Dostum Semipalatinskdən mənə 2 BTR hədiyyə göndərdi!

Əmirxan İsmayılov: «Evimi hazırda bir dövlət komitəsinin sədri olan adamın bacısının oğlunun adına rəsmiləşdirdilər, indi qaldığım evi 18 min dollara aldılar, 10 min dollar da cibimə qoydular ki, ağzını bağla, danışmaözümü buraxmaq üçün də 100 min dollar pul istədilər»

Mən onları mühafizə edəndə vəzifə bölüşdürürlərmiş

Mənə 5 milyon dollar rüşvət təklif etdilər

 

Əmirxan İsmayılov Milli Azadlıq Hərəkatının önəmli simalarından biridir. Azadlıq qığılcımlarının alovlandığı illərdə ilk gündən bu alovun üzərinə özünü atanlardan olu. AXC Müdafiə Komitəsində Şirvan zonası üzrə əlaqələndirici, AXCdə Ümumi Şöbənin baş təlimatçısı, Azərbaycan Müdafiə Şurasında Tahir Əliyevin müavini olub. Bütün kritik mərhələlərdə millətin vurucu güclərindən biri olub. Başı olmazın bəlalar çəkib. Hələ sovet imperiyasının yaşadığı o mənhus illərdə yaşadığ Şamaxı şəhərindən repressiya olunub. Yaşadığı doğma şəhərini tərk etməli olub.

Əmirxan müəllim uzun və mənalı bu illər boyu maraqlıdır ki, bir dəfə də mətbuata danışmayıb. Xüsusilə, Əbülfəz Elçibəyin hakimiyyətdən getməsindən sonra bir çox hərəkatçılar kimi olmazın işgəncələrə məruz qalıb. Onu elə günə salıblar ki, başını götürüb ölkədən qaçıb. Rusiyanın Moskva şəhərində yaşayır və orada fəaliyyət göstərir.

Uzun illərdir insan hüquqları sahəsində fəaliyyət göstərən Əmirxan İsmayılov qonağımızdır. Bu fədakar, cəfakeş, milli mənafelər uğrunda yorulmaz mübarizə aparan millət oğlunu sən də tanı, Əziz «Xural» Oxucusu

Əmirxan İsmayılovla söhbətə 1980-ci illərin əvvəllərindən körpü salırıqKQBnin başına açdığı oyunlardan danışır

 

Əvvəli ötən saylarımızda

Mart hadisələrindən sonra nələr oldu ki?

– 7 gün Rövşən Cavadovun hüzründə oldum, sən demə, bunu da çəkirmişlər. Rəhmətlik Famil Mehdi ilə evə gəldik. Leysan yağış yağırdı, buraxmadım ki, «professor, belə getməyin, əyninizi dəyişin, sonra gedərsiniz». O yazıq da bir söz demədi, elə yenicə əynini dəyişməyə başlamışdı ki, evi mühasirəyə aldılar. Saat 19.00 radələri olardı. Ailəm, balalarım ağlaşmağa başladı. Mənimlə bir yerdə Famil bəyi də DİN-in zəirzəmisinə apardılar. 11 gün çırpdılar, baxın (göstərir – Red.), ağzımda bir dənə də olsun salamat diş buraxmadılar. Hamısını o vaxt zirzəmidə məni döyəndə qırıblar. Evimdə axtarış apardılar, daha nə tapmadılar ki? Bir ədəd avtomat silah. Mən maşın-maşın ora-bura silah daşıyan adam idim… Məni buraxmaq üçün 100 min dollar pul istədilər. Ki, «Dəniz limanı»nda işləmisən, balıq-ikra sel-su kimi olub, verməlisən. Evimə gedib-gəlirlər, həsədlə deyirlər ki, bunun gözəl evi var, onu da verməlisən. Evimi hazırda bir dövlət komitəsinin sədri olan adamın bacısının oğlunun adına rəsmiləşdirdilər. Gəldilər indi qaldığım evi 18 min dollara aldılar, 10 min dollar da cibimə qoydular ki, ağzını bağla, danışma.

Allah, Alllah, dövlətdir bütün bu işləri görən?

– Bəli.

İşgəncə verib?

– Bəli.

Rüşvət istəyib?

– Bəli.

Rüşvəti verə bilmədiyiniz üçün də evinizi əlinizdən alıblar?

– Bəli.

Özü də bir dövlət komitəsinin qohumu?

