Elşad Abdullayevdən diplom alan dövlət məmurları kimlərdir?

ABU rektorunun diplom verdiyi şəxslər arasında hakimlər çoxluq təşkil edir

 Son zamanlar Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şok açıqlamaları yayılmaqdadır. Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin taleyi ilə bağlı, həmçinin də rəhbəri və qurucusu olduğu Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı kifayət qədər maraqlı açıqlamalar verir.

Artıq Azərbaycan hakimiyyətində kifayət qədər yüksək nifuz sahibi olan hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı açıqlamalar verir. Maraqlıdır ki, bu açıqldamalara hələlik qarşı tərəfdən sərt reaksiyalar gəlməyib.

Lakin dünən redaksiyamıza kifayət qədər geniş bir araşdırma mövzusu olan informasiya daxil olub. İnformasiyaya əsasən, Elşad Abdullayevin bu açıqlamalarından sonra yüksək çinli məmurlar, məhkəmə hakimləri və bir sıra hüquq-mühafizə orqanlarından yüksək post tutan xeyli sayda insan tərcümeyi-hallarını dəyişməyə başlayıblar.

Məlumat üçün bildirək ki, bir zamanlar ABU-da böyük bir diplom bumu yaşanırdı. Orta təhsili olan minlərlə insan verdiyi rüşvət müqabilində bu ali məktəbi bitirməsi haqqında diplom ala bilirdi. Hətta sovetlər dövründə kolxoz sədri işləmiş orta texniki təhsilli adamlar qısa zamanda ali təhsilli hüquqşünas kimi işə başlaya bilirdilər.

Məlumatlara əsasən, faktiki olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarından kənar ABU-ya daxil olmuş xeyli sayda insan var ki, hazırda məhkəmə sistemində hakim kimi işləyir. Belə ki, təkcə Bakı şəhərində 27 məhkəmə hakimi var ki, onlar məhz ABU-nun hüquq fakultəsini bitiriblər. Təbii ki, biz bu hüquq təhsili diplomunu almış hakimlərin TQDK-nın xətti ilə ali məktəbə daxil olub-olmadığını dəqiqləşdirə bilmədik. Lakin Elşad Abdullayevin hüquq elmləri üzrə akademik olması faktı bir daha onu göstərir ki, hüquq sistemində kifayət qədər dostları və tanışları olub və onlara da diplomu bəzən hədiyyə edirmiş.

Məsələn, 2008-ci ilin avqust ayının 8-də Nizami rayon məhkəməsinə hakim təyin edilən Xəyal Sarıyev 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin «Hüquqşünaslıq» istiqaməti «Cinayət hüququ» ixtisası üzrə magistraturasını bitirib.

2008-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi təyin olunmuş Səyyad Qafari 1996-2001-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsində təhsil alıb.

Bakının Səbail, Xəzər, Suraxanı rayonlarında da onlarla hakim var ki, məhz bu hakimlər də ABU-nun diplomu ilə işə başlayıblar.

Araşdırmalar göstərir ki, bu gün kifayət qədər nazir müavinləri, komitə sədrləri və müavinləri var ki, onlar da məhz Elşad Abdullayevin diplomu ilə hüquqşünas, həkim və digər sənət sahibinə çevriliblər.

Amma ABU-dan diplom alıb yüksək vəzifə tutanlarla yanaşı, indi şou-biznesdə elə tanınmış simalar var ki, bu adamlar da hazırda hüquqşünas, gömrük mütəxəssisi, həkim diplomuna sahibdirlər.

Dünən bu mövzuyla bağlı araşdırma aparan zaman məlum oldu ki, artıq hökumətdə təmsil olunan xeyli sayda insan rəsmi internet saytlarından ABU-nun məzunu olmaları ilə bağlı informasiyaların yığışdırılması haqqında göstəriş veriblər. Lakin başqa bir mənbənin dediyinə görə, artıq Elşad Abdullayevlə dost olan, onun hesabına diplom alaraq yüksək vəzifə tutan adamların kimliyinin araşdırılmasına da başlanılıb.

Yeri gəlmişkən, Elşad Abdullayev Azərbaycan iqtidarında kifayət qədər yüksək çinli məmurları hədəfə alıb. Görəsən, o, Azərbaycana gəlib məhkəmə qarşısına çıxarılsa, onu tələbələri necə ittiham edəcəklər?

 Elvin Əsgərli

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button