etsinlər. Məncə Eynullanın seçimi də də gözəl olmalıdır. Gülşən xalaya bir daha təbriklərimi çatdırıram. Çox sevinirəm”.

“Gündəlik Azərbaycan ” qəzetinin aparıcı jurnalistlərindən olan Natiq Cavadlı da sevincli anlar yaşadığını dilə gətirdi: “Eynulla dörd il həbsdə oldu. Bundan sonra belə bir günü görmək valideynləri və yaxınları üçün çox sevincli anlar yaşadır. Arzu edirəm ki, bu gün həbsxanalarda olan bütün siyasi məhbuslar azad olunsun. Onların azadlıq haqqı var. Onların mövcud rejimə qarşı mübarizə aparmaq haqqı var”.

Qonaqlar arasında hakim Yeni Azərbaycan Partiyasının qurucusu Siruz Təbrizli və sabiq müdafiə naziri Rəhim Qazıyev də var idi. S.Təbrizli E.Fətullayevə ailə həyatında uğurlar arzuladı: “Eynulla mənim taleyimdə yeri olan insanlardan biridir. İnsan kimi öz fikrini dedi, insan kimi öz əqidəsini müdafiə elədi, ona hörmət etmək lazımdır. Amma çox təəssüf ki, bu gün Azərbaycanda əqidə adamı yox, simasız quldurlar hörmətdədir. Mən bu gün simasız quldur olmayan oğlanın toyundayam”.     

Rəhim Qazıyev Eynulla bəyi yeni həyata qədəm qoyması münasibəti ilə təbrik etdiyini söylədi: “Hər bir ləyaqətli insana uğurlu, mənalı həyat arzulayıram. Eynulla bu həyatın başlandığında yox, artıq astanasından keçmiş, püxtələşmiş bir insandır. Bu həyatda ona səbir, dözüm və ardıcıllıq arzulayıram. Ən gözəl nemət, xöşbəxt ailə həyatı, gözəl balalar arzulayıram. Allah ona gözəl bir türk ailəsi nəsib eləsin. Atası Emin kişi çox əziyyətlər çəkdi. Hamısına uğurlar arzulayıram”.

 Nurəddin Xoca

Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button