İnternet jurnalistikasında xəbər başlığı

Toğrul Qara

Hazırda ölkədə gündəlik 60-100 arasında xəbər yayan internet portallarında əsas problemlərdən biri də xəbər lentində düzülən başlıqlardır. Dünya praktikasına nəzər saldıqda xəbər lentində görünən başlıqlarda maksimum konkretlik görünürsə, bu hal yerli saytlarımıza şamil edilə bilməz. Formalaşma dövrünü keçən və xəbər bazarında oturuşan saytlarda bəzən ixtiyari bir xəbərin başlığı üçün 12-14 sözdən istifadə olunduğu adi hala çevrilib. Bu isə Oxucunu xəbərə cəlb etmək əvəzinə, onu həmin informasiyadan uzaqlaşdırır. Gün ərzində bir neçə dəfə işindən ayrılıb sayta informasiya almaq üçün daxil olan Oxucu başlıqlara baxmaqla kifayətlənir. Xəbər portalı başlıqları elə seçməlidir ki, Oxucu həmin xəbərə daxil olmağa çalışsın. Beynəlxalq status qazanan xəbər portallarında internet jurnalistikasının əsas tələblərindən biri – xəbər başlıqlarının 7, maksimum 9 sözdən ibarət olması şərtdir. Artıq özünü dünya bazarında tanıdan və təsdiqləyən xəbər portalında hansısa jurnalist yazdığı informasiyaya 12 və daha artıq sözdən ibarət başlıq qoya bilməz.

Burada yalnız istisna hallar da mövcuddur. Rəsmi açıqlamalar, həmçinin dövlət başçısının imzaladığı sərəncamlar adı ilə birgə verilə də bilər, yaxud informasiyaya uyğun çıxarış edilərək, qısa xəbər başlığı da seçilə bilər. Məsələn, dövlət agentliyi olan “AzərTAc”ın saytında prezidentin imzaladığı sərəncamla bağlı belə bir xəbər yayılıb: “Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. Xəbər portalı isə rəsmi dövlət agentliyi kimi deyil, çıxarış edərək qısaca belə də yaza bilər: “Prezident Sabirabadla bağlı sərəncam imzaladı”. Oxucu birinci versiyada olan xəbər başlığını görəndə, artıq informasiyanı başlıqdan aldığı üçün onu açıb oxumur. İkinci versiyada olan başlığı görəndə isə dövlət başçısının Sabirabadla bağlı hansı sərəncam imzaladığı ilə maraqlanır və xəbərə daxil olub onu oxumaq istəyir.

İnternet jurnalisti üçün xəbərin özü qədər əhəmiyyətli məhz yazdığı informasiyaya seçdiyi qısa başlıqdır. Artıq sayları gündən-günə çoxalan yerli xəbər portallarının xəbər lentini uzun-uzadı sözlər yığınından azad etmək haqqında düşünmələrinin vaxtıdır.

Analoji problem yuxarıda deyildiyi kimi, təkcə dövlət agentliyinin saytında və xəbər portallarında deyil, həm də digər agentliklərin saytlarında da var.

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button