Mən iqtidaryönümlü gəncəm!

Fərid Şahbazlı: «Mənim üçün əsas o deyil ki, prezidenti və ya hakimiyyəti tənqid edək, əsas odur ki, ortada olan problemlərin həll olunmasına çalışaq»

«Qaynar.info» müxalifətyönlü informasiya agentliyi idi, mən onun kursunu dərhal dəyişə bilməzdim, məcbur idim ki, bu siyasəti hissə-hissə, mərhələ-mərhələ həyata keçirim…

“Mən yaxşı başa düşürəm, 50 yaşlı Gülər Əhmədovanın uşaq və gənclər təşklatına rəhbərlik etməsi nə qədər absurd bir məsələdir…”

Fərid Şahbazlı gənc sayt sahiblərindən biridir. «Qaynar.info» onun baş redaktorluğunda işıq həyata vəsiqə qazanır. «Qafqazinfo»nun sahibi Elbrus Ərudun müsahibəsindən sonra redaksiyamıza telefon edən Oxucular belə gənc qələm sahiblərinin fəaliyyətlərinin işıqlandırılmasını bizdən xahiş etmişdilər. Biz də bu xahişə əməl edərək Fərid Şahbazlını redaksiyamıza dəvət etdik.

Gənc və vətənpərvər Fərid Şahbazlı Azərbaycan mediasının ən yeni nəslinə sahib gənclərdən biridir. Kifayət qədər cəsarətli olan bunu həm də öz saytında göstərən həmkarımızla bir çox məsələlərdən danışdıq. Əlahəzrət Oxucu oxuyub qiymətini verəcək.

Beləliklə, Azərbaycan mətbuatının ən gənc və perspektivli qələm sahiblərindən və sayt rəhbərlərindən biri qonağımızdır – Fərid Şahbazlı…

 

– Səhv etmirəmsə, artıq 5 ildir ki, «Qaynar.info»ya rəhbərlik edirsən. Çox gənc yaşlarından bu məsuliyyəti üzərinə götürmüsən. Fərid, indi neçə yaşın var?

– 19 yaşım var. İki aydan sonra 20 yaşımı qeyd edəcəyəm.

– Belə çıxır ki, media ilə çox erkən yaşlarından məşğul olmağa başlamısan.

– 14 yaşından mətbuatdayam. Görünür, burada ailənin də rolu var. Çünki atam da bir müddət jurnalistika ilə məşğul olub. Gözümü açandan bu mühitdə böyümüşəm. Ona görə də oxuduğum orta məktəbdə divar qəzeti buraxmaqla məşğul oldum və tədricən hesab etməyə başladım ki, yazılarımı böyük mətbuata daşıyım. Bu qərarı verəndə, 13 yaşım var idi. Ancaq təbii ki, mənim yaşımın az olması ilk günlərdən öz mənfi təsirini göstərməyə başladı. Pərəstiş etdiyim hakimiyyət və müxalifət qəzetləri mənim yazılarıma baxmadan onu dərc etməkdən imtina etdilər. Onların fikrincə, 13 yaşlı bir uşağın hansısa bir məsələ haqqında məqalə yazması qeyri-mümkün idi. Amma elə oldu ki, «Milli Yol» qəzetinin redaksiyası bizim evimizin yanında yerləşdi və mən də hər gün o redaksiyanın qarşısından o yana, bu yana keçməyə başladım. Bir gün yazımı da götürüb ora getdim, rəhmətlik baş redaktor Şahin Ağabəyli yazıma baxdı və təbii ki, onu mənim yazdığıma inanmadı. Hələ mənə bir tapşırıq da verdi ki, sənə mövzu verəcəm, amma burada oturub yazarsan. Mən də etiraz etmədim və yazdım. Gördülər ki, həqiqətən də mən yazı yaza bilirəm. Bir müddət yazılarım həmin qəzetdə dərc olundu. 2006-cı ildə gənclər sektoruna keçdim. Uşaq və Gənclər təşkilatı yaratdım. O mərhələdən sonra digər qəzetlərdə də artıq yazılarımı dərc etdirməyə başladım.

– «Qaynar.info» Zahir Əzəmətgilin deyildimi?

– 2009-cu ildə onlar bir neçə dəfə agentliyin bağlanması haqqında məlumatlar yaydılar. Hətta Zahir Əzəmət bildirmişdi ki, agentliyin saxlanılması üçün bir sıra adamlara müraciətlər ediblər ki, dəstək versinlər, onlar da verməyiblər. Bundan sonra mən müraciət etdim ki, əgər həqiqətən də başqa bir yolunuz yoxdursa, mən agentliyi götürüb idarə edə bilərəm. O da razılaşdı və agentliyi mənə həvalə etdi. Artıq 2009-cu ildən bu günə qədər «Qaynar.info»nu mən buraxıram. Çalışırıq ki, «Qaynar.info» əvvəlkitək gənclərin portalı olaraq qalsın.

– «Qaynar.info»nu hansı imkanlarla idarə edirsiniz?

– Uşaq və Gənclər təşkilatımız var. O təşkilatın yüzlərlə üzvü var. Onlar bizə üzvlük haqqı ödəyirlər…

– Təşkilatınızın adı nədir?

– «İslahatçı Gəncər» İctimai Birliyi…

– Yeni yaranmış təşkilatdır?

– Xeyr. Əvvəlcə «Gənclik» adı ilə yaratdıq. Bir qədər sonra rəsmiləşdirmək istədik, gördük ki, eyni adlı təşkilat fəaliyyət göstərir, ona görə də məcbur qalıb adını dəyişdirdik və «İslahatçı Gənclər» İctimai Birliyi elədik. 2006-cı ildən fəaliyyət göstəririk və artıq 5 ilimiz tamam oldu. Bu müddətdə çoxlu layihələr həyata keçirmişik. Təşkilat üzvlərimizin, eləcə də əvvəldən bizə dəstək olan digər adamların – onların arasında iş adamları da var, millət vəkilləri də var – köməyi sayəsində agentliyi idarə edirik. Düzdür, burada «Qaynar.info»ya hansısa mərkəzləşdirilmiş dəstəkdən söhbət getmir. Dəstəyi də bizə şəxsi münasibəti olan adamlardan alırıq. Bizə çatır ki, kimlərsə «Qaynar.info»nun hakimiyyətin müəyyən dairələrinə xidmət edən agentlik olduğunu iddia edirlər. Əslində isə, bu həqiqətə uyğun məlumat deyil. Amma mən ona da etiraz etmirəm ki, ola bilsin, bizə dəstək verən adamlar içərisində hakimiyyətə yaxın adamlar da olsun, amma bu o demək deyil ki, onlar mərkəzləşdirilmiş qaydada bizə dəstək verirlər.

– Deyirlər ki, «Qaynar.info» hakimiyyətin nəzarəti altında olan informasiya agentliyidir?..

– Saytımızı izləyən adamlar dəqiq bilirlər ki, biz hər zaman ayrı-ayrı məmurları, nazirləri də tənqid etmişik. Məsələn, son vaxtlarda təhsildə yaranmış problemlərlə bağlı Misir Mərdənovun fəaliyyəti haqqında da yazılar dərc etmişik. Ordu ilə bağlı iradlarımızı dərc edirik.

– Ancaq prezidentin özü haqqında tənqidi fikirlərinizi görmürük?..

