“Azərbaycan” qəzetində istefaların kökündə nə dayanır?

Bəxtiyar Sadıqovun 9 illik rəhbərliyi dövründə qəzetin 9 əməkdaşı infarktdan dünyasını dəyişib…

 Dünən məlumat verərək bildirmişdik ki, “Təzadlar” qəzeti «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov haqqında kifayət qədər əhəmiyyətli məlumatlar açıqlayıb. Qəzet növbəti sayında yenidən həmin mövzuya qayıdıb. Və yazı müəllifinin apardığı araşdırmaların davamını dərc edib.

Qəzet yazır ki, dərc olunmuş bu məzmunlu yazı ciddi reaksiya doğurub.

Qəzetin dünənki sayındakı məqaləni qısa ixtisarlarla dərc edirik: «Məsələ ilə bağlı başqa bir maraqlı faktlar əldə etdik. Məlum oldu ki, Bəxtiyar Sadıqovun plagiatlığına və müəllif hüquqlarının pozulması kimi qanunsuz hərəkətlərinə dözməyən, bununla da iş yerini tərk edən əməkdaşlar məhkəməyə müraciət etmək istəyirlər. Hansı ki, istedadlı jurnalistlər Samir Mustafayevlə Rasim Bayramovun çəkdiyi zəhmət hesabına hasilə gələn “Müasir Azərbaycan-20 il” adlı kitab sonradan Bəxtiyar Sadıqovun “Buraxılışa məsul” olması ilə ortaya çıxıb. Lakin hələ ki, kitabın təqdimatı olmadığından hüququ pozulanlar məhkəməyə müraciət edə bilmirlər. Amma edəcəkləri şübhəsizdir.

Bizim ilkin araşdırma ilə müəyyən olundu ki, “Müstəqilliyimiz əbədidir” rubrikası altında dərc olunmuş bütün yazılar isə vaxtilə “Azərbaycan” qəzetində imzasız dərc olunub. Bu da yəqin ki, məqsədli olub. Ki, həmin məqalələri sonradan “Buraxılışa məsul” olan B.Sadıqovun adına çıxmaq mümkün olsun. Axı imzalı yazıları kitaba imzalı da daxil etmək məcburiyyəti yarana bilərdi» deyə yazı müəllifi bildirir.

Qəzet əməkdaşı iddia edir ki, Bəxtiyar Sadıqovun qanunsuz və ədalətsiz hərəkətlərinə dözməyənlər isə artıq başqa sahələrdə çalışırlar. Məsələn, əldə etdiyimiz dəqiq məlumata görə, Samir Mustafayev hazırda KİV-ə Dəstək Fondunda, Rasim Bayramov isə “Mövqe” qəzetində çalışır.

Daha bir maraqlı xəbər: Dünənki sayımızda adı çəkilən jurnalistlərin yaradıcılıq məhsulu olan yazıların bir qisminin redaksiyamıza təqdim olunduğunu da bildirmişdik. Həmin yazılarla “Azərbaycan” qəzetinin saytında B.Sadıqovun imzası ilə dərc olunmuş bir neçə yazını tapıb internetin axtarış sistemi ilə müqayisələr apardıq. Şok faktlar üzə çıxdı. Məsələn, məlum olur ki, bir çox yazılar, o cümlədən “Güclü dövlət, qətiyyətli lider, prinsipial siyasət” (“Azərbaycan”, 13.04.2010), “Milli inkişafın strategiyasına fundamental elmi-nəzəri yanaşma” (“Azərbaycan”, 16.04.2010), “Şəxsiyyətin ucalığı” (“Azərbaycan”, 06.05.2010), “Mətbuatın dostu və böyük qayğıkeşi” (“Azərbaycan”, 13.05.2010) və s. məqalələr B.Sadıqovun imzası ilə dərc olunub. Lakin “Azərbaycan”ın son saylarının birində dərc olunmuş “Azərbaycan jurnalistikasında peşəkarlığın səviyyəsi” adlı həqiqi müəllif yazısı ilə əvvəlkiləri üslub və ifadə oxşarlığına görə tutuşdurduqda məlum olur ki, kəskin fərqli yazı səviyyəsi var. Başqasının məqaləsini – yaradıcılıq məhsulunu öz adına çıxmaq isə plagiatlıqdır. Redaksiya həmin yazıların linqivistik ekspertizasının keçirilməsi üçün tanınmış ekspertlərdən ibarət işçi qrupa müraciət etməyi planlaşdırır.

Ən maraqlısı, dünən bizə Bəxtiyar Sadıqova yaxın mənbələrdən biri dedi ki, o, məlum yazılardan söz düşəndə həmişə deyir ki, “Nə olsun, o məni (PA-da yüksək vəzifəli bir şəxs nəzərdə tutulur. Etika xatirinə adını yaza bilmərik – Red.) üçüncü dəfədir deputat edir, mən də onu akademik eləmişəm…”

Bundan başqa, yazıda o da vurğulanır ki, B.Sadıqovun 9 illik baş redaktorluğu müddətində “Azərbaycan”ın 9 əməkdaşı dünyasını dəyişib. «Bu nə rejimdir, bu nə iş üslubudur? Jurnalistikamızın peşəkarlığından ağız dolusu danışan bir adam gərək bu statistikanı qabağına qoyub dərindən düşünsün. Biz faktdan danışırıq. Dünən “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsində, “Azərbaycan” qəzetinin əsas redaksiyalarının yerləşdiyi mərtəbəyə düşdük. Divarda həmin vəfat etmişlərin şəkilləri asılıb. Saydıq: 9 nəfərdirlər. Allah hamısına rəhmət etsin. Onların hamısı cavan və orta yaşdadırlar, ölüm onları qabaqlayıb: Əmir Mustafayev, Validə İsmayılova, Füzuli Məmmədov, Bariz Əsədov, Famil Abbasov, Seyidağa Cabbarov, Raqif Şirinov, Eldar Nəsib, Məmməd Məmmədov…

«Əlavə şərhə ehtiyac varmı?» deyə müəllif qeyd edir. Maraqlıdır ki, «Azərbaycan»ın baş redaktoru ortaya çıxan bu yeni faktlarla bağlı olaraq hələlik heç bir açıqlama verməyib. Əgər versəydi onun da mövqeyini dərc edərdik. Bəxtiyar Sadıqov yalnız isterik vəziyyətdə «qafqazinfo»nun əməkdaşlarına, «yazmasanız kişi deyilsiniz» deyə açıqlamalar verib və həmkarlarımız da kişi olduqlarını sübut edərək hər şeyi dərc ediblər.

Məsələ diqqətimizdədir.

 

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button