– Hə, Cəfər adlı bacısı oğlunun adına keçirdilər. Ondan sonra gördüm ki, mən Bakıda yaşaya bilməyəcəm, başımı götürüb Moskvaya getdim. Semipalatinskdən dostum zəng vurdu, soruşdu ki, Əmirxan, vəziyyət necədir? Dedim, belə. Dedi ki, Əmirxan, sənə Semipalatinskdən iki ədəd BTR göndərirəm, kimə verirsən ver. 3 gündən sonra BTR-ləri qarşıladım. Müdafiə Şurasının vaxtı idi. Prezident də Ayaz Mütəllibov idi…

BTRlərin aqibəti necə oldu?

– Həmin iki BTR-i dəniz vağzalından qəbul edib gətirdim. Rahim Qazıyev əlimdən almaq istədi, mən də tez zəng elədim Rövşən Cavadova. Bilirsinizmi, məni niyə həbs etdilər? Çünki rəhmətlik Rövşən Cavadovun sputnik telefonu mənim cibimdə idi. İstədiyim zaman istədiyim yerə zəng vura bilirdim. Nömrəsi də 14500 idi. Bugünkü kimi yadımdadır. Onda mobil telefon yox idi. O vaxt yaman hay-küy düşdü. İsgəndər Həmidov iki adam göndərdi – Qəriblə Əlini. Qabil bəy ordubadlı sürücüsü var idi Seyid adlı, onu göndərdi. Qəribin xalası oğlu idi. BTR-lərin üstündə dava düşdü. Dedim, bilirsinizmi, nə var? Mən bu BTR-lərin üstündə lap döyüşə bilərəm. Mənim deyil? Vermirəm. Gətirib qadasın aldığım Rövşənə verdim. O da bir gün içində cəbhəyə göndərdi. Mənim cəbhəyə hədiyyəm də o iki BTR oldu. Hər kəsin gözünün qarşısında olub bunlar. … AXC-nin hakimiyyəti dövründə İsgəndər Həmidov məni yanına çağırıb dedi ki, birinci mərtəbədən bir nəfər də olsun tanımadığın adamı yuxarı buraxmırsan. Ali Soveti almışdılar, oranı nəzərdə tuturdu. Dedi, sən hərəkatçıların hamısını tanıyırsan, tanımadığın bir nəfəri belə içəri buraxmırsan. Sən demə, yuxarıda vəzifə bölgüsü gedirmiş. Səhv etmirəmsə, 14, ya 17 vəzifəni bölüşdürdülər. Mayın 6 idi…

Vəzifə bölünəndə aşağıda onları mühafizə etmisiniz və yaddan çıxmısınız

– (Gülür) İbrahim Nəbioğlu da yanımda idi. Sonra İstanbulda konsul oldu. Həmin vaxt şəkil çəkirdi. Əlində balaca kamerası vardı. O, içəri keçmək istədi, qoymadım. Yalvardı ki, bəy, imkan ver elə buradan çəkim. Dedim, yaxşı, gəl yanımda otur. Mən orada mühafizəni etdim, bunlar da rahatlıqla vəzifələri bölüşdürdülər. Lider idilər də… Mənim də heç bir iddiam yox. Düzdür, onların heç birindən az bilmirdim, sadəcə vəzifəyə iddialı deyildim, nə etmişdim millətimdən ötrü etmişdim. Nəhayət, fərman verdilər, İsa Qəmbəri ali Sovetə sədr qoydular. Prezident də yoxdur. İlk baxdıqları məsələ Şamaxı oldu. Məni Şamaxıya icra başçısı təyin etmək istədilər. Dedim, mən qələt eləyərəm, çünki orada məni körpədən ağsaqqala qədər hər kəs tanıyırdı. Vəzifə elə şeydir ki, gərək sərt olasan. O baxımdan mən icra başçısı ola bilməzdim. İstəmədim. Soruşdular ki, kimi məsləhət bilərsən? Dedim, AXC-nin Şamaxı şöbəsinin sədri, elmlər namizədi Əli Məmmədovu. O vaxtlar Əli meşəbəyi işləyirdi. Sonralar Taxıl Məhsulları naziri təyin edildi. Mərkəzdən Dilarə xanımı, İsa Qəmbəri, Qurban Məmmədovu, Yusif Səmədoğlunu 3-4 maşın yığıb Şamaxıya aparmışam. Orada konfransı keçirmişik. Beləliklə, Əli Məmmədov icra başçısı təyin olundu, daha sonra Taxıl Məhsulları naziri oldu, oradan da itkin düşdü. Məndə olan məlumata görə, hazırda İstanbulda yaşayır. Deyilənə görə, ora gedəndə 8 milyon dollara yaxın pul aparıbmış. Yəni vəziyyəti pis deyildi. Moskvada iki-üç ev, restoran almışdı, amma bir az sonra Moskva lotuları hamısını əlindən aldılar. 24 saat da vaxt verdilər ki, Moskvadan sağ-salamat çıxsın. Bütün əmlakını əlindən aldılar. Hər şeyi qaldı o restoran və evlərdə. Allahın qarğışına düşdü. Bəy qibləgah idi. Bəyə kim toxundu, Allah da onu elə yıxdı ki, daha dura bilmədi. İstər Əlikram olsun, istər İsgəndər, istər Etibar, istər İsa – hamısı ayağa qalxa bilmədilər. Millət tanıdı. Bu adamların hamısı ömürlərinin ən gözəl çağlarını həbsdə keçirdilər. Mən İsgəndər bəyə həyatımı, balalarımı qurban verərdim. O dərəcədə inanırdım. Üçtəpəni götürməyə gedəndə mənə dedi ki, sənin 4 balan var, ağlını başına yığ, otur burada, yanlarında. Rahim Qazıyevin mühafizə xidmətinin rəhbəri var idi, bir yerdə Üçtəpəyə, silah anbarlarına getdik. Sonradan ora məni qoymadılar, amma ondan başqa çox yeri – aerodromdan tutmuş «Nasosnu»nu, «Siyəzən»i, daha haralara qədər götürmüşdük. Orada da iki nəfəri itirdik. Ölüm oldu. Sən demə, danışıq olmuşdu ki, sakitcə yola verin. Düşdük «lyaquşka»ya… O zaman mənim Nurəddin Xocaya bir həyat borcum oldu. Bəlkə mən də öləcəkdim. Qoymadı getməyə ki, körpələrini başsız qoyma. Hər nə isə… Hakimiyyətə gələndən sonra da mən yadlarına düşmədim. Bir gün evdə oturmuşdum, gördüm ki, Qabil bəy zəng vurdu: dur gəl nazirliyə. Soruşdum xeyirdimi? Dedi, hə, tez gəl. Getdim, gördüm, yadlarına düşmüşəm ki, bəs bu bədbəxt oğlu yaddan çıxıb. Sən demə Qabil bəy də Dəmiryolu Baş Komitəsinə rəis təyin olunub…