– Necə ola bilir ki, hər hansı bir şəxsiyyəti tənqid etmək obyektiv hesab olunmur, amma hakimiyyəti tənqid etmək obyektivlik hesab olunur? Mən elə başa düşürəm ki, bunun da qarşılıqlı tarazlığı qorunmalıdır. Təbii ki, bir sayt rəhbəri olaraq mənim də öz şəxsi fikirlərim, qənaətlərim var. Mövqeyim odur ki, mən Azərbaycanda İlham Əliyev siyasətinə alternativ bir siyasət apara biləcək qüvvə görmürəm və ona görə də onun siyasətini dəstəkləyirəm. Amma mənim şəxsi mövqeyimin olması o demək deyil ki, bunu sayta da daşımalıyam və o, saytda özünü göstərməlidir. Konkret olaraq sahələrlə bağlı hər hansı şikayət və iradlar olubsa, biz onu araşdırıb haqqında yazılar dərc etmişik. Müxtəlif nazirliklərlə bağlı belə iradlı yazılarımız olub, hələ nazirliklərin bir neçəsi bizi məhkəməyə də verib. Belə şeylər mətbuatda olub. Bilirsinizmi, mənim üçün əsas o deyil ki, prezidenti və ya hakimiyyəti tənqid edək, əsas odur ki, ortada olan problemlərin həll olunmasına çalışaq. O mənada, mənim şəxsi mövqeyim istər-istəməz daxili senzuraya da öz təsirini göstərir.

– Onda belə deyək. Fərid Şahbazlını iqtidaryönlü gənc hesab etmək olarmı?

– Bəli, hesab etmək olar.

– Amma bayaq qeyd etdin ki, bir vaxtlar iqtidaryönlü deyildin. Yadımdadır ki, bir zamanlar «Qaynar.info» çox maraqlı, müstəqil bir informasiya agentliyi idi. İmkanlarmı mövqeyinizi dəyişdi, yoxsa nə oldu?

– Bilirsinizmi, «Qaynar.info» yarananda müxalifətyönlü bir informasiya agentliyi idi və mən onun rəhbərliyini ələ alandan dərhal sonra çox qısa zamanda onun kursunu dəyişə bilməzdim. Əgər dəyişsəydim, o zaman Oxucularımız həmin an o dəyişikliyi hiss edəcəkdilər. Məcbur idim ki, bu siyasəti hissə-hissə, mərhələ-mərhələ həyata keçirim. Nəticəsi də oldu. Artıq «Qaynar.info»nun radikal Oxucularının sayı demək olar ki, çox az qalıb. Onları əsasən gənclər, dövlət qurumunda çalışan məmurlar əvəz etməyə başlayıblar. Bu proses tədricən getdiyindən «Qaynar.info» öz populyarlığını itirmədi. Mən baş redaktor kimi gələndə hələ Oxucuların böyük əksəriyyəti hər şeydən xəbərsiz idi və mənə hər gün onlarla şikayət məktubları gəlirdi. O baxımdan, mətbuata da elan etmişdim ki, biz bundan sonra bitərəflik nümayiş etdirəcək, müstəqil olacağıq. Yəni tək iqtidarın səhvlərini deyil, həm də müxalifətin səhvlərini ictimailəşdirəcəyik. Mitinqlər uğursuzluqla nəticələndə bizə bildirdilər ki, siz hakimiyyətin sifarişi ilə belə yazdınız. Əslində isə biz olanı yazdıq. Həqiqətən də mitinqlər uğursuzluğa uğradı. Obyektivlik də nisbi anlayışdır və hər kəs özünün obyektiv və haqlı olduğunu önə sürməyə çalışır. Hər kəs öz həqiqətlərini obyektiv və doğru bilir. O baxımdan, elə bilirəm ki, əgər bu gün müxalifət iqtidarın bütün fəaliyyətini tənqid edirsə, gərək özləri də tənqidə dözümlü yanaşsınlar.

– «İslahatçı Gənclər» İctimai Birliyinizlə «Qaynar.info»nun redaksiyası bir yerə yerləşir?

– Bəli, «Gənclik» təşkilatı 2006-cı ildə yaradılıb. 2009-cu ildən başlayaraq biz onu «İslahatçı Gənclər» İB adlandırdıq və fəaliyyətini davam etdirdik. Hazırda onun bölgələrimizdə, regionlarımızda, məktəb və universitetlərdə təhsil alan 600-dən artıq üzvü var. Biz mütəmadi olaraq regionlara səfərlər təşkil edir, tədbirlər keçiririk. «Qaynar.info»nu götürəndə də əsl məqsədimiz bu İctimai Birliyin fəaliyyətini təbliğ etmək niyyəti daşıyırdı.

– Gülər Əhmədova ilə toqquşmanız olmadı? Uşaqları da o inhisara götürüb, ona görə deyirəm…

– Bu məsələyə ola bilsin ki, hərənin bir yanaşması olsun. Mən onu yaxşı başa düşürəm ki, 50 yaşlı bir insanın uşaq və gənclər təşkilatına rəhbərlik etməsi nə qədər absurd bir məsələdir. Çünki 50 yaşlı bir insan gənclərin problemlərini onların özü qədər dərk edə bilməz. Düzdür, bu sahədə onun da müəyyən xidmətləri var ki, onları danmaq haqsızlıq olar. Amma məncə, əgər uşaq təşkilatı yaradıbsansa, müləq şəkildə yalnız o sahədə işləməlisən. Bu gün Azərbaycanda adı uşaq təşkilatlarında hallanmayan elə qurumlar var ki, onların uşaqların problemlərinin həll olunmasına daha çox faydaları dəyir. Onlar uşaqlara daha çox əməli yardımlar göstərirlər.

– Görünür, uşaq təşkilatlarının monopoliyası da Gülər Əhmədovadadır. Belə bir təşkilat yaratmazdan əvvəl mütləq onun icazəsi alınmalıdır…

– Biz icazə almamışdıq və Gülr xanımla da ona görə bir neçə problemimiz yaşanmışdı. Bəzi adamlar çox vaxt elə yersiz iddia nümayiş etdirirlər ki, bunun qanuni əsasının olmadığını bilmədiklərinə təəssüflənirsən. Elə adamlar var ki, onlar özlərinin çalışdığı hər hansı bir sahədə yeni kiminsə çalışmasını qısqanclıqla qarşılayırlar və onlara elə gəlir ki, bunun üçün ən azı onların «xeyir-dua»sını almaq lazım imiş. Biz hələ məktəbli ikən sübut etdik ki, bizim uşaq olaraq yaratdığımız Uşaq və Gənclər Təşkilatının üzvlərinin sayı dövlət tərəfindən himayə olunan, maliyyələşdirilən Uşaq və Gənclər təşkilatlarının üzvlərinin sayından bir neçə dəfə çoxdur. Dövlət tərəfindən maliyyələşdirilən bu qurumlar rəsmi tədbirlərə zorən uşaq yığırlarsa, bizim bütün tədbirlərimizə yüzlərlə könüllü gəncimiz qatılır. Biz hər həftənin şənbə günü görüşürük və onlar bütün istək və arzularını bizə bildirirlər. Biz də onları həyata keçirməyə çalışırıq. Tək bu göstərici kifayətdir ki, bizim agentliyin maliyyə dəstəyi öz üzvlərimiz tərəfindən həyata keçirilir.

– Sizin qrant layihələriniz varmı?

– İndiyə kimi qrant layihələrini həyata keçirməmişik. Bunun səbəbi də çox bəsitdir. Bz indiyədk təşkilatımızı rəsmi qeydiyyatdan keçirməmişdik, artıq bu problemi də həll etmişik. Ancaq indiyədək təşkilatın üzlərinin daxili imkanları hesabına regionlara səfərlərimiz olub, orada bir sıra tədbirlər həyata keçirmişik. Amma yəqin ki, qarşıdakı aylarda KİVDF-yə müraciətimiz qəbul olunarsa, dövlət dəstəyi ilə bir sıra vacib layihələrimizi həyata keçirməyi planlaşdırırıq.

– Bizi dostlarımız maliyyələşdirir dedin, dostlarınız kimlərdir?

– (Gülür…)

– Çünki bir neçə gün informasiya agentliklərinin yazılarını oxumaq kifayət edir ki, onların kimin kursunu dəstəklədiyini dərk etmək mümkün olsun. Sizin informasiya agentliyiniz kimin kursunu həyata keçirir?

 

Davamı gələn saylarımızda

 

Hazırladı:

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button