Erməni çempion olur, Azərbaycan 7-ci?!

Elman Rüstəmov məsuliyyət daşımalıdır…

Ötən həftə Çinin Ninbo şəhərində şahmat üzrə kişilər arasında dünya çempionatı başa çatdı. Dünya çempionatında iştirak edən Azərbaycan komandası 7-ci, Ermənistan komandası isə birinciliyə sahib oldu. Çempionatda Ermənistan 14 xal, Azərbaycan isə 9 xal qazandı.Türklər bu yerdə yaxşı deyirlər, “Yazıqlar olsun!”…

Yazıqlar olsun bizim Şahmat Federasiyamıza… Ki, milyonlar səltənətində üzən Azərbaycanın başını yerə soxa biləcək səviyyəyə qədər çalışdılar. Sovet imperiyası dönəmində birincilik uğrunda vuruşan bayrağımızın yerində onların sayəsində ermənilərin bayrağı yelləndi. Bir balaca milli qüruru olan, vətənpərvər hisslə yaşayan insan bu xəcaləti özündə daşıya bilməz. Bu yarışmadan sonra məşhur şahmatçılarımız bir-birindən sərt və ciddi bəyanatlar verməyə başladılar. Komandada iştirak edən Teymur Rəcəbov uğursuz nəticə ilə razılaşaraq bəyan edib ki, “Komanda ilə hazırlaşmaq lazımdır, biz isə daha çox fərdi hazırlaşırıq”. Azərbaycan yığmasının kapitanı Vladimir Kukmakov çempionatdan sonra verdiyi açıqlamasında yığmanın məğlubiyyətini şəxsi ambisiyalarla bağlayıb. Onun sözlərinə görə, uzun illərdir şahmat sahəsində çalışmasına baxmayaraq, “əgər mən dediyimi etməyəcəksinizsə, oyuna çıxmayacam” iddiasında olan şahmatçı ilə qarşılaşmayıb. Bunu dünya çempionatında iştirak edən məşhur şahmatçı Vüqar Həşimov deyib. Bir-birini təkzib edən bu bəyanatlar hər bir halda şahmatın süquta yaxınlaşmasından xəbər verir.

16 il Azərbaycan Şahmat Federasiyasına rəhbərlik etmiş, 30 il Respublika Şahmat məktəbinin direktoru olmuş Çapay Sultanov komandanın son çıxışından və şahmatçılar arasındakı mübahisələrdən narahat olduğunu bildirib: “Acınacaqlı haldır ki, son iki böyük yarışda Azərbaycan yığması uğurlu nəticə göstərmir. Əsas səbəb isə son illər şahmat sahəsində işlərin düzgün qurulmaması ilə bağlıdır. Bir vaxtlar Azərbaycanda uşaqlar və yeniyetmələr arasında şahmatın inkişafına çox böyük diqqət ayrılmışdı. Dünya şahmatı Azərbaycanın adı ilə bağlayırdı. Ardıcıl olaraq əldə olunan uğurlu nailiyyətlər Azərbaycan şahmat məktəbini örnəyə çevirmişdi. Bu o vaxtlar idi ki, dünya çempionatında birinciliyi yalnız Azərbaycan şahmatçıları əldə edə bilirdilər. İndi isə vəziyyət əvvəlkindən daha yaxşı olmalı halda, tamamilə əks nəticələr əldə edilir. Bu isə məni – həyatının böyük bir hissəsini şahmata həsr edən şəxs kimi narahat etməyə bilməz.” “Şəxsi ambisiyalar” və “fərdi məşq” məsələlərinə gəlincə, Çapay Sultanov bunu tək komandalar arasındakı narazılıqlarla deyil, ən əsası işin düzgün qurulmaması ilə əlaqələndirdi: “Azərbaycan Şahmat Federasiyası strategiyanı elə düzgün istiqamətə yönəltməyi bacarmalıdır ki, həm şahmat məşqçiləri, həm də şahmatçılarımız yarışlarda qalibiyyətin nə olduğunu dərk etsinlər və hər şeyə görə məsuliyyət daşısınlar”.
“Azərbaycan Naminə” İF-nin prezidenti E.Namazov “Bizim Yol” qəzetinə verdiyi müsahibədə dünya çempionatındakı oyuna görə Şahmat Federasiyasının məsuliyyət daşıdığını bildirib və qeyd edib ki, “Şəhriyar, Vüqar, Teymur – bu oyunçulardan bəziləri 5 ay, bir yarısı da 7-8 ay böyük turnirlərdə iştirak etməyiblər. Dünya birliyinə hazırlıq işləri düzgün planlaşdırılmayıb. Beş-altı ay yarışlarda iştirak etməyən şahmatçı yaxşı formada dünya çempionatına gedə bilməz. Burada şahmatın təşkilatçılığı ilə bağlı ciddi götür-qoy edilməlidir. Yarışın nəticələri qiymətləndirilməli və təhlil etməlidir. Bundan bir nəticə çıxarmalıdır”.