Siz də yəqin fikirləşmisiniz ki, yaxşı bir vəzifə təklif edəcəklər?

– Niyə də ağlıma gəlməsin? Axı mən bunlardan çox hərəkata həyatımı qoymuşdum. Gördüm danışırlar ki, Gömrük Komitəsində bir struktur yaranır – Gömrük polisi. Korrupsiyaya, rüşvətə qarşı nəzarət etməsi üçün. Bəs, səni də ora göndəririk. Soruşdum ki, nə göndərirsiniz? Dedilər, həyətdə bir kök oğlan var, səni gözləyir, Novruz Həsənov. Onu rəis göndəririk, sən də onun müavini olursan. Dedim, nə olar, amma nəzərə alın ki, paqon-filan mənə lazım deyil. Çünki məndən polis olmaz. Mən kriminal aləmdə olmuş adamam. Oturub-durmadığım adam yoxdur. Polis olsam yaşaya bilmərəm. Dedilər, arxayın ol, bu gömrük polisidir. Düşdüm aşağı, baxdım həmin adamın yanında 3-4 müavin var, məni də müavin yox, kiçik leytenant rütbəsi ilə alay komandiri qoyublar. Təsəvvür edirsiniz, kiçik leytenant rütbəsi ilə… Halbuki mən hələ əsgərlikdən gələndə böyük leytenant rütbəsi ilə gəlmişdim. Kommunist partiyasına keçirmək istəmişdilər, etiraz edib biletlərini cırmışdım ki, məndən kommunist olmaz. Evə gələn günə qədər 11 əsgəri ölənədək vurdular. Biz Berlində hərbi xidmətdə olmuşuq. Mən Berlində Siyasi Akademiyanı bitirmişəm. O vaxt da QSVQ-nin – Qrup Sovetskix Voyk Qermanii – Siyasi bürosunun üzvü idim. Məni qoydular «filankəsin filankəsinin filankəsi». Mən də dedim, nə olar, heç bir təmənnalı məqsədim yoxdur, bu da bir xidmətdir. Bir dəfə Bəy bizi bir yerə toplayb tapşırıq verdi ki, nə edirsinizsə edin, bircə bu məmləkətdən rüşvəti, rüşvət alan əllərini kəsin. Ora gedəndən iki gün sonra dəniz vağzalında «dirəndim». Sən demə, bunlar öyrəniblər ki, konkret kim nə aparırsa, onun limandan keçməsi üçün nə qədər rüşvət verməlidirlər. Ortada konkret pullar var. Sürücüləri çağırdıq. Onlardan soruşduq ki, bu nə pullardır? Dedilər ki, «taksa»dır da, ödəmişik. Dedim, bu pulları götürürsünüz, bu dəfə nəyiniz varsa götürün. Bundan sonra gedəndə də, gələndə də kimin əlində pul görsək, bizdən inciməsin – maşınını da alacağıq, malını da, özünü də yola salacağıq. Beləcə, rüşvətlə mübarizə başladı və pul söhbəti qurtardı. 10 gün iş dirəndi. 10 maşın çay tutmuşdum, yiyəsi yox idi. Sonradan məlum oldu ki, Abdulla Allahverdiyevindir. Sonralar Daxili İşlər naziri oldu, həmin vaxt isə Bakı Şəhər Polis İdarəsinin rəisi idi. 10 maşın çay Astaradan gedir. Amma üstündə «Qırmızı Körpü»nün, Gürcüstanın möhürü var. Uşaqlar şübhələndilər, bir də gördük gəldi, çox xahiş-minnətdən sonra keçirdik. Dedim, özünüz bilin, bizə belə demişdiniz. Bu hadisənin üstündən 15 gün keçmişdi, Göyüşov gəldi ki, 6 KamAZ var, «prisep»lə, başına yaman «Mercedes»lər fırlanır. «Mercedes» markalı avtomobillər də tək-tək idi. Sənədlərinə baxdım, gördüm içində «Astra» var. Rəis Eyvaz bəy də işdə yoxdur. Gördüm ikisi girib 4-ü isə sahədədi. Dedim, onların birini çıxarın görüm içində nə var. Bu da Gürcüstandan gəlib. Açdıq. İçində bir sıra siqaret, arxasında isə videopleyerdən, kameradan tutmuş başqa texniki avadanlıqlar… Sən demə, bizdən 11 min ton Latviyaya neft gedib. Onlar da barterlə bunları göndəriblər. Bunlar da limandan gizlicə bunu Orta Asiyaya ötürürlər. Maşınları oradan çıxardıq, açdıq gördük hamısı videoaparatlar. Yalvarıb rüşvət vermək istəyirlər ki, bəy, bizi bədbəxt eləmə, burax gedək. Rüşvət vermək üçün yalvarırlar – 1 milyon dollardan 5 milyon dollara qaldırdılar. Mən bu işə gələndə Bəyin özünə də, İsgəndər Həmidova da demişdim ki, mənim əlimlə bir nəfər tutulub həbsə getməyəcək. Demirsiniz, buraxmayın. Buraxmayacağıq, respublikaya paylayacağıq. Defisit maldır. Mənə təklif olunan rüşvətlərdən birini alsaydım, bəlkə də bütün nəslimin, törəmələrimin bəsi idi. Bir dəfə də olsun rüşvət almadım. Qohum-əqrəbadan çox adam dedi ki, ağlın olsun, 5 günlük dünyadır, al. Amma almadım. Nurəddin Xocanın yanına gəlmişdilər ki, Əmirxan səni dinləyir, ona de. O da demişdi ki, heç kim ona heç nə deməsin. Bilirdi ki, tərsliyim var. Məsələ yuxarıya qədər gedib çıxacaqdı. Çıxdı da. Bir sözlə, bunların anbarına qədər gedib çıxdıq. Dərnəgüldə körpünün altı bunların anbarı idi. Anbar ağzınacan bu avadanlıqlarla dolu idi. Ən böyük iş bu olub. Bir də 740 ədəd fortopiano tutmuşam. Gəmiyə yüklənəndə pambıq kifinin altında tutmuşam. Yükləyən mənə zəng vurdu. Ona telefon vermişdik ki, sənəddən kənar kim nə yükləsə bizə xəbər ver. Verdi. Yazıq bir adam idi, Vətəninə xidmət etdi. Yeri gəlmişkən, Aydın Quliyev rəhmətlik o zaman Ali Sovetdə möhtəşəm bir çıxış elədi, dedi ki, əgər Vətənimə xidmət sayılacaqsa, mən KQB-nin də agenti ola bilərəm. Tutub basdılar içəri. Neçə dəfə dəniz vağzalında yoxlama apardılar, bir dəfə olsun heç nə tapmadılar. Bəhanə lazım idi ki, bizi də tutub içəri bassınlar. Allahdan heç nə tapılmadı. Bir də, mənim içimdə bu insan hüquqlarının müdafiəsi məsələsi elə qövr edirdi. Sonra Çingiz Qəniyev özü yaxınlaşıb dedi ki, sən çox dəyərli qardaşsan, gəl mənim Komitəmə. 1993-cü ildən Çingiz bəyin Demokratiya və İnsan Hüquqları Komitəsinə keçdim. 10 ildən yuxarıdır Moskvada fəaliyyət göstərirəm.

Hakimiyyətdən gedəndən sonra bu qərarı verdiniz?

 

Davamı gələn saylarımızda

Hazırladı:

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button