Andropovun inanmadığı göz yaşları – Kremlin 2-ci şəxsinin “buxarlanma”sı

Sıravi çilingərlikdən Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yol keçən, təcrübəli, bacarığlı, savadlı dövlət xadimi kimi tanınan Andrey Kirilenko 1970-ci illərin sonlarında Brejnevin səhhətində ciddi problemlər yarananda baş katib kürsüsünə, SSRİ rəhbəri postuna real namizədlərdən biri sayılıb. Mərkəzi Komitədə ikinci şəxs səlahiyyətlərini Suslovla bölüşdürən Kirilenko partiya xətti ilə ölkənin tikinti və sənaye sahəsinə cavabdehlik dışıyıb.

Andrey Kirilenkoya baş katib tərəfindən xüsusi “imtiyazlar” da verilib. Bu da səbəbsiz olmayıb. Kirilenko hələ gənc yaşlarından Ukraynanın ayrı-ayrı şəhər və vilayətlərində partiya orqanlarında Brejnevin rəhbərliyi altında işləyib. Digər tərəfdən, Kirilenko Brejnevin Kremldə yaratdığı “Dnepropetrovsk qrupu”nun ən sədaqətli üzvlərindən biri olub.

Andropovu özünə ən ciddi rəqib sayan Brejnev dəfələrlə qeri-rəsmi tədbirlərdə Siyasi Büro üzvləri qarşısında gələcəkdə Kirilenkonun ölkənin birinci şəxs olmasını məqsədəuyğun sayıb. Ancaq gələcək zaman Kirilenkonun xeyrinə işləməyib. 1981-ci ilin əvvəlindən başlayaraq Kirilenkonun sağlamlığında kifayət qədər ciddi və çarəsi olmayan problemlər yaranıb. Beyin fəaliyyətinin pozulması nəticəsində o, az qala psixoloji durumunda problem olan insanlara bənzəyib. Yaddaşı və nitqi pozulan Kirilenkoya 1981-ci ilin mart ayında partiyanın 26-cı qurultayında Mərkəzi Komitə üzvülüyünə namizədlərin adlarının oxunması həvalə ediləndə o, bir nəfərin belə soyadını düzgün oxuya bilməyib.

Günü-gündən vəziyyəti ağırlaşan Kirilenkonun Kremldə mövcudluğu əməlli-başlı problemə çevrilib. Brejnev sədaqətli silahdaşını vəzifədən uzaqlaşdırmaqda çətinlik çəkib, illərin dostluğu bu addımı atmağa ona imkan verməyib. Ancaq başqa çıxış yolu da qalmayıb. Nəhayət, Brejnev Andropova müraciət etmək məcburiyyətində qalıb. Mixail Qorbaçov müəllifi olduğu “Həyat və islahatlar” kitabında bu məsələyə də toxunub:

“Kirilenkonun beyin fəaliyyətinin pozulması kəskin bir şəkildə özünü biruzə verirdi. O, illər boyu ətrafında olan insanları tanımırdı, nə danışdığını bilmirdi. Nitqi tamamilə pozulmuşdu. Onun bu hərəkətlərini gizlətmək mümkün deyildi. Nəhayət, Brejnev bu mümkünsüzlüyü nəzərə alıb Andropovdan xahiş etdi ki, onunla danışsın ki, Kirilenko istefası haqqında ərizə yazsın. Sonralar Andropov Kirilenko ilə görüşünü mənə ətraflı söylədi. Görüş və söhbət necə alınıb?

Andropov Kirilenkonun kabinetinə gedib və söhbətə konkret giriş verib:
– Andrey, biz uzun illər birgə çalışan köhnə yoldaşlarıq. Mən sənə həmişə hörmətlə yanaşan və bu gün də sənə hörmət bəsləyən həmkarlarının bir yekdil fikrini çatdırmaq istəyirəm. Belə düşündük ki, sənin səhhətində yaranan problemlər ümumi işimizə nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərir. Sənin ciddi xəstəliklərin var, sən müalicə olunmalısan və biz haqda qərar çıxarmalıyıq.

Bu sözləri eşidən Kirilenko çox böyük həyəcan keçirib və ağlamağa başlayıb. Andropov isə bu göz yaşlarına məhəl qoymayaraq, bəlkə də inanmayaraq fikrini davam etdirib:

– Məni düzgün başa düş, Andrey. Biz bu məsələni indi həll etməliyik. Təşəbbüs səndən gəlməlidir. Sən istirahətə getməlisən. Mən bunu səninlə bir yoldaş kimi müzakirə edirəm. Bütün imtiyazların səndə qalacaq, maşın, bağ, tibbi xidmət, bir sözlə, hər şey. Yəqin xatırlayırsan, Kosıgin də sağlamlığında problem yarananda özü yazdı ərizəsini.

Nəhayət, qəhərlənən Kirilenko razılığını bildirib:

– Yaxşı, Yuri, əgər belədirsə, əgər belə lazımdırsa, gedərəm. Amma sən mənə ərizə yazmaqda kömək et, mən onu yaza bilməyəcəm.

Andropov tələsik çox kiçik bir formada ərizə yazıb, sonra Kirilenko onu öz xətti ilə köçürüb və imza atıb…”

Beləliklə, Siyasi Büro xəstə Kirilenkonu Kremldən “buxarlandırıb” yoxa çıxarıblar. Bəli, sonralar Kreml məmurları öz aralarında zarafat edərkən Kirilenkonun qəfil buxarlanıb yoxa çıxan bir şəxs kimi xatırlayıblar.

Ancaq Brejnevə sədaqətli silahdaşını yola salmaq qismət olmayıb. Kirilenkonun istefası ilə sənədləşmə işləri aparılan ərəfədə Brejnev vəfat edib. Kirilenkonu böyük “təntənə” ilə Andropov yola salıb.

Ancaq tale elə gətirib ki, xəstə və qoca Kirilenko onu Kremldən yola salanlarıın demək olar ki, hamısını bir-bir o dünyaya yola salıb.

Andrey Kirilenko 12 may 1990-cı ildə Moskvada vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button