Amma  nəticə etıbarilə 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilən Elman Sirac oğlu Rüstəmovovun bioqrafiyası ilə tanış olmaq kifayətdir ki, bu uğursuzluğumuzun səbəbi anlaşılsın. Hörmətli E.Rüstəmovun Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına yerləşdirilmiş avtobioqrafiyasını olduğu kimi dərc edirik.

Elman Sirac oğlu Rüstəmov:

1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.
1974-cü ildən 1975-ci ilədək ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir.
1980-ci ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışmışdır.
1986-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır.
1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.
1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
2000-ci ilin aprelində ikinci 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
2005-ci ilin aprelində üçüncü 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir.
2007-ci ildən Azərbaycan Şahmat Federasiyasının prezidentidir.

Dəyərli Oxucularımızın da yəqin diqqətindən yayınmadı ki, iş fəaliyyəti dövründə 1 dəfə də olsun şahmat sahəsində çalışmayan, qalibiyyətin və nailiyyətin nə oldüğünü bilməyən, onun məsuliyyətini heç bir zaman daşımayan, həyatında bir dəfə də olsun şahmat həyəcanı keçirməyən bir adama şahmat sahəsinin ən məsuliyyətli vəzifəsi həvalə olunub. Ümumiyyətlə, şahmat yarışlarına kredit kartı kimi baxan bir adamın Azərbaycan Şahmat Federasiyasının prezidenti seçılməsi hansı məntiqə uyğundur, anlamaq olmur. Belə gedərsə, Ninboda (Çin) komandalar arasında şahmat üzrə dünya çempionatında 7, sabah isə siyahının axırından birinci yeri tutacağımıza heç kimin şübhəsi qalmasın.
Məğlubiyyətə görə kim məsuliyyət daşıyacaq? Bunu zaman göstərəcək. İdman bir yarışmadır. Bu yarışmada udan və uduzan var. Maddi imkanları zəngin olan, ən əsası çox da uzaq olmayan keçmişində son dərəcə uğurlu nailiyyətlər əldə edən bir dövlət, maddi imkanları ondan qat-qat aşağı olan, hətta idmançıları belə Azərbaycan Şahmat Məktəbinin yetirmələri olan bir dövlətdən 7 pillə aşağıda olmamalıdır. Ola bilməz. Əgər olubsa, demək burada qeyri-normal hadisələr baş verir. Ya prezidentin idman sahəsinə hər il ayırdığı milyonlarla manat vəsait korrupsiyanın qurbanı olur, ya da bu sahəyə məsul olan şəxs ona verılən səlahiyyətlərdən düzgün faydalanmır və onun məsuliyyətini dərk etmir, şahmata oyun deyil, oyuncaq kimi baxır.

İ.S. Kimin necə düşünməyindən asılı olmayaraq, Azərbaycan şahmatçılarının Ninboda dünya çempionatındakı uğrsuzluğunu dövlətimizin apardığı siyasətin məğlubiyyəti kimi qiymətləndirmək olar. Hər bir xalq dünya xalqları arasında özünəməxsus dəyər və ənənələri ilə seçilir. Azərbaycanın “Eurovizion”da qalıb gəlməsi, xalqımızın musiqiyə olan marağını tərənnüm etdirirdisə, Ninbo yarışmasındakı məğlubiyyətimiz zəka yarışmasında uduzmağımızdan xəbər verdi. Özü də kimlərə, “mkrtıç”lara… Elman Rüstəmovun hansı məzhəbə qulluq etdiyini anladıq. Bəs Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov nə düşünür? Təxminlərimiz bizi aldatmırsa o, bu haqsızlıq və uğursuzluqla barışmamalı idi.

İ.İ.S. Həyatının yarıdan çoxunu Azərbaycan şahmatının inkişafına həsr edən Çapay Sultanov bu günlər 75 yaşını qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyev onu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə, “Şöhrət” ordeni ilə təltif etdi. Azərbaycan Şahmat Federasiyasının qurucularından olan Çapay Sultanov nə yazıq ki, federasiya rəhbərliyi tərəfindən bu münasibətlə təbrik belə edilmədi. Elə bu hadisənin özü Federasiya rəhbərliyinin Azərbaycan prezidentinin iradəsindən kənar fəaliyyət göstərməsindən xəbər vermirmi? Özü də kim zəmanət verə bilər ki, Federasiyanın qocaman şahmatçımıza belə etinasız münasıbəti gənc şahmatçılarımız üçün pis nümunə olmayacaq.

Zəhra Hidayətqızı

